Heydər Əliyev

Политика

Политика

План «Б»…

20 Май 10:37

Внешняя политика

yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Təhsildəki boşluqlar

Təhsildəki boşluqlar

13.05.2022 [10:21]

Düzgün ixtisas seçimi və ya niyə hamı ali təhsilli olmalıdır?

Nicat

Övladlarını sırf qonşudan dala qalmamaq üçün ali təhsil almağa məcbur edən valideynlərin sayı az deyil. Təbii ki, bu, çox müsbət tendensiyadır. Lakin bəzi şagirdlərin hər hansı bir sahədə istedadının, bacarığının olduğu elə ilk siniflərdən özünü göstərir. Amma həmin gənc düzgün yönləndirilmədiyinə görə 4 il boyunca istəmədiyi ixtisas üzrə təhsil alır. Statistikaya nəzər yetirdikdə görmüş olarıq ki, bu kateqoriyaya aid olan tələbələr sonradan tamamilə başqa bir sahədə çalışırlar. Bəzi hallarda isə ümumiyyətlə, həmin diplomdan istifadə etmirlər.

Başa düşmək və qəbul etmək lazımdır ki, əgər universitetə sənəd verərkən birinci cəhddən uğursuzluqla üzləşmisinizsə, bu, dünyanın sonu demək deyil.

Bəs ekspertlər bu barədə nə deyirlər? Həqiqətənmi çıxış yolu yoxdur və ya bu qədər qəlizdir?

“İlk növbədə qeyd edim ki, universitetlərin başlıca məqsədi ölkədəki işçi qüvvəsi tələbatına uyğun qaydada ixtisas qrupları yaratmaq və tələbələrə məzun olduqdan sonra öz ixtisaslarına uyğun işlərdə işləmələri üçün zəruri olan bilikləri öyrətmək olmalıdır. Universitetlər tələbələri bazarın tələblərinə uyğun biliklə təmin edə bilmirsə, o zaman universitet təhsili vaxt və pul israfıdır”.

Təhsil eksperti Kamran Əsədov bu qənaətdədir. O deyir ki, insanlar universitet təhsili almaq üçün illərlə çalışırlar və ciddi maddi resurs istifadə edirlər: “Belə olan təqdirdə, universitetin onlara bazar tələblərinə uyğun bilik verməməsi düzgün deyil. Bu iddia həm də düzgündür, çünki universitetlər özləri də birbaşa və ya dolayı yolla verdikləri təhsilin məzunlara gələcəkdə ixtisaslarına uyğun iş tapması üçün zəruri olduğunu iddia edir”.

Yuxarıda sadaladığımız problemlərlə üzləşməmək üçün ekspert texnikum və peşə məktəblərinin sayının, oradakı təhsilin keyfiyyətinin artırılmalı olduğunu nəzərə çatdırıb: “Həm də bu təhsil müəssisələri daha çox şəxs üçün əlçatan olmalıdır. Çünki şagirdlərin məktəbi bitirdikdən sonra ixtisassız işçi olmaması üçün onların təhsillərini davam etdirməsi olduqca vacibdir. Azərbaycanda şagirdlərin təxmini 66%-i orta məktəbdən sonra heç bir təhsil almır və nəticədə onlar ixtisassız işçiyə çevrilirlər ki, bu problemi də texnikum və peşə məktəbləri aradan qaldıra bilər. Eyni zamanda, bir çox ixtisasa yiyələnmək və gələcəkdə ona uyğun iş tapmaq üçün universitet təhsili vacib deyil (və vacib də olmamalıdır). Universitet təhsili o ixtisaslar üzrə vacibdir ki, orada tələbənin ciddi nəzəri biliklərə yiyələnməsi zəruri olsun və bu nəzəri biliklərin universitetdən kənar əldə edilməsi qeyri-mümkün və ya olduqca çətin olsun. Məsələn, hazırda Bakı Dövlət Universitetində kitabxanaçılıq ixtisası var, halbuki kitabxanaçılıqda ən yaxşı halda minimal nəzəri biliyə yiyələnmək kifayətdir. Kitabxanaçı olmaq üçün texnikum oxumaq kifayət etməlidir”.

