Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanda 2, Türkiyədə 2 il təhsil alacaq tələbələrimiz 2 diplomlu məzun olacaqlar

Azərbaycanda 2, Türkiyədə 2 il təhsil alacaq tələbələrimiz 2 diplomlu məzun olacaqlar

30.11.2022 [11:15]

Türk dünyası elmini, təhsilini, tibbini, texnologiyasını birgə inkişaf etdirən böyük bir ailə olmalıdır

Ankara Universitetinin rektoru, professor Necdet Ünüvarın “Yeni Azərbaycan” qəzetinə müsahibəsi: 

- Cənab rektor, 7 il Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olmusunuz. Sizcə, iki qardaş ölkə arasında münasibətlərin daha yaxşı inkişafı üçün hansı addımlar atılmalıdır?

- Biz həmişə Azərbaycanın güclənməsi ilə fəxr etmişik. Çünki Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir, fərqli coğrafiyalarda olsaq da, qəlblərimiz bir döyünür. Odur ki, Azərbaycanla Türkiyə milli və beynəlxalq arenada hər sahədə bir-birini dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.

Türkiyə ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin məncə izahı yoxdur, olsa belə, bu, başqa ölkələr tərəfindən anlaşılmaz. Biz iki qardaş xalqıq. Tarixən olduğu kimi bu gün də sevincimizi, kədərimizi bir-birimizlə bölüşürük.

Türkiyə-Azərbaycan əlaqələrindəki xidmətimdən qürur duyuram

Azərbaycan xalqının birliyi və həmrəyliyi, mərhum Heydər Əliyevin əzmli liderlik mövqeyi sayəsində bu gün Qafqazın parlayan ulduzu kimi öz layiqli yerinizi tutmusunuz. Türkiyə-Azərbaycan münasibətləri də parlamağa və yüksəlməyə davam edir və daha da yüksələcəyinə inanıram. 

Azərbaycandan başlayaraq, Türk dünyasında fəaliyyətimizi çox intensiv şəkildə artırırıq. Bu baxımdan Ankara Universitetinin beynəlxalq fəaliyyəti var. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də Azərbaycana qapılarımızı açmışıq və Azərbaycan bizim üçün çox yüksək prioritet olan qardaş ölkələrdən biridir. Amma bu fəaliyyətlərimiz Azərbaycanla məhdudlaşmır; Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistanla da əlaqələrimiz möhkəmlənir. Onların hər biri ilə çox sıx təmasdayıq, amma təbii ki, regional baxımdan bizə ən yaxın olan Azərbaycanla daha qədim əlaqələrimiz var.

Ankara Universiteti olaraq azərbaycanlı qardaşlarımıza bütün imkanları yaratmağa çalışırıq. Biz təkcə universitetlərlə deyil, qurumlarla da sıx əlaqə saxlayırıq. Və bildirmək istərdim ki, mən də uzun illər Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və bu gün də Türkiyənin ən mühüm universitetlərindən birinin rektoru kimi bu əlaqələrdə bir rol oynamaqdan qürur və fəxr duyuram.

Bakı Dövlət Universiteti Ankara Universitetinə bənzəyir

- Türkiyə Cümhuriyyətinin ilk ali təhsil ocaqlarından biri olan Ankara Universitetinin rektoru kimi iyun ayında Bakı Dövlət Universiteti və Bakı Ali Neft Məktəbinin rektorları ilə görüşləriniz oldu, hansı əməkdaşlıq müqavilələrinə imza atdınız?  Beynəlxalq Tələbə Mübadilə Proqramının Azərbaycan və Türkiyədən, eləcə də türk dünyasından olan tələbələr arasında həyata keçirilməsi ilə bağlı fikirləriniz nədir?

- Bəli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və prorektorlarla görüşüb söhbətlər apardıq. Universitetlərin birinci vəzifəsi tələbələrə keyfiyyətli təhsil verməkdir. Əgər ölkələrimiz inkişaf edəcəksə, elm və təhsil sayəsində inkişaf edəcək. Ona görə də bizim əsas vəzifəmiz tələbələri ixtisas alacağı sahə üzrə mükəmməl şəkildə savadlandırmaqdır. İkinci vəzifəmiz araşdırma, tədqiqatdır. Üçüncü vəzifəmiz cəmiyyətə faydalı, peşəkar kadrlar verməkdir. Biz bunları reallaşdırmalıyıq. Mən kadr hazırlığını belə görürəm.

