Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İlk telekommunikasiya peykinin orbitə buraxılması Azərbaycanın inkişafının zirvəsidir

İlk telekommunikasiya peykinin orbitə buraxılması Azərbaycanın inkişafının zirvəsidir

13.02.2013 [03:43]

Prezident İlham Əliyev: Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük
Xəbər verildiyi kimi, fevralın 8-də Azərbaycanın ilk süni peyki orbitə buraxılıb. “Azerspace-1” adlanan ilk milli peyk Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru kosmodromundan “Ariane Space” şirkətinin (Fransa) raket daşıyıcısı vasitəsilə geostasionar orbitə çıxarılıb. Prezident İlham Əliyev Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə xalqımızı təbrik edərək, fevralın 8-ni ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün kimi dəyərləndirib: “Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük”.
Şübhəsiz, müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilərək dövlət strukturlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, bir sözlə, bütövlükdə insanların həyatını əhatə edib. İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindən birinə çevrilib. 20 illik müstəqillik dövründə dünyada özünü dinamik inkişaf edən, açıq iqtisadiyyata və inkişaf etmiş infrastruktura malik bir ölkə kimi tanıdan Azərbaycan da İKT sektorunun sürətli inkişafına nail olub. Xüsusilə, bu sahədə 2003-cü ilin fevralında Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan Fərman ilə regionda ilk dəfə olaraq qəbul olunan İKT-nin inkişafı üzrə 10 illik Milli Strategiyanın əhəmiyyəti böyükdür.
Qeyd edək ki, sözügedən strategiya 2012-ci ildə başa çatıb. Bundan əlavə, İKT-nin daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin Sərəncam və fərmanları imzalanıb. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə dair qərar verilib. Digər tərəfdən, ötən il dekabrın 29-da imzalanan Fərmanla “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulub.
Təsadüfi deyil ki, yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib.
Ümumiyyətlə, rəsmi məlumatlara görə, Azərbaycanda İKT sektoru təxminən hər üç ildə iki dəfə genişlənir. Təqribən 10-15 ildən sonra bu sahədən gələcək gəlirlər neft sektorundan əldə edilən gəlirlərə yaxınlaşacaq. 2012-ci ildə İKT sektorunun artım tempi təxminən 18 faiz olub. Bu rəqəm isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. Hesabat ilində bu sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulub. Xüsusilə, ölkənin regionlarında rəqəmsal sistemin tətbiqi, internetin, müasir rabitə və kommunikasiya texnologiyalarının inkişafına diqqət yetirilir. Bu, təkcə, sosial-iqtisadi deyil, həm də mədəni-intellektual inkişafa, insan kapitalının formalaşmasına xidmət edir. MDB ölkələri sırasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, 2010-cu ildə isə tam elektronlaşdırılıb. Keçən il şəbəkəyə, təxminən 20 min nömrə də əlavə olunaraq, “yeni nəsil şəbəkəsi” texnologiyaları tətbiq olunub.
Bu gün Azərbaycanda mobil rabitə və internet xidməti inkişaf edir, internet istifadəçilərinin sayı sürətlə artır. Son üç ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda internet istifadəçilərinin sıxlığına görə liderdir. 2012-ci ildə bu rəqəm təxminən 70 faizə yaxınlaşıb. Ötən il internet xidmətlərinin keyfiyyəti də yüksəlib, 2011-ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artıb, qiymətlər isə təxminən 35 faiz azalıb. Bu gün Azərbaycanda 1 meqabit-saniyə xidmətinin qiyməti orta əməkhaqqının təxminən 3 faizi qədərdir. Müqayisə üçün qeyd edək ki, inkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20 faiz civarındadır. Bildirək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Dövlət Neft Fondu Azərbaycanda “evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması ilə bağlı layihə hazırlayıb və 2013-cü ildə artıq bu layihəyə 103 milyon manat vəsait ayrılıb. Layihə 3 il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır. Bu isə 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olan göstərici deməkdir.
Ötən ildə Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olub. Hazırda Azərbaycanda hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100 faiz əhatə edib. Bu gün Azərbaycanda mobil abunəçilərinin əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir.
