Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ramazan müsəlmanları birləşdirən və bir amala xidmət etməyə çağıran müqəddəs aydır

Ramazan müsəlmanları birləşdirən və bir amala xidmət etməyə çağıran müqəddəs aydır

04.09.2009 [10:12]

Hidayət Orucov: Allahın buyurduğu bu ibadət, sadəcə, yemək və içməkdən uzaq durmaq yox, eyni zamanda, pis əməllərdən uzaqlaşmaq deməkdir
On bir ayın sultanı, müqəddəs Ramazan ayı müsəlmanların böyük təntənə ilə qeyd etdikləri bir tarixdir. Lakin bütün hallarda Ramazan ayı haqqında məlumatlarımız dolğundurmu? Bilik, yaxud iman əvvəl gəlir...? deyə sorğuların cavabı budur ki, insan iman etdiyini bilməli və ondan qafil olmamalıdır. Müqəddəs Ramazan ayı haqqında sorğularımızı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov cavablandırır:
- Hazırda İslam dünyası və onun tərkib hissəsi kimi Azərbaycan xalqı mübarək Ramazan ayını yaşayır. Sizin bu ayla bağlı fikirlərinizi öyrənmək istərdik.
- Ramazan ayı hər bir müsəlman kimi mənim üçün də müqəddəs və əzizdir. İnancımıza görə, bu ayda yerinə yetirilən oruc ibadətinin bir çox hikməti və faydası var. Müsəlmanlar orucu Allahın rizasını qazanmaq və Onun buyruğunu yerinə yetirmək məqsədi ilə tutur. Amma məncə, orucun hikməti və faydaları arxa plana keçməməlidir, əksinə, bir qədər önə çəkilməlidir. çünki Allah üçün nəzərdə tutulan hər ibadət mahiyyəti dərk edilərək, saf duyğularla həyata keçirildiyi təqdirdə faydalı ola bilər.
Əslində, orucun tarixini araşdırdıqda aydın olur ki, bu ibadətin müxtəlif forma və təzahürləri təkcə İslamda, səmavi dinlərdə yox, eləcə də, uzaq Şərq dinlərində mövcuddur. Hətta, hinduizm və caynizmdə də oruc ibadətinə bənzəyən ayinlərə rast gəlmək mümkündür. Lakin oruca əsasən səmavi dinlərdə, xüsusilə, İslamda daha geniş yer ayrılıb. Bunu Qurani-Kərim də təsdiqləyir. Müqəddəs kitabımızın bildirdiyinə görə, oruc ibadəti əvvəlki ümmətlərə də vacib buyurulub. Mövcud mənbələr də bu ibadətin tarixçəsinin qədim zamanlara gedib çıxdığını təsdiqləyir. Dini ədəbiyyatda Davud peyğəmbərin günaşırı, Musa peyğəmbərin qırx gün, İsa peyğəmbərin də həzrət Musanın şəriətinə uyğun olaraq qırx gün oruc tutduğu rəvayət edilir.
Yəhudiliyin müqəddəs kitabı sayılan Tövratda oruc tutulmasının vacibliyi göstərilir. Bu dində oruc bəzən nəfsi qırmaq, bəzən cəfa çəkmək üsulu sayılmış, bəzən də Tanrıya yaxınlaşma vasitəsi kimi qəbul edilmişdir. Yəhudi xalqı tarix boyu başına fəlakət gəldikdə oruc tutarmış. Yəhudilikdə müxtəlif hadisə, yaxud əlamətdar günlərlə bağlı oruc tutmaq ənənəsi də formalaşmışdır.
Xristianlıqda oruc dinin əsaslarından sayılır və kilsənin üçüncü əmri hesab olunur. Bu dində oruc pəhrizlə eyni məna daşıyır. Yəhudilikdə olduğu kimi, xristianlıqda da orucun məqsədi bədəni məhrumiyyətlərə məruz qoyaraq, nəfsli arzulara qalib gəlmək, yəni nəfsi tərbiyyələndirməkdir. Xristianlığa görə, oruc insanı bəzi günahların cəzasını bu dünyada çəkməyə alışdırır.
