Regionlarda əhalinin içməli su probleminin həllinə nail olunması tarixi əhəmiyyət daşıyır
30.07.2015 [10:01]
Son 12 ildə reallaşdırılan yeni su layihələri nəticəsində respublika üzrə 480 min nəfər içməli su ilə təmin olunub ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır
Məlum olduğu kimi, Prezident İlham Əliyevin qarşıya qoyduğu sosial hədəflərdən biri də respublikada əhalinin içməli suya olan tələbatının yüksək səviyyədə ödənilməsi ilə bağlıdır. Bu, sırf sosial proqramdır. Bu layihələrə yönəldilən investisiyalar geri qayıtmasa da, Azərbaycan sosial dövlət olduğunu nümayiş etdirərək sözügedən sahəyə böyük həcmdə sərmayələr yönəldir. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə reallaşdırılan su layihələrini tarixi hadisə kimi səciyyələndirərək deyib: “Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb. Mən də hər bir layihənin başa çatması tədbirlərində şəxsən iştirak edirəm və yerlərdən gələn məlumatlar da məni çox sevindirir. Bu da tarixi hadisədir”.
Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı üzrə respublikanın bütün regionlarında içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük həcmli layihələr həyata keçirilib. Son 12 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb. Yeni su layihələrinin icrası artıq 12 şəhərdə yekunlaşıb, digər 28 şəhərdə isə işlər davam etdirilir. Reallaşdırılan tədbirlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunub ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
Hazırda bütün ölkə boyu yeni içməli su layihələri həyata keçirilir
Əvvəlki Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində yaranan möhkəm baza əsasında hazırlanan və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında da içməli su təchizatı layihələrinə geniş yer verilib. Yeni Dövlət Proqramının icrasının birinci ilində respublikanın müxtəlif şəhər və rayonlarında bu qəbildən çoxsaylı layihələr reallaşdırılıb. 2014-cü ildə bu sahədə həyata keçirilən ən böyük layihə Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisi olub. Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası 8 aya başa çatdırılıb. Ötən ilin dekabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib, eyni zamanda, Saatlı şəhərinə də suyun verilməsi təmin edilib. Kəmərlə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verəcək. Yeni Dövlət Proqramı çərçivəsində, həmçinin. Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi başa çatdırılıb. Növbəti illərdə isə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcək.
Dövlət Proqramının icrasının birinci ilində Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılıb, 4900 mənzildə “Smart” tipli sayğac quraşdırılıb və şəhər sakinləri fasiləsiz su ilə təmin olunublar.
Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilib. Layihəyə uyğun olaraq hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur. Ötən il şəhərdə 78 kilometr su və kanalizasiya xətti, həcmi 17 min kubmetr olan 4 su anbarı tikilib, 170 yaşayış binasının daxili kommunikasiya xətləri və məhəllədaxili şəbəkələri yenilənib, 7000 abonent “Smart” tipli sayğacla təmin olunub. Bundan başqa, Gəncə şəhərinin digər su mənbəyi - Qızılqayada drenaj sistemlərinin və magistral xəttin çəkilişi başa çatdırılıb. Ümumiyyətlə, ötən il bölgənin suvarma və içməli suya olan tələbatının ödənilməsində müstəsna əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində Gəncə şəhərinin, Şəmkir və Samux rayonlarının etibarlı içməli su mənbəyi yaranıb. Gəncə şəhərini qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq yekunlaşıb. Dövlət Proqramına uyğun olaraq sutəmizləyici qurğunun, Şəmkir və Samux rayonlarına suyun verilməsi üçün magistral xəttin tikintisi üzrə tədbirlər davam etdirilir.
Ötən il Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi yekunlaşıb, Ağdaş şəhərində isə bu istiqamətdə işlərin çox hissəsi başa çatdırılıb. Eyni zamanda, Göyçay, Beyləqan, Ağdaş şəhərlərində kanalizasiya şəbəkəsinin qurulması yekunlaşmaq üzrədir. Başqa bir beynəlxalq maliyyə qurumu - İslam İnkişaf Bankı ilə 2014-cü ildə “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilib. Cari ildə bu layihə çərçivəsində Daşkəsən, Tərtər, Qazax və Samux, həmçinin, Ağcabədi və Qobustan şəhərlərində infrastrukturun yenidən qurulmasına başlanılacaq.
Ümumiyyətlə, rayon mərkəzlərində və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilib.
Kəndlərdə də yeni su layihələrinin icrasına start verilib
Regionların inkişafına dair üçüncü Dövlət Proqramında içməli sudan əziyyət çəkən kəndlərdə də yeni layihələrin icrası nəzərdə tutulub. Ötən il düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapıb. Eyni zamanda, Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin, Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilib. Yeni Dövlət Proqramının icrasının birinci ilində həmçinin Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də su layihələri reallaşdırılıb, nəticədə 35 min nəfərin su təminatı yaxşılaşıb.
Dövlət Proqramı çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılıb, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilib. Bütövlükdə, üçüncü Dövlət Proqramının icrasının birinci ilində regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilib, 50 min ədəd “Smart” tipli sayğac quraşdırılıb. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılıb.
Oğuz-Qəbələ-Bakı su kəməri paytaxtla yanaşı, regionların da içməli su təchizatında mühüm rol oynayır
Son illərdə ölkəmizdə reallaşdırılan yeni su layihələrindən biri də Oğuz-Qəbələ-Bakı su kəməridir. Bu, Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi.
Oğuz-Qəbələ-Bakı su kəmərinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən, Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib. Layihə çərçivəsində tikinti işlərinə 2007-ci ilin martında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 779,6 milyon manat vəsait ayrılıb. Kəmərin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilib.
Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özaxımlıdır və şüşəlifli (GRP) borulardan çəkilib. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan 55 kilometrlik hissəsi polad borulardan tikilib. Kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu qazılıb. Oğuz-Qəbələ-Bakı kəməri ilə nəql olunan suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur.
Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadası ilə yanaşı, su çatışmazlığı müşahidə olunan bəzi regionların problemlərinin həllinə də imkan yaradıb. Belə ki, bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin digər su təchizatı mənbəyi olan Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi Aran və Muğan bölgəsinə yönəldilib. Regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət Proqramının icrası dövründə Şirvan-Muğan qrup su kəməri tikilib və Kür sutəmizləyici qurğularının potensialından istifadə etməklə Biləsuvar, Şirvan və Hacıqabul şəhərləri keyfiyyətli içməli su ilə təmin edilib. Gələcəkdə bu mənbədən Salyan və Neftçala şəhərlərinə, həmçinin, 121 kəndə də suyun verilməsi nəzərdə tutulub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
