Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionları dinamik inkişaf edir

Azərbaycanın regionları dinamik inkişaf edir

23.02.2018 [10:03]

Bölgələrdə sənaye müəssisələrinin yaradılması, eləcə də aqrar sektora göstərilən diqqət bu inkişafı şərtləndirən əsas amillərdən biridir
Məlum olduğu kimi, həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan hərtərəfli şəkildə inkişaf edir. Respublikanın regionlarında əldə edilən uğurlar da məhz bu inkişafın nəticəsidir. Heç şübhəsiz, ölkəmizdə uğurlu inkişafdan söhbət açarkən regional sənaye quruculuğu istiqamətində əldə olunan nailiyyətləri də xüsusi qeyd etmək lazımdır. Bununla bağlı faktlara keçməzdən öncə bildirək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində 2004-cü ildən bəri respublikanın bütün bölgələrində yüksək səviyyəli infrastruktur yaradılıb - regionların enerji, qaz, su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, yollar yenidən qurulub. Bütün bunlar isə öz növbəsində bölgələrdə sənaye inkişafı üçün də münbit zəmin formalaşdırıb. Daha dəqiq desək, investorlar dövlət tərəfindən yaradılan müvafiq infrastrukturdan bəhrələnərək regionlarda müxtəlif təyinatlı sənaye müəssisələrinin yaradılmasına böyük həcmlərdə maliyyə vəsaitləri yönəldirlər. Hədəflər sırasında qeyri-neft sənayesində ixracın genişləndirilməsi də var. Bu yolla respublikamız postneft dönəmində də ölkəyə lazımi həcmdə valyuta daxilolmalarını təmin etmək və sosial-iqtisadi inkişafın ardıcıllığını qorumaq məqsədi güdür. Beləliklə, artıq ölkəmizin sənaye xəritəsi regionlara doğru genişlənir. Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında regionlarda sənaye məhəllələrinin yaradılması prosesi davam edir. Bu istiqamətdə ciddi nəticələr əldə edilməkdədir və hökumət müvafiq Dövlət proqramları çərçivəsində bu prosesi davamlı olaraq həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu istiqamətdə müvafiq tapşırıqlarını verib. Bununla əlaqədar İqtisadiyyat Nazirliyində də geniş kollegiya iclası keçirilib. Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, ölkədə davamlı inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait yönəldilib, dövlət başçısı bölgələrə etdiyi 30-dan çox səfər çərçivəsində müxtəlif təyinatlı 130-dək obyektlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib, tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının imzaladığı 74 Sərəncamla şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 368 milyon manat vəsait ayrılıb. Ümumilikdə, 2004-2017-ci illərdə regionların inkişafına 67,5 mlrd. manat (77,8 mlrd. dollar) vəsait yönəldilib.
2017-ci ildə regionlarda bir sıra sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, mühüm sənaye obyektlərinin tikintisinə başlanıb, sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib. Ötən il 1300 km-ə yaxın avtomobil yolu, 24 körpü və yolötürücüsü tikilib və ya təmir olunub. 863 km kənd yolu inşa olunub, 3 su və 1 günəş elektrik stansiyası, 1500-dən çox transformator və 56 yarımstansiya istifadəyə verilib, 2100 km-dən çox qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 20 rayon üzrə 67 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 93%-ə çatdırılıb. Həmçinin regionlarda 1200 km-dən çox su, 383 km kanalizasiya xətti çəkilib, 38 içməli su artezian quyusu qazılıb və ya təmir olunub, 29 su anbarı inşa edilib, 103 yaşayış məntəqəsində modul tipli sutəmizləyici quraşdırılıb, suvarma üçün 248 subartezian quyusu qazılıb.
Dövlət başçısının Azərbaycan vətəndaşının rifahının daha da yüksəlməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətinə uyğun olaraq, bütün sosial layihələr icra edilib, regionlarda 121 məktəb, o cümlədən 106 modul tipli məktəb, 22 uşaq bağçası, 22 səhiyyə, 6 idman, 37 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunub, 2300 məcburi köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb.
Kollegiya iclasında diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda proqram çərçivəsində görülən işləri yüksək qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.
Qeyd edilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı Dəniz Ticarət Limanının tikintisi uğurla davam edir. Limanın birinci mərhələsi üzrə işlər bu ilin may ayınadək başa çatdırılacaq və bu fazada liman 15 milyon ton yük buraxılış qabiliyyətinə malik olacaq. İkinci mərhələdə limanın imkanları 25 milyon ton yükə və 500 min konteynerə çatacaq, növbəti mərhələdə isə 1 milyon konteynerədək artacaq. Paralel olaraq Ələt Azad Ticarət Zonasının təşkili istiqamətində də müvafiq tədbirlər görülür.
