Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan mətbuatı günbəgün peşəkarlaşır, dəyişir və XXI əsrin reallıqlarına cavab verməyə başlayır

Azərbaycan mətbuatı günbəgün peşəkarlaşır, dəyişir və XXI əsrin reallıqlarına cavab verməyə başlayır

24.06.2009 [12:26]

Elnur Aslanov: İstəyimiz ondan ibarətdir ki, Azərbaycanda elə bir jurnalistika məktəbi yaransın və formalaşsın ki, jurnalistlər cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək baş verən proseslərə, həqiqətən də, qərəzsiz və obyektiv mövqedən yanaşsınlar
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun SİA-ya eksklüziv müsahibəsi:
- Elnur müəllim, İsrail prezidenti Şimon Peresin Azərbaycana planlaşdırılan səfərini necə qiymətləndirirsiniz?
- Azərbaycan bütün ölkələrlə münasibət qurmaq və əməkdaşlıq etməkdə maraqlıdır. Yürüdülən çoxşaxəli xarici siyasətin əsas məğzi məhz bərabərhüquqlu, eyni zamanda, tərəfdaşlıq prinsiplərinə söykənən ikitərəfli və çoxtərəfli münasibətlərin qurulmasından ibarətdir. İsrail və Azərbaycanın tarixi maraqları mövcuddur. Belə ki, tarixən Azərbaycanda yəhudi icmaları yaşamış, zaman-zaman milli inkişafımıza töhfələr vermişlər. Hal-hazırda da respublikamızın gözəl guşələrində onlara məxsus yaşayış məntəqələri mövcuddur. Həmçinin, İsraildə də çoxlu sayda azərbaycanlı yaşayır. Eyni zamanda, İsrail regionda çox önəmli tərəfdaş və aparıcı bir dövlətdir. İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfəri bilavasitə iki ölkə arasındakı münasibətlərin təkmilləşdirilməsinə və inkişafına xidmət edir. Güman edirəm ki, bu, çox önəmli və əhəmiyyətli səfər olacaq. Səfər zamanı həm regional təhlükəsizlik, həm də beynəlxalq münasibətlərin müzakirəsində yeni bir səhifə açılacaq.
- Bu gün ermənilər mütəmadi olaraq Azərbaycana məxsus yer adları, mədəniyyət və digər tarixi abidələri öz adlarına çıxaraq dünyaya nümayiş etdirməyə səy göstərirlər. Azərbaycan hakimiyyəti bütün bu kimi hallara qarşı hansı addımları atır?
- Erməni “təbliğat maşını” yalan və iftira üzərində qurulan bir mexanizmdir. Onlar təbii ki, özlərinə məxsus olmayan abidələri mənimsəməyə, milliləşdirməyə səy göstərirlər. Lakin tarixi saxtalaşdırmaq mümkün deyil. Hamıya məlumdur ki, bu gün Ermənistanın yürütdüyü siyasət hansı həqiqətlərə əsaslanır. Əgər bütün Ermənistan 1918-ci ildə cəmi 9 min kvadrat kilometr idisə, bu gün ərazisi 29 min 800 kvadrat kilometrə qədər artırılıb. Hər halda, düşündürən faktdır. Ermənilər çox gözəl bilirlər ki, Azərbaycan Demokratik Cümhuriyyətinin hakimiyyəti İrəvan xanlığını ermənilərə hədiyyə edib və bu da bir tarixdir, bu tarixdən də qaçmaq olmaz. Bunu tarixi sənədlər də tam olaraq sübut edir. Bu gün ermənilər “erməni soyqırımı” haqqında danışarkən, dünya birliyi Xocalı soyqırımı və burada azərbaycanlılara qarşı törədilən vəhşiliklərə susur. Halbuki, 1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilən vəhşiliklərin tam mənasında soyqırımı olması heç kimdə şübhə doğurmur. Digər soyqırımılarından fərqli olaraq Xocalının videogörüntüləri də əlimizdə fakt kimi mövcuddur.
