Köhnə bazara təzə nırx
13.08.2022 [11:28]
Ədəbiyyatımızı doğma kontekstində yeni alətlərlə bir də incələsək...
F.UĞURLU
Ötən əsrin 60-90-cı illərində yaranmış nəsrimizi (elə poeziyamızı da) fəlsəfi-estetik baxımdan yenidən dəyərləndirməyə, zənnimcə, ehtiyac var. Əlbəttə, deyilən dönəmin bədii məhsulları haqqında dövrün ədəbi analitikləri çox yazıblar (elə bu gün də yazırlar), çox əsəri təhlil süzgəcindən keçiriblər, ancaq təəssüf ki, əksər müəlliflər bu məsələdə sosializm realizmindən miras qalmış kanonların çərçivəsindən çıxa bilməyiblər. Yəni söhbət, tutalım, Anarın Təhminəsindən gedirsə, mütləq əlləşib-vuruşub ondan müsbət qəhrəman, nümunəvi qadın obrazı düzəltmək lazımdır, əks halda əsər mənasını, mahiyyətini itirəcək. Yaxud da nə olur olsun Əkrəmin kür, cığal Qədirini Kür qırağının meşələrində kök atmış nəhəng ağacların ucalığına qaldırmalısan, yoxsa bu əsərdən bir məzmun hasil olmayacaq.
Məgər Balzakın Rafaelini, Floberin madam Bovarisini, Tolstoyun Anna Kareninasını, Dostoyevskinin Nastasya Filippovnasını, Mopassanın Gonbulunu, Çexovun Qağayısını, Coysun Blumunu, Folknerin Kristmasını, Heminqueyin Qocasını, Kamyunun Mersosunu, Selincerin Holdenini, Markesin Buendialarını sosrealizm kanonları çərçivəsində anlayıb-anlatmaq olarmı? Bizim altmışlardan başlanıb sovet imperiyasının dağılmasına qədər çəkən təxminən otuz illik bir dövdə yaranmış parlaq əsərlərimiz də həmin çərçivəni aşıb keçməklə qlobal miqyasda gedən ədəbi prosesə pis-yaxşı qoşulub. Ona görə bu əsərlərə analitik yanaşma da adekvat olmalıdır.
***
O vaxtlar bizim ədəbiyyatın dünyaya pəncərəsi Moskvadan açılırdı. Stalindən sonrakı yumşalma dönəmində Qərb mədəniyyəti, impressionizm, ekspressionizm, ekzistensializm kimi modern sənət cərəyanları sovet fəzasına da yol tapmışdı. Rus mədəniyyətinin yeni intibah dalğası təkcə siyasi həlimləşmənin nəticəsi kimi yox, həm də yeni dünyayla mənəvi bağlantının təsiri altında baş qaldırmışdı. İmperiya mərkəzində baş verən proseslərin yeli əyalətləri də vurmuşdu.
Mən sənət meydanına çıxan yenilikləri birbaşa ictimai-siyasi hadisələrə bağlamağın tərəfdarı deyiləm; çox vaxt tərsinə olur - sənət özü ictimai-siyasi gedişata yön verir. Ancaq bir az da insaflı danışsaq, bu proses ikibaşlıdır, yəni təsir qarşılıqlıdır. Burası da var ki, sən yeniliyə açıq olmasan, ona doğru getməsən, yenilik səni tapası deyil. Ötən əsrin altmışıncı illərində Azərbaycan nəsrinin (bütövlükdə ədəbiyyatının, üstəlik başqa sənət sferalarının da) həm məzmun, həm forma baxımından simasını dəyişən keyfiyyət artımı heç də keçmiş imperiyanın bütün əyalətlərində baş verməmişdi. Bununla hətta öyünə də bilərik.