Qeyd edək ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Azərbaycan hökuməti isə iqtisadiyyatın diversifikasiyası üçün qeyri-neft sektorunun inkişafında yeni və iddialı sahə olan müasir kosmik sənayenin yaradılmasını qarşıya məqsəd qoyub. Beləliklə, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində ən böyük addımı da artıq atıb.
“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamı bu sahədə atılan digər mühüm addımlardan biridir. Sərəncama əsasən, ölkədə kosmik sənayenin yaradılmasını zəruri edən hal kimi həm də Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması göstərilib. Yəni, kosmosla bağlı planlar təkcə kommersiya layihələri deyil, həm də kifayət qədər mürəkkəb regionda yerləşən ölkəmiz üçün informasiya təhlükəsizliyi məsələsidir. Bu da kosmik sənayenin inkişafı ilə bağlı qəbul edilmiş siyasi qərarın həm də gələcəyə hesablanmış strateji məsələ olduğunu deməyə əsas verir.
Azərbaycanda kosmik sənayenin yaradılması iqtisadi cəhətdən böyük səmərə verir. İlk növbədə, Azərbaycanın öz rabitə sisteminin təkmilləşdirilməsi, sonrakı mərhələdə isə yerin təbii ehtiyatlarının öyrənilməsi sahəsində kosmik məlumatlardan istifadə, operativ məlumatların əldə edilməsində səmərəli ola bilər. Çünki daha öncə sözügedən istiqamətdə məlumatları Azərbaycan çox çətinliklə başqa ölkələrdən əldə edirdi. Ancaq öz peykimizin olması öz daxili məsələlərimizin həllinə şərait yaradar.
Eyni zamanda, Azərbaycanda kosmik sənayenin yaradılması və ölkəmizin fəzaya öz milli peykini çıxartması iqtisadi baxımdan səmərəliliyin artmasına xidmət etməklə yanaşı, yeni iş yerlərinin açılması, iqtisadiyyatın digər sahələrinin inkişafı üçün stimul və s. deməkdir. Bununla da, Azərbaycan peyk tutumlarını kommersiya məqsədilə digər ölkələrə satıb qazanc əldə edə biləcək, ölkənin bütün ərazisində, eləcə də, simli rabitənin mümkünsüz olduğu məntəqələrdə keyfiyyətli internet xidməti təmin etmək imkanı verəcək, VPN (Virtual private network) və bu kimi sürətli İP xidmətlərindən istifadə edilməsi mümkün olacaq.
Nəhayət, telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında Rusiyadan sonra süni peykə malik ikinci ölkə olmaqla regionda bu sahədə mövqeyini daha da möhkəmləndirəcək. Eləcə də, RİTN-nin məlumatına görə, peyk orbitə buraxılandan sonra Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təmin olunacaq. Bundan başqa, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək. Yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda peyk rabitəsi ilə problemlər də tezcə aradan qaldırılacaq. Üstəlik, peyklə bağlantıların təhlükəsizliyinə təminat veriləcək. Həmçinin, ilk peykin orbitə buraxılmasından sonra rabitə və internet xidmətləri ucuzlaşacaq.
Təsadüfi deyil ki, yuxarıda qeyd olunan təbrikində dövlət başçısı bildirib ki, telekommunikasiya o sahələrdəndir ki, burada müxtəlif və hər bir ölkənin inkişafı üçün vacib olan amillər cəmləşir: “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir”.
Dövlət başçısı bundan sonrakı illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəyinə əminliyini bildirib: “Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaqdır”.
Əslində, Azərbaycanda kosmik sənaye hələ sovet illərindən mövcud olub. 1974-cü ildən Azərbaycanda Milli Aerokosmik Agentliyi (MAKA) fəaliyyət göstərib. Lakin Sovetlər Birliyi dönəmində kosmik fəaliyyət müttəfiq respublikaların əksəriyyətinin aktiv iştirakı ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Kosmik tədqiqatlar üçün nəzərdə tutulan və müdafiə təyinatlı hər bir məhsul yüzlərlə konstruktor bürosunun, elmi-tədqiqat institutları və sənaye müəssisələrinin sıx əməkdaşlığı şəraitində layihələşdirilib. Sovet İttifaqı süquta uğradıqdan sonra MDB-yə daxil olan ölkələr SSRİ-dən miras qalan kosmik sənaye potensialını qoruyub saxlamaq üçün bir sıra tədbirlər görüb və 1992-ci ilin sonunda Kosmos üzrə Dövlətlərarası Şura yaradılmasına nail olublar. Buna baxmayaraq, müstəqil dövlətlər öz maraqları çərçivəsində kosmos sahəsində əsasən SSRİ-dən miras qalmış ənənələri davam etdiriblər.
