Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / "Heydər Əliyev ideyaları XXI əsrdə: Azərbaycanın inkişaf yolu"

"Heydər Əliyev ideyaları XXI əsrdə: Azərbaycanın inkişaf yolu"

08.05.2009 [14:49]

ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası bu mövzuda konfrans keçirib
Dünən “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə “Heydər Əliyev ideyaları XXI əsrdə: Azərbaycanın inkişaf yolu” adlı konfrans keçirilib. Konfrans iştirakçıları öncə Fəxri Xiyabana gedərək ulu öndərin məzarını ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan YAP-ın Sədr müavini, partiyanın İcra katibi, millət vəkili Əli Əhmədov ənənəvi olaraq hər il keçirilən konfransın sayca 7-ci olduğunu bildirib: “Biz konfrans başlamazdan öncə Fəxri Xiyabana gedərək ulu öndərimizin məzarını ziyarət edib, dərin ehtiramımızı bildirdik. Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında uzun müddət ərzində inkişaf edib, böyük tərəqqi yolu keçibdir. Bu gün artıq yaşadığımız XXI əsrdə də Azərbaycanın inkişafının kökündə Heydər Əliyev ideyaları, Onun qoyub getdiyi zəngin irs dayanır. Azərbaycan cəmiyyəti dərindən inanır ki, ölkəmizin inkişafı, tərəqqisi, yüksəlişi müstəqil bir dövlət kimi dünya birliyində layiqli yer tutması və bu mövqeyinin daha da möhkəmləndirilməsi Heydər Əliyevin zəngin irsinə söykənir və bütün bunların əsasında dayanan fundamental baza Heydər Əliyev ideyaları və irsidir. Heydər Əliyev ideyaları Azərbaycan cəmiyyətini birləşdirən etibarlı baza rolunda çıxış edir. Azərbaycançılıq ideyası Azərbaycan dövlətçiliyinin təməl prinsipi kimi fəaliyyət göstərməkdədir. Heydər Əliyev ideyaları milli müstəqillik ideyasının kökündə dayanan hərəkətverici qüvvə olaraq bugünkü müstəqilliyimizin möhkəmlənməsini təmin edən etibarlı fundament kimi öz missiyasını yerinə yetirməkdədir”.
YAP-ın Sədr müavini vurğulayıb ki, Heydər Əliyev ideyaları, həmçinin, Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin edən ideyalar məcmusu olaraq bugünkü iqtisadi yüksəlişin kökündə dayanır. Onun fikrincə, bu zəngin irs, eyni zamanda, Azərbaycan cəmiyyətinin milli-mənəvi zənginliyini, milli-mənəvi dəyərlər sistemini də təşkil edən böyük bir təməl rolunda çıxış edir. Bütün bunlar bir daha deməyə əsas yaradır ki, Azərbaycanın dünənki inkişafı bilavasitə Heydər Əliyevin fəaliyyəti ilə bağlı olubsa, bugünkü inkişafımız və gələcək yüksəlişlər də ulu öndərin ideyaları ilə bağlıdır. Heydər Əliyev ideyaları əsasında yaşayan Azərbaycan bu gün sürətlə inkişaf edir. “Son illər Azərbaycanın sürətli inkişaf yolu keçməsi, dünyada ən yüksək iqtisadi inkişaf göstəricisi əldə etməsi ölkə Prezidenti İlham Əliyevin bilavasitə genişmiqyaslı fəaliyyəti və Heydər Əliyev siyasətinə istinad etməsi ilə əlaqədardır. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycanın bugünkü inkişafını təmin edən ən böyük amil ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdir. Biz inanırıq ki, Azərbaycanın bu inkişaf tempi Heydər Əliyev ideyalarına əsaslanaraq bundan sonrakı dövrdə də davam etdiriləcəkdir. Heydər Əliyev daim Azərbaycanın işıqlı gələcəyinin olacağına inanırdı. Və təbii ki, bu inamın həyata keçməsi üçün ulu öndər sağlığında titanik səylər göstərib Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadiyyatının gücləndirilməsi üçün çox ciddi addımlar atıb. Biz inanırıq ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcəyi ilə bağlı saf arzuları bugünkü firavan, inkişaf edən, yüksələn Azərbaycan cəmiyyətinin arzularının kökündə dayanır. Bu arzuların gerçəkləşməsi üçün cəmiyyətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərir və ölkəmiz həmin arzuların gerçəkləşməsi üçün qətiyyətli addımlarını bundan sonra da inamla atacaq” deyən YAP-ın Sədr müavini qeyd edib ki, konfransı keçirməkdə məqsəd ulu öndər Heydər Əliyevin ideyalarını və zəngin irsini öyrənmək və bunun əhəmiyyətini gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Konstitusiyası müasir mərhələdə” mövzusunda çıxış edib. Z.Əsgərov bildirib ki, müasir dövrümüzdə Azərbaycan Respublikasının konstitusion dövlət kimi təşəkkül tapması hər şeydən əvvəl ölkədə ictimai-siyasi proseslərlə müşayiət olunan tarixi şərait və bu müstəvidə fəaliyyət göstərən görkəmli siyasi liderlərin dinamik mübarizə xətti ilə bağlıdır. Birinci viste-spikerin sözlərinə görə, Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən ölkə vətəndaşlarının əksəriyyətinin maraq dairəsində olan, ictimai həyatın və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktdır: “Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Konstitusiyamızda müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapıb: dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyəti orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalət prinsipi, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s.”.
Z.Əsgərovun sözlərinə görə, ölkəmizin əsas qanunu hətta inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqidir. Belə ki, Konstitusiyamızda insan hüquq və azadlıqları ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Z.Əsgərovun fikrincə, Konstitusiyanın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, müasir dövlət quruculuğu üçün tələb olunan bütün prinsipial məqamları özündə əks etdirir. O, qeyd edib ki, mart ayının 18-də ümumxalq səsverməsi nəticəsində Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının daha geniş qorunmasına, bir sözlə, hər bir vətəndaşın maraqlarına xidmət edir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov “Azərbaycan islahatlar yolunda” mövzusunda çıxış edib. O, qeyd edib ki, Azərbaycan bu gün bütün dünya ölkələrini və bəşəriyyəti narahat edən iki əsas problemdən, yəni, enerji və ərzaq təhlükəsizliyi problemlərindən birini tamamilə həll edib. Bu, enerji təhlükəsizliyi məsələsidir və hazırda ölkəmiz neft, elektrik enerjisi və qazla özünü tam təmin etməklə yanaşı, həmin ehtiyatları ixrac edərək bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin eliməsində iştirak edir və bu məsələdə dünya miqyasında öz töhfəsini verir: “Göründüyü kimi, Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin başladığı iqtisadi və siyasi islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və ölkəmiz dünya iqtisadiyyatının inkişafına təkan verərək qloballaşan dünyada özünə layiqli yer tutmaq üçün inamla irəliləyir. Heç də təsadüfi deyil ki, dünyanın ən birinci və qabaqcıl beynəlxalq maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin yekunlarına görə ilin bir nömrəli islahatçı ölkəsi kimi tanıyaraq bütün dünyaya bəyan edib. Bu, bir daha onu göstərir ki, ölkəmizdə qazanılan uğurların təməlində respublikada həyata keçirilən düzgün siyasi xətt və baş verən müsbət proseslər dayanır”.