Hazırda əmək bazarında təklif edilən bir çox işlər üçün ali təhsil tələb edilir. Amma həm Azərbaycan universitetlərində tədris edilən ixtisasların, həm də əmək bazarında tələb olunan ixtisasların ciddi bir hissəsi üçün ali təhsil şərt deyil və ya şərt olmamalıdır: “Çünki həmin ixtisaslar üçün ən yaxşı halda minimal nəzəri bilik tələb edilir. Belə olan halda həmin ixtisasların texnikum və peşə məktəblərində tədris edilməsi daha çox şəxsin məktəbi bitirdikdən sonra təhsilinə davam etməsinə, beləliklə, əmək bazarında ixtisaslı işçi qüvvəsinin artmasına səbəb ola bilər. Bu isə, dolayısıyla, işsizliyin azalmasına imkan yaradır. Çünki ixtisassız işçi qüvvəsindən fərqli olaraq, bir çox peşə sahəsində bilikləri olan şəxslər şirkətlərdə iş yeri tapa bilmədikdə peşə fəaliyyətləri ilə bağlı fərdi qaydada öz xidmətlərini təklif edə bilirlər. Digər tərəfdən, əmək bazarında işəgötürənlərin vakansiyalar üçün peşə bilikləri ilə bağlı tələbləri olur və heç bir istiqamətdə ixtisaslaşmayan ixtisassız işçilər vakant yerlər olmasına baxmayaraq həmin sahədə təcrübəsi olmadığı üçün iş imkanlarını əldən vermiş olur”.

K.Əsədov qeyd edib ki, Azərbaycandakı ali təhsil qiymətləri heç də əhalinin gəlirlərinə adekvat deyil: “2021-ci ilin yekununda ölkədə orta aylıq əməkhaqqı miqdarı 724 manata bərabər olub. Əməkhaqqının miqdarının isə ötən il 343 manat olduğu açıqlanmışdı. Yəni ölkədə əməkhaqqı ilə çalışanların yarısının (təxminən 850 min insan) maaşı 343 manatdan aşağı səviyyədə idi. Ali təhsil müəssisələrində orta illik təhsil haqqı məbləğinin 2300 manata yaxın olduğunu nəzərə alsaq, bu o deməkdir ki, minimum əməkhaqqı səviyyəsində (300 manat) maaş alan şəxs övladını oxutmaq üçün bütün il ərzində qazandığı gəlirin 65%-ni universitetə ödəməlidir”.

Təhsil mütəxəssisi deyir ki, ali təhsil müəssisələrində təhsil haqqı qiymətlərinin əhalinin gəlirlərinə adekvat olmaması, texnikum və peşə məktəblərində təhsil keyfiyyətinin aşağı olması, eləcə də, texnikum və peşə təhsilinin əmək bazarında iş tapmaq imkanlarını artırmaması bir çox şagirdlərin orta məktəbi bitirdikdən sonra, ümumiyyətlə, heç bir pillədə təhsilini davam etdirməməsinə səbəb olur. Bu isə nəticədə əmək bazarının ixtisaslı işçi qüvvəsindən məhrum olmasına gətirib çıxarır.

Dövlət Statistika Komitəsinin sonuncu açıqladığı rəqəmlərdən aydın olur ki, 2020-2021-ci təhsil ilində dövlət universitetlərində ümumilikdə 177 min tələbə təhsil alıb (Dövlət Statistika Komitəsi 2021a). Onlardan 100 min 806 nəfəri, yəni, bütün tələbələrin 57%-i ödənişli əsaslarla təhsil alanlardan ibarətdir. Universitetlərdə illik təhsil haqqının orta hesabla 2290 manat olduğunu nəzərə alsaq, bu, ali təhsil müəssisələrinin dövlət büdcəsindən dövlət sifarişli yerlərdə təhsil alanlar üçün ayrılan vəsaitdən əlavə, təxminən 250 milyon manata yaxın vəsait cəlb etməsi deməkdir.