Fikrimcə, Bakı Dövlət Universiteti Ankara Universitetinə ən çox bənzəyən universitetlərdən biridir. Biz birlikdə fəaliyyət göstərməliyik. Bu əməkdaşlıq işlərinə başladıqdan sonra ikili diplom məsələsi gündəmə gəldi. Pandemiya dönəmində biz Azərbaycanın Tibb, İqtisadiyyat və Texniki universitetləri ilə də əməkdaşlıq etdik.

Biz iki istiqamətdə işlədik: bunlardan biri budur ki, bizim tələbələrə verdiyimiz təhsil imkanlarını bu universitetlərin tələbələrinə də təklif etdik. Tələbələrə verilən parol əsasında, onlar parolu daxil etməklə dərsə qatılır və müəllimləri ilə birbaşa təmas qura bilirdilər. Tələbələr bu üsuldan çox məmnun qaldılar.

Azərbaycanla ilk dəfə ikili diplom proqramını gerçəkləşdirdik

Bir də ikili diplom məsələsi gündəmə gətirildi. İlk uğurlu addımı atdıq.  Ankara Universitetinin tarixində ilk dəfə olaraq Azərbaycan Texniki Universiteti ilə kompüter mühəndisliyi üzrə ikili diplom məsələsini reallaşdırdıq.  Kurikulumla bağlı bəzi mərhələlər var idi. Ali Təhsil Şurası (YÖK) ilə danışdıq, tədris planını uyğunlaşdırdıq. Kompüter mühəndisliyi sahəsində addımlarımızı atdıq. Tələbə Azərbaycanda 2 il, Türkiyədə 2 il təhsil alacaq. Onun iki diplomu olacaq. Azərbaycan Texniki Universiteti də ilk dəfə olaraq Ankara Universiteti ilə ikili diplom proqramını həyata keçirmiş oldu.

Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında nələr edilməsi məsələsi üzərində çalışmalarımız davam edir. Biz bir addım atmalıyıq. Mənim həyata baxışım belədir. Əsas olan ilk addımdır.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla da görüşdük. O, Bakı Ali Neft Məktəbi haqqında, məzunların ölkənin iri neft şirkətlərində işlə təmin olunması ilə bağlı bizə məlumatlar verdi. İki universitet arasında da əməkdaşlıq imkanlarını qiymətləndirdik. Onların laboratoriyalarını da gəzdik.

Ankara Universitetində azərbaycanlı 397 tələbə, 7 müəllim var

- Ankara Universitetində Azərbaycandan olan müəllim və tələbələrin sayı nə qədərdir?

- Hazırda universitetimizdə təhsil alan azərbaycanlı tələbələrin sayı 397 nəfər olaraq müəyyənləşdirildib, bu tələbələrdən 327-i bakalavr təhsilini davam etdirir, biri isə hazırlıq kursundadır. 42 azərbaycanlı magistratura təhsili alır ki, onlardan 40-ı dissertasiya işi üzərində işləyir, 27 nəfər isə doktorantura səviyyəsində təhsilini davam etdirir. Azərbaycandan ölkəmizə gələn və universitetimizin müxtəlif fakültələrində çalışan 7 müəllimimiz var.

Ölkələrimiz arasında ortaq hüquq və məhkəmə əməkdaşlığına xüsusi önəm veririk

- Keçən ay Ərzincanda keçirilən Beynəlxalq Türk Dünyası Simpoziumunda ortaq vətəndaşlıq və ortaq hüquq kimi 15-dən çox sahə ilə bağlı məsələlər müzakirə edilib. Ortaq hüquqla bağlı fikirləriniz necədir və bunun türk dünyasına nə kimi töhfəsi ola bilər?

- Beynəlxalq Türk Dünyası Simpoziumu Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırım və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin himayəçiliyi ilə, Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyində 9-12 oktyabr tarixlərində keçirildi. Simpoziumda Türk dünyasının dili, tarixi, mədəniyyəti, incəsənəti, təhsili, enerjisi, diasporası, ticarəti, coğrafiyası, sosiologiyası, folkloru, antropologiyası, turizmi, beynəlxalq əlaqələri, iqtisadiyyatı, bələdiyyəsi, ilahiyyatı, dövlət idarəçiliyi, hüquq, nəqliyyat və rabitə kimi bir çox sahələrdə elmi tədqiqatlar üçün ortaq zəmin yaratmaq istiqamətində araşdırmalar təqdim olundu. Türk Dövlətləri Təşkilatının 2040 baxışına dair birgə protokola əsaslanaraq rasional, tətbiq oluna bilən təkliflər və ortaq düşüncə ilə bağlı layihələrin nələr ola biləcəyinə diqqət yetirildi.

