/ / İmdat Avşar: Qarabağ Azərbaycanın Türk dünyasına bəxş etdiyi bir inci kimi türkdilli şair və yazıçıların könlündə taxt quracaq...
İmdat Avşar: Qarabağ Azərbaycanın Türk dünyasına bəxş etdiyi bir inci kimi türkdilli şair və yazıçıların könlündə taxt quracaq...
08.08.2024 [11:56]
Cana yaxın dost görüşləri ilə daha özəl, daha gözəldir səfərlər. İstanbul səfərimizi də gözəlləşdirən amillərdən biri məhz bu cür dost görüşlərimiz oldu. Türk Ədəbiyyatı Vəqfini ziyarətimiz zamanı Vəqfin başqan köməkçisi, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, türkiyəli yazıçı, tərcüməçi, Azərbaycan ədəbiyyatının dostu və təbliğatçısı İmdat Avşarın otağına girərkən sanki Azərbaycanda- Bakıda imişəm kimi doğma bir aura ilə qarşılaşdıq. Azərbaycanımızın üçrəngli bayrağı, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin fotoları, fərqli-fərqli yazıçı və şairlərimizin kitabları, jurnallarımız otağı bəzəməklə yanaşı, mübhəm duyğular oyadırdı.
İmdat Avşarın Azərbaycan sevgisini bilsəm belə, təəccüblənməmək mümkün olmur. Təəccübümü görən həmsöhbətim açıqlamasını da gecikdirmir:
- Azərbaycan və Azərbaycan ədəbiyyatı hər zaman bizimlədir...
Elə müsahibəmizə də bu “qapıdan” giriş edirik:
- Bildiyim qədəri ilə, siz də yaxın günlərdə dönmüsünüz oradan...
- Azərbaycana son gəlişimiz ənənəvi Vaqif Poeziya Günləri ilə əlaqədar idi. Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 11-14-də Şuşada Vaqif Poeziya Günləri keçirilməli idi. Biz də biletimizi ona uyğun olaraq almışdıq. Türk dünyasından çox önəmli şəxsiyyətlər vardı. Ancaq təəssüf ki, Mədəniyyət Nazirliyi tərəfindən tədbir təxirə salındı. Bizim də biletlərimizi dəyişmək mümkün olmadığından getdik. Sağ olsunlar, Xalq yazıçısı Anarın başçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi bizi- Türk dünyasından gələn yeddi nəfər ədəbiyyatçını özəl olaraq Şuşaya apardı. Bizim üçün gözlənilməz və çox gözəl bir hadisə idi. Cəmi 10-12 nəfərlik bir heyətlə Şuşaya səfər etdik. Əvvəl bir dəfə də getmişdim- Natəvan günlərinə qatılmışdım. Amma onda adam çox olduğundan könlümcə gəzə bilməmişdim. Bu dəfə isə Qarabağı, Şuşanı daha dərindən hiss etmək şansımız oldu. Cıdır düzünü, İsa bulağını, muzeyləri, Vaqif məqbərəsini - Şuşada gəziləcək bütün yerləri gəzdik. Orada əsas diqqətimi çəkən dağıdılmış şəhərlərin Azərbaycan dövləti tərəfindən bərpası idi. Bu cür sürətlə və əhatəli şəkildə aparılan bərpa işləri bizi çox qürurlandırdı. Qarabağ hazırda Azərbaycan tərəfindən yenidən dirildilən və Türk dünyasının mədəniyyət paytaxtı olmağa layiq bir məmləkətə çevrilir. Əlbəttə, təbiətin bəxş etdiyi, hər zaman Azərbaycan ədəbiyyatından oxuduğumuz, tanıdığımız təbii möcüzələri də görmək bir başqa zövq idi. Xüsusən, Turşsu diqqətimizi çəkdi. Onun tarixini bizə danışdılar. Keçmişdə Turşsu yerin altından fontan vurub çıxarmış. İndi isə ritmik zaman aralığında su gəlir. Biz orada olarkən Qarabağa yenidən qayıdan, köç edən ailələr vardı. Onlarla birlikdə Turşsunun gəlməyini gözlədik. 15-20 dəqiqəyə gələr dedilər və dedikləri kimi də oldu. O suyun axışını izlədik. Onun şəfalı mənbəyinə qədər gedib çıxdıq, ovuclayıb içdik.
Orada Şuşaya geri dönən insanların gözlərindən xoşbəxtliklərini oxumaq mənim üçün əvəzedilməz bir duyğu idi. İnşallah, bunların hamısını xatirələrimdə yazacağam. Keçmişdə dostlarımız oralardan kədərlə, həsrətlə bəhs edərdilər, oralara getmək ən böyük arzuları, xəyalları idi. İndi isə azad edilmiş torpaqlara gedən, orada özünə həyat quran, bundan sonrakı ömrünü orada yaşamağa qərar verən insanlarla tanış olmaq məni də çox sevindirdi.
