Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası daim siyasi proseslərin önündə gedir

Yeni Azərbaycan Partiyası daim siyasi proseslərin önündə gedir

28.10.2009 [09:43]

Siyavuş Novruzov: Bəzi partiyalar başqa vaxt böyük sosial bazalarının, elektoratının olduğunu iddia edirlər. Amma seçkilər çatanda məlum olur ki, onların heç bir gücü yoxdur
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, bu günlərdə Ukraynadan səfərdən qayıtmısınız. İstərdik ki, səfər və onun nəticələri haqqında məlumat verəsiniz.
- Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti oktyabrın 23-də Ukraynanın Regionlar Partiyasının XII qurultayında iştirak etmək məqsədilə Kiyev şəhərində səfərdə olub. Məlumat üçün deyim ki, gələn il yanvarın 17-də Ukraynada prezident seçkiləri keçiriləcək və bununla bağlı Regionlar Partiyasının qurultayı olub. YAP-la Regionlar Partiyası arasında çox yaxın münasibətlər var. Hər iki partiya qarşılıqlı əməkdaşlığa böyük önəm verir və müxtəlif tədbirlərdə müntəzəm olaraq iştirak edirlər. Bu partiyanın qurultayında iştirak etmək üçün YAP da dəvət olunmuşdu. Mən və millət vəkili Rauf Əliyev partiyamızın nümayəndə heyətinin üzvləri olaraq bu qurultayda iştirak etdik. ümumilikdə, qurultayda başqa ölkələrdən dəvət olunmuş 8 siyasi partiyanın nümayəndə heyəti iştirak edib. Qurultayda Regionlar Partiyasının lideri Viktor Yanukoviçin Ukrayna prezidentliyinə namizədliyi irəli sürüldü. Biz də partiyamızın nümayəndə heyəti olaraq, Regionlar Partiyasına və onun sədrinə təbriklərimizi çatdırdıq, fəaliyyətlərində uğurlar arzuladıq.
Bundan əlavə, səfər çərçivəsində bir sıra görüşlər keçirdik. O cümlədən, Regionlar Partiyasının sədr müavini, Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndələri və digər şəxslərlə fikir mübadiləsi aparıldı ki, bütün bunlar da qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
- Ukraynada tez-tez siyasi böhran müşahidə olunur. Prezident seçkiləri ərəfəsində bu ölkədə ümumi ab-hava necədir?
- Ukraynadakı mövcud siyasi - ictimai durum haqqında onu deyə bilərəm ki, prezident seçkiləri ərəfəsində bu ölkədə siyasi proseslər aktivləşib. Artıq Ukraynada bəzi siyasətçilər prezidentliyə namizədliklərini irəli sürüblər. Azərbaycan Ukraynada azad və demokratik seçkilərin keçirilməsində maraqlıdır. Demokratik seçkilər bu dövlətdə sabitlik və inkişafa böyük təsir göstərəcək. Eyni zamanda, bu amil Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında da mühüm rol oynayacaq.
- ümumiyyətlə, YAP-ın beynəlxalq əlaqələri haqqında nə deyə bilərsiniz? Yaxın gələcəkdə də qarşılıqlı əməkdaşlıq çərçivəsində səfərlər gözlənilirmi?
- Hazırda partiyamızın çox geniş beynəlxalq əlaqələri mövcuddur. YAP bir çox ölkələrin siyasi partiyaları ilə sıx münasibətlər qurub. Bilirsiniz ki, vaxtaşırı olaraq, əməkdaşlıq zəminində qarşılıqlı səfərlər təşkil edilir. Bu əlaqələrin nəticəsidir ki, Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlərdə YAP-ın dəvətilə ayrı-ayrı ölkələri təmsil edən 40-dan artıq partiyanın nümayəndələri iştirak ediblər. Həmçinin, bir sıra dövlətlərin partiyaları ilə əməkdaşlıq haqqında müqavilələr imzalamışıq.
Məlumat üçün deyim ki, bu yaxınlarda YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov və partiyanın Siyasi Şurasının üzvü Eldar İbrahimov Türkiyənin Ədalət və İnkişaf Partiyasının qurultayında iştirak etdilər. Eləcə də, Qazaxıstanda keçirilmiş Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının V Baş Assambleyasında da YAP özünün nümayəndə heyəti ilə təmsil olundu. Hesab edirəm ki, partiyamızın beynəlxalq müstəvidəki fəaliyyəti əməkdaşlıq etdiyimiz partiyaların təmsil olunduğu ölkələrlə Azərbaycan arasında əlaqələrin güclənməsinə öz töhfəsini verir. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüz nəticəsində 1 milyondan çox insanın öz doğma yurdlarından didərgin düşməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması önəmli faktordur. Bu məsələlər siyasi partiyaların beynəlxalq müstəvidə keçirilən toplantılarında, ölkələrin parlamentlərində və s. yerlərdə səsləndirilir. Bütün bunlar isə Azərbaycanın haqq işinə dəstək qazandırır. Biz Avropa Şurasının, NATO Parlament Assambleyasının üzvüyük və əməkdaşlıq etdiyimiz partiyalar bu qurumların da tədbirlərində Azərbaycanın maraqlarını dəstəkləyirlər.
