Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 40 il əvvəl - 14 yanvar 1982-ci il

40 il əvvəl - 14 yanvar 1982-ci il

14.01.2022 [09:58]

İndi həm Heydər Əliyevin, həm də Molla Pənah Vaqifin ruhu şaddır

Nurlan QƏLƏNDƏRLİ

Zamanı geri qaytarmaq olmasa da, tarix təkrar olunur. Təcrübə göstərir ki, bir xalqın milli-siyasi təqvimində tarixin təkrar olunması, ictimai yaddaşın bərpası - yenilənməsi isə, əsas etibarilə, milli köklərə, mənəvi dəyərlərə bağlı olan lider fenomenindən, xalq-lider vəhdətindən asılıdır. Bunun bir çox nümunələri tariximizin müxtəlif qatlarında və səhifələrində əks olunub - özünə yer tapıb, milli hafizəmizin silinməz izlərinə və hadisələrinə çevrilib.

Milli-mədəni və siyasi yaddaşımızın mühüm tərkib hissəsini, yeni və müasir tariximizin parlaq səhifələrini təşkil edən ən böyük hadisələrdən biri XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin (yenidən) yaradılmasıdır. Bu, sıradan bir quruculuq fəaliyyəti deyil,  ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biridir. Daha dəqiq və daha yaxşı anlamaq üçün tarixə ekskurs etmək və bugünkü reallıqlara faktlar əsasında nəzər salmaq lazımdır.

Heydər Əliyev olmasaydı...

İlk məqam XX əsrin 60-cı illərini, olduqca mürəkkəb tarixi dövr və şəraiti əhatə edir. Məlum olduğu kimi, 1967-ci ilin əvvəllərində erməni millətçiləri tərəfindən əvvəlcədən hazırlanan plana əsasən 3 azərbaycanlı Xankəndidə xüsusi amansızlıqla qətlə yetirilmişdi. Təbii ki, məqsəd bəlli idi - hadisələri qızışdırıb milli zəmində qarşıdurma törətmək, nəticədə azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsinin və ərazinin Ermənistana birləşdirilməsinin əsaslarını yaratmaq. Həmin vaxt Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri  kimi Vətənə şərəflə və ləyaqətlə xidmət edən Heydər Əliyev istintaqı şəxsən öz nəzarətinə götürmüş, məsələni dərindən araşdırmaq üçün Xankəndiyə getmişdi. O vaxt Şuşaya da gedən Heydər Əliyev ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. Eyni zamanda, o, Şuşada olarkən Molla Pənah Vaqifin məzarını ziyarət etmək istədiyini bildirmişdi. Vaqifin ölümündən 170 il sonra məzarının ziyarət edilməsi, şübhəsiz ki, milli  və tarixi irsimizə xüsusi diqqətin, böyük hörmət və ehtiramın bariz nümunəsi idi. Amma Heydər Əliyev nitqlərinin birində gördüyü məzarın Vaqifə layiq olmadığını qətiyyətlə ifadə etmişdi. Yeri gəlmişkən, hələ 1903-cü ildə Firudin bəy Köçərli yazırdı ki, “Hal-hazırda Vaqifin qəbri çox acınacaqlı bir vəziyyətdədir və heç kəs onu qaydaya salmağın qeydinə də qalmır”.

Beləliklə, Heydər Əliyev Molla Pənah Vaqifin məzarı üzərində abidə və türbə tikilməsi ilə əlaqədar müvafiq göstəriş vermişdi. 1982-ci ilin yanvar ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olmuşdu. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilmişdi. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi. Bütün bunlar milli-mənəvi dəyərlərə hörmət, milli irsə sahib çıxmaq və gələcək nəsillərə böyük miras buraxmaq idi.

Eyni zamanda, həmin səfər çərçivəsində Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi. Bu poeziya bayramı həmin tarixdən etibarən hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşırdı.

Beləliklə, Heydər Əliyev olmasaydı, bütün bu işlər görülməsəydi, xalqımızın mənəvi-mədəni dəyərlərinin, ictimai yaddaşımızın və tarixi keçmişimizin aşınmaya məruz qalması qaçılmaz olacaq, milli ləyaqətimizin bərpasından söhbət belə getməyəcəkdi. 

Qətiyyət və cəsarət nümunəsi: tarixi, mənəvi, mədəni və siyasi önəm daşıyan hadisə

