Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycan İƏT-in fəal üzvüdür

Azərbaycan İƏT-in fəal üzvüdür

09.12.2021 [10:58]

Ölkəmizlə  İƏT-ə üzv dövlətlər arasında  münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır

Mübariz ABDULLAYEV

Müstəqil Azərbaycan milli maraqlar üzərində qurulan və xoş mərama əsaslanan çoxvektorlu xarici siyasət kursu çərçivəsində regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə davamlı töhfələr verir ki, bu da ölkəmizə bütün dünyada böyük nüfuz qazandırıb. Hazırda respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yüksəksəviyyəli münasibətlərə malikdir. Bu gün Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələri uğurla inkişaf edir. Ölkəmiz indiyədək Aİ-də təmsil olunan doqquz dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Respublikamızın,  həmçinin nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçiliyi də yüksək səviyyədədir. Təkcə son vaxtlarda respublikamızın qlobal həmrəyliyin möhkəmlənməsinə hesablanan təşəbbüsləri BMT və digər təşkilatlar tərəfindən dəstəklənib. Bütün bunlar isə Azərbaycanın və dövlət başçımız İlham Əliyevin beynəlxalq səviyyədə artan nüfuzunu əks etdirir.

Ölkəmiz İƏT-in səmərəli fəaliyyət göstərməsində maraqlıdır

Müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə,  milli-mənəvi dəyərlərə həmişə yüksək bağlılıq sərgiləyir. Dövlət siyasətinin təməlində dayanan bu prinsipləri  Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif auditoriyalarda çıxışlarında, xüsusilə də gənclərlə görüşlərində dəfələrlə diqqətə çatdırıb. Bəhs olunan prinsiplərin qorunması və daim zənginləşdirilməsi qloballaşma şəraitində Azərbaycanın identikliyini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir.

Yeri gəlmişkən, Azərbaycanın xarici siyasət kursunda prioritet istiqamətlərdən birini İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Ölkəmiz İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir. Burada İslam Əməkdaşlıq Təşkilatının və İqtisadi  Əməkdaşlıq Təşkilatının rolunu xüsusi qeyd edə bilərik. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib. Ötən dövrdə Azərbaycanın müsəlman dünyasında böyük nüfuza malik dövlətə çevrilməsi ölkəmizin apardığı siyasətin məntiqi nəticəsidir.

Öz növbəsində, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın beynəlxalq səviyyədə İslam və digər sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Qurum Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini də həmişə birmənalı şəkildə pisləyib.

Azərbaycanın sıx əlaqələr qurduğu İqtisadi məkdaşlıq Təşkilatı (İƏT) hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb.  İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulmuş və hazırda təşkilatda 10 üzv ölkə birləşir.

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa böyük önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi edib. Bu tədbirlərdə qəbul olunan sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb. Prezident İlham Əliyev noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışında Azərbaycanla İƏT arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirərək vurğulayıb: “Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib. Sonradan üzv dövlətlərin xahişi ilə ölkəmizin QH-na sədrliyi daha bir il uzadılıb. Hazırda ölkəmiz Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir. Respublikamız COVD-19 pandemiyasına qarşı mübarizədə QH ölkələrinin zəruri ehtiyaclarının qarşılanması məqsədilə ÜST üzərindən 5 milyard dollar vəsait ayırıb.

Öz növbəsində Qoşulmama Hərəkatı müxtəlif məsələlərdə daim Azərbaycana öz dəstəyini birmənalı şəkildə ifadə edib. Xatırladaq ki, Qoşulmama Hərəkatı 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı ölkəmizə qətiyyətli dəstək verdi və bu dəstək Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsində mühüm rol oynadı. Qurum ənənəsinə sadiq qalaraq Vətən müharibəsi dövründə də Azərbaycana dəstəyini davam etdirdi. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, təşkilata üzv dövlətlərin qətiyyətli mövqe sərgiləməsi BMT səviyyəsində ərazi bütövlüyünün təmin olunması uğrunda haqq mübarizəsi aparan Azərbaycana qarşı qərəzli sənədin qəbul olunmasının qarşısının alınmasında mühüm rol oynadı.

Azərbaycan İƏT-in həm əvvəlki, həm də yeni sədr dövləti ilə yaxşı dostluq münasibətlərinə malikdir

Ötən dövr ərzində İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətində bir neçə mərhələni fərqləndirmək mümkündür. Əlamətdar haldır ki, İƏT-ə sədrlik edən ölkələrin hər biri qurumun nüfuzunun və fəaliyyətinin səmərəliliyini, artırılmasına öz töhfələrini verməyə çalışmışlar. Aşqabadda baş tutan sammitdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT-ə sədrliyin Özbəkistandan Türkmənistana keçdiyini bildirib. Beləliklə, qurumun fəaliyyətində yeni bir mərhələ başlayır. İndiki dövr qlobal səciyyə daşıyan bir sıra aktual çağırışlarla səciyyələnir. Samitdə də ifadə olunduğu kimi, heç bir şübhə yoxdur ki, Türkmənistanın sədrliyi dövründə də İƏT qlobal miqyasda sülhün və təhlükəsizliyin möhkəmlənməsində fəal rol oynayacaq.

Vurğulamaq yerinə düşər ki, Azərbaycan İƏT-in həm əvvəlki sədri Özbəkistanla, həm də bu mühüm missiyanı öhdəsinə götürən Türkmənistanla yaxşı dostluq münasibətlərinə malikdir. Bu dostluq əlaqələri tarixə, ənənələrə, dil, mədəniyyət oxşarlığı kimi fundamental amillərə əsaslanır. Hər üç ölkə uzun illər ərzində eyni siyasi-iqtisadi məkanda bir-biri ilə sıx əməkdaşlıq  münasibətlərində olublar. Bu gün onlar Türk Dövlətləri Təşkilatında birləşiblər. Hazırda Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 milyard dollar həcmində  nominal ÜDM-ə malikdirlər. Hər üç ölkə tarixi ənənələrə əsaslanmaqla mədəni-humanitar əlaqələrini daha da sıxlaşdırırlar. Eyni zamanda, bəhs olunan ölkələr arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Özbəkistan və Türkmənistan Azərbaycanın tranzit imkanlarından bəhrələnirlər.  Ötən il Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 82,32 milyon ABŞ dolları təşkil edib. Ölkəmizin Türkmənistanla ticarət dövriyyəsi isə 2020-ci ildə 99,8 milyon ABŞ dolları səviyyəsinə çatıb.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region dövlətləri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

 

 

 

Paylaş
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31