Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / 2012-ci il idmançılarımız üçün çox uğurlu il oldu

2012-ci il idmançılarımız üçün çox uğurlu il oldu

20.12.2012 [01:10]

Prezident İlham Əliyev: İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil etmişlər
Başa çatmaqda olan 2012-ci il ölkəmiz üçün bütün sahələrdə uğurlarla zəngin olub. Bu uğurların içində idman sahəsində qazanılan nailiyyətlər ön sıralarda dayanır. Belə ki, 2012-ci il Azərbaycanın dünyada idman ölkəsi kimi nüfuzunu xeyli artması ilə əlamətdar olub. Bu, həm il ərzində London Yay Olimpiya Oyunları kimi nüfuzlu yarışın keçirilməsi, həm də 2012-ci ilin dövlət başçısı tərəfindən “İdman ili” elan edilməsi ilə bağlıdır.
Yəni, başa çatmaqda olan il ölkəmizin idman həyatı baxımından o qədər zəngin oldu ki, doğrudan da “İdman ili” sözün həqiqi mənasında ölkəmizin tarixinə idman ili kimi düşdü. Yeri gəlmişkən, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində cari ilin idman yekunları ilə bağlı keçirilən görüşdə idman sahəsindəki uğurları dövlət tərəfindən idmana olan diqqətin təzahürü kimi dəyərləndirib: “Təsadüfi deyildi ki, biz 2012-ci ili “İdman ili” elan etmişdik. Bu, idmana dövlət tərəfindən olan diqqətin təzahürüdür. Eyni zamanda, biz doğrudan da ilin əvvəlində bu qərarı verərkən idmançılardan qələbələr, uğurlar gözləyirdik. İdmançılar ümidlərimizi doğrultdular. İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil etmişlər”.
İdmançılarımız ili 700-dən çox medalla başa vurur
Təkcə bir faktı xatırladaq ki, 2012-ci ildə Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq yarışlarda rekord sayda 700-dən çox medal qazanıblar. Əsasən Olimpiya idman növləri üzrə qazanılan bu medalların 255-i isə qızıl əyarlıdır. Nəzərə almaq lazımdır ki, idmançılarımız hələ beynəlxalq yarışlarda iştiraklarını başa çatdırmayıblar və demək olar ki, hər gün onların dünya arenalarındakı qələbə sorağını alırıq. Ona görə də, ilin sonuna qədər medal sayının artacağı istisna deyil. Məsələn, iki gün öncə gənc boksçularımız Kalininqradda keçirilən qitə çempionatında biri qızıl olmaqla 4 medal qazanıblar. Yəni, idmançılarımız dünya və Avropa çempionatlarında qazandığı uğurlarla “İdman ili”nə öz töhfələrini verirlər. Heç şübhəsiz, gənclər arasında boks üzrə İrəvanda keçirilmiş Dünya Çempionatında Azərbaycan boksçusu Pərviz Bağırovun qazandığı bürünc medal və tarixi Azərbaycan torpağında üçrəngli bayrağımızın dalğalandırılması ilin mühüm hadisələrindən biridir. Bir daha vurğulamaq yerinə düşər ki, dövlət başçısı tərəfindən cari ilin “İdman ili” elan edilməsi Azərbaycan idmanının tarixində yeni mərhələnin başlanğıcı olub. Biz bu mərhələnin əsasını London Olimpiya Oyunlarında və ondan sonra idman sahəsində əldə edilən uğurlarda, nəticələrdə də aşkar şəkildə gördük. Şübhəsiz “İdman ili”nin ən böyük uğuru idmançılarımızın London Olimpiadasında qazandğı böyük nailiyyət oldu. Belə ki, olimpiyaçılarımız London Olimpiadasında rekord sayda - 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazandılar. 1991-ci ildə müstəqillik əldə ediləndən bəri ölkəmizin hər dörd ildə bir dəfə keçirilən Olimpiya oyunlarında uğurlarının yüksələn xətt üzrə artması ölkəmizdə idmanın inkişaf siyasətinin doğru yolda olduğunu göstərir. Belə ki, Atlanta Olimpiadasında gənc Azərbaycan Respublikasının yığma komandası cəmi 1 medal, Sidney Olimpiadasında 3 medal qazandığı halda, Afina və Pekin olimpiadalarında idmançılarımızın qazandığı medalların sayı, müvafiq surətdə 5 və 7 olub. Hər növbəti Olimpiadada idmançılarımızın qazandığı medalların miqdarı və Azərbaycan Olimpiya yığmasının üzvlərinin sayı ilə yanaşı, Azərbaycan idmançılarının bu oyunlarda ən güclü rəqib adına iddia etdikləri idman növlərinin sayı da artmaqdadır. 2012-ci ildə London Olimpiadasında Azərbaycan idmançıları bizim üçün ənənəvi sayılan təknövçülük yarışları ilə yanaşı, ilk dəfə olaraq velosiped idmanı, avarçəkmə və idman gimnastikası yarışlarında da iştirak ediblər. Azərbaycan bu yarışlarda qeyri-rəsmi komanda hesabında 30-cu yeri tutub. Qazanılmış medalların sayına görə biz dünyada 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında 3-cü yerdəyik. Bu nəticə ölkəmiz üçün böyük uğur olmaqla yanaşı, Azərbaycanın dünyanın idman mərkəzlərindən biri kimi tanınmasını təmin edib.