Onu da qeyd edək ki, müstəqillik dövründə daha öncə mövcud olan ənənəvi və eyni zamanda, müasir və yeni sənaye sahələrinin inkişafını prioritet məsələ kimi diqqətdə saxlayan Prezident İlham Əliyev Azərbaycanda kosmik sənayenin yeni müstəvidə inkişafını şərtləndirən tədbirlərin görülməsinə dair tapşırıqlarını verib. Dövlət başçısının artıq yuxarıda qeyd olunan Sərəncamı və eləcə də, 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” yerin kosmosdan tədqiqi sahəsində respublikamız üçün perspektiv istiqamətləri müəyyənləşdirib, Müdafiə Sənayesi Nazirliyinin (MSN) nəzdində fəaliyyət göstərən müəssisələrin, o cümlədən, MAKA-nın texniki tərəqqisi üçün yeni imkanlar yaranıb. Həmçinin, Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması, ölkəmizdə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı ölkənin dünya peyk ailəsinin üzvünə çevrilməsinə, respublikamızda peyk texnologiyalarının istehsalı və tətbiqinə geniş imkanlar açıb. Ötən dövr ərzində, həmçinin, kosmik texnologiyalar üzrə çox vacib məsələ olan milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Son 3 ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər ABŞ, Fransa və Malayziyada peyklərin idarə olunması üzrə uzunmüddətli kurs və təlimlər keçib.
Onu da qeyd etmək lazımdır ki, peykin orbitə çıxarılması üçün ilk növbədə, orbital mövqe əldə etmək lazımdır. SSRİ dağılandan sonra onun hüquqi varisliyi Rusiyaya keçdiyi üçün keçmiş İttifaqa daxil olan digər ölkələr kimi Azərbaycan da öz orbital mövqeyinə malik deyildi. Lakin Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) ilə danışıqlardan sonra bu təşkilat 3 orbital sahəni Azərbaycanın mülkiyyətinə verib.
Əlavə edək ki, “Azerspace-1” peyki ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunub. Peyk kosmik orbitə Fransanın “Arianespace” şirkəti tərəfindən hazırlanıb və yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raketi ilə çıxarılıb. Peyk kosmodromdan startından təqribən 33 dəqiqə sonra raketin gövdəsindən ayrılıb.
Azərbaycanın ilk rabitə peykinin ümumi çəkisi 3250 kq təşkil edir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir. Azərbaycanın ilk telekommunikasiya peyki Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunun 50-dən çox ölkəsini birləşdirən geniş kosmik məkanda mühüm rol oynayacaq.
Azərbaycanın ilk telekommunikasiya süni peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. İlkin hesablamalara görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulub. Azərbaycan peykin imkanlarının yalnız 20 faizindən istifadə etmək niyyətindədir. Geridə qalan 80 faiz hissəsi isə digər ölkələrin icarəsinə veriləcək. Artıq peykin imkanlarının 40 faizi Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflərin qəbulu davam edir. RİTN-dən verilən məlumata görə, ilkin mərhələdə riskləri aşağı salmaq məqsədilə 1 Mbit internetin sürəti 350 dollar həcmində müəyyənləşdirilib. Müqayisə üçün bildirək ki, digər ölkələr interneti bundan 28 faiz baha, yaxud 450-500 dollara alır.
Peykin idarə olunması üçün Azərbaycanda regional idarəetmə mərkəzi və ehtiyat idarəetmə mərkəzi yaradılıb. Regional idarəetmə mərkəzindən təkcə Azərbaycanın deyil, digər ölkələrin region üzərindən uçan peyklərinin də idarə olunması üçün istifadə ediləcək.
SEVİNC

Paylaş:
Baxılıb: 1484 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30