Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ilk beynəlxalq velotur Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqlədi

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ilk beynəlxalq velotur Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqlədi

15.05.2012 [00:13]

Bu yarış, eyni zamanda, Azərbaycanda velosiped idmanının dirçəlişi üçün təkan rolunu oynadı
Məlum olduğu kimi, son illər bir sıra beynəlxalq əhəmiyyətli idman yarışlarına ev sahibliyi edən Azərbaycan dünyanın idman ictimaiyyətinin diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Belə ki, may ayı hələ başa çatmasa da, artıq bu ayın ötən günləri ərzində ölkəmizdə bir sıra beynəlxalq yarışlar keçirilib. Bunlardan biri isə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və 9-13 may 2012-ci il tarixlərində baş tutan beynəlxalq veloturdur. Əksər ekspertlərin də vurğuladıqları kimi, sözügedən velosiped turnirinin keçirilməsi Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən ölkəmizdə bu idman növünün inkişafı istiqamətində atılan önəmli addımdır.
Məlumat üçün bildirək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ilk beynəlxalq veloturun təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, həmçinin, Gənclər və İdman Nazirliyi idi. Yarışın texniki cəhətdən təşkilini isə Almaniyanın “Freunde Eventlogistik” şirkəti həyata keçirirdi. Bu velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ kontinental turu idi. Azərbaycanda ilk dəfə keçirilən velosiped idman yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar (ümumilikdə 17 ölkədən 180 idmançı-N.A) qatılmışdı.
Əlcəzairli Yusif ReQiQi yarış boyu liderliyi əldən vermədi
Qeyd edək ki, mayın 11-də beynəlxalq veloturun 3-cü mərhələsi Qəbələdə start götürüb. Bu turda idmançılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu ilə 160 kilometr məsafə qət ediblər. Beləliklə, gərgin mübarizə nəticəsində rusiyalı Dmitri Vernidub (“Samara” klubu) birinci, əlcəzairli Yusif Reqiqi (“Centre Mondia du Cyclisme” klubu) ikinci, Ukrayna idmançısı Maksim Vasilyev üçüncü olub. Eyni zamanda, üç turun nəticələrinə görə, yürüşün lideri əlcəzairli Yusif Reqiqi olub. Azərbaycan idmançıları arasında üçüncü turun yekunları üzrə ən yaxşı velosipedçi Tural İsgəndərov olub.
Qaliblərə mükafatları yarışların təşkilat komitəsinin sədri Sahib Ələkbərov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim ediblər.
Veloturun əvvəlki mərhələlərində olduğu kimi, bu dəfə də marşrut boyu yerləşən yaşayış məntəqələrinin sakinləri əllərində ümummilli lider Heydər Əliyevin portretləri, dövlət bayrağımız və gül-çiçəklərlə iştirakçıları salamlayıblar.
Mayın 12-də beynəlxalq veloturun dördüncü mərhələsi İsmayıllıdan start götürüb. İdmançılar Qəbələyə gəlib və bu şəhərin küçələrində 12 dəfə dövrə vuraraq 114 kilometr məsafə qət ediblər. Finişə daha tez çatmaq üçün hər metr uğrunda gərgin mübarizənin müşahidə olunduğu bu mərhələnin qalibi Rusiyanın “İtera-Katyuşa” komandasının nümayəndəsi Gennadi Tatarinov olub. Ukraynalı veloyürüşçü Maksim Vasilyev (“Ast-Donetsk” klubu) ikinci, Qazaxıstan idmançısı Tilegen Maydas isə üçüncü nəticə göstərib. Əlcəzairli idmançı Yusif Reqiqi isə dörd turun yekununa görə liderin göy maykasını özündə saxlayıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) prezidenti Patrik Mak Quayd bu mərhələnin qalibini və mükafatçılarını təntənəli mərasimdə salamlayaraq qeyd edib ki, yarış yüksək beynəlxalq səviyyədə keçirilir.
Nəhayət, mayın 13-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq veloturun beşinci, sonuncu mərhələsi keçirilib. Pelaton 123 kilometr məsafə qət edib. Belə ki, hər idmançı 12,3 kilometrlik marşrut üzrə 10 dəfə dövrə vurub. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə qazaxıstanlı Hurbolat Kulimbetov 2 saat 57 dəqiqə 16 saniyə göstərici ilə qalib gəlib. Rusiya idmançısı Gennadi Tatarinov ikinci, Kot-d`İvuarlı velosipedçi İssiaka çisse isə üçüncü olub. ümumi komanda hesabında isə Rusiyanın “İtera Katyuşa” klubu birinci pillədə qərarlaşıb.