Şübhəsiz ki, idman sahəsində uğurların bu cür yüksək templə artması, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin nəticəsidir. Məlum olduğu kimi, Ümummilli lider 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələnə qədər respublikada həyatın başqa sahələrində olduğu kimi, idman sahəsində də kəskin tənəzzül hökm sürürdü. Ulu öndər ölkəmizdə sağlam gənc nəslin yetişməsində və uğurlarımızın təbliğində idmanın rolunu həmişə yüksək qiymətləndirirdi. Ümummilli lider ölkə rəhbərliyinə gələndən sonra Onun böyük uzaqgörənliklə qəbul etdiyi qərarlar Azərbaycanda idmanın gələcək uğurlarının təməli olmuşdur. Həmin siyasəti uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində isə Azərbaycan dünyanın bir nömrəli idman yarışı olan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasında olan güclü dövlətə çevrilib. İdmançılarımızın beynəlxalq yarışlarda qazandığı medallar, ölkəmizdə bir-birini əvəzləyən nüfuzlu beynəlxalq yarışlar Azərbaycanın bu iddiasını xeyli gücləndirir.
Ölkəmiz 50-dən çox beynəlxalq idman turnirinə ev sahibliyi edib
İl ərzində Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarının statistikası və turnirlərin keçirilmə səviyyəsi Azərbaycanı hədəfə doğru aparır. Belə ki, cari il ərzində ölkəmiz 50-dən çox beynəlxalq idman turnirinə ev sahibliyi edib. İlin əsas idman yarışlarından biri şübhəsiz 17 yaşa qədər qızlar arasında təşkil edilən futbol üzrə dünya çempionatı olub. Dünyanın demək olar ki, əksər dövlətlərində canlı olaraq yayımlanan dünya birinciliyi ölkəmizin idman nüfuzunu xeyli yüksəltdi. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində idmançılarla keçirilən son görüşündə bildirib ki, bu Dünya Çempionatı ölkəmiz üçün uğurlu təcrübə olub: “Ölkəmizdə bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Mən onların içərisində qızlar arasında futbol üzrə dünya çempionatını xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, bizim üçün birinci təcrübə və çox uğurlu təcrübə idi. Çünki həm FİFA, həm UEFA-nın prezidentləri Azərbaycanda keçirilmiş bu çempionatı yüksək qiymətləndirmişlər. Çempionat üç həftəyə yaxın keçirilmişdir və bütün məsələlər yüksək səviyyədə həll olunmuşdur. Biz bütün təşkilati məsələlərdə həmişə olduğu kimi, yüksək səviyyədə idik. Bu çempionat tarixə artıq ən uğurlu çempionatlardan biri kimi daxil edilibdir”.
FİFA-nın, UEFA-nın və bir sıra ölkələrin futbol federasiyalarının rəhbərləri bu yarışların uğurlu təşkil edilməsini, iştirakçılara göstərilən qonaqpərvərliyi xüsusi vurğulayıblar. Məsələn, FİFA prezidenti Yozef Blatter bu yaxınlarda Braziliyanın San-Paulu şəhərində keçirilmiş mətbuat konfransında bunları deyib: “2012-ci il qadın futbolu üçün həqiqətən çox uğurlu il olub. Biz Yaponiyada U-20 və Azərbaycanda U-17 formatlı Dünya çempionatları keçirmişik. Azərbaycanda keçirilmiş mundial müsəlman ölkələri ərazisində bu səviyyəli ilk yarış olub. Bu, bütövlükdə futbolun, habelə qadın futbolunun və qadın hüquqlarının inkişafında mühüm mərhələdir”.
Bu il ölkəmizdə güləş, boks, avarçəkmə, cüdo və digər ənənəvi idman növləri üzrə çoxsaylı beynəlxalq turnirlər də keçirilib. 2012-ci il bizim üçün ənənəvi olmayan idman növlərinin inkişafı baxımından da əlamətdar olub. Məsələn, Velosiped İdmanı Federasiyası bu ilin yayında Azərbaycan idmanı tarixində ilk dəfə Ümummilli liderin xatirəsinə həsr edilmiş beynəlxalq velotur keçirib.
