Tənhalıqdan qurtuluş
24.01.2026 [09:33]
Orxan Pamukun “Qara kitab” romanı haqqında
əvvəli ötən sayımızda
Hegelin təbiriylə desək, ilahi məhəbbət özünü başqasında, başqalarında tapmaqdır; ayrı sözlə, sevən kəs özündə yoxa çıxıb özgəsində zühur eləyir. Sufilərin fəna-fillah nəzəriyyəsi, vəhdəti-vücud fəlsəfəsi də aşağı-yuxarı elə bu deməkdir: aşiq özünü badi-fənaya verib Allahda təcəlla eləyir, özündə ölüb Allahda dirilir, bununla da faktiki bəndəlik məqamından allahlıq mərtəbəsinə ucalır. Allah isə, Əttarın əsərindən yola çıxsaq, başqalarının cəmi, vəhdəti deməkdir; heç təsadüf deyil ki, Tövratda, Quranda da Yaradan özünü çox vaxt “Biz” əvəzliyi ilə təqdim eləyir, elə sufizmin, Hegelin, külli idealizmin də allahı Quranda özünü “Biz” adlandıran, varlığını birinci şəxsin cəmində cəmləşdirib təsdiqlə(y/d)ən allahdır. Orxan Pamukun romanı fəna-fillah, vəhdəti-vücud konsepsiyasının modern fırçayla çəkilmiş illüstrasiyası, təkliyin çoxalmasının, çoxluğun birləşib yenidən təkləşməsinin, “mən”in “biz”ləşməsinin sivilizasiyanın yaşına uyğunlaşdırılmış çağdaş yozumudur.
Fəqət məhəbbətin gücüylə özgəsinə çevrilməyi, özgəsiləşməyi əsla başqalarını təqlidlə qarışdırmaq olmaz. Təqlid məhz özgələşmədir, özgəsiləşmə deyil. Qalibin gecə pavilyonunda ünsiyyətə girdiyi yüngülbeyin qadın yalançı təcəllaya parodiya, təqlidçiliyə karikatura, insanın özünə yadlaşmasına, özünə qayıdıb özü ola bilməməsinə tragikomik illüstrasiyadır: qadın bütün varlığıyla Türkan Şoraya bənzəməyə çalışır, davranışı, jesti, nitqiylə məşhur aktrisanı yamsılayır, Türkan Şorayın filmlərindən seçib əzbərlədiyi cümlələr, ifadələrlə danışır, di gəl, orijinalına çevrilə bilmir, pərəstiş obyektinin varlığına bir şey artırmır, ömrü boyu başqalarını yamsılayan şair kimi orijinalının mötərizəsində yatır, əslinin yedəyində sürünür.
***
Bunun əksinə, ikinci bölümün “Əsrarlı rəsmlər” adlı on dördüncü fəslində (Qalibin Cəlalın adından yazdığı köşə yazısı) gerçək təcəllanın mahiyyəti obrazlı şəkildə açılır. Bu fəsildə guya 1952-ci ildə İstanbulun Bəyoğlu məhəlləsində təşkil olunmuş bir rəsm yarışması xatırlanır. Rəssamlardan bir qrupu yarış keçirilən binanın girişindəki divarlardan birinə böyük bir İstanbul mənzərəsi çəkir. Rəqib komanda isə qarşı divara saf, təmiz, parlaq bir ayna tutur. İşlər tamam olub iki divar arasından pərdə götürüləndə birinci qrupun çəkdiyi əsrarəngiz mənzərə ikinci komandanın cilaladığı güzgüdə daha aydın, daha gözəl görünür. Rəsmin aynaya düşən əksində mənzərənin bütün mahiyyəti, gözəllikləri, gizli mənaları, görünməyən qatları açılır, bu səbəbdən münsiflər üstünlüyü rəsmi çəkən tərəfə yox, aynanı cilalayan tərəfə verirlər. Sıradan bir İstanbul mənzərəsi əks olunduğu güzgüdə dolğun, dərin, möcüzəli sənət əsərinə çevrilir. Necə ki, Qalib də adi bir vəkil idi, Cəlal Salikin aynasında əks olunandan sonra mürgülü potensialı açıldı, yetkin bir köşə yazarına, orijinal mütəfəkkirə çevrildi.