Onu da qeyd edək ki, ötən il müxtəlif sahələr üzrə yeni müəssisələr istifadəyə verilib, bir sıra müəssisələrin tikintisi davam etdirilib və yeni müəssisələrin təməli qoyulub, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında tikilən tütün məmulatlarının istehsalı fabriki bu il istifadəyə veriləcək, bununla da bu sahədə idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalacaq. Bundan başqa, istehsal zəncirinin tam tamamlanması üçün tütün qəbulu məntəqələrinin və qurutma kameralarının yaradılması, mövcud siqaret fabriklərinin gücünün artırılması işləri də davam etdirilir.
Sumqayıt Sənaye Parkının rezidenti olan “SOCAR Polymer”in polipropilen və yüksək sıxlıqlı polietilen qurğularının 2018-ci ildə istifadəyə verilməsi ölkədə yeni sənaye sahələrinin, iş yerlərinin və əlavə dəyərin yaradılmasına imkan verir. Kollegiya iclasında sahibkarlarla keçirilən görüşlərdə və digər formatlı tədbirlərdə “SOCAR Polymer” zavodunun imkanları barədə mütəmadi olaraq məlumatlandırılma tədbirlərinin görülməsi, yerli xammaldan istifadəyə əsaslanan istehsal müəssisələrinin yaradılmasının təşviq olunması istiqamətində konkret vəzifələr müəyyənləşdirilib.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yuyucu vasitələrin istehsalının təşkilinə, mövcud su istehsalı müəssisələrinin və şərab zavodlarının tam gücü ilə işləməsinə, bu sahədə qablaşdırmaya, yeni süd zavodlarının tikintisi və mövcud süd zavodlarında kərə yağı xətlərinin yaradılmasına dair araşdırmalar aparacaq və aidiyyəti qurumlarla birlikdə təkliflər hazırlanacaq.
Bütün bunlarla yanaşı, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması da daim diqqət mərkəzindədir. Belə ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir. Hazırda ölkənin 28 rayonunda 43 aqroparkın yaradılması həyata keçirilir ki, bunlardan 15-i 2018-ci ildə istifadəyə veriləcək. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyini və emal sənayesini davamlı olaraq yüksəkkeyfiyyətli və aşağı maya dəyərli xammalla təmin edəcək, yerli məhsulların daxili və xarici bazarlarda rəqabət qabiliyyətini daha da artıracaq. Kollegiya iclasında digər regionlarda da yeni iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması imkanlarının araşdırılması barədə nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
İqtisadiyyat naziri Ş.Mustafayev bu il də əvvəlki illərdə olduğu kimi fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanlarının yaradılacağını diqqətə çatdırıb, arıçılıq sahəsində qablaşdırmanın önəmini qeyd edərək, qablaşdırma müəssisələrinin yaradılmasının təşviq edilməsi və nazirlik tərəfindən lazımi dəstəyin göstərilməsi barədə tapşırıq verib.
Kollegiya iclasında həmçinin kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin göstərilməsi, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması, yerli istehsalın stimullaşdırılması və digər dövlət dəstəyi mexanizmlərinin regional inkişafın sürətlənməsində əhəmiyyətli olduğu vurğulanıb. Qeyd olunub ki, 2017-ci ildə 1953 sahibkara geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Bunun 68%-i aqrar sektorun, 32%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına, 65%-i isə regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manatdan artıq güzətli kreditin verilməsi təmin ediləcək.
İnvestisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 220 sahibkarlıq subyektinə 244 investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 milyard manatdan artıq investisiya yatırılacaq, 16 mindən çox yeni iş yeri açılacaq. Layihələrin 87%-i regionların payına düşür. Maarifləndirmə məqsədilə regionlarda 5300-dək sahibkarın iştirakı ilə 36 işgüzar forum, 87 treninq keçirilib və 588 məsləhət xidməti göstərilib. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və bu çərçivədə iri rayon və şəhərlərdə yaradılacaq “Kiçik və orta sahibkarlıq evləri” kiçik və orta sahibkarlığın rolunu və rəqabət qabiliyyətini artıracaq, dövlət xidmətlərinə vahid məkan prinsipi əsasında çıxışı təmin edəcəkdir. Kollegiya iclasında Agentliyin fəaliyyətinin təşkili işlərinin sürətləndirilməsi istiqamətində vəzifələr müəyyənləşdirilib. Qeyd olunub ki, qeyri-neft ixracının və idxalı əvəz edən məhsul istehsalının artırılması, ixracın genişləndirilməsi, investisiyaların cəlb edilməsi regionların davamlı inkişafına öz töhfəsini verəcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 990 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30