Yeni ünvan Tbilisi olacaqmı?
21.02.2023 [10:16]
Münhen Təhlükəsizlik Konfransı sülh prosesi formatını dəyişə bilər
İlham Əliyev: Hesab edirəm ki, bu, ədalətli olardı
44 günlük Vətən müharibəsinin bitməsinin ardından Ermənistan ilə Azərbaycan arasında başlanan sülh prosesi artıq yeni mərhələyə qədəm qoyub. İstər Avropa İttifaqının moderatorluğu ilə keçirilən Brüssel görüşləri, istərsə də Rusiyanın vasitəçiliyi ilə baş tutan təmaslar müəyyən bir dövr üçün iki ölkə arasındakı mövcud problemlərin həllinə əhəmiyyətli dərəcədə təsir göstərib, amma nəticə əldə edilməyib. Təbii ki, qalib tərəf olaraq Azərbaycanın haqlı və beynəlxalq konvensiyalara söykənən mövqeyi regionun gələcək inkişafı üçün yeni bir yolun müəyyənləşdirilməsində əsas yol xəritəsi sayılır. Bunun nəticəsidir ki, artıq beynəlxalq aləm də Azərbaycanın haqlı mövqeyini tam şəkildə dəstəkləyir. Eyni zamanda, prosesin artıq yeni istiqamət alması ilə bağlı aparılan danışıqlar beynəlxalq müstəviyə çıxarılır - Tbilisi prosesi gündəmə gəlir...
Sülh gündəliklərində durğunluq - səbəblər, maraqlar...
Məsələnin mahiyyətinə keçməmişdən öncə vurğulamaq lazımdır ki, 2021-ci ildən başlanan sülh gündəlikləri müəyyən fasilələrlə və ardıcıllıqla irəliləyirdi. Bütün formatlarda - həm Brüssel, həm də Moskva formatında keçirilən görüşlərdə Azərbaycanın mövqeyi qəti və dəyişməz xarakter daşıyıb. Sülh müqaviləsi ölkəmizin irəli sürdüyü 5 təməl prinsipə əsaslanmalı, beynəlxalq hüququn müddəalarını özündə əks etdirməlidir. Bu mənada, proseslərdə mühüm irəliləyişlər də nəzərə çarpıb. Məsələn, 2021-2022-ci illər üzrə Soçi prosesində hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsi vurğulanıb, Qarabağın Azərbaycanın daxili işi olması qeyd edilib. Prosesdə vasitəçi rol oynayan Rusiyanın rəsmiləri də Azərbaycanın ərazi bütövlüyünü hər zaman xüsusi vurğulayıblar. Eyni zamanda, Aİ-nin moderatorluğu ilə keçirilən görüşlərdə də müsbət nəticələr əldə edilib. Məsələn, ötən ilin oktyabrında baş tutmuş Praqa görüşü zamanı Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Amma son dövrlərdə prosesdəki dinamizmin itməsi ilə yanaşı, bəzi xoşagəlməz məqamlar da ortaya çıxıb. Məsələn, Fransanın təhriki və təzyiqi ilə tərəflərə münasibətdə öz xəttini daha çox Ermənistanın xeyrinə inkişaf etdirən
Aİ-nin yanvarın 23-də Ermənistana uzunmüddətli missiya göndərilməsi ilə bağlı Azərbaycanla razılaşdırılmayan qərar qəbul etməsi birmənalı qarşılana bilməz. Ondan öncə isə Azərbaycana qarşı əsassız bəyanat və qətnamələri ilə yadda qalan Fransanın dövlət başçısı prosesdə təmsil olunmaq istəyini irəli sürmüşdü. Təbii ki, bu təklif də Azərbaycan tərəfindən rədd edilmişdi. Nəticə etibarı ilə, Fransanın Brüssel prosesinə açıq müdaxiləsi, ermənipərəst mövqeyi Aİ Şurasının vasitəçiliyi ilə aparılan sülh gündəliyini ləngidib.
Sülh prosesinin Moskvanın vasitəçiliyi ilə inkişaf edən formatı, başqa sözlə, Soçi prosesi də son dövrlərdə ardıcıllıq və prinsipiallıq nümayiş etdirə bilmir. Düzdür, rəsmi Moskvanın 2020-ci ildə üçtərəfli razılaşmanın imzalanmasındakı, proseslərin sülh çərçivəsində davam etdirilməsindəki rolu olsa belə, sonradan bu fəallıq durğunluqla əvəz olundu. Eyni zamanda, son dövrlərdə Rusiya tərəfinin “münaqişənin həllinin gələcəyə saxlanılması”, “Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi” kimi tezislərlə çıxış etməsi Azərbaycanın maraqlarına uyğun deyil - rəsmi Bakı bunu sonuncu Soçi görüşündə də açıq şəkildə bildirdi.
Yeni təklif - Tbilisi formatı...
Bu mənada, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, daha doğrusu sülhün imzalanması üçün yeni prosesin gündəmə gəlməsi gözlənilir. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət üçtərəfli platformanın yaradılması təşəbbüsü səsləndirilmişdi və dövlətimizin başçısı bununla bağlı fikirlərini Praqada, eləcə də ötən ilin sonlarında Gürcüstana səfəri çərçivəsində ifadə etmişdi. Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bu məsələ növbəti dəfə müzakirə obyekti olmuşdu və dost Gürcüstanın vasitəçilik səylərini yüksək dəyərləndirdiyini bildirən Prezident İlham Əliyev vurğulamışdı ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ölkə başçısı bildirmişdi ki, Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.
Münhendən Cənubi Qafqaza doğru - Tbilisi sülh ünvanı olacaqmı?
Qeyd edək ki, Tbilisi formatı növbəti dəfə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində gündəmə gəlib. Prezident İlham Əliyev fevralın
18-də Münhendə televiziya kanallarına müsahibəsində bildirib ki, ABŞ-ın dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə bu rəsmən təklif kimi irəli sürülüb: “Ermənistan tərəfindən cavab gözləyəcəyik”.
“Bu gün (18.02.2023 - red.) keçiriləcək panel müzakirəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək. Tbilisi formatı gündəmə gələ bilərmi?” sualını cavablandıran Prezident İlham Əliyev deyib: “Ola bilər. Çünki bu, təbii olar. Biz də bunu alqışlayırıq. Mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı”.
Göründüyü kimi, Azərbaycan Cənubi Qafqazda üçtərəfli formatın yaradılması təşəbbüsünü irəli sürür. Bu yanaşma dövlətimizin başçısının strateji baxışını ifadə edir. Münaqişə tərəfləri arasında vasitəçilərin sayı artdıqca, ortaq məxrəcə gəlinməsi də çətinləşir. Çünki hər vasitəçi münaqişənin məhz onun maraqlarına uyğun tərzdə həllinə nail olmağa çalışır ki, bu da müzakirələrin sonsuzluğadək uzanması ilə nəticələnir. Eyni zamanda, danışıqlar, ünvanı kimi məhz Gürcüstanın seçilməsində bəzi nüanslar da var:
- bu ölkə müharibə zamanı öz neytrallığını qoruyub saxladı;
- bir sıra regional və qlobal layihələrdəki işbirliyi - Gürcüstan Ermənistan üçün həm də Azərbaycanla əməkdaşlıqda bir “nümunə” ola bilər.
Beləliklə, Münhen Təhlükəsizlik Konfransı kimi mühüm bir platformada Tbilisi sülh prosesinin aktuallıq qazanması gələcək perspektiv üçün xoş vədlər verir. Bu isə özlüyündə sülh prosesinin 2023-cü ildə nəticələnməsinə inam yaradır...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