E.İbrahimovun fikrincə, bütün bu uğurlar və əldə edilən nailiyyətlər isə hər şeydən əvvəl ölkəmizdə həyata keçirilən iqtisadi və siyasi islahatların Heydər Əliyev - Azərbaycan modelinin ölkə Prezidenti İlham Əliyev tərəfindən gündən-günə təkmilləşdirilərək milli mənafelərə və qloballaşan dünya siyasətinə uyğun olaraq düzgün istiqamətdə aparılmasından xəbər verir. Azərbaycan iqtisadiyyatında özünəməxsus yer tutan və ölkədə sosial vəziyyətə böyük təsir gücünə malik olan aqrar bölmədə də islahatların aparılması dövlət başçısından cəsarət və uzaqgörən siyasət həyata keçirilməsini tələb edirdi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “Azərbaycançılıq və Azərbaycanşünaslıq, Əliyevçilik və Əliyevşünaslıq” mövzusunda çıxış edib. O, qeyd edib ki, hər hansı ideya və ya ideoloji sistem o zaman şüurlarda özünə möhkəm yer tuta, uzun zaman insanlığa xidmət edə bilir ki, cəmiyyət onu elm kimi qavrasın. Bunun üçün isə intellektual-ideoloji həyatın təcrübəsi 3 şərtin vacib olduğunu göstərir. Birincisi, ideya və ideoloji sistem praktikadan irəli gəlməlidir. İkincisi, elmi təfəkkürün ümumbəşəri texnologiyaları əsasında qurulmalı, sözün geniş mənasında ənənəvi elmi dillə danışmalıdır. üçüncüsü isə, humanist olmalı, cəmiyyətə və insanlığa xidmət etməlidir. Nizami Cəfərov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının və ümumən dünyanın böyük siyasi mütəfəkkirlərindən biri olan Heydər Əliyevin yarım əsrdən artıq dövrdə irəli sürdüyü, uğrunda mübarizə apardığı və həyata keçirdiyi ideyaların bütöv, mükəmməl və sistemli bir elm - Əliyevşünaslıq səviyyəsinə qaldırılması üçün hər cür şərtlər, şərait mövcuddur. Onun sözlərinə görə, Əliyevçilik ictimai təcrübədən irəli gəlməsi, milli olduğu qədər də, ümumbəşəri elmi təfəkkür modelləri və ya sxemləri ilə ifadə oluna bilməsi, humanizmə xidmət etməsi, yəni, elmə çevrilə bilmək imkanlarının genişliyi ilə diqqəti çəkir. Digər tərəfdən, ümummilli liderin müəllifi olduğu ideyalar illər keçdikcə daha da zənginləşir, ehtiva coğrafiyasını daha da genişləndirir və dünyanın siyasi-ictimai təfəkkür tarixində öz danılmaz yerini müəyyənləşdirir. N.Cəfərovun fikrincə, Əliyevçiliyin elmi-metodoloji tədqiqi get-gedə daha ardıcıl xarakter daşımağa başlayır: “Etiraf etmək lazımdır ki, Əliyevçilik yalnız müasir Azərbaycançılıq olaraq qalmadı, eyni zamanda, Azərbaycançılığın bir ideologiya olaraq düzgün təfsirində həlledici rol oynadı”.
