Həyatı özünə işlədən adam
05.03.2026 [09:15]
Çarlz Dikkensin “Devid Kopperfild” romanı haqqında
Əvvəli ötən sayımızda
İşlədiyi şəhərdə heç bir doğması, yaxını olmayan Devidin üzünü görməsə də, haqqında eşitdiyi tək qohumu Betsi xalaya pənah aparmaqdan başqa çarəsi qalmır. Peqqotiyə məktub yazıb miss Trotvudun yaşadığı yerin səmtini öyrənəndən sonra oğlan olan-olmazını bir sandıqçaya yığıb yola düzəlir. Poçt arabalarının dayandığı stansiyada onun yükünü də, pulunu da oğurlayırlar. Devid ac qalmamaq üçün gödəkçəsini satıb çörək alır, altı gün payi-piyada yol yeriyib həm ayaqqabılarını, həm də ayaqlarını dağıdır, yolda yüz cür təhlükəylə üzləşir.
***
Başına gələnləri danışandan sonra Betsi nənə yetimi qanadının altına alır, onu yedirdib-içirdir, geyindirib-kecindirir, körpə canını suya çəkib arılığa-duruluğa çıxardır. Miss Trotvud Mardstonlarla əlaqə yaradır, məlum olur ki, anasının mirasından Devidə pay ayrılmayıb, vəsiyyətnamədə bu barədə heç nə deyilmir. Tamahı qılıncdan iti bacı-qardaş zavallı gəlin ölüm yatağındaykən onun bütün var-yoxunu ələ keçirib, tifilinə bir çöp belə saxlamayıb. İşin işdən keçdiyini anlayan Betsi nənə bacısı oğlunun yetimini rəsmən himayəsinə götürür.
Bundan sonra Devid normal həyata qayıdır. Acıdil nənənin qəribəlikləri olsa da, ürəyi təmizdir, mərhəmətlidir. Miss Trotvudun dəlixanadan qurtardığı uşaq xislətli, sadəlövh, bir az ağıldan seyrək mister Dik də onun himayəsində yaşayır. Nənəsi Devidi Kenterberidə məktəbə qoyur, məktəbin pansionunda yer olmadığından uşaq miss Trotvudun vəkili Uikfildin evində məskunlaşır.
Arvadı cavan öləndən sonra mister Uikfild qəmini şərabla ovudur, onun tək təsəllisi Devidlə yaşıd qızı Aqnesdir. Tezliklə Aqnes Devidin də qoruyucu mələyinə çevrilir, onlar bir yerdə bacı-qardaş kimi böyüyürlər.
Uikfildin hüquq kontorunda Uriya Hip adlı kürən saçlı məlun bir tip də qulluq eləyir. Uriyanın vücudu ilan kimi qıvrılıb-açılır, kirpiyi tökülmüş qırmızı gözləri heç yumulmur, əlləri həmişə soyuq, nəm olur. Kəlməbaşı deyir ki, biz balaca adamlarıq, itaətkar bəndələrik.
Devidin oxuduğu indiki məktəb müəllimlərin şagirdlərə əzab-işgəncə verdiyi əvvəlki məktəbə bənzəmir, burada tələbələri heyvanla bir tutmurlar. Devid həvəslə oxuyur, nənəsinin, mister Dikin, Aqnesin işığından ömrünə sərmayə yığıb böyüyür.
Ağ günlərsə ağ yel kimi ömrə həlim sığal çəkib tez ötür, qara yeltək can evini xaraba qoymur...
***
Məktəbi bitirəndən sonra nənəsi Devidə Londona gedib Peqqotiyə baş çəkməyi, bir az gəzib dolaşıb dincəlməyi, sonra da ürəyincə bir iş seçməyi məsləhət görür. Devid səyahətə çıxır.
Londonda o, məktəbdəki himayədarı Stirfordla rastlaşır. Uşaqlıq dostu Devidi anasının evinə qonaq çağırır, öz növbəsində Devid də Stirforda birlikdə Yarmuta getməyi təklif eləyir.
Dostların səfəri yerinə düşür, onlar Emli ilə Hemin nişan mərasiminin üstünə çıxırlar. Emli artıq böyüyüb ərgən qız olub, özünün də yaxşı əl qabiliyyəti var, gözəl tikiş tikir, ilmələr vurur. Ətrafda yaşayan qızlar-qadınlar onun gözəlliyinə, geyinib-kecinmək zövqünə köks ötürürlər.