- 2005-ci ildə Azərbaycanda “İnformasiya azadlığı haqqında” Qanun qəbul olunub və 2006-ci ilin yanvar ayının 1-dən qüvvəyə minib. Həmin sənəddə göstərildiyi kimi, 6 ay müddətinə informasiya müvəkkili təyin olunmalı idi. Nə üçün ötən 3 il ərzində Azərbaycanda informasiya müvəkkili təyin olunmayıb?
- Bu gün Azərbaycanda insan hüquqları üzrə müvəkkili - ombudsman öz fəaliyyətində bir çox sahələri əhatə edir. Azərbaycan ombudsmanı tək adi vətəndaşlarla deyil, eyni zamanda, KİV-də çalışan və hərbi xidmətdə olan insanlarla, o cümlədən, digər vətəndaşlarla işləyir. Onu deyə bilərəm ki, Azərbaycan ombudsmanı bu səlahiyyətləri həyata keçirməyə peşəkarlıqla və yüksək səviyyədə müvəffəq olub. Zənnimcə, bu məsələ hakimiyyət və cəmiyyət arasında müzakirə olunası məsələdir və tələsik qərar qəbul etmək və ya hər hansı bir fikri ortaya qoymaq doğru olmazdı. Amma reallıqdan çıxış etsək görərik ki, bugünkü müstəvidə bu səlahiyyətləri Azərbaycan ombudsmanı tam olaraq həyata keçirir və bu məsələnin müzakirəsini aktual hesab etmirəm.
- Azərbaycan mətbuatının hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycan mətbuatı çox önəmli keçid dövrünü yaşayır. Mətbuat günbəgün peşəkarlaşır, dəyişir və yeni - XXI əsrin reallıqlarına cavab verməyə başlayır. Bu nöqteyi-nəzərdən, bizim qət edəcəyimiz böyük bir yol göz qabağındadır. öncə Azərbaycan jurnalistləri daha məsuliyyətli olmalı, proseslərə daha da dərindən yanaşma metodunu öyrənməli və həyata keçirməlidirlər. Azərbaycan jurnalistləri və jurnalistikası sırf real faktlar və qərəzsiz mövqelər əsasında formalaşmalıdır. Jurnalistika və jurnalist ilk olaraq hər bir cəmiyyətin aynasıdır. Əksər dövlətlərdə ictimai şüur və ictimai fikir jurnalistin qələmində formalaşır. Ona görə də, istəyimiz ondan ibarətdir ki, Azərbaycanda elə bir jurnalistika məktəbi yaransın və formalaşsın ki, jurnalistlər cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək cəmiyyətdə baş verən proseslərə, həqiqətən də, qərəzsiz və obyektiv mövqedən yanaşsınlar. Azərbaycan jurnalistikasının inkişafı üçün cənab Prezident İlham Əliyev tərəfindən çox önəmli addımlar atılır. Son illər ərzində görülmüş işlər, eyni zamanda, KİV-in inkişafı üzrə Dövlət Fondunun yaradılması və digər normativ sənədlərin qəbul edilməsi məhz ona istiqamətlənib ki, Azərbaycanda jurnalistlər peşəkar, qərəzsiz və müstəqil insanlara çevrilsinlər.
- Bəs, Azərbaycanda cəmiyyətin informasiya təminatı nə səviyyədədir?