Nəhəng idman arenaları inşa edilir
Ölkəmizdə müxtəlif səviyyəli yarışların yüksək səviyyədə təşkili beynəlxalq idman federasiyaları tərəfindən yüksək qiymətləndirilir, onlar dünya və Avropa çempionatlarının keçirilməsini tərəddüd etmədən Azərbaycana etibar edirlər. Bu etibarın təməlində isə Azərbaycanın inkişafı, idman ölkəsi kimi nüfuzu və sahib olduğu müasir infrastruktur dayanır. Beynəlxalq federasiyalar hansısa yarışı ölkəmizə etibar edərkən infrastruktur və təşkilati baxımından heç bir problem yaşanmayacağına əmindirlər. Dövlət başçısı İlham Əliyev ölkədə müasir infrastrukturun, idman arenalarının yaradılması işlərini daimi olaraq nəzarətdə saxlayır. Prezidentin təşəbbüsü və həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin bütün bölgələri müasir infrastruktura, idman arenalarına sahib olur. Bu il iki bölgədə-Cəlilabadda və Astarada Olimpiya İdman Kompleksi istifadəyə verilib. Bununla da ölkəmizdə istifadəyə verilən Olimpiya Komplekslərinin sayı 35-ə çatıb. Futbol üzrə 17 yaşa qədər qadınlar arasında Dünya Çempionatının açılış və bağlanış oyunlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionu əsaslı təmirdən sonra bu il istifadəyə verildi. FİFA və UEFA-nın standartlarına uyğun olaraq təmir edilən arena futbol üzrə istənilən yarışı qəbul etməyə hazırdır. Bu arena ilə yanaşı il ərzində bir neçə futbol stadionu istifadəyə verilid və həmin arenalar Dünya Çempionatının oyunlarına ev sahibliyi etməklə ilk sınaqlarını uğurla veriblər. Şübhəsiz idman ictimaiyyəti üçün son dərəcə mühüm olan arena Olimpiya stadionudur. Dövlət başçısının, həmçinin, FİFA və UEFA prezidentlərinin iştirakı ilə təməli qoyulan Olimpiya stadionu iki il sonra istifadəyə veriləcək və regionun ən böyük və müasir stadionu olacaq. Eyni zamanda, bu il Gimnastika Mərkəzinin və Su İdman Növləri Sarayının da təməli qoyulub və həmin bazaların tikintisi istiqamətində qızğın iş aparılır. Bu arenaların inşası ölkəmizdə nüfuzlu yarışların keçirilməsini təmin edəcək. Ölkəmizin onsuz da zəngin olan idman həyatı bir qədər də zənginləşəcək. Amma bu dəfə sıradan beynəlxalq yarışlarla yox.
İlk Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək
Belə ki, artıq bu il məlum oldu ki, 2015-ci ildə Bakıda Şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə isə Şahmat Olimpiadası keçiriləcək, paytaxtda son dərəcə müasir Şahmat Sarayı inşa ediləcək. Bunun ardınca alınan xəbər ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi ilə qarşılandı. Belə ki, Avropa Olimpiya Komitəsi tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana etibar etdi. Bu Azərbaycanın siyasi sabitliyinə, iqtisadi inkişafına, beynəlxalq nüfuzuna, təhlükəsiz dövlət olmasına, dünyanın idman mərkəzlərindən birinə çevrilməsinə verilən qiymətdir. Prezident İlham Əliyev bu hadisəni Olimpiya hərəkatında bir dönüş kimi dəyərləndirib: “Birinci oyunların keçirilməsi özlüyündə ciddi bir addımdır, Olimpiya hərəkatında bir dönüşdür. Bu oyunların bizə həvalə edilməsi, bu məsuliyyətin bizə tapşırılması əlbəttə ki, böyük tarixi əhəmiyyətə malik olan bir hadisədir”.
Adətən Olimpiya Oyunları kimi nüfuzlu yarışların keçirilməsi üçün 6-7 il hazırlıq vaxtı verilir. Amma bu dəfə bizim cəmi iki il vaxtımız var. Amma ölkəmiz dəfələrlə sübut edib ki, istənilən yarışı yüksək səviyyədə qəbul etməyə hazırdır və Avropa Olimpiya Oyunları da bu yarışlardan biri olacaq. Prezident də əminliklə bildirib ki, biz bu oyunları yüksək səviyyədə keçirəcəyik: “Ancaq artıq idman infrastrukturumuz belədir ki, biz istənilən oyunları burada keçirə bilərik, xaricdən gələn istənilən sayda idmançıları burada yerləşdirə bilərik. Bakıda son iki il ərzində istifadəyə verilmiş yeni mehmanxanalar, istirahət zonaları, idman qurğuları, əlbəttə ki, bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Çünki bu qərarın qəbul edilməsindən əvvəl, əlbəttə, qiymətləndirici missiya da göndərilmişdir. Avropa Olimpiya Komitəsinin üzvləri Bakıya gəlmiş, vəziyyətlə tanış olmuşlar. Bu qərarın qəbul edilməsi bu amillərin əsasında mümkün olmuşdur. Mən tam əminəm ki, bizim uğurlu çıxışlarımız, idmançılarımızın qələbələri, xüsusilə London Yay Olimpiya Oyunlarındakı qələbələr bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Mən əminəm ki, biz bu oyunları yüksək səviyyədə keçirəcəyik. Amma mən əminəm ki, bütün lazımi tədbirlər, texniki, təşkilati məsələlər öz həllini tapacaq və birinci Avropa Olimpiya Oyunları tarixə düşəcəkdir. Təkcə ona görə yox ki, bu, birinci oyunlardır, ona görə ki, bu, ən yaxşı oyunlar olacaqdır”.
Anar Miriyev

Paylaş:
Baxılıb: 2049 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30