Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Avstriyada rəsmi səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyada rəsmi səfərdədir

14.05.2013 [13:10]

Səfər çərçivəsində “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə” imzalanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Avstriya Respublikasına rəsmi səfərə yola düşüb.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Dunay parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyublar.
Dunay parkında dünya mədəniyyətinin tanınmış simalarının abidələri ucaldılıb. Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ilin mayında açılıb.
Dövlətimizin başçısı və xanımı abidənin önündə xatirə şəkli çəkdiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Vyanada Avstriyanın “OMV AG” şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşüb.
Görüşdə Azərbaycan ilə “OMV AG” şirkəti arasında əməkdaşlıq, enerji sahəsində gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Avstriya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 13-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Hofburq sarayının qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Avstriyanın dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Avstriyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Haynts Fişerə təqdim olunub.
Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidentinin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi bildirilib.
Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident Haynts Fişer Ulu öndər Heydər Əliyevin Avstriyaya rəsmi səfərini xatırladıb. O, Prezident İlham Əliyevin Avstriyaya rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olacağını vurğulayıb. Bildirilib ki, Azərbaycan ilə Avstriya arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr getdikcə möhkəmlənir. Qeyd olunub ki, hazırda onlarla Avstriya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi iqtisadi sahədə əməkdaşlığın perspektivlərinin uğurlu olmasının göstəricisidir. Vurğulanıb ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika, turizm, xidmət sektoru və digər istiqamətlər üzrə yaxşı əməkdaşlıq imkanları var.
Ölkələrimizin enerji sahəsində əməkdaşlığının müzakirə edildiyi görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dünən Vyanada geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə”nin imzalanması mərasimi olub.
Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Prezidenti Haynts Fişer imzalayıblar.
Mayın 13-də imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin mətbuat konfransı olub.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.
2011-ci ilin oktyabr ayında respublikamıza rəsmi səfərini xatırladan Avstriya Prezidenti Haynts Fişer bu səfərin ölkələrimiz arasında əməkdaşlığa təkan verdiyini bildirib. Qeyd edib ki, dostluq əlaqələrinin inkişafı Azərbaycan ilə Avstriya arasında bütün sahələrdə əməkdaşlığın inkişafına geniş imkanlar açıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Haynts Fişer bildirib ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır. Avstriya Prezidenti deyib ki, iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanda Avstriya şirkətləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Haynts Fişer vurğulayıb ki, Azərbaycan ilə Avstriya arasında enerji sahəsində əməkdaşlığın böyük perspektivi vardır və səfər çərçivəsində bu məsələ diqqət mərkəzində olub.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham Əliyev imzalanan Birgə Bəyannamənin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, ölkələrimizin iqtisadi əməkdaşlığı uğurludur, ticarət dövriyyəsi artır. Hər iki ölkənin şirkətləri qarşılıqlı surətdə fəal əməkdaşlıq nümayiş etdirirlər. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın vacibliyinə də toxunub və Trans-Anadolu qaz kəmərinin əhəmiyyətindən danışıb. Dövlətimizin başçısı bildirib ki, bu kəmər Azərbaycan qazının Avropaya çatdırılmasına əlavə imkanlar yaradacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışan Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır. Dövlətimizin başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları da status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər.
Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırıblar.
Mayın 13-də Vyanada Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç verilib.

Paylaş:
Baxılıb: 905 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31