Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Gücün və birliyin təcəssümü!

Gücün və birliyin təcəssümü!

09.12.2023 [11:30]

Azadlıq meydanına Zəfər paradı yaraşır!

O gündən 3 il ötür...

O gündən - 2020-ci il 10 dekabr tarixindən düz üç il ötür. Həmin gün Bakıdakı Azadlıq meydanında Prezident İlham Əliyev qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla birlikdə hərbi paradı qəbul edib. Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirən parad Silahlı Qüvvələrimizin 44 günlük müharibədə düşmənin belini qıraraq, onu kapitulyasiyaya məruz qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə keçirilirdi. Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda belə bir fikir ifadə etmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət, gözlənilən o böyük gün gəlmişdi. Azadlıq meydanı izdihamlı idi. Bura təşrif gətirənlər, mavi ekranlar qarşısında əyləşib paradı izləyənlər, bütün dünya azərbaycanlıları sonsuz sevinc və qürur hissi keçirirdilər.

Tariximizdə əbədi qalacaq Qələbə

Azadlıq meydanında 2020-ci il dekabrın 10-dək çoxlu sayda əlamətdar tədbirlər baş tutub. Mübaliğəsiz deyə bilərik ki, bəhs etdiyimiz parad həmin tədbirlərin sırasında birinci yerdə dayanır. Prezident İlham Əliyev paraddakı çıxışında bu əlamətdar hadisəni dəyərləndirərək belə deyib: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Qeyd etdiyimiz kimi, Zəfər paradı Müzəffər Ordumuzun 44 günlük müharibədə qazandığı Qələbə münasibətilə təşkil olunmuşdu. Dövlətimizin başçısı çıxışında ölkəmizin, xalqımızın öz məqsədlərinə doğru geçdiyi yola, Qələbəmizi şərtləndirən amillərə diqqət çəkib.  Vətən müharibəsində bütün döyüş əməliyyatları “Dəmir yumruq” şərti adı altında keçirilib. Dövlətimizin başçısının vurğuladığı kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir.

Bəli, Vətən müharibəsindəki böyük Qələbəni heç kim bizə hədiyyə etməyib. Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğal etdikləri ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Verilən məlumatlara görə, müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 10 mindən çox əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusunda isə belə hal aşkarlanmayıb. Dövlət başçımızın bildirdiyi kimi, igid  əsgər və zabitlərimiz hər gün irəli gedirdi. Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.

Vətən müharibəsində qazanılan Qələbə son 200 illik tariximizin ən şanlı səhifəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə əldə olunan bu Qələbə tariximizdə əbədi qalacaq.

Bütün dünya Azərbaycanın gücünə bir daha şahidlik etdi

Son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda güclü ordu quruculuğuna nail olunub. Beynəlxalq səviyyəli reytinq agentliklərinin dəyərləndirmələrinə əsasən, hazırda Silahlı Qüvvələrimiz dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Ordumuzun şəxsi heyətində Vətənə bağlılıq hissi və peşəkarlıq çox yüksək səviyyədədir. Eyni zamanda, ölkəmiz silahlanmaya dünyanın ən qabaqcıl istehsalçılarının hazırladıqları müasir döyüş texnikalarını cəlb etməyə nail olub ki, burada da Prezident İlham Əliyevin siyasi iradəsi və dünyadakı böyük nüfuzu müstəsna rol oynayıb.

Üç il bundan əvvəl Azadlıq meydanında keçirilən əzəmətli parad Silahlı Qüvvələrimizin gücünü bir daha nümayiş etdirdi. Zəfər paradı 3000 nəfərdən artıq şəxsi heyətin, o cümlədən İkinci Qarabağ müharibəsində iştirak edən hərbi hissələrin nümayəndələrinin, qazilərimizin keçidi, 150-dək hərbi texnikanın, - raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yadda qaldı.

Daha bir məqama diqqət yetirək. Vətən müharibəsindən əvvəlki mərhələdə işğalçı dövlətin rəsmiləri iddialı danışaraq bildirirdilər ki, onların tankları Bakıya qədər irəliləyə bilər. Bununla onlar Azərbaycana hədə-qorxu gəlmək istəyirdilər. Bəli, Ermənistan ordusunun tankları Bakıya gəlib çatdı. Ancaq bu dəfə onları erməni hərbiçiləri idarə etmirdilər. Həmin tanklar və digər texnikalar döyüş meydanında qənimət kimi götürülmüşdü. Ermənilər üçün üzqarası olan həmin texnikanın bir hissəsi də paraddda nümayiş olundu.

Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi

Azərbaycan Prezidentinin tariximizdə xüsusi yeri olan Zəfər paradını qardaş Türkiyənin dövlət başçısı ilə birlikdə qəbul etməsi heç də təsadüfi deyil. Dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. Xüsusi vurğulamaq gərəkdir ki, Türkiyə həmişə artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olub. Qardaş ölkə, həmçinin öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycana 44 günlük Vətən müharibəsinin ilk saatlarından etibarən siyasi-mənəvi dəstək verib ki, bu da xalqımızın özünəinam hissini artırıb. Bütün bunları nəzərə aldıqda bir daha aydın olur qardaş ölkənin dövlət başçısının Zəfər paradında iştirak etməyə hər cür haqqı çatırdı. İki qardaş ölkənin və xalqın kədərlərini də, sevinclərini də birgə bölüşmələri artıq ənənəyə çevrilib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29