- Cəmiyyətimizin informasiya təminatının ödənilməsini qənaətbəxş hesab etmək olmaz. Azərbaycanda mətbu orqanların çoxluğuna baxmayaraq, qəzetlərin və digər KİV-in verdiyi məlumatların yeni standartlara və dəyişən mühitə transformasiyası artıq günün zərurətinə çevrilib. Bu məsələdə elektron KİV, yəni, İnternet, onlayn informasiya agentlikləri Azərbaycanda daha öndə gedirlər. Belə ki, onlar insanlara hər dəqiqə Azərbaycanda və dünyada baş verən məlumatları çatdıra bilirlər. çox təəssüflər olsun ki, bu məqamda ənənəvi KİV - qəzetlər, radio və telekanallar ikinci yerə keçməyə başlayıb. Lakin İnternet KİV-in fəaliyyətində də müəyyən sahələrdə boşluqlar mövcuddur. Əsas boşluqlar isə keyfiyyətli və reallıqları əks etdirən analitik materialların olmamasında, yaxud da çox az olmasındadır. Bu gün milli oxucularımız üçün təkcə ölkədə baş verənlərlə bağlı deyil, eyni zamanda, onun hüdudlarından kənarda baş verən proseslərlə bağlı Azərbaycan təhlilçilərinin fikirlərinin ortaya qoyulması vacibdir. çox təəssüflər olsun ki, bu gün bir neçə insandan ibarət “politoloqlar klubu” formalaşıb ki, əksər jurnalistlər də məhz onlara müraciət edirlər. özlərini “politoloq” adlandıran bəzi insanlar əksər hallarda tamamilə cəfəng fikirlər ortaya qoyurlar. Digərləri çox dəyərli fikirlər bildirirlər, amma təəssüflər olsun ki, həmin fikirləri Azərbaycan dilində bildirməyə çətinlik çəkirlər. Nəticədə onların fikirləri ilə milli oxuculardan çox, xarici oxucular tanış olurlar. Düşünürəm ki, Azərbaycanda ilk olaraq yeni ekspert məkanı formalaşmalıdır və jurnalistlər bu məsələdə daha çox səy göstərməlidirlər, savadlı, peşəkar ekspertləri tapıb üzə çıxarmalıdırlar. Eyni simaların ekspert qismində daim ortaya çıxarılması bu gün böyük problemlərdən biri hesab olunur. Əgər biz ekspertlərin fikirlərini təhlil etsək, 5-6 nəfərdən kənara çıxa bilməyəcəyik. çox təəssüflər olsun ki, bu ekspertlərin əksəriyyəti sırf siyasi məsələləri təhlil edirlər. Nəticədə cəmiyyətin problemləri, o cümlədən, iqtisadi problemlər, mədəniyyət sahəsindəki problemlər diqqətdən kənarda qalır. Bu gün ictimai problemləri lazımi səviyyədə təhlil edib insanlara adi, səlis və sərbəst dildə fikir çatdıran və formalaşdıran ekspertlərin sayı həddən ziyadə məhduddur. Bilirsiniz ki, müasir dövrümüzdə dünyada köşə yazarları mədəniyyəti mövcuddur ki, bu mədəniyyət hələ Azərbaycanda tam formalaşmayıb. Bir çox ölkələrdə köşə yazarları cəmiyyətin aparıcı qüvvələrindəndir, çünki onların yazdıqları ictimai fikri formalaşdırır və ortaya konkret bir mövqe qoyur. Həmin insanlara istər Türkiyədə, istər ABŞ-da, istərsə də Rusiyada böyük hörmət və rəğbətlə yanaşırlar. Azərbaycanda isə bu mənada, köşə yazarları mövcud deyil. Ona görə də, biz bu sahəyə də diqqət yetirməliyik. Bəzən cəmiyyətin şou ilə daha çox maraqlandığını deyirlər. Cəmiyyət şou ilə ona görə çox maraqlanır ki, toplumda iqtisadiyyat, siyasət və digər sahələrdə maraqlı təhlillər verilmir, KİV-də müzakirələr aparılmır. İnsanlara, sadəcə, quru xəbərlər çatdırılır. Bütün bunların səbəbini isə Azərbaycan mətbuatının özünün keçid dövrünü yaşamasında görürəm. Gəlin, etiraf edək ki, 5 il əvvəlki mətbuatımızla indiki mətbuatın səviyyəsində qat-qat çox fərqlər var. Artıq Azərbaycanda yeni informasiya məkanı formalaşmaqdadır. Bu, həm internetdə, həm də qəzetlərdə özünü göstərməkdədir. Artıq cəmiyyətimizdə öz sözünü deyən jurnalistlər ortaya çıxır. Bu, çox önəmli bir haldır və 5 ildən sonra biz tamamilə başqa bir səviyyədə olacağıq. Lakin Azərbaycan jurnalistika məktəbi intellektual səviyyəsini artırmalıdır. Bəzi qəzet və televiziya jurnalistləri peşəkarlıq baxımından xeyli geridə qalırlar.


Paylaş:
Baxılıb: 1273 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30