Bu ayna məsələsi çox yayğın sufi simvoludur, Pamuk bu pritçanı Mövlananın “Məsnəvi”sindən əxz eləyib. Ancaq Cəlalın təbirincə söyləsək, bu hekayə də oğurluqdur, həmin pritçaya Mövlananın əsərindən xeyli əvvəl Nizaminin “İsgəndərnamə” epopeyasında rast gəlinir. Mənzum romanın “Rum və Çin nəqqaşlarının yarışı” adlı fəslində Rum nəqqaşları gözəl bir mənzərə çəkirlər, Çin nəqqaşları isə ona güzgü tuturlar - Azərbaycan oxucusu həmin epizoda yaxşı bələddir. Bu məqamda Balzakın “Gizli şedevr” novellasından bir cümləni xatırlamasaq olmaz: “İncəsənətin vəzifəsi təbiətin üzünü çıxarmaq deyil, onun mahiyyətini ifadə eləməkdir - rəssam, sən miskin kopyaçı deyilsən, sən sənətkarsan!” Eynən Rum nəqqaşları da təbiətin surətini çıxarırlar, Çin nəqqaşları isə ona məna verirlər. Nizamidən əvvəl də bu mövzuda, buna bənzər hekayə yazan olubmu, bilmirəm...
Romanda belə bir cümlə var: “Eynən iyirmi beş il öncəki halını təqlid edən bu ev, bu otaq kimi İstanbulun bir başqa yerində eyni şəkildə döşənmiş başqa bir ev, otaq ola biləcəyi gəldi ağlına”. Fikrimcə, Pamukun əsərlərində başlıca motiv “başqası”dır, insanın can atdığı mənəvi əkiztayı, həyatını izləməyə, ömrünə dalmağa çalışdığı idealı, könül qardaşı, tale ortağı. Bu motiv “Qara kitab”dan savayı “Bəyaz qala”, “Mənim adım qırmızı”, “Qar”, “Məsumiyyət muzeyi” romanlarının da şah damarıdır. “İstanbul” avtobioqrafik romanının isə ilk fəsli, ilk abzası məhz bu, fəlsəfi təbirlə desək - idealistik konstruktun, elmin pəncərəsindən baxsaq - psixoloji kompleksin ifadəsinə həsr olunub (təhrifə yol verməmək üçün sitatı orijinaldan gətirirəm): “İstanbul’un sokakları içerisinde bir yerde, bizimkine benzeyen bir başka evde, her şeyiyle benim benzerim, ikizim, hatta tıpatıp aynım bir başka Orhan’ın yaşadığına çocukluktan başlayarak uzun yıllar aklımın bir köşesiyle inandım. Bu düşünceyi ilk nereden ve nasıl edindiğimi hatırlamıyorum. Büyük ihtimal, yanlış anlamalar, rastlantılar, oyunlar ve korkularla örülmüş uzun bir süreç sonunda fikir içime işlemişti. Bu hayal kafamda ışımaya başlayınca neler hissettiğimi açıklayabilmek için onu en belirgin şekliyle ilk hissettiğim anlardan birini anlatmalıyım...”
Belə çıxır ki, bütün yaradıcılığı boyu yazıçı ruhunu təkadamlıq qəfəsdə saxlayan tənhalığından qurtulmaq üçün o başqa Orxanın axtarışında olub, onun iziylə getməyə, ona yetişib ondakı əslinə qovuşmağa, onun ömrünə dalmağa, onun kimliyinə bürünməyə, onun həyatında eşələnməyə, ona çevrilib, ondan zühura gəlib özünə onda baxmağa, özünü ona qatıb onda tapmağa, onu tanrılaşdırmağa can atıb. Qalibin sonda gəldiyi qənaət də bu gümana düşməyimizə əsas verir: “İnsanın özü ola bilməsinin tək yolu bir başqası olmaq, başqalarının həyat hekayələrində azıb itməkdir”. Yazıçılıq da zatən elə bu deməkdir.
F.UĞURLU
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

