Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Milli qurtuluşdan başlanan yol Azərbaycanı uğurlu və firavan gələcəyə doğru aparır

Milli qurtuluşdan başlanan yol Azərbaycanı uğurlu və firavan gələcəyə doğru aparır

09.06.2009 [09:13]

Eldar İbrahimov: Ehtimallar, ümidlər özünü doğrultdu və Heydər Əliyev qayıtdı. Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov www.yap.gov.az saytına müsahibə verib:
- Eldar müəllim, bu yaxınlarda milli qurtuluşumuzun 16-cı ildönümü tamam olur. İlk olaraq, 15 iyun tarixinin Azərbaycanın, Azərbaycan dövlətçiliyinin tarixindəki yeri və rolu haqqında sizin münasibətinizi öyrənmək istərdik...
- Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Heydər Əliyevdir. Tale elə gətirmişdir ki, 1992-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. O dövr iqtidarının səbatsızlığı ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda “Talış-Muğan Respublikası” elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Ehtimallar, ümidlər özünü doğrultdu və Heydər Əliyev qayıtdı. Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.
- Bəzən haqlı olaraq deyirlər ki, xalqımızın, dövlətimizin qurtuluşuna gedən bu proseslərin təməli Naxçıvanda qoyulmuşdu. özü də Azərbaycanın, eləcə də onun bir parçası olan Naxçıvanın tarixinin ən mürəkkəb dövrlərini yaşadığı bir məqamda, yenə də böyük lider Heydər Əliyevin öndərliyi ilə.
- Bəli, bu bir həqiqətdir ki, Naxçıvan Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyə doğru irəliləməsində bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıtmış Heydər Əliyev xalqının bu ağır günündə onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi. Belə bir vaxtda, 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın ali qanunvericilik orqanında Onun təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı. Elə o vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı. Sərhəd məftillərinin söküldüyü gün - dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Blokada şəraitində olan Naxçıvanın müdafiəsini təmin etmək məqsədilə Müdafiə Komitəsi yaradıldı. Erməni hücumlarına tutarlı cavablar verildi. Respublikada ilk dəfə olaraq Sovet ordu hissələri Naxçıvanda bütün əmlaklarını qoyaraq Muxtar Respublikanın ərazisini tərk etdilər. Qonşu Türkiyə və İranla münasibətlər normallaşdırıldı, əlaqələr genişləndirildi, Sədərəkdə Azərbaycanı Türkiyəyə birləşdirən “ümid körpüsü” adlı həyati əhəmiyyətli körpü salındı. İranla sərhəddə keçid və ticarət məntəqələri yaradıldı. O vaxtlar Ali Sovetə deputat seçilən Heydər Əliyev Milli Məclisdəki çıxışlarında Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycan rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini tənqid edərək SSRİ-nin tezliklə dağılacağını dəfələrlə bəyan etsə də, səbatsız iqtidar bu fikirlərə məhəl qoymurdu. Zaman Heydər Əliyevin haqlı olduğunu bir daha sübut etdi.
- Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyevin Azərbaycanda nüfuzunun gündən-günə artmasından, onun ölkəmizdə hakimiyyətə gəlmək ehtimalından təkcə xaricdəki qüvvələr deyil, həm də daxildə narahat olanlar var idi. Hətta onların Naxçıvanda dövlət çevrilişi cəhdlərini bununla izah edənlər də var...
- AXC - Müsavat hakimiyyəti Heydər Əliyevin nüfuzunun artmasından qorxurdu. Ona görə də o zamankı hakimiyyətin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Bu, artıq Heydər Əliyev - xalq birliyinin sarsılmaz olduğunun əyani sübutu idi. Bu birlik Heydər Əliyevi Bakıya gətirdi. Ulu öndərin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Hər şeyi yerli-yataqlı öyrəndikdən sonra Milli Məclisin növbəti iclasında 4 iyun (1993) Gəncə hadisələri barədə öz qəti sözünü dedi: “Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdır.” Tezliklə Milli Məclisdə Gəncə hadisələrinə hüquqi-siyasi qiymət verildi. Qardaş qırğınına meydan açanlar öz layiqli cəzalarını aldılar.
- 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Xalqın tələbi ilə hakimiyyətə bu qayıdışın dövlətçiliyimiz üçün faydası nə oldu?
- Bu hadisənin misilsiz faydası oldu. Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi xülyası qısa zamanda aradan qaldırıldı. Bir sözlə, Ulu öndərin Naxçıvanda başladığı milli qurtuluş savaşının əsl zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif təbəqələrinin nümayəndələri Milli Məclisə müraciət edərək öz istək və arzularının nəzərə alınmasını və bu günün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsini tələb edirdilər. Xalqın müxtəlif təbəqələrinin bu tələbini nəzərə alaraq, mən, parlamentdə çıxış edərək belə bir qərarın qəbul edilməsini təklif etdim və deputatlar bu təklifi müdafiə etdilər. Bundan az sonra, 1997-ci il iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında da bu tələb səsləndirildi və həmin gün Milli Məclisin qərarı ilə 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü elan olundu.
- Eldar müəllim, keçmişin və bu günün harmoniyasından baxanda, Azərbaycanın gələcəyini necə görürsünüz?
- Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmuş, regionda lider ölkə statusunu qazanmışdır. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir ölkədir. ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumu olan layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Biz, Heydər Əliyev ideyaları işığında, müstəqil Azərbaycanımızın hörmətli Prezidentimiz İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyini görürük və buna qəlbən inanırıq!


Paylaş:
Baxılıb: 1356 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30