Bir nüansı da xüsusən vurğulamaq istəyirəm. Şuşaya gedərkən Füzulinin içərilərinə qədər gedib çıxdıq. Vəhşiliyin bu qədəri məni çox təəccübləndirdi, təəssüfləndirdi. Füzuli deyilən bir şəhər, qəsəbə tamamilə yerlə - yeksan edilib, yoxa çıxarılıb. Ağdamda, Cəbrayılda, digər yerlərdə də bənzər durumlardır. Amma Füzuliyə ayrıca divan tutulub sanki. Bir insanla, bir xalqla, bir dövlətlə düşmənliyin ola bilər, onu qətl edərsən, əsir alarsan, sürgün edərsən, bu da vəhşilikdir, insanlığa ziddir, amma təbiəti qətl etmək nədir? Tarixi əsərlər sənə nə kimi düşmənlik edə bilər ki, onu o cür qətl etmisən, yerlə yeksan etmisən? Bu, erməni vəhşətinin ən böyük nümunəsi idi. Biz orada olarkən bir tərəfdə yenidən qurulan, abadlaşdırılan şəhəri, bir tərəfdə isə yandırılmış, yox edilmiş şəhəri gördük.
Çox sevincli haldır ki, Türk dünyası gedərək birləşir. Biz bunun nümunəsini Füzulidə də gördük. Məsələn, Özbəkistan orada Uluğbəy adına tam orta məktəb, Qazaxıstan böyük uşaq yaradıcılıq mərkəzi inşa edir. Şuşada bu il Türk dünyasının ortaq universiteti olan Qarabağ Universiteti tədrisə başlayacaq. Bütün bunlar çox gözəldir. Buraların bir türk torpağı olduğunun, Azərbaycana məxsus olduğunun sübutudur. Yandırılmış şəhərin üzərində yeni və müasir şəhər inşa edən güclü, qüdrətli Azərbaycan dövləti və ona dəstək olan Türk dövlətləri var. Əminəm ki, çox qısa zamanda Qarabağ Azərbaycanın Türk dünyasına bəxş etdiyi bir inci kimi türkdilli şair və yazıçıların könlündə taxt quracaq, əsərlərinin mövzusuna çevriləcək.
- Bildiyiniz kimi, Qarabağın müxtəlif bölgələrində, azad edilmiş şəhərlərimizdə kitabxanalar da yaradılır və kitabbağışlama kompaniyaları keçirilir. Türk Ədəbiyyatı Vəqfi və şəxsən siz belə bir kompaniyalarda iştirak etdinizmi, edəcəksinizmi?
- Müharibədən dərhal sonra belə bir kompaniya başladıldı, amma Azərbaycan dövləti haqlı olaraq bunu təxirə saldı. Çünki hələ şəhərlər bərpa edilməmiş, kitabxanalar yaradılmamışkən minlərlə, milyonlarla kitabları yığıb aparmağın bir mənası yox idi. Amma Türk Ədəbiyyatı Vəqfi olaraq biz hər zaman belə bir kompaniyalarda iştirak etməyə hazırıq, həvəsliyik. Bizim 500-dən çox nəşrimiz var ki, biz onlarla bir böyük kitabxananın kitab ehtiyacını təmin edə bilərik. Türk Ədəbiyyatı Vəqfi Türk dünyasının çox önəmli mərkəzlərindən biridir. Biz Azərbaycan ədəbiyyatına hər zaman önəm vermişik. Hətta Sovet dövründə Türkiyədə Azərbaycan ədəbiyyatının ilk nümunələri məhz bizim dərgimizin səhifələrində yayımlanıb. Bəxtiyar Vahabzadə, Nəbi Xəzrinin şeirləri onlardandır. 1986-cı ildə Bəxtiyar Vahabzadənin kitabı Türk Ədəbiyyatı Vəqfi tərəfindən çap olunmuşdu. Yəni biz hər zaman Azərbaycanın, Azərbaycan ədəbiyyatının yanındayıq. Elə sizin vasitənizlə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə də müraciət edirik ki, işğaldan azad olunmuş torpaqlarda kitabxanaların yaradılması və zənginləşdirilməsi yönündə keçiriləcək bütün kompaniyalara öz kitablarımızla dəstək verməyə hazırıq.
- “Türk ədəbiyyatı” dərgisinin hansısa sayının sırf Qarabağın şair və yazıçılarına, Qarabağ ədəbiyyatına həsr olunması kimi bir layihəniz ola bilərmi?
- Biz “Türk ədəbiyyatı” dərgisində hər zaman Qarabağa, qarabağlı şair və yazıçılara yer veririk. Məsələn, “Qarabağdan doğan Günəş və Ay. Xurşidbanu Natəvan. Fatma xanım Kəminə” kitabını, eləcə də “Qarabağ hekayələri” kitabını çap etmişik. Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunarkən biz “Türk ədəbiyyatı” dərgisinin 2023-cü il dekabr sayını Şuşa özəl sayı etdik. 2024-cü ilin may ayında isə Şah İsmayıl Xətainin 500 illik yubileyi münasibəti ilə Şah İsmayıl Xətaiyə özəl say çap etdik. Yəni qısacası, “Türk Ədəbiyyatı” dərgisi Azərbaycansız, Qarabağsız olmaz. Mütləq ki, həm keçmiş, həm də indiki dövr qarabağlı şair və yazıçıların əsərlərini dərgimizdə yayımlayırıq, yayımlamağa da davam edəcəyik.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

