Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan təhsili sürətlə Avropa məkanına inteqrasiya edir

Azərbaycan təhsili sürətlə Avropa məkanına inteqrasiya edir

26.06.2009 [11:33]

Yusif Məmmədov: “Təhsil haqqında” Qanunun qəbulundan sonra bu sahədə xeyli dəyişikliklər baş verəcək
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif  Məmmədov www.yap.org.az. saytına müsahibə verib:
- Yusif müəllim, uzun sürən müzakirələrdən sonra “Təhsil haqqında” Qanun Milli Məclisdə qəbul olundu. Təhsil ictimaiyyətinin böyük əksəriyyətinin dəstəklədiyi və yüksək qiymətləndirdiyi bu sənəd haqqında sizin də fikirlərinizi öyrənmək istərdik.
- Təbiidir ki, dünyada inkişaf gedir, hadisələr çox sürətlə dəyişir. O cümlədən, təhsil sistemində də böyük dəyişikliklərin olması, mütərəqqi qərarların qəbulu zamanın tələbidir. Azərbaycan təhsili də inkişaf edir. Razılaşmaq lazımdır ki, dövrə və zamana uyğun yeni normativ sənədlərin və qanunların qəbulu vacibdir. Bu baxımdan, ictimaiyyət yeni təhsil qanununun qəbul olunmasını gözləyirdi. Milli Məclis tərəfindən, nəhayət ki, çərçivə qanunu qəbul olundu və bundan sonra bütün qərarların əsasında məhz bu Qanun dayanacaq. Hesab edirəm ki, bu Qanunun qəbulundan sonra təhsil sahəsində xeyli dəyişikliklər baş verəcək.
İstər struktur baxımından, istərsə də təlim metodları baxımından ali təhsil sahəsində gözlənilənlər çoxdur. ölkəmizdə təhsil sistemində çox ciddi işlər gedir. Bu işin dinamikası müxtəlif göstəricilərlə dəyərləndirilə bilər. Məsələn, ölkədə son illərdə inşa olunan müasirtipli və yüksək təchizatlı məktəblərin sayına baxın. Orta məktəblərimizin informasiya texnologiyaları ilə təchizatı bir neçə il əvvəl 1000 şagirdə 1 kompyuter nisbətində idisə, indi, yerinə yetirilən Dövlət Proqramı nəticəsində 28-29 şagirdə bir kompyuter nisbətindədir. İndi müəllimlərin yeni təlim texnologiyalarına və üsullarına yiyələnməsi vacib şərtdir və ön plana çəkilir. Bu istiqamətdə məqsədyönlü iş aparılır. Əsas vəzifə müəllim hazırlayan universitetlərin üzərinə düşür. Yeni nəsil müəllimlər dünyanın aparıcı ölkələrinin təhsil sistemindən xəbərdar olmalı, müasir təlim üsullarını bilməli və tətbiq etməli, eyni zamanda, milli təhsil dəyərlərimizin də qorunmasını təmin etməlidir. Təcrübəli müəllimlərimizin bilik və bacarığından geniş istifadə olunmalı, eyni zamanda, onların yeni təlim texnologiyalarına yiyələnmələri üçün müvafiq işlər aparılmalıdır.
- Bu gün faktiki olaraq, təhsildə ikiistiqamətlilik hələ də qalmaqdadır. Yəni bəzi təhsil müəssisələri qısa müddət ərzində Qərb standartlarını mənimsədiyi halda, bəziləri hələ də təhsildə sovet metodologiyalarının tətbiqində davam edirlər. Sizcə, Avropa təhsil sisteminə keçid hansı səviyyədədir?
- Bu sahədə müəyyən çətinliklərin qarşımıza çıxması təbiidir. Nəzərə almaq lazımdır ki, uzun illər formalaşmış bir sistem var. Təbiidir ki, bir sistemdən digərinə keçiddə müəyyən qədər çətinliklərlə qarşılaşmalı olursan. Bununla yanaşı, cəmiyyətin bəzi təbəqələri sovet dönəmindəki təhsili daha yaxşı hesab edir. Amma dünyanın əksər yerlərində təhsildə Qərb standartları tətbiq olunur. Elə Sovetlərin varisi hesab olunan Rusiyanın özündə də Qərb standartlarına üstünlük verilir. Bunun da bir çox səbəbləri var. İnsanlar daha eyni yerdə təhsil alıb, işləmirlər. Bu gün bir ölkədə təhsil alan sabah başqa dövlətdə təhsilini davam etdirə və ya işləyə bilər. Ona görə də standartlar eyniləşməlidir. Bizim məzunumuz Fransada işləmək istəyirsə gərək təhsildə eynilik olsun ki, onu işə götürsünlər.
O ki qaldı müqayisəyə, hansı təhsil sisteminin daha uğurlu olmasına, bu, yəqin ki, ölkələrin inkişaf səviyyəsi ilə dəyərləndirilə bilər. Dövlət başçımız cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, qabaqcıl ölkələrin inkişaf tarixinin təhlili göstərir ki, onların uğurlarının əsas səbəbi hansısa təbii sərvətlər deyil, onlarda güclü təhsil sisteminin olması, elmin nailiyyətləridir.
Azərbaycan təhsil sistemi bu gün Qərbə inteqrasiya yolunu tutub. Bilirsiniz ki, biz 2005-ci ildən Boloniya prosesinə qoşulmuşuq. Bu sistemin xüsusi tələbləri var. Onlardan biri qiymətləndirmənin kredit yolu ilə aparılmasıdır. Azərbaycanın əksər universitetləri, o cümlədən, Pedaqoji Universitet artıq kredit üsuluna keçib. Bu istiqamətdə iş davam edir.
