Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Elektron pulköçürmələrlə bağlı yeni qaydalar

Elektron pulköçürmələrlə bağlı yeni qaydalar

01.10.2026 [10:58]

Maliyyə institutları il ərzində minimum 20 min manat köçürmə edə biləcək

Oktyabrın 1-dən Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir. Ölkədə fəaliyyət göstərən maliyyə institutları bu tarixdən etibarən Maliyyə Monitorinqi Xidmətinə elektron köçürmələrlə bağlı yeni qaydalara uyğun məlumatları təqdim etməli olacaq. Xidmətin qərarına əsasən, maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları üzrə bir təqvim ili üçün minimum hədd 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğində müəyyən edilib. Yeni qaydaya görə, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin məbləği 20 min manata çatdıqdan sonra onun hər növbəti elektron köçürməsi barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək.

E-pulköçürmələrə hesablararası köçürmələr, hesab açmadan həyata keçirilən köçürmələr, bank hesabından elektron pul kisəsinə və virtual aktiv hesabına və ya cüzdanına, habelə elektron pul kisəsindən və virtual aktiv hesabından və ya cüzdanından bank hesabına köçürmə və digər elektron köçürmə əməliyyatları daxildir.

Şübhə yaradan əməliyyatlar araşdırılacaq

Qərara əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhə yaradan əməliyyatlar məbləğindən asılı olmayaraq Maliyyə Monitorinqi Xidmətinə bildirilməlidir.

Həmçinin xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və yaxın münasibətdə olduqları şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar, sanksiya tətbiq edilən şəxslərin aktivləri ilə bağlı əməliyyatlar, eləcə də dini qurumların və qeyri-hökumət təşkilatlarının bank və digər ödəniş hesabları üzrə əməliyyatları məbləğindən asılı olmayaraq araşdırılacaq. Qaydalara əsasən, aidiyyəti əməliyyatlar barədə məlumat və sənədlər, əsasən, əməliyyat həyata keçirildikdən sonra 3 iş günü ərzində təqdim edilməlidir. Bundan başqa, öhdəlik daşıyan şəxslər mövcud müştəriləri olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları 31 dekabr 2027-ci ilədək Maliyyə Monitorinqi Xidmətinə təqdim edəcəklər.

Beləliklə, banklar, elektron pul təşkilatları, vəkillər və digər maliyyə institutlarına risk əsaslı yanaşma tətbiq edilməklə, əməliyyatlara nəzarət gücləndiriləcək.

“Çirkli pulların leqallaşdırılması”na qarşı sərt mübarizə

Yeni qaydalar bank və maliyyə sistemində maliyyə intizamının gücləndirilməsi məqsədi daşıyır. Həmçinin “Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunvericiliyə uyğun olaraq, müəyyən edilmiş limitdən yuxarı əməliyyatlara sərt nəzarət mexanizmini ehtiva edir. Bu mexanizm həm də dünyada geniş xarakter alan rəqəmsal maliyyə sisteminin imkanlarından bir sıra hallarda sui-istifadə hallarına, o cümlədən kibercinayətkarlıq meyillərinin yayılmasına qarşı mübarizə strategiyası tədbirlərinin bir hissəsidir.

Azərbaycan müasir texnologiya və innovasiyalardan istifadə etməklə pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirməklə, beynəlxalq maliyyə sistemində iradəli dövlət kimi təqdir olunmaqdadır. Avropa Şurasının MONEYVAL Komitəsinin qiymətləndirməsi göstərir ki, Azərbaycan son illər bu istiqamətdə ən çox uğurlu nəticə əldə edən ölkələrdən biridir. Bu sahədə aparılan islahatlar və tədbirlər beynəlxalq standartlara cavab verir. Mövcud qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun olaraq tətbiq edilən qaydalar bu sahədə şəffaflığın gücləndirilməsinə səbəb olmaqdadır.

Elektron ticarətdə 10 ABŞ dolları tələbi

Qeyd edək ki, bir müddət əvvəl, sentyabrın 1-dən Nazirlər Kabinetinin qərarına əsasən, elektron ticarətlə bağlı da yeni qaydalar və limitlər müəyyən edilib. Elektron ticarəti həyata keçirən qeyri-rezidentlərin ƏDV-nin məqsədləri üçün elektron qaydada vergi uçotuna alınması tələbi qüvvəyə minib. Qaydalara əsasən, Azərbaycanda iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınırlar.

Yeni dəyişikliklərin başlıca məqsədi sahibkarlar və rəqəmsal xidmət bazarında fəaliyyət göstərən xarici şirkətlər üçün vergi öhdəliklərini daha dəqiq müəyyənləşdirilməsi, e-ticarət platformalarının vergiyə cəlb olunmasının təmin edilməsidir. Dəyişiklik, eyni zamanda, rəqəmsal iqtisadiyyat üzərində nəzarətin gücləndirilməsi ilə əlaqədar aparılan islahatların tələblərindən biridir. Digər mühüm məqam vergi bazasının iqtisadiyyatın rəqəmsallaşmasına uyğunlaşdırılması, rəqəmsal iqtisadiyyat quruculuğunda e-ticarətin hüquqi bazasının formalaşdırılmasıdır. Ümumilikdə, tətbiq olunan yeni mexanizm rəqəmsal xidmətlər sahəsində vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi öhdəliklərinin icrasının asanlaşdırılmasına və şəffaflığın artırılmasına xidmət edir.

Ümumilikdə, bütün bu tədbirlıərin məqsədi vergi və maliyyə sektorlarında nəzarət tədbirlərini gücləndirmək, qeyri-qanuni fəaliyyət və pul əməliyyatlarının qarşısını almaqdır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31