Təbii ki, orucla bağlı ən çox məlumat İslamdadır. Dinimizdə oruc ibadəti təkcə müəyyən zümrə və ya təbəqə üçün nəzərdə tutulmayıb. Bu ibadət yetkinlik yaşına çatmış hər müsəlmana vacib buyrulub. İslamda hər ibadətin xüsusi dəyəri, mahiyyət və hikməti olduğu kimi, orucun da öz hikməti var. İslam inancına görə, Allahın buyurduğu bu ibadət, sadəcə, yemək və içməkdən uzaq durmaq yox, eyni zamanda pis əməllərdən uzaqlaşmaq deməkdir. Müsəlmanın mədəsi qidadan uzaq olduğu kimi, dili yalandan, əlləri haram işlərdən, gözləri harama baxmaqdan, qulaqları yalan və qeybət dinləməkdən, ayaqları pis iş arxasınca getməkdən uzaqlaşıb, orucdan nəsibini almalıdır. Yəni hər orqan orucla bağlı vəzifəsini icra edərək, bu ibadətin mükəmməl şəkildə yerinə yetirilməsini təmin etməlidir. Məncə, bu, oruca təkcə dini yox, həm də bəşəri yanaşma sayıla bilər. Bu baxımdan, İslamdakı oruc ibadətini insanı mənəvi, dini terminlə desək, ruhi cəhətdən formalaşdıran mükəmməl sistem də adlandırmaq olar.
Şübhəsiz ki, orucun tibbi baxımdan da faydaları var. Həzrət Peyğəmbər hədislərinin birində orucun sağlamlıq üçün əhəmiyyətini vurğulayaraq deyir ki, oruc tutun, sağlamlıq taparsınız. Peyğəmbərin bu fikrini müasir tibb elmi də təsdiqləyir. Almaniyada, eləcə də, Avropanın bir sıra başqa ölkələrində yeni açılmış klinikalarda mədə xəstəliklərini, hətta alkoqol və narkotik asılılığını orucla müalicə edirlər. Hətta bu sahədə tədqiqat aparan avropalı mütəxəssislərdən biri orucu bıçaqsız əməliyyat adlandırır.
- Ramazan ayı boyunca ölkədəki dini durum digər aylardan nə dərəcədə fərqlənir? ümumiyyətlə, bu ayda dini aktivliyin artdığını söyləmək olarmı?
- Təbii ki, Ramazan ayında məscidlərin, dini icmaların fəaliyyətində müəyyən canlanma yaranır. Adi günlərdə, xüsusilə, cümə günləri ibadətə gələnlərin sayında ciddi artım nəzərə çarpır. Məncə, bunu normal qəbul etmək lazımdır. çünki dindar insanlar Ramazanı inancına uyğun yaşamaq üçün lazımi şəraitin olduğunu gördükdə bundan maksimum dərəcədə faydalanmağa çalışırlar.
Azərbaycan hökuməti dindarların Ramazan ayını dinimizin tələblərinə, xalqımızın yüksək mədəniyyətinə uyğun keçirmələri üçün bütün zəruri işləri görüb. Bu məsələ - milli-mənəvi dəyərlərimizin qorunması, vicdan azadlığının təmin edilməsi, insanlarımızın inanclarına uyğun yaşaması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz İlham Əliyev hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin dəvətini qəbul edərək, onun iftar süfrəsində iştirak etdi. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı sayılan mübarək Ramazan sevgi, mərhəmət, bol ruzi, dostluq, qardaşlıq və həmrəylik ayıdır. Belə bir ayda ölkə Prezidentinin dindarlarla birgə iftar etməsi, Onun həm xalqımızla həmrəyliyinin, həm milli-mənəvi dəyərlərimizə yüksək qiymət verməsinin, həm də Azərbaycan müsəlmanlarına böyük hörmətinin göstəricisidir.
Dini vəziyyətə gəlincə, ölkədə digər aylarda olduğu kimi, Ramazanda da dini durum sabit və normaldır. Dövlət ölkə vətəndaşlarının vicdan azadlığını tam şəkildə təmin edir və dini durumu nəzarətdə saxlayır. Bunun nəticəsidir ki, bu sahədə ciddi problem yoxdur, əksinə, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, mövcud tolerantlıq mühitinin qorunub saxlanılması, dini konfessiyalar və icmalar arasında əməkdaşlığın gücləndirilməsi, dini dözümsüzlük və qarşıdurma meyillərinin qarşısının alınması məqsədilə mühüm tədbirlər həyata keçirilir.