Şübhəsiz ki, Şuşada belə bir məqbərənin ucaldılması  adi məsələ - sıradan hadisə deyildi. Bu, həm tarixi, həm mənəvi-mədəni, həm də siyasi önəm daşıyırdı. Sirr deyil ki, həmin vaxt Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayətinin (DMQV) tərkibinə daxil idi. Bu qədim Azərbaycan şəhəri ona görə DQMV-nin tərkibinə daxil edilmişdi ki, milli izlərimiz tədricən silinsin, erməniləşdirmə siyasəti aparılsın, azərbaycanlılar öz doğma yurd-yerlərində azlıq təşkil etsinlər. Paralel olaraq ermənilər də Şuşa ilə əlaqədar iddialar qaldırır, bu şəhərin onlara məxsus olmasına dair cəfəngiyat səsləndirməklə yanaşı, siyasi-ideoloji iş aparırdılar. Belə bir şəraitdə şair, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin Şuşada muzey-məqbərə kompleksinin yaradılması siyasi, tarixi və mədəni reallıqların bir daha təsdiqlənməsi və diqqətə çatdırılması baxımından mühüm əhəmiyyətə malik idi. Bu addım milli bütövlüyümüzün qorunması, xalqımıza qarşı mənfur siyasətin qarşısının alınması üçün böyük önəm daşıyırdı. Bu, eyni zamanda, xanlıqların mənfi tonda - “tarixin qara ləkəsi” kimi qələmə verildiyi Sovet dönəmində atılmış çox cəsarətli - qətiyyətli addım idi. Bu, milli tarixə, mənəvi dəyərlərə bağlılığı ilə seçilən BÖYÜK AZƏRBAYCANLININ - “Qarabağsız Azərbaycan, Şuşasız Qarabağ yoxdur!” deyən Heydər Əliyevin sarılmaz iradəsinin ifadəsi idi.

Qüdrətli Lider - Sərkərdə ATA vəsiyyətini yerinə yetirərək həm əziz Şuşanı, həm də Vaqifin ruhunu əsirlikdən xilas etdi

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edildi, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparıldı. Yeri gəlmişkən, torpaqlarımızın işğal altında olduğu zaman baş verənlər - müşahidə edilənlər də Molla Pənah Vaqifin məqbərəsinin ümummilli lider Heydər Əliyev üçün Şuşanın özü qədər qiymətli və unudulmaz olduğunu təsdiqləyirdi. Diplomat, ədəbiyyatşünas-alim Vilayət Quliyevin diqqətə çatdırdığı bir fakt bu reallığın təzahürüdür. V.Quliyev bildirir ki, 2001-ci ildə - o, xarici işlər naziri olduğu dövrdə  Strasburqda ulu öndər Heydər Əliyevin Koçaryanla görüşünün rəsmi hissəsindən sonra onların arasında belə bir söhbət olub:

- Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

- Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

- Ümidvaram ki, bu işdə sənin əlin olmayıb...

- Nə danışırsınız, Heydər Əliyeviç...

Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu. Erməni heyəti aralanandan sonra mərhum prezident heç kəsə müraciət etmədən, sanki, öz-özü ilə danışırmış kimi: “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür”, - dedi.

Cənab İlham Əliyev qüdrətli Lider və Sərkərdə kimi ATA vəsiyyətini yerinə yetirərək həm doğma Qarabağı, həm əziz Şuşanı, həm də  Molla Pənah Vaqifin ruhunu əsirlikdən xilas etdi. Bu, təkcə torpaqlarımızın işğaldan azad olunması deyildi, eyni zamanda, ərazi bütövlüyü ilə yanaşı, milli qürurun, milli ləyaqətin, milli-mədəni irsin, ictimai və tarixi yaddaşın bərpası idi.

Tarix təkrarlandı: “Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var”

Və tarix yenidən təkrar olundu - Prezident İlham Əliyev müharibədən sonra ilk dəfə Şuşaya 2021-ci il yanvarın 14-də gəldi. Təbii ki, bu tarix təsadüfən seçilməmişdi, səfərin böyük siyasi, mənəvi əhəmiyyəti, rəmzi mənası var idi. Çünki qeyd etdiyimiz kimi, bu tarixdən 39 il əvvəl Şuşada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı. Dövlət başçısı bəhs olunan səfər zamanı Vaqifin məqbərəsinin bərpa edilməsi barədə göstəriş verdi. Dağıdılmış məqbərənin qarşısında həmin gün çıxış edən Prezident İlham Əliyev demişdi: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı”.

29 avqust 2021-ci il tarixində isə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər, görülən işlərlə tanış oldular. Azərbaycan Prezidenti yuxarıda bəhs etdiyimiz çıxışı zamanı “Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək”, - deyə bildirmişdi. Sözü imzası qədər dəyərli və keçərli olan cənab İlham Əliyevin vədi öz təsdiqini tapdı. 2021-ci il avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etdilər. Dövlət başçısı açılış mərasimində çıxışı zamanı “1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”, - deyə bildirdi. Tarix isə rəqəmdən, təqvimdən ibarət deyil və təsadüfən təkrarlanmır. Heç şübhəsiz, İlham Əliyev olmasaydı, Heydər Əliyevin yazdığı - yaratdığı tarix əsla təkrar olunmazdı! İndi həm müdrik dövlət xadimi Heydər Əliyevin, həm də Molla Pənah Vaqifin ruhu şaddır - Azərbaycan xalqının isə üzü ağ - alnı açıqdır. Çünki dediyimiz kimi, qürurumuz - ləyaqətimiz bərpa olunub!

Paylaş
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31