Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Şənbə üçün nəzm

Şənbə üçün nəzm

15.02.2025 [08:52]

SƏRÇƏ BALASI

İlahi, mənə yox, mən istəmirəm,

İlahi, yazığın gəlsin bu qıza.

Elə eləmə ki,

oğlanlar, qızlar,

Kişilər, arvadlar gülsün bu qıza.

Elə eləmə ki,

vüsal yerinə

Göz yaşı danışsın, qəhər danışsın.

Bir qızdan bir bölük adam danışsın,

Bir qızdan bir böyük şəhər danışsın.

Elə eləmə ki, bu qız bu eldə,

Dilə-dişə düşsün məndən ötəri...

Sərçə balasıdı bu qız bu saat,

Boynunu uzadıb dəndən ötəri.

Bu qızın

bu saat məndən umduğu,

Məndən istədiyi dən məndə yoxdu.

Bu qız ay istəyir, ay yoxdu məndə,

Bu qız gün istəyir gün məndə yoxdu.

Sevgi yoxdu məndə sevəm bu qızı,

Elə axan suyu belə döndərim.

Çevirəm özümