Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Hər qələbənin kökündə güclü iqtisadiyyat dayanır

Hər qələbənin kökündə güclü iqtisadiyyat dayanır

04.02.2021 [09:23]

Milli Məclisin deputatı Elman Nəsirov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 il ərzində bütün sahələrdə olduğu kimi, ölkə energetikasının inkişafında da tarixi uğurlara imza atılmışdır. Həmin uğurların forma və məzmun parametrlərini necə xarakterizə etmək olar?
- Prezident İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. O, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirir. Bu, çətin, lakin şərəfli yoldur. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. Bu siyasətin uğurunu təmin edən həlledici amil xalq-hakimiyyət birliyidir. Bütün bu sadalanan amillərin nəticəsi olaraq Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi dövründə tarixi zəfərə imza ataraq işğal altındakı torpaqlarımızı azad etmiş və bu ərazilərdə suveren hüquqlarımızın bərqərar olmasını təmin etmişdir. Bu hüquqlar, ilk növbədə, azad olunmuş ərazilərin bərpası və yenidən qurulması anlamını özündə ehtiva edir. Yeni reallıq, eyni zamanda, işğaldan azad olunan torpaqlarımızda energetika sisteminin bərpası və reinteqrasiyası kimi mühüm vəzifələrin yerinə yetirilməsi zərurətini ortaya qoyur. Bu taleyüklü vəzifələrin layiqincə öhdəsindən gəlmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən bəri böyük işlər görülmüş, nəinki Azərbaycanın, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında misilsiz addımlar atılmışdır. Bu baxımdan 2017-ci il sentyabrın 14-də “Yeni Əsrin müqaviləsi”nin imzalanması, 2020-ci il dekabrın 31-də TAP layihəsinin istifadəyə verilməsi və nəticədə Avropanın meqalayihəsi hesab olunan Cənub Qaz Dəhlizinin tam işə düşməsi tarixi əhəmiyyətli iqtisadi-enerji hadisələridir. Bütün bu uğurlar təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş düşünülmüş, ardıcıl və sistemli enerji siyasətinin ölkəmizin və dünyanın yeni iqtisadi-enerji trendlərinə adekvat olaraq Prezident İlham Əliyev tərəfindən varislik, innovativlik və dinamizm prinsiplərinə əsaslanmaqla davam etdirilməsi nəticəsində qazanılıb.
Dövlətimizin başçısı bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsini ölkəmizin müasir enerji siyasətinin prioritetləri kimi müəyyən etmişdir.
Bu məqsədlə energetika sisteminin inkişafının hüquqi-normativ bazası daha da gücləndirilmişdir. Xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı energetikanın inkişafında mühüm rol oynamışdır.
2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında elektrik stansiyalarının tikintisi xüsusi nəzərə alınmışdır. Nəticədə son 17 il ərzində ölkəmizdə generasiya gücü 7150,6 MVt-a çatan 32 elektrik stansiyası (15-i İES, 17-si SES) işə salınmışdır. Nəzərə alsaq ki, 2004-cü ildə Azərbaycanda cəmisi 9 elektrik stansiyası var idi və onların ümumi generasiya gücü 3500 MVt-a bərabər idi.
Enerji sektoru ilə bağlı daha bir müsbət saldo ondan ibarətdir ki, ölkəmizdə əhəmiyyətli şəkildə ixrac potensialı formalaşmışdır. 2004-cü ilə qədər enerji idxal edən ölkəmiz 2007-ci ildən başlayaraq onun ixracatçısına çevrilmişdir. Bu məqsədlə həm ölkə ərazisində, həm də həm də üç qonşu dövlətlə - Rusiya, İran və Gürcüstanla elektrik xətlərinin birləşdirilməsi reallaşmışdır. Azərbaycan və Türkiyə enerji sistemlərinin sıx əlaqəsi təmin edilmişdir.
Bütövlükdə, 2020-ci ildə ölkəmizin elektrik enerjisi ixracı 1,15 milyard kilovat-saata bərabər olmuşdur.
Azərbaycanın elektroenergetikanın inkişafında əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun hesabatlarında da dəfələrlə yüksək qiymətə layiq görülmüşdür. Təsadüfi deyildir ki, dünyanın bir nömrəli iqtisadi forumu 2019-cu ildə olduğu kimi, 2020-ci ildə də ölkəmizi elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünyada ikinci yerə yüksəltmişdir.
- Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər bütün istiqamətlərdə olduğu kimi, energetika sahəsi qarşısında da mühüm vəzifələr müəyyən etmişdir. Bu strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) üzərinə böyük məsuliyyət düşür...
- Haqlısınız. “Azərenerji” ASC-nin bu istiqamətdə fəaliyyəti, xüsusilə də “Azərişıq” ASC-nin işğaldan azad olunan torpaqlarımızın fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması sahəsində “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirdiyi operativ və genişmiqyaslı tədbirlər qürurvericidir.
Xüsusi olaraq qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı 29 oktyabr 2020-ci il tarixli Fərmandan irəli gələn məsələlərin icrası ilə əlaqədar olaraq həmin əraziləri elektrik enerjisi ilə təmin etmək üçün “Azərişıq” ASC tərəfindən ardıcıl və sistemli olmaqla zəruri addımlar atılmaqdadır. Belə ki, artıq 35 kV-luq Tərtər-İsmayılbəyli hava xəttinin düşmən atəşi nəticəsində dağıdılmış 15 km-lik hissəsi yenidən çəkilmiş, Ağdam rayonunda düşmən atəşi nəticəsində yararsız hala salınmış 110 kV-luq iki dövrəli Təzəkənd hava xətti 13 km məsafədə bərpa edilərək istismara verilmiş, habelə Füzuli rayonunun elektrik enerjisi ilə təmin olunmayan ərazilərinə 10 kV-luq 9 km uzunluğunda yeni elektrik hava xətti çəkilmişdir. Bundan savayı, Cəbrayıl rayonu Böyük Mərcanlı kəndindən Cəbrayıl şəhərinə qədər 10 kV-luq 20 km uzunluğunda olan hava xətti təmir olunaraq şəbəkəyə qoşulmuş, Böyük Mərcanlı kəndindən Hərəkül kəndində yerləşən 35/10 kV-luq yarımstansiyaya qədər olan 25 km uzunluğunda 10 kV-luq hava xətti bərpa olunaraq Cəbrayıl şəhərindəki vacib obyektlərə elektrik enerjisi verilmişdir. Eyni zamanda, Cəbrayıl rayonu Hərəkül kəndində yerləşən 35/10 kV-luq yarımstansiyadan Hadrut qəsəbəsindəki 35/10 kV-luq yarımstansiyaya qədər olan 17 km uzunluğunda 35 kV-luq hava xətti bərpa edilmiş, 10 kV-luq gərginliklə Hadrut qəsəbəsində bir neçə həyati vacib obyektlər elektrik enerjisi ilə təmin olunmuş, Cəbrayıl rayonunun İran İslam Respublikası ilə sərhədində Sərhəd Qoşunlarının zastavalarının elektrik təchizatı üçün 10/0,4 kV-luq iki ədəd güc transformatoru quraşdırılaraq şəbəkəyə qoşulmuşdur.
Ümumilikdə “Azərişıq” ASC tərəfindən düşmən atəşi nəticəsində zədələnmiş 280 km 10, 6 və 0.4 kV-luq hava xətləri və 78 ədəd güc transformatoru bərpa edilmişdir. Bununla bərabər, Qarabağ və ətraf rayonların ərazilərində həyati vacib olan obyektlərdə müxtəlif gücdə 38 ədəd dizel-generatorları quraşdırılmış, 16 ədəd mövcud generatorlarda təmir və sazlama işləri aparılmışdır.
Hazırda “Azərişıq” ASC Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən strateji əhəmiyyətli Şuşa şəhərində müvəqqəti yaradılan dövlət orqanlarının və müxtəlif təyinatlı obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35/10 KV-luq 4 MVt gücündə yarımstansiyanın, Füzuli rayonunda yerləşən 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından 35/10 kV-luq “Hadrut” yarımstansiyasına 27 km uzunluğunda 35 kV-luq iki dövrəli hava xəttinin tikintisi, Hadrut qəsəbəsindən Şuşa şəhəri istiqamətində mövcud olan 25,2 km uzunluğunda 35 kV-luq hava xəttinin təmiri və 21 km uzunluğunda 35 kV-luq yeraltı kabel xəttinin quraşdırılması işlərini sürətlə və keyfiyyətlə aparmaqdadır. Eyni zamanda, onu da qeyd edək ki, Qarabağ və ətraf rayonları elektrik enerjisi ilə təmin etmək üçün hər bir ərazi üzrə 35 və 0,4 kV-luq paylayıcı elektrik şəbəkələrinin yaradılması istiqamətində müvafiq texniki tədbirlər operativ olaraq icra olunmaqdadır.
- Elman müəllim, işğaldan azad olunan torpaqların zəngin enerji potensialına malik olduğu bəllidir. Xüsusilə də, Prezident İlham Əliyev həmin ərazilərin yaşıl enerji zonasına çevrilməsini strateji vəzifə olaraq müəyyən etmişdir. Bu məsələlər ətrafında fikirlərinizi eşitmək istərdik.
- Prezident İlham Əliyev elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasını strateji hədəf olaraq müəyyən etmişdir. Bu baxımdan, zəngin enerji potensialına malik Qarabağ regionunda təkcə ənənəvi deyil, eyni zamanda, bərpaolunan enerji mənbələrindən istifadə olunması məsələsi də xüsusi aktuallıq və əhəmiyyət kəsb edir.
Təsadüfi deyildir ki, yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət ayıraraq vurğuladı ki, “Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, Mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim... Bütün bu bölgə dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq. Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, - Mən buna şübhə etmirəm, - həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Eyni zamanda, ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji - su, külək, günəş. Nəzərə alsaq ki, bərpaolunan enerji növlərinə çox böyük maraq var və keçən il müzakirə olunan layihələr artıq reallaşır”. Qeyd olunan layihələrin reallaşması sahəsində görülən işlərlə bağlı Energetika naziri Pərviz Şahbazovun qeyd etdiyi kimi, “ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud yaşıl məkan konsepsiyasının hazırlanmasına başlanılmışdır. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır. İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4000 MVt-dan çox Günəş, 500 MVt-dək külək enerjisi potensialı vardır. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılmışdır. İlkin məlumatlara görə, bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınmışdır. Üç stansiyada artıq bərpa işlərinə başlanılmışdır. Yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır”.
Bu xüsusda onu da qeyd edək ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 MVt-lıq külək elektrik stansiyasının tikintisi üzrə müqavilələr artıq imzalanmışdır. Xarici sərmayəyə əsaslanan bu layihə ildə 200 milyon kubmetr qaza qənaət olunmasını təmin edəcəkdir. Növbəti layihə, “Günəş” layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə bu il mart ayının 1-dək yekunlaşdırılmalıdır və bu istiqamətdə də işlər aparılmaqdadır.
Beləliklə, son 17 il ərzində ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və xüsusilə də pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və qalibi olan Prezident İlham Əliyevin ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yeni tarixi qələbələrə hədəflənməliyik. Hər qələbənin kökündə isə güclü iqtisadiyyat dayanır. Hər bir iqtisadiyyatın bel sütunu isə energetikadır. Deməli, daha da qüdrətli dövlət olmaq üçün dayanıqlı və güclü energetikaya sahib olmalıyıq. Bu, zamanın çağırışıdır.

Paylaş:
Baxılıb: 455 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31