Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı mütəmadi olaraq artır

Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı mütəmadi olaraq artır

14.10.2015 [09:49]

Ölkəmizin bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir
Hazırda dünyada bir sıra geriləmələrin və kataklizmlərin mövcudluğu nəinki ayrı-ayrı ölkələrin, ümumilikdə Qərbin inkişaf göstəricilərinə mane olmaqdadır. Yəni dünyanı öz ağuşuna alan qlobal maliyyə böhranı nəinki Avropanın kiçik ölkələrində, hətta nəhəng aparıcı dövlətlərində belə mənfi fəsadlar törətməkdədir. İş yerlərinin ixtisarı, əməkhaqqı və pensiyaların verilməsində ləngimələr, layihələrin icrasının dayandırılması məhz bu mənfi fəsadların bariz nümunələridir. Lakin sevindirici haldır ki, dünyada gedən bu mənfi geriləmələrə rəğmən Azərbaycan öz inkişafını davam etdirir. Bunun isə yetərli səbəbləri var. Əvvəla ona görə ki, həyata keçirilən səmərəli daxili və xarici siyasət nəticəsində Azərbaycan hazırda dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi və reallaşdırılan digər tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir.
Ümumiyyətlə, Azərbaycanın dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun artması ölkəmizin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda, məhz bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Təsadüfi deyil ki, zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə isə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Qeyd etmək yerinə düşər ki, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Daha dəqiq desək, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz günü-gündən çiçəklənir, qüdrətlənir. Yəni ölkə başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və dəqiq yerinə yetirilməsi üçün bütün lazımi tədbirlər yüksək səviyyədə həyata keçirilir.
Bir sözlə, bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin, həmçinin regionların sosial-iqtisadi inkişafının əsas konseptlərini təşkil edib. Əksər ekspertlərin də vurğuladıqları kimi, ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir.
Yəni Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. Bu günə kimi regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı həyata keçirilib.
Hazırda isə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası respublikanın bütün bölgələrində uğurla davam etdirilir. Məhz bunun nəticəsində ölkə üzrə çox əhəmiyyətli işlər görülüb və bütün bunlar Azərbaycanın ümumi iqtisadi gücünü artırıb. Sözügedən proqramlar çərçivəsində istehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb.
Regionlarda mövcud iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Yerli istehsalın genişlənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edib, özəl sektorun inkişafına zəmin yaradılıb.
Bu gün qətiyyətlə demək olar ki, ölkə başçısının tapşırıq və göstərişi əsasında həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı da ölkənin bütün kənd və qəsəbələrində, eyni zamanda şəhər və rayonlarında uğurla icra olunmaqdadır. Bu baxımdan Xaçmaz rayonunda həyata keçirilən işlər də təqdirəlayiqdir. Belə ki, rayonda istər quruculuq-abadlıq, istərsə də əhalinin sosial rifahının yaxşılaşdırılması, eyni zamanda, rayonda infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Verilən məlumata görə, əvvəlki proqramlarda olduğu kimi, üçüncü Dövlət Proqramı çərçivəsində də Xaçmazda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatı, elektrik, təbii qaz, istilik və su təchizatı, kanalizasiya xidmətləri, rabitə xidmətlərinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisi, mənzil təsərrüfatı, abadlıq-quruculuq tədbirləri və sair istiqamətdə kifayət qədər böyükhəcmli işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Digər tərəfdən, Xaçmaz rayonunun iqtisadiyyatının inkişafını əks etdirən göstəricilərin təhlili göstərir ki, ötən illərdə olduğu kimi, cari ilin birinci yarısı ərzində də iqtisadi göstəricilərdə artım qeydə alınıb. Rayon üzrə ümumi məhsul buraxılışı 50,5 milyon manat, sənaye məhsulunun həcmi 6,3 milyon manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 12,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 12,5 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 62,7 milyon manat, əsas kapitala yönəlmiş investisiyaların həcmi 2,9 milyon manat, orta aylıq əməkhaqqı 308 manat təşkil edib. Nəqliyyat sahəsində məhsul buraxılışı 1,3 milyon manat, rabitə xidmətlərinin həcmi 280 min manat təşkil edib. İl ərzində ümumi sahəsi 6710 m2 olan mənzil tikilib istifadəyə verilib. Rayonun yerli büdcə gəlirləri 4,2 milyon manat, xərclər 6,2 milyon manat təşkil edib.
Bütövlükdə, adıçəkilən proqramlar çərçivəsində görülən işlər rayonun sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verib. Xüsusilə də, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə qeyd edək ki, rayonda yaşayış məntəqələrinin qazlaşdırılması və abonentlərin təbii qazla təminatında olan problemlərin aradan qaldırılması sahəsində də müəyyən işlər görülüb. Belə ki, rayonun Qaraçayçək kəndi (149 abonent) qazlaşdırılıb, Aşağı zeyd və Gödəkli kəndlərində qazlaşdırılma işlərinə başlanılıb. Hazırda isə rayon üzrə təbii qazdan istifadə edən abonentlərin sayı 27744-ə çatdırılıb. Bu da əhalimizin 70 faizinin təbii qazla təmin olunması deməkdir.
Xaçmaz şəhərinin paylayıcı elektrik sisteminin yenidən qurulması istiqamətində bir sıra əhəmiyyətli işlər həyata keçirilib, mövcud və az güclü transformatorlar daha güclü və daha müasir avadanlıqlarla əvəz olunub.
Beləliklə, bu gün bölgələrin hər bir guşəsində bu cür quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Bütün bu görülən işlər isə bir daha onu deməyə əsas verir ki, Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl surətdə davam etməkdədir.
Vüsalə CAVANŞİR

Paylaş:
Baxılıb: 1160 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30