Biz ölkəmizlə Azərbaycan arasında hər sahədə yüksək səviyyəli əməkdaşlığı daha da inkişaf etdirməyi hədəfləyirik. Əlbəttə, ortaq hüquq sahəsində də ikitərəfli münasibətlərə və ölkələrimizarası məhkəmə əməkdaşlığına xüsusilə əhəmiyyət veririk. Türk dünyasındakı əməkdaşlıqlarımızı isə gündən günə gücləndirir və dərinləşdiririk. 

Tibbi sığorta üzrə 20 kadr hazırlayıb Azərbaycana göndərdik

- Səhiyyə sahəsi üzrə bir mütəxəssis olaraq türk dünyasında birgə sağlamlıq mövzusu haqqında nə düşünürsünüz?

- Türk dövlətləri arasında həmrəylik hesab edirəm ki, pandemiya dönəmində olduğu kimi davamlı olmalıdır. Həmçinin əməkdaşlığımızın gücləndirilməsinin və dərinləşdirilməsinin vacibliyinə diqqəti cəlb etmək istərdim. Türk dünyası elm sahəsində birgə fəaliyyət göstərə bilən, öz peyvəndini, dərmanını, tibbi cihazını istehsal edə bilən böyük bir ailə olmalıdır. Bu məqsədlərə çatmaq üçün biz hər zaman qardaş ölkələrin səhiyyə sistemlərinin güclənməsinə dəstək və töhfə verməyə hazırıq.

Bundan əlavə, Azərbaycanla əlaqələrimiz təbii ki, təkcə universitetlərlə məhdudlaşmır, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış protokol çərçivəsində Azərbaycandan olan 20 dostumuz Ankara Universitetində təhsil alıb. Onlar bizim təcrübəmizdən yararlandı. Mən bunu fəxrlə ifadə etmək istəyirəm. Bundan başqa, Gəncə Tibb Kollecində əczaçılıq təhsili almış soydaşlarımız Ankara Universiteti Əczaçılıq Fakültəsinin laboratoriya imkanlarından yararlanırlar.

Türk dünyası Heydər Əliyevin Akara Universitetinin həyətində əkdiyi ağac kimi böyüyür

- 2023-cü il Azərbaycanda dövlət səviyyəsində Heydər Əliyev ili elan edildi. Ankara Universitetinin həyətində Onun əkdiyi ağac var. Azərbaycanın ümumilli lideri Heydər Əliyevlə bağlı xatirələriniz varmı?

- Azərbaycan xalqının milli lideri, ulu öndər Heydər Əliyev 16 mart

2001-ci ildə Ankara Universitetinin rektorluğu qarşısında mavi ladin ağacı əkib. Böyük qəhrəmanlıqla işğaldan azad edilən Şuşaya səfərimiz zamanı oradan gətirdiyimiz torpağı və Bakı torpağını onun əkdiyi ağacın dibində bir araya gətirdik və bunun sevincini yaşadıq. Həm də bunu Qarabağ Zəfərinin birinci ildönümündə Azərbaycanın eks baş naziri Həsən Həsənovun, Türkiyədəki Azərbaycan səfiri Rəşad Məmmədovun, alimlərimizin və tələbələrimizin iştirakı ilə Ankara Universitetində keçirilən proqram zamanı Heydər Əliyevin ruhuna ehtiram əlaməti olaraq icra etdik. Bu anı əbədiləşdirmək üçün  bizə dəyərli olan o ağacın önündə qonaqlarımızla bərabər xatirə şəkilləri də çəkdirdik.

Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şuşaya səfərində mən də iştirak edirdim. Səfərimiz zamanı oradakı dostlarımızdan biri dedi ki, mərhum Heydər Əliyev 1996-cı ildə qatıldığı bir tədbirdə “Şuşanın azadlığı mənim ən böyük arzumdur” deyib. O anda düşündüm ki, Şuşadan torpaq götürək və mərhum Heydər Əliyevin ruhuna ehtiram olaraq Ankara Universitetinin bağçasında əkdiyi ağacla bir araya gətirək. Çünki, məncə, mərhum Heydər Əliyevin əsərlərindən biri də bu ağacdır.

Bu gün Azərbaycan Heydər Əliyevin əkdiyi ağac kimi günü-gündən böyüyür və bu bizi sevindirir. İnşallah türk dünyası da bu ağac kimi böyüyəcək, bar verəcək və bütün bəşəriyyət bu meyvələrdən faydalanacaq. Çünki türkün missiyası getdiyi yerə sülh və qardaşlıq gətirməkdir. Türklər hər zaman sülhün, azadlığın, hürriyyətin tərəfdarı olublar və getdikləri yerdə öz izlərini qoyublar.

Sevil Hilalqızı Ünal,

Ankara

Paylaş:
Baxılıb: 353 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28