- Azərbaycan dövlətinin təhsilin, elmin inkişafına diqqət və qayğısı inkarolunmazdır...
- ölkə Prezidentinin təhsilə diqqəti böyükdür. Təhsilin inkişafı da elə bu diqqətdən asılıdır. ölkədə təhsillə, yeniyetmələrin, gənclərin, istedadların inkişafı ilə bağlı Təhsil Nazirliyinin və digər dövlət qurumlarının iştirakı ilə çox məzmunlu dövlət proqramları həyata keçirilir. Amma təhsilin inkişafı ilə təkcə ölkə Prezidenti, yaxud da Təhsil Nazirliyi məşğul olmamalıdır. Buna cəmiyyətin, bütün təşkilatların dəstəyi olmalıdır. Bu baxımdan mən Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı gördüyü işləri yüksək dəyərləndirirəm.
- Rəhbərlik etdiyiniz universitetin beynəlxalq əlaqələri barəsində nə deyə bilərsiniz?
- Açıq deyim ki, hazırda beynəlxalq əlaqələrin inkişafı, xarici təhsil müəssisələrilə səmərəli əməkdaşlığın yaradılması bizim üçün prioritet məsələlərdəndir. Bir neçə il əvvəl Türkiyənin Hacəttəpə Universiteti ilə əlaqələr qurmuşuq. Qarşılıqlı məsləhətləşmələr, tədris proqram və planlarının müqayisəsi, müştərək konfrans və seminarların keçirilməsi ilə təcrübə mübadiləsi aparmışıq. Azərbaycan Dövlət Pedaqoji Universitetində Hacəttəpə Universiteti ilə birgə, Türkiyənin 28 universitetindən 175 tədqiqatçının da qatıldığı, ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş “Müəllim hazırlama siyasəti və problemləri” mövzusunda beynəlxalq konfrans keçirmişik. Hazırda Hacəttəpə Universiteti ilə əlaqələrimiz daha da genişlənib. Bu Universitetin Konseyi əməkdaşlarının dosent və professor vəzifələrini tutması üçün staj keçmələri zəruri sayılan nüfuzlu xarici Universitetlər siyahısına Azərbaycan Dövlət Pedaqoji Universitetini də daxil edib və son vaxtlar Hacəttəpə Universitetinin 6 əməkdaşı bizim Universitetimizdə 4 aylıq stajkeçmədə olublar.
Bu il beynəlxalq istiqamətdə vacib bir uğurumuz da olub: 18 ölkənin 58 universitetini birləşdirən Avropa Pedaqoji Universitetləri Birliyinin (ETEN) üzvlüyünə qəbul olunduq. İndi biz həmin birlikdə təmsil olunan digər təhsil ocaqlarının sahib olduğu hüquqlara malikik. Onlarla əlaqələr qurmaq üçün geniş imkanlarımız var. Tədrisin eyniləşdirilməsi və diplomların tanınması ilə bağlı müəyyən addımlar atacağıq ki, tələbələrimiz orada da təhsil ala bilsinlər.
- Təhsil sahəsində qarşıya çıxan məsələlərdən biri də tələbələrin biliyinin qiymətləndirilməsi zamanı bəzi problemlərin yaranmasıdır. Bu baxımdan rəhbərlik etdiyiniz universitetdə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi üçün hansı addımlar atılır?
- ümumiyyətlə, Universitetimiz yarandığı 1921-ci ildən indiyədək ölkəmiz üçün 120 minə qədər müəllim hazırlayıb. Hazırda universitetdə təhsil alan tələbələrin sayı 8000-dən bir qədər artıq, müəllimlərimizin sayı isə 800-ə qədərdir.
Müəllimlərimiz arasında xeyli sayda Akademiya üzvü, Prezident təqaüdçüsü, Əməkdar Elm xadimi, Əməkdar müəllim, digər yüksək dövlət mükafatları ilə təltif olunanlar var. Biliyin qiymətləndirilməsinə gəlincə, Pedaqoji Universitetdə bu istiqamətdə də yenilik edilir. Bu prosesə iki il öncə başlamışıq. Kredit qiymətləndirmə sistemi 100 ballıq sistemdir. 50 bal semestr zamanı, 50 bal imtahan zamanı toplanılmalıdır. Semestr zamanı tələbənin aldığı balı belə qiymətləndiririk - 10 bal mühazirə yazmağına görə, 10 bal davamiyyətə görə, 30 bal isə kollokvium keçirməklə. Pedaqoji Universitetdə 180 kompyuterlik 5 kompyuter zalı yaradılıb ki, bu da bütün kollokviumların və əyani şöbənin bütün imtahanlarının kompyuterlərlə aparılmasına imkan verir. Hazırda ADPU-da bütün bu qiymətləndirmələr heç bir subyektiv amilin təsirinin mümkün olmadığı bir şəraitdə, kompyuterlər vasitəsilə aparılır.
- Bir neçə il əvvəl Türkiyə Yüksək Təhsil Qurumu ADPU-ya tələbə göndərməkdən imtina etmişdi. Amma deyəsən, artıq bu problem həll olunub...
- Doğrudur, 2005-ci ildə Pedaqoji Universitetə bir daha tələbə göndərməmək barədə Türkiyə Yüksek öğretim Kurulunun qərarı olmuşdu. Aparılmış işlər sayəsində 2008-ci ilin avqustunda YöK bu qərarına yenidən baxıb və ADPU-ya tələbə göndərmək qərarını verib. Hazırda universitetimizdə 250 nəfərə yaxın türk tələbə oxuyur və Türkiyə tərəfinin qərarından sonra onların sayı gələcəkdə daha da artacaq.

Paylaş:
Baxılıb: 1288 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30