- Siyavuş müəllim, YAP-ın bələdiyyə seçkilərinə hazırlığı barədə də məlumat verməyinizi xahiş edirik. Partiya artıq bütün bələdiyyələrə namizədlərini irəli sürüb. Bəs indiki mərhələdə hansı işlər həyata keçirilir?
- Partiyamızın bələdiyyə seçkilərinə hazırlığı uğurla davam edir. Hazırda namizədlərimizin xeyrinə imzatoplama kampaniyası aparılır. ölkəmizdə mövcud olan 1718 bələdiyyədə hər bir yerə, yəni, 15 min 682 namizəd irəli sürülüb. Bütün namizədlər dairə seçki komissiyalarından imza vərəqələri götürüblər. Artıq onların 3 min nəfərə qədəri imza vərəqələrini müvafiq sənədlərlə birlikdə dairə seçki komissiyalarına təqdim ediblər. Oktyabrın 30-dək namizədlərin hər biri imzaları toplayaraq dairə seçki komissiyalarına təqdim etməlidirlər. Bu prosesdə yerli təşkilatların seçki qərargahları, YAP fəalları yaxından iştirak edirlər. Bilirsiniz ki, Mərkəzi Seçki Komissiyası YAP-ın səlahiyyətli nümayəndələrini təsdiq edib. Hesab edirik ki, qısa müddətdə seçkinin bu mərhələsini də uğurla həyata keçirəcəyik. Növbəti mərhələdə isə namizədlərin qeydiyyatı məsələsinə baxılacaq. Namizədlər rəsmi qeydə alınandan sonra təşviqat işlərinə hazırlıqla əlaqədar tədbirlər görüləcək. Qeyd etmək istəyirəm ki, bu istiqamətdə də bir sıra hazırlıq işləri aparılıb. Belə ki, təşviqat zamanı hansı tədbirlərin keçirilməsi, hansı plakatlardan istifadə olunması və s. məsələlər artıq müəyyənləşdirilib. Bələdiyyələrin ölkə üzrə yarısından çoxunda namizədlərimiz qeydə alınandan sonra həm MSK-ya, həm DSK-lara, həm də məntəqə seçki komissiyalarına bir nəfər məşvərətçi səs hüquqlu üzv və müşahidəçilərimizi təyin edəcəyik. Bir sözlə, seçkiyə hazırlıqla bağlı hərtərəfli iş gedir və güman edirəm ki, həmişə olduğu kimi, bələdiyyə seçkilərini də uğurla başa vuracağıq.
- Bələdiyyə seçkilərinə rəsmi start verilməmişdən öncə bəzi partiyalar bu kampaniya ilə bağlı iddialarla çıxış edirdilər. Amma seçkinin tarixi elan olunduqdan sonra YAP-dan başqa hansısa partiya meydanda görünmür. Yaranmış bu situasiyanı necə izah edərdiniz?
- Bu prosesdə iki əsas amil var. Birincisi, bələdiyyə seçkilərində hazırlıq işləri həddindən artıq çoxdur. Bələdiyyələrin sayı baxımından namizədlərin irəli sürülməsi vacib şərtdir. Bu seçkilər üçün güclü sosial baza lazımdır. Seçkilərdə iştirak edən insanların sənədlərinin hazırlanması böyük prosesdir. Bəzi partiyalar başqa vaxt böyük sosial bazalarının, elektoratının olduğunu iddia edirlər. Amma seçkilər çatanda məlum olur ki, onların heç bir gücü yoxdur. Bu partiyalar nəinki hər bir bələdiyyə üzvü yerinə, heç ümumilikdə bələdiyyələrin sayı qədər, yəni, 1718 namizəd tapa bilmirlər.
İkincisi isə, partiyaların daim seçkilərdə iştirak edib, müasir seçki texnologiyalarından istifadə etməsi vacib şərtdir. Təkcə bir faktı deyim ki, dairələr üzrə namizədlərlə bağlı yüz min səhifəlik sənəd hazırlamışıq. Bu, onu göstərir ki, seçki prosesində nə qədər iş aparılması tələb olunur. Güman etmirəm ki, müxalifət partiyalarında belə bir imkan olsun. YAP partiya şəklində bu seçkilərdə iştirak edəcək, seçki qanunvericiliyinə uyğun addımlar atacaq. Bir ildir ki, biz bələdiyyə seçkilərinə hazırlaşırıq. Seçki öncəsi hazırlıq işləri onu deməyə əsas verir ki, irəli sürdüyümüz namizədlərin hamısı qeydə alınacaq. Müqayisə üçün deyim ki, seçkiyə rəsmi start veriləndən sonra Müsavat Partiyasında müşavirələr keçirildi. Amma bu işləri seçki elan olunana qədər görmək lazım idi. Onlar o qədər hazırlıqsızdırlar ki, seçki elan olunandan sonra namizəd axtarmağa başlayıblar. Nəticədə də, partiya şəklində bu seçkidə iştirak etmək iqtidarında olmadıqlarını nümayiş etdirdilər. Halbuki, seçkiyə start verilənə qədər YAP-ın namizədləri də müəyyənləşmişdi, müvafiq sənədlər də hazırlanmışdı. Yəni, seçkiyə hazırlıq işləri ciddi bir məsələdir. Bu proses siyasi partiyaların funksiyalarının əsasını təşkil edir. Hansı partiya siyasətlə məşğul olmaq istəyirsə, seçki prosesində fəal olmalıdır.
- özlərini “aparıcı” müxalifət partiyaları hesab edənlərin yaratdıqları hərəkat da dağıldı...
- Mən əvvəllər də qeyd etmişdim ki, müxalifətin yaratdıqları təşkilatlar dağılacaq. çünki görülən işlər təmənnalı olmamalıdır. O partiyalar isə qarşılıqlı etimad əsasında deyil, bir-birilərinə şübhələrlə yanaşır və şərtlərlə danışırlar. Ona görə də, onların birliyindən söhbət gedə bilməz.

Paylaş:
Baxılıb: 1107 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30