Yarmutda Devid dayəsinin komasında, Stirford meyxanada qalır. Devid günlərlə qəbiristanlığa ayaq döyür, doğma məzarların başına dolanır; Stirford isə dəniz qırağına gedir, dənizçilərə, balıqçılara səxavətlə ziyafət verir, əməli, davranışıyla sahildə yaşayan əhalini ovsunlayır, şüursuz bir ehtirasla adamları heyran qoyub ələ almağa, heç bir ehtiyac duymadığı, rəğbət bəsləmədiyi insanları belə öz iradəsindən asılı vəziyyətə salmağa çalışır. Devid onu özüylə gətirdiyinə peşman olur.
Stirford cazibəsiylə Emlini də başdan çıxarır, toyu ərəfəsində qız Stirforda qoşulub qaçır, niyyəti də bu olur ki, ya buralara kübar xanım kimi dönəcək, ya da yurduna bir daha üzükməyəcək.
Fədakar, səmimi Hem bu zərbədən möhkəm sarsılır, oğlanın əmisi mister Peqqoti şəhərləri küçə-küçə dolaşıb övladı kimi saxladığı Emlini soraqlayır. Uzun illər Emlidən xəbər çıxmır, nəhayət, Devid günün birində eşidir ki, Emli İtaliyada Stirfordun əlindən qaçıb, çünki qızdan bezəndən sonra ədabaz aşiq onu öz mərtəbəsinə layiq bilmədiyindən Emliyə nə az, nə çox - nökərinə ərə getməyi təklif eləyib...
***
Betsi nənə Devidə hüquqşünas peşəsinə yiyələnməyi məsləhət görür, bundan ötrü min funt maya da qoyur, oğlanı paytaxtda yerbəyer eləyib evinə qayıdır.
Bundan sonra Devid Londonda sərbəst həyata başlayır, burada o, başqa bir məktəb yoldaşı Tommi Tredlslə tapışır. Tommi də hüquq sahəsində çalışır, arxası-dayağı olmadığından dolanışığını da, təhsilini də öz gücünə yola verir. Dostların bir-birinə deyiləsi sözü çoxdur - Tredls uşaqlıq yoldaşına nişanlısı Sofidən, Devid ona təcrübə keçdiyi hüquq firmasının yiyəsi mister Spenlounun qızı Doradan danışır.
Həyat ona üz verməsə də, Tommi çox nikbin, xoşsifət oğlandır. Söhbət əsnasında məlum olur ki, Tredls Mikoberlərin mənzilində qalır, onlar yenə borc içində çabalayırlar. Devid köhnə tanışlarını tapdığına sevinir. Deyəsən, bu dəfə bəxt mister Mikoberin üzünə güləcək, çünki o, Kenterberidə yerləşən “Uikfild və Hip” kontorunda özünə yeni iş tapıb...
Mister Uikfildin zəif damarını tutan Uriya Hip artıq onun işçisindən şərikinə çevrilib, indi də yavaş-yavaş firmanı öz əlinə keçirməkdədir. O, qəsdən işləri dolaşdırıb həm şirkəti, həm müştəriləri qarət eləyir, üstəlik, fırıldaqlarını bu yolla pərdələyir ki, guya bütün uğursuzluqların səbəbi mister Uikfildin içkiyə qurşanmasıdır.
Xərclərə qənaət bəhanəsiylə “məzlum, itaətkar” Uriya anasını da yanına alıb Uikfildin evinə köçür, bundan sonra illər boyu qıvrılan gövdəsinin qaranlıq qatlarında bəslədiyi niyyətini büruzə verməyə başlayır: Aqnesə yiyələnib bu yolla mister Uikfildin var-yoxunu əlindən almaq istəyir. Mikoberi də kontora bundan ötrü çəkib gətirib ki, onun çirkin işlərini təmizə çıxarsın, maxinasiyalarını ört-basdır eləsin.
Betsi nənə də Uriya Hipin qurbanlarından biridir, şeytan nökərinin fırıldağı ucbatından miss Trotvud da müflis olub. Bu səbəbdən qadın sakit guşədəki evini kirayə verib mister Diklə birlikdə təbiət qoynundan Londona daşınır.
***
Devid yükünün artmağına darılmır, daha yaxşı donluqla yeni işə düzəlir, üstəlik, stenoqrafiya öyrənir. Betsi nənə ev təsərrüfatını necə ustalıqla idarə eləyirsə, Devidə elə gəlir xərcləri nəinki artmayıb, əksinə, azalıb. Bu yandan mister Dik də kağızların üzünü köçürməklə ailə büdcəsinə azdan-çoxdan töhfə verir.
Stenoqrafçı peşəsinə yiyələnəndən sonra Devid parlament müxbiri qismində babat qazanmağa başlayır. Fəqət Doranın atası mister Spenlou Devidin qarğaşasının artdığını biləndə qızını ona adaxlamaq fikrini qəti yaxına buraxmır, bu azmış kimi Dora özü də yoxsulluqdan yamanca qorxur.
davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16