Milli Məclisin Benəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycanın xarici siyasət konsepsiyasının təkamülü” mövzusunda çıxış edib. O bildirib ki, bu gün dövlətimizin, Azərbaycan Prezidentinin apardığı xarici siyasətin əsasında konkret bir fəlsəfi konsepsiya durur. Bu fəlsəfə bir tərəfdən ümummilli lider Heydər Əliyevin formalaşdırdığı Azərbaycançılıq fəlsəfəsidir. Digər tərəfdən isə, bu, Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı və yaratdığı milli adət-ənənələr və dəyərlər sistemidir. Yəni, bu iki məqam, fəlsəfi əsas, Azərbaycançılıq və Azərbaycanın milli dəyərləri bir-biri ilə birləşərək Azərbaycanın xarici siyasətinə çox güclü təsir göstərir. Bu kontekstdə Azərbaycanın çağdaş dövrdə gerçəkləşdirdiyi beynəlxalq siyasətin dərin kökləri vardır. Lakin bu xarici siyasi ənənələr Heydər Əliyevin Azərbaycançılıq ideyasında və fəlsəfəsində ümumiləşdirilib və sistemləşdirilib. Bu gün Prezident İlham Əliyevin apardığı xarici siyasət də məhz bu konsepsiyaya əsaslanır. S.Seyidov onu da vurğulayıb ki, bu xarici siyasətin formalaşmasında Prezident İlham Əliyevin rolu müstəsnadır və bu istiqamətdə O, çox böyük işlər görür: “Prezident İlham Əliyevin bugünkü xarici siyasətini təhlil etsək görərik ki, O, məhz dediyim fəlsəfəyə arxalanaraq, müasir, qloballaşan dünyanın təhlükələrini dərk edərək, onun müsbət xüsusiyyətlərini özündə ifadə edən bir siyasət formalaşdırıb. Azərbaycanın xarici siyasətinin prioriteti ondan ibarətdir ki, bütün maraqlar içərisində millətin iradəsi ali maraqlar kimi qəbul olunsun, üstünlük təşkil etsin və bu maraqların həyata keçirilməsi Azərbaycanın xarici siyasətinin əsasını təşkil etsin. Bu maraqların müdafiəsi və inkişaf etdirilməsi ölkənin xarici siyasətinin və Azərbaycan dövlətinin ən ali məqsədidir”.
* * *
Konfransın əsas hissəsinin başa çatmasından sonra müzakirələr bölmələr üzrə davam etdirilib.
“Heydər Əliyev və müasir Azərbaycan tarixi”
I bölmə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda öz işinə başlayıb. İclasa sədrlik edən YAP İdarə Heyətinin üzvü, millət vəkili, akademik Abel Məhərrəmov çıxış edərək bildirib ki, bütün siyasi fəaliyyəti boyu təzyiqlərlə, təqiblərlə üzləşən ulu öndər Heydər Əliyev heç nədən çəkinməyərək əzmkar fəaliyyətilə xalqının tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənəsi və düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilib. Akademik Abel Məhərrəmov söyləyib ki, dünyaşöhrətli siyasətçi 1993-cü ildə yenidən Azərbaycana qayıtdıqdan sonra ölkəni fəlakət və xaosdan, parçalanmadan xilas edərkən belə Bakı Dövlət Universitetini unutmadı. A.Məhərrəmov ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müqəddəs yolun daim xalqımızın istinadgah mənbəyi olaraq qalacağını diqqətə çatdırıb.
YAP İcra katibinin müavini, İdarə Heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini öz həyat amalına çevirib, bütün həyatını bu nəcib iş uğrunda mübarizəyə həsr etmiş Heydər Əliyev Azərbaycanın Konstitusiyasının bu müstəqilliyə xidmət etməsini, onun vasitəsilə bütövlükdə ölkəmizin, onun hər bir vətəndaşının sivil dünyaya inteqrasiya olunmasını, Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutmasını arzulayırdı: “Azərbaycan yaşadıqca müstəqil ölkəmizin ilk Konstitusiyası hüquq tariximizə qızıl hərflərlə əbədi həkk olacaq”.
YAP İcra katibinin müavini, İdarə Heyətinin üzvü, millət vəkili Mübariz Qurbanlı deyib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyev ölkəmizin inkişaf yolunu, milli strategiya və taktikanın əsaslarını, xarici siyasətimizin başlıca istiqamətlərini, milli ideologiyanın təməl prinsiplərini, sosial-iqtisadi sahədə qarşıda dayanan vəzifələri, ümumilikdə, xalqımızın gələcək inkişafı ilə bağlı məsələləri elmi-nəzəri və praktik şəkildə müəyyən edib və bununla əlaqədar çox böyük irs qoyub.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov qeyd edib ki, Prezident İlham Əliyev ulu öndərin siyasi kursuna sadiq qalaraq, müstəqilliyimizi inkişaf etdirib, yeni mərhələyə qaldırıb: “Dəqiq müəyyənləşmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin qorunması müasir tariximizin son beşillik dövrünü səciyyələndirən xarakterik xüsusiyyətlərdir”.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin vurğulayıb ki, Heydər Əliyevə Azərbaycanda normal həyatı bərqərar etmək, millətlərarası sülhə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etmək, xaqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu: “Başqaları buna nail ola bilmədi. Heydər Əliyev isə bacardı. Buna görə də xalq ona Dahi Beynəlmiləlçi, müsəlman dünyasının lideri, “Qafqazın Atası” adını verdi”.
