Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda kredit portfelinin 65-70 faizi regionlarda aqrar sektorun inkişafına yönəldilir

Azərbaycanda kredit portfelinin 65-70 faizi regionlarda aqrar sektorun inkişafına yönəldilir

09.07.2015 [09:06]

Son 11 ildə ölkəmizdə kənd təsərrüfatında artım dünya üzrə müvafiq göstəricini 17,1 faiz üstələyib ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir
Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında qarşıya qoyulan əsas məqsədlərdən biri də geniş potensiala malik kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də, respublikanın regionlarında güclü aqrar-sənaye komplekslərinin yaradılmasından ibarətdir. Əlamətdar haldır ki, dövlət başçısı kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev cari ilin yanvar ayında keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Azərbaycanda kənd təsərrüfatının inkişafının ölkədə iqtisadiyyatın şaxələndirilməsinin əsas istiqamətlərindən biri olduğunu və prioritet əhəmiyyət daşıdığını bir daha nəzərə çatdırıb: “Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu, bizim üçün prioritetdir”.
Azərbaycanda aqrar sektor geniş inkişaf imkanlarına malikdir
Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaq. Təkcə bu fakt bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir.
Bu mənada Azərbaycanın gələcəyi ilə bağlı nikbinlik ifadə etmək mümkündür. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda respublikamızda həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi potensialının və maliyyə imkanlarının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır.
Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Qeyd edək ki, 2004-cü ildən bəri dövlət başçısının imzaladığı müvafiq fərmanlarla qəbul edilən və böyük uğurla yerinə yetirilən iki Dövlət Proqramı çərçivəsində, həmçinin, yeni Dövlət Proqramının arxada qalan dövrü ərzində regionlarda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində böyük iş həcmi yerinə yetirilib. Son 11 ildə ölkə üzrə 1 milyon 300 mindən çox yeni iş yeri açılıb ki, onların da xeyli hissəsi məhz yeni yaradılan aqrar-sənaye komplekslərinin payına düşür.
Eyni zamanda, respublikamızda dövlət tərəfindən aqrar sektorda səmərəliliyin təmin edilməsinə və yerli istehsalın artırılmasına güclü siyasi iradə nümayiş etdirilir. Təsadüfi deyil ki, dövlət başçısının cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunub. Sərəncamda vurğulandığı kimi, respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Respublikamızda 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması isə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.
Respublikada aqrar sektorun inkişafına çoxşaxəli dövlət qayğısı göstərilir
Yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Respublikamızda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi çoxşaxəlidir. Məsələn, bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. O da əlamətdar haldır ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən texnikanın 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.
Prezident İlham Əliyev respublikamızda aqrar sektora dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirib. Dövlət başçısı yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında vurğulayıb ki, respublikanın aqrar sektorunda dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir: “Bir daha demək istəyirəm ki, biz dünyanın ən qabaqcıl təcrübəsini, müasir texnikanı tətbiq etməliyik, bütün lazımi tədbirləri görməliyik, xidmət lazımi səviyyədə göstərilməlidir”.
Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir
Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz şox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. Təkcə son illərdə Abşeron rayonunda “Milla” süd məhsulları və dondurma istehsalı zavodlarının, Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması kompleksinin tikintisi başa çatdırılıb. Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksləri, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Sabirabad rayonunda istixana kompleksi, Yardımlı rayonunda isə meyvə tədarükü və emalı ilə məşğul olan yeni limonad, su, kompot və mürəbbə sexi tikilib.
Əlamətdar haldır ki, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi ilə əlaqədar bölgələrdə yeni yaradılan aqrar-sənaye komplekslərinin bir çoxunun açılışında şəxsən iştirak edib və sahibkarlara dəyərli tövsiyələr verib. Ötən il Ağdaşda dövlət başçısının iştirakı ilə Gilan yem emalı zavodu istifadəyə verilib. Təxminən 8 hektar ərazidə yaradılan zavoda iki fabrik daxildir. Birinci fabrikin istehsal gücü saatda 15 ton preslənmiş yem və 20 ton açıq yemdir. İkinci fabrikdə isə saatda 45 ton preslənmiş yem, açıq halda da 55 ton məhsul istehsal etmək mümkündür. Birnövbəli iş rejimində zavodda ümumilikdə 210 min ton yem istehsal olunacaqdır.
Son illərdə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən aqrar-sənaye komplekslərindən biri də “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksidir. Ümumi dəyəri 25 milyon manat olan müəssisə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsinin bəhrəsidir. Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 26 hektardır. Müəssisəyə südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir.
Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda istifadəyə verilən “Sağlam qida” aqrar-sənaye kompleksi isə 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarətdir. Kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin, qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir. Kompleksin ümumi dəyəri 28,9 milyon manatdır ki, onun da 10 milyon manatını Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kredit təşkil edir.
Vüsalə CAVANŞİR

 
Paylaş:
Baxılıb: 1447 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30