***
Sovet filologiya elmi ədəbiyyata yön verən yeni fəlsəfi-estetik tendensiyaları sosrealizm, nə bilim, tənqidi realizm, marksizm, sosial determinizm qəlibinə dürtməyə çalışsa da, yeni sənət yeni analitik yanaşma, yeni kanonlar, yeni meyarlar, bir sözlə, yeni düşüncə tələb eləyirdi. Bizdə isə, məsələn, İsa Hüseynovun 1978-ci ildə işıq üzü görmüş “Məhşər” romanı islam dini əleyhinə yazılmış ateistik roman kimi təqdim olunurdu. Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü” romanlarını bu günün özündə də otuzuncu illər repressiyalarının, stalinizmin ifşasına yönəlmiş əsərlər kimi qavrayanlar var. Anarın ötən əsrin 80-ci illərində yazdığı “Nəsrin fəzası” məqaləsində göstərildiyi kimi, hətta görkəmli moldovan yazıçısı İon Drutse Əkrəm Əylislinin “Kür qırağının meşələri” povestiylə bağlı qeydlərində müəllifin bu əsəri Qədirin timsalında ucqar əyalət kəndlərindən mərkəzi şəhərlərə can atan qastrolçuların çıxardığı hoqqaların ifşası məqsədilə qələmə aldığı qənaətinə gəlmişdi. Ədəbi dəyərlərə münasibətdə tam bir vulqar sosiologizm!
Deyək ki, sovet vaxtı belə yozumlar konyunktura uyğunlaşmaq (həm də əsəri uyğunlaşdırmaq) məqsədi güdürdü. Bəs artıq çoxdan milli ədəbiyyatımızın klassik irsi sayılmağa layiq bu əsərləri özünə doğma kontekstdə incələməyə indi nə mane olur? Elə həmin “Məhşər” romanında heterodoks islamla ortodoks islamın, ürfanla şəriətin, sevgiylə qorxunun, əbədiyyət aləmiylə fani dünyanın necə, hansı səbəbdən üz-üzə gəldiyini, əsərin məhz bundan doğan hansı problemlərin həllinə həsr olunduğunu, yazıçının hansı ideallara hədəfləndiyini xırdalamağı kim qadağan eləyib? Yoxsa bu, artıq köhnəlmiş mövzudur? İsa Hüseynovdan on beş il sonra klassik Şərq-islam mədəniyyətinin verdiyi mövzuları Orxan Pamuk ələ aldı, nəticəsi də məlumdur...
***
Yazıçılar (yəqin həm də oxucular) arasında İsa Hüseynov yaradıcılığının “Məhşər”ə qədərki mərhələsini bəyənənlər daha çoxdur. Bunun səbəbini anlamaq çətin deyil - sosial ədəbiyyat fəlsəfi ədəbiyyatdan daha çatımlıdır, çünki ona nisbətən daha üzdədir. Ancaq bu iki dönəm arasında keçilməz sərhəd də yoxdur - “Məhşər”dəki Əmir Teymur “Saz”, “Tütək səsi” povestlərindən tanıdığımız Qılınc Qurbanın gücü, hökmü, miqyası min qat böyüdülmüş versiyasıdır. Yazıçının yaradıcılığını bir də bu yöndən araşdırmaq, iki mərhələnin istər ideya-məzmun, istərsə də forma-üslub baxımından oxşar-fərqli cəhətlərini üzə çıxarmaq nəinki gec deyil, hətta ola bilsin, zaman keçdikcə daha artıq ədəbi-tənqidi aktuallıq qazanacaq.