Milli Məclisin deputatı Fəttah Heydərov isə çıxışında diqqətə çatdırıb ki, Heydər Əliyev həyat amalının xalqa layiqli xidmətdən ibarət olduğunu əməli fəaliyyəti ilə aydın nümayiş etdirirdi. İrimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə başlamaqla ölkə həyatında intibah mərhələsinin əsasını qoydu: “ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürdü, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail oldu”.
Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin tariximizdə müstəsna yer tutduğunu söyləyən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Məlahət İbrahimqızı vurğulayıb ki, dahi öndərimiz Heydər Əliyevin zəngin irsi, Onun tariximizdə tutduğu mövqe haqqında cild-cild kitablar yazmaqla da bu mövzuya son vermək olmaz.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə söyləyib ki, bu gün cəmiyyətdə ayrı-ayrı strukturların fəaliyyəti ya Heydər Əliyevin dövründə olduğu kimidir, ya da ondan yüksək səviyyədə aparılır. Hamı cəmiyyətin inkişafında Heydər Əliyev dəst-xəttini görür. Bu da ondan irəli gəlir ki, Heydər Əliyev bugünkü gün üçün böyük bir potensial qoyub gedibdir. Gələcək üçün işləmək bacarığı Heydər Əliyev şəxsiyyətinə xas olan xüsusiyyət idi.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünya siyasət tarixinin azsaylı xoşbəxt dövlət xadimlərindən biridir. Həqiqətən də, o dövlət xadimi xoşbəxtdir ki, onun qurduğu dövlət özündən sonrakı dövrlərdə də yaşayır, inkişaf edir, qüdrətlənir. O siyasi xadim xoşbəxtdir ki, onun yaratdığı siyasi xətt özündən sonra da yaşayır, inkişaf edir, xalqa və dövlətə uğurlar gətirir.
YAP Siyasi Şurasının üzvü, təhsil nazirinin müavini İradə Hüseynova diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Natiq söyləyib ki, Azərbaycan dövlətçiliyinin müasir tarixində öz adını əbədi həkk etmiş ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi tanınıb qəbul olunması, son illərdə iqtisadi artım sürətinə görə dünyada liderliyə yüksəlməsi, təbii ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov bildirib ki, yaxın tariximizə mərhələli və təhlilli şəkildə nəzər salsaq aydın şəkildə görərik ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yoluna daxil olub, böhran və xaos mərhələsini arxada qoyub.
YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov deyib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin görkəmli və qüdrətli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olub.
YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qoca çıxış edərək vurğulayıb ki, hələ Azərbaycana rəhbərliyinin birinci dövründə milli mənafelərə xidmət edən çoxşaxəli fəaliyyəti ilə xalqın istiqlal və azadlıq duyğularının gerçəkləşməsinə real siyasi-hüquqi və iqtisadi zəmin formalaşdırmış ümummilli lider Heydər Əliyev respublikamızı müstəqilliyə qovuşduran mürəkkəb ictimai-siyasi proseslərin də mərkəzində olub.
çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev aparıcı ideologiya kimi azərbaycançılığın və Azərbaycan dövlətçiliyinin cəmiyyətdə qəbul edilməsi prosesilə bərabər, eyni zamanda, məhz insanların gözü önündə Azərbaycan dövlətçilik institutlarının formalaşdırılmasını da həyata keçirib: “Hazırda ulu öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən bütün sahələr üzrə davam etdirilir və Azərbaycan bir çox məsələlərdə öz şərtlərini diktə edəcək qədər güclü dövlətə çevrilir”.
Millət vəkili Fəzail Ağamalı söyləyib ki, 1993-cü ildə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başladı.
Millət vəkili Asəf Hacıyev bu gün Azərbaycanın regionda aparıcı dövlət olaraq, Avropa ölkələrinin diqqətində olduğunu vurğulayıb: “Əsası Heydər Əliyev tərəfindən qoyulan siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. çünki dövlətin əsaslarını qoyan şəxsiyyət - Heydər Əliyevin adı dünyanın mənəvi xəzinəsində ona olan layiqli yeri tutur”.
Azərbaycan Beynəlxalq Universitetinin professoru İsgəndər Quliyev deyib ki, Heydər Əliyevin misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı tanrının Ona bəxş etdiyi vergi idi.
YAP Gənclər Birliyinin sədri Ramil Həsənov isə “Heydər Əliyev - Azərbaycan gəncliyini xaosdan inkişafa aparan yolun banisi” mövzusunda çıxış edib. Natiq vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin digər sahələrində olduğu kimi, gənclər siyasətində də mühüm dönüş nöqtəsi başladı: “Xüsusilə, 1996-cı ildən başlayaraq Gənclərin I ümumrespublika Forumunun keçirilməsi, 2 fevralın Gənclər Günü elan edilməsi nəticəsində ölkəmizdə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hal-hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
“Heydər Əliyev - Böyük islahatçı”
II bölmədə isə müzakirələr “Heydər Əliyev - Böyük islahatçı” mövzusunda davam etdirilib. Bu bölmədə iclasa sədrlik edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə ilk olaraq ulu öndərin həyat və fəaliyyəti, Onun dövründə görülmüş nəhəng quruculuq işləri haqqında məlumat verib.
Millət vəkili qeyd edib ki, müstəqillik əldə etdikdən sonra ölkə öz iqtisadiyyatını bundan sonra necə inkişaf etdirəcəyi ilə bağlı vacib suallarla qarşı-qarşıya qalmışdı: “Heydər Əliyev belə bir şəraitdə dövlətin iqtisadi siyasətini müəyyən etdi. Bu siyasət dövlətimizin inkişafını, bir müddət sonra əldə olunmuş bütün iqtisadi nailiyyətləri təmin etdi, Azərbaycan dövləti gücləndi, müstəqilliyini möhkəmləndirdi”.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev çıxış edərək söyləyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Böyük öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq, dahiliklə müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq, milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan verib.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov ilk olaraq, ümummilli liderin həyat və fəaliyyətindən danışaraq vurğulayıb ki, ulu öndər Heydər Əliyev dövlətinə, xalqına, millətinə hədsiz məhəbbətlə bağlı olub. Böyük öndər milli maraqları və vətənə xidməti həmişə hər şeydən üstün tutub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyev “Azərbaycan-özbəkistan münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda çıxış edib. O deyib ki, əsrlərboyu sülh və həmrəylik şəraitində yaşamış özbəkistan və Azərbaycan arasında dostluğun qədim tarixi var: “ümumi mədəniyyətə, dilə və dinə malik olmağımız bizi daha sıx birləşdirir. Bu iki xalq bir-birini tərcüməsiz başa düşür. Bütün bu amillər indi müstəqil dövlət kimi Azərbaycan və özbəkistanın fəal və dinamik inkişaf etdiyi, öz siyasi və iqtisadi potensiallarını möhkəmləndirdiyi bir zamanda xüsusi aktuallıq kəsb edir və Mərkəzi Asiya və Qafqaz regionunda münasibətlərin inkişafı üçün möhkəm baza rolunu oynayır”.
Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Musa Musayev və digər natiqlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətləri haqqında geniş nitq söyləyiblər.
“Böyük islahatların uğurlu davamı”
III bölmə isə öz işini “Böyük islahatların uğurlu davamı” adı altında davam etdirib. Bölməyə rəhbərlik edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, ötən əsrin sonlarında sosializm sisteminin uğursuz sonluğu və sovetlər birliyinin süqutu ilə şərtlənən yeni dünya düzəninin formalaşması, yenicə müstəqillik eldə etmiş ölkələri siyasi oryentasiya problemi ilə üz-üzə qoymuşdu: “Həmin dövrdə Azərbaycanda, digər sahələrdə olduğu kimi, xarici siyasətdə də bir qarışıqlıq mövcud idi. Lakin dünyaşöhrətli siyasətçi, dünyanın siyasi gerçəkliklərini dərindən analiz etmək və nəticə çıxarmaq qabiliyyətinə malik olan ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə tarixi dönüşü xarici siyasətdə də yeni pəncərə açdı. Bu gün müşahidə etdiyimiz gerçəklikləri o dövrün çətin reallıqları ilə müqayisə etdikdə görərik ki, Heydər Əliyev ölkəmizin qarşısında duran bu çətin problemlərin hamısının həllinə nail olub və dövləti böhranlı durumdan çıxarmağı bacarıb”.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov çıxış edərək vurğulayıb ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş torpaq islahatları Prezident İlham Əliyevin rəhbərliyi altında şəffaflıq və aşkarlıq şəraitində uğurla davam etdirilməkdədir. “Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası sayəsində təkcə respublikamızın ayrı-ayrı rayonlarının ərazisində torpaqların şoranlaşmaya, erroziyaya və deqradasiyaya uğrama dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə irimiqyaslı torpaq-meliorasiya tədqiqat işləri aparılıb” - deyən Q.Məmmədov onu da vurğulayıb ki, ulu öndər Heydər Əliyevin torpaq islahatlarının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətləri yaratmaq, ölkənin iqtisadi müstəqilliyinə və onun ayrılmaz tərkib hissəsi olan ərzaq təminatına nail olmaq və bu tədbirlərin reallaşması nəticəsində Azərbaycan xalqının maddi rifah halını yüksəltməkdən ibarət olub.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev deyib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi inkişaf siyasəti ölkəmizi və onun vətəndaşlarını işıqlı gələcəyə doğru aparır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində son illər ərzində respublika iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və bölgələrin dinamik tərəqqisinin təmin olunması sahəsində çox əhəmiyyətli, möhtəşəm işlər görülüb. Əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində real resursların dayanıqlı mənbəyi yaradılıb.
“Heydər Əliyev ideyaları və müasirlik” mövzusunda çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, ulu öndər Heydər Əliyevdən bizə qalan mənəvi mirasda onun siyasi praqmatizmi xüsusi yer tutur. Bu praqmatizm XXI əsr düşüncə üsulunun əsas prinsiplərindən biri idi.
Millət vəkili Gülər Əhmədova “Heydər Əliyev ideyaları çağdaş dövrdə” mövzusunda çıxış edərək qeyd edib ki, Azərbaycanda gedən inkişaf prosesləri bir həqiqətin daha da möhkəmlənməsinə zəmin yaradır ki, Azərbaycan tarixinin ən şanlı səhifələri ümummilli lider Heydər Əliyevin imzası ilə yazılıb.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə ulu öndər Heydər Əliyevin iqtisadi strategiyasının yeni perspektivləri haqqında fikirlərini bildirib.
Bununla da Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları XXI əsrdə: Azərbaycanın inkişaf yolu” mövzusundakı konfrans uğurla başa çatıb.


Paylaş:
Baxılıb: 1361 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30