Eyni zamanda, sprint yarışında Maksim Vasiliyev (Ukrayna), dağlıq ərazidə yürüş zamanı göstəricilərinə görə Bəxtiyar Kozatayev (Qazaxıstan) qalib gəliblər. Beş günün nəticəsinə əsasən əlcəzairli Yusif Reqiqi rəqiblərindən üstün olub, Tural İsgəndərov isə ən yaxşı Azərbaycan idmançısı seçilib.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, hər bir mərhələdə turun ümumi liderinə göy, xal qalibinə yaşıl, dağ finişinə birinci çatana qırmızı köynək hədiyyə edilib. Bu isə Azərbaycan bayrağını əks etdirir. Yarışda qalib gələn yerli idmançıya isə ağ köynək hədiyyə edilib ki, təşkilatçılar buna Odlar Yurdu adını veriblər.
Yerli əhali veloturu yüksək dəyərləndirir
Bu arada qeyd etmək yerinə düşər ki, beynəlxalq veloturun paytaxtımız Bakı ilə yanaşı, regionları da əhatə etməsi yerli sakinlər tərəfindən də yüksək qiymətləndirilib. Bunu veloturun davam etdiyi günlərdə olduğumuz rayonların sakinlərinin qəzetimizə açıqlamaları da təsdiqləyir.
Məsələn, Rəvan Qarayev bildirib ki, Azərbaycanın günü-gündən inkişaf etməsi özünü bütün sahələrdə göstərir: “Eyni zamanda, beynəlxalq idman yarışlarının paytaxt Bakı ilə yanaşı, regionlarda da keçirilməsi dövlətimizin idmana diqqət və qayğı göstərdiyini təsdiqləməklə yanaşı, artıq ölkəmizin hər bir regionunun bu tip yarışlara ev sahibliyi etmək iqtidarında olduğundan xəbər verir”.
Digər müsahibimiz Şövqi Əhmədov isə belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsinin gənclər tərəfindən sevinc hissi ilə qarşılandığını deyib: “ölkəmizdə keçirilən beynəlxalq velotur böyük bir idman bayramı olmaqla bərabər, həm də Azərbaycanda  yeniyetmələr və gənclər arasında velosiped idmanına marağın artmasına səbəb olacaq”.
Rövşən Ağayev isə deyib ki, belə bir tədbirin regionlarda da keçirilməsi yerli sakinlər üçün ikiqat bayrama çevrildi: “Bu tarix bizim yaddaşımızdan heç zaman silinməyəcək. çünki ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü günü, yəni, mayın 10-da dünyanın 17 ölkəsini təmsil edən idmançılar arasında beynəlxalq yarışın növbəti mərhələsinin qalibləri məhz İsmayıllıda mükafatlandırıldı”.
Rövşən Ağayev onu da əlavə edib ki, belə tədbirlərin regionlarda keçirilməsi, öz növbəsində ayrı-ayrı şəhər və rayonlarımızın turizm potensialının təbliği işinə də dəstək olur.
Nargilə Qafarova da ölkəmizdə digər sahələrdə olduğu kimi bədən tərbiyəsi və idmana da hərtərəfli dövlət qayğısının göstərildiyini dedi. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə “İdman ili” elan edilməsi də Azərbaycanda idmana və idmançılara dövlət qayğısının daha bir bariz nümunəsidir.
Ətayə Osmanova deyib ki, beynəlxalq velotur xalqımızın yaddaşından uzun zaman silinməyəcək: “Bu cür tədbirlər, eyni zamanda, regionlarımızın da beynəlxalq yarışlara ev sahibliyi etmək imkanlarının öyrənilməsinə kömək edir”.
Abil Ağasəfovun sözlərinə görə, belə yarışların regionlarda da keçirilməsinin istər idmanın inkişafı, istər gənclər arasında idmanın təbliği, istərsə də rayonların potensial imkanlarının dünyaya tanıdılması baxımından böyük əhəmiyyəti var.
Azərbaycanda velosiped idmanının dirçəlişi
Beləliklə, Azərbaycan daha bir beynəlxalq idman yarışına ev sahibliyi etdi. Və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ilk beynəlxalq velotur Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqlədi. Bu yarış, eyni zamanda, Azərbaycanda velosiped idmanının dirçəlişi üçün təkan rolunu oynadı. çünki kimsəyə sirr deyil ki, Azərbaycanda Velosiped İdmanı Federasiyası mövcud olsa da, son 20 ildə bu qurumun fəaliyyətində bir durğunluq hökm sürürdü. Gənc velosipedçilərin bu idman növü ilə məşğul olması üçün lazımi şərait də yox dərəcəsində idi. Yeri gəlmişkən, Azərbaycan Velosiped İdmanı Federasiyasının idman direktoru Teo Mauxer bu barədə aşağıdakıları bildirib: “ölkədə velosiped klublarının və məktəblərinin sayı azdır. Biz hazırda idman sahəsində güclü potensialı olan gənclər axtarırıq. Əgər onları düzgün istiqamətləndirə bilsək, əminəm ki, gələcəkdə Azərbaycan velosipedçiləri yaxşı nəticələr göstərəcəklər”.
Onun sözlərinə görə, bu velotur və velosiped idmanının inkişafı ətraf mühitin və insanların sağlamlığının qorunmasına da xidmət edəcək: “Bu turdan sonra Azərbaycanda bu qəbildən olan yarışların sayının artması gözlənilir ki, bu da ölkə velosipedçilərinin potensialını artırmaq üçün əsas şərtdir”.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 1219 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30