Bunlarla yanaşı, dini durumda bəzi neqativ hallar da mövcuddur. Təəssüf ki, ölkədə yaranmış sağlam dini mühitdən sui-istifadə etməyə çalışan, dini dözümsüzlük və ayrı-seçkilik mövqeyindən çıxış edən radikal qruplar və hansısa xarici siyasi dairələrin maraqlarına xidmət edən şəxslər də var. Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilməyən bu qrupların və şəxslərin əslində dinlə heç bir əlaqəsi yoxdur, sadəcə, onlar din pərdəsi altında gizləniblər.
Zaman keçdikcə dini durum daha da sabitləşir. Bunun bir səbəbi də həmin qrupların tədricən zərərsizləşdirilməsidir. Fikrimcə, bu istiqamətdə görülən işlər başa çatdıqdan sonra dini durumda gedən proseslər daha da şəffaflaşacaq və mövcud vəziyyət indikindən də yaxşı olacaq.
- ötən illərin təcrübəsi göstərir ki, Ramazan ayının başlama və bitmə, eləcə də, iftar və imsak vaxtlarında ziddiyyətli məqamlar meydana çıxır. Bu isə dindarlar arasında narahatlıq yaranmasına yol açır. Necə fikirləşirsiniz, bu problemi aradan qaldırmaq mümkündürmü?
- Ramazanla bağlı vacib məsələlərdən biri, ayın başlanma vaxtının dəqiq müəyyənləşdirilməsidir. Namaz vaxtlarının müəyyən edilməsində Günəşin hərəkəti əsas olduğu kimi, oruc ibadətində də Ayın vəziyyəti əsas götürülür. İlk dövrlərdən Günəşin və Ayın hərəkətlərini tədqiq edən insanlar onların dəyişməsində müəyyən qanunauyğunluğun olduğunu müşahidə edib, bununla da, zamanı müəyyənləşdirib. Qurani-Kərimdə bununla əlaqədar kifayət qədər ayə var. Peyğəmbərin hədislərində isə Ramazan ayının başlanması və orucun tutulma vaxtının müəyyənləşdirilməsi ilə bağlı məsləhətlərə yer verilir. Hədislərdən aydın olur ki, Həzrəti Peyğəmbərin zamanında hilal həm Ramazan ayının başlanmasının, həm də sona çatmasının yeganə ölçüsü idi. O dövrün şərtləri bunu belə tələb edirdi. çünki o vaxtlar ayın başlanmasını səmada Ay hilalının görünməsi ilə müəyyən edirdilər.
Müasir dövrdə bunu rəsədxanalar vasitəsi ilə astronomların hesablamaları ilə daha dəqiq müəyyənləşdirmək mümkündür. Hazırda müasir texnika vasitəsi ilə Ayın bütün hərəkət trayektoriyası və gündəlik fazaları təfərrüatı ilə müəyyənləşdirilir. Dini meyara uyğun olaraq, Ay hilalının ilk görünəcəyi yerin və zamanın qəti bilinməsinə görə qəməri ayların müəyyənləşdirilməsində astronomiya elminə etibar edilməlidir. Lakin bu gün İslam dünyasında bu məsələ ilə bağlı yekdil mövqe müşahidə edilmir. Bəzi ölkələr gözlə görmək metodunu əsas götürür, bəziləri astronomik hesablamalara üstünlük verirlər.
ölkəmizdə elmin, texnikanın imkanlarından istifadəyə əsaslanaraq, bu istiqamətdə müsbət addımlar atılıb. Qafqaz Müsəlmanları İdarəsi hər il Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun orucluq cədvəli tərtib edir. Bu cədvəl Azərbaycan ərazisində Ramazan ayının başlanması və Ramazan bayramının dəqiq qeyd edilməsi baxımından əvəzedilməzdir. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına uyğun olaraq ölkə müsəlmanları ay boyunca bu cədvələ riayət etməlidirlər. Ramazan müsəlmanları birləşdirən, bir amala xidmət etməyə çağıran müqəddəs aydır. Belə bir ayda fikir ayrılığına düşmək müsəlmana yaraşmaz.
- Maraqlı müsahibə üçün təşəkkür edirik.
KƏBUTƏR

Paylaş:
Baxılıb: 1258 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30