Dövlət büdcəsindən texnikum və peşə məktəblərində dövlət sifarişli yerlərin və həmin qurumlara ayrılan maliyyə vəsaitinin artırılması həmin təhsil müəssisələrinin də infrastrukturunun yaxşılaşdırılmasına və resursların artırılmasına imkan yarada bilər. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası adlı sənəddə qeyd edilir ki, hökumətin təhsil sahəsində müəyyən etdiyi strateji hədəflərdən biri cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı texnikum və peşə məktəbi standartları və kurikulumlarının hazırlanmasıdır. Həmin sənəddə bildirilir ki, texnikum və peşə məktəblərinin kurikulumları müasir tələblərə cavab vermir. Bu baxımdan, hökumətin də texnikum və peşə məktəblərində problemlərin olduğunu təsdiqlədiyini qeyd edə bilərik.

Azərbaycanda həm təhsil sistemində, həm də əmək bazarında çatışmazlıqlara səbəb olan yuxarıda sadaladığımız problemlərin həlli üçün ilk növbədə ali təhsil müəssisələrində tədris edilən ixtisasların, ən azından dövlət sifarişi ilə ayrılan yerlər bazarın və dövlət sektorunun tələblərinə uyğunlaşdırılmalıdır: “Azərbaycanda hər il yüzlərlə tarixçi, diplomat, politoloq və bu kimi ixtisaslar üzrə təhsil alan şəxslərin yetişdirilməsi üçün dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmasına ehtiyac yoxdur. Həmin vəsait əmək bazarında daha çox tələb olunan və ölkədə kadr çatışmazlığı yaranan mühəndislik, tibb, hüquq kimi istiqamətlərə yönəldilməlidir.

Təhsil eksperti həm də qeyd edib ki, texnikum və peşə məktəblərinə münasibətdə müşahidə edilən digər ayrı-seçkilik hallarının aradan qaldırılması da bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşmasına kömək edə bilər: “Universitetlərdəki dəyişikliklərlə yanaşı problemin həlli həm də texnikum və peşə məktəblərinə marağın artırılmasından asılıdır. Bunun üçün tələb olunan addımlar büdcədən təhsilin bu pillələrinə daha çox vəsait ayrılması, dolayısıyla, texnikum və peşə məktəblərində kadr potensialının, infrastrukturun inkişaf etdirilməsidir. Həmin təhsil müəssisələrində dövlət sifarişli yerlərin artırılması daha çox şəxsin texnikum və peşə məktəblərinə yönəlməsinə şərait yarada bilər. Texnikum və peşə məktəblərinə münasibətdə müşahidə edilən digər ayrı-seçkilik hallarının aradan qaldırılması da bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşmasına kömək edə bilər. Məsələn, hazırda Azərbaycanda hərbi xidmət kişilər üçün icbari sayılır. Universitetlərə daxil olan tələbələrə, hətta magistraturaya daxil olduğu halda iki dəfə hərbi xidmətdən möhlət hüququ verilsə də, bu yanaşma nə texnikumlara, nə də peşə məktəblərinə daxil olan oğlanlar üçün tətbiq edilir. Eyni zamanda, texnikum və peşə məktəblərinin məzunları ilə orta məktəb məzunlarının hərbi xidmət müddəti arasında heç bir fərq qoyulmur. Halbuki, universitet məzunları digərlərinə nəzərən altı ay daha az, 12 ay müddətinə hərbi xidmət keçirlər. Bu baxımdan, texnikum və peşə məktəblərinə daxil olan şəxslərə də hərbi xidmətdən möhlət hüququnun verilməsi və hərbi xidmət müddətinin azaldılması təmin edilməlidir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Xarici siyasət

Analitik

İqtisadiyyat

Gündəm

Son mərhələ...

20 May 09:49

Prezident bu gün

Prezident bu gün

20 May 09:45

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31