Yeri gəlmişkən, İsa Hüseynovun “Məhşər”dən sonrakı mərhələsi - Muğanna dövrü, məncə, alınmamış sayılmalıdır, çünki bu dönəmdə yazıçı formayla məzmun arasında əlaqəni itirdi, sıradan bir raykom katibinə tarixin ən qaranlıq məsələləri barədə hökm yürütmək səlahiyyəti verdi; elə məsələlər haqqında ki, dünya elmi bu gün belə onları çözmək iqtidarında deyil. “İdeal”da Muğannanın nəyə can atdığı şəxsən mənə gün kimi aydındır - bu gün genetika elminin ən son tapıntıları da cəmi bəşərin bir kökdən qopduğunu sübuta yetirməkdədir. Muğanna bu gerçəyi sözləri qol-budaq eləmək kimi təhlükəli bir metodla təsdiqləməyə girişdi, bu səbəbdən də məğlubiyyətə uğradı. Axı onlarla dil bilən, hətta ölü dilləri dirildən dünya miqyaslı alimlər belə bu məsələlərə olduqca ehtiyatlı yanaşırlar, dil qruplarının, dil ailələrinin ortaq keçmişinə işıq tutmaq üçün gecə-gündüz tədqiqat aparırlar. Bir yazıçı masanın arxasında oturub ağ kağıza baxa-baxa belə qəliz mətləbləri necə çözə bilər! Əlbəttə, yazıçının öz ideyasını oxucuya çatdırmaq üçün hər cür mif uydurmağa, hər cür fantastik versiya irəli sürməyə ixtiyarı var, bir şərtlə ki, uydurduğu miflərin elmiliyinə iddiası olmaya...
***
Sabir Əhmədovun sovet dövründə yazdığı əsərlər sosial baxımdan konseptuallığı ilə seçilir. Əkrəm Əylislinin eyni dövrdə qələmə aldığı povest-hekayələr də insan-cəmiyyət qarşıdurması sxemi üzərində qurulub. Fəqət bu iki yazıçının sosial platformaları arasında incə bir fərq var: siyasi dilə çevirsək, Sabir Əhmədovun qəhrəmanları sovet gerçəkliyinə münasibətdə konstruktiv, liberal müxalifətdə dururlar, Əkrəm Əylislinin personajları isə barışmadıqları eybəcərliklərə qarşı destruktiv, radikal mübarizə üsulu seçirlər.
Müqayisə üçün bu iki fərqli yazıçının bir-birinə çox bənzəyən iki povestinə nəzər salaq: “Yamacda nişanə” (Sabir Əhmədov), bir də “Kür qırağının meşələri” (Əkrəm Əylisli). Hər iki əsər bircə il fərqlə, demək olar, birnəfəsə (təqribən bir həftəyə) yazılıb. Hər iki povestin baş qəhrəmanı kür, davakar, ipə-sapa yatmaz tipdir. Ancaq Sabir Əhmədovun Laçını nə istədiyini yaxşı bilir; istəyir işi olsun, ailəsi olsun, cəmiyyətə yararlı həyat sürsün, odun üstünə su səpsin, yalandan, saxtalıqdan, riyadan uzaq dursun. Əkrəm Əylislinin Qədiri isə nə istədiyini özü də bilmir; o, həyatda zordan, zorakılıqdan savayı mübarizə üsulu tanımır, zahirən sovet gerçəkliyinə uymayan tip kimi görünsə də, ayağını həmin gerçəkliyin çərçivəsindən qırağa qoyan alverçinin piştaxtasını dağıdır, illərlə zülm verdiyi, sonra da atıb getdiyi arvadı qarışıq bütün yaxın ətrafıyla xalis bolşevik kimi olduqca radikal, qəddar davranır. Əlbəttə, dediklərim məzmundan doğan ideoloji yanaşmadır, bunları deməklə mən obrazın, ya povestin bədii siqlətini şübhə altına almıram; əksinə, mənə görə, “Kür qırağının meşələri” müəllifin şah əsəri, onun sənətkarlığının zirvəsidir.
Təsadüfi deyil ki, hər iki müəllifin əsərlərində eşq-məhəbbət süjetlərinə də çox az (o da sosial münasibətlər kontekstində) rast gəlinir, çünki onları iki cinsin qarşılıqlı münasibətindən çox fərdlə cəmiyyət arasındakı mürəkkəb münasibətlər sistemi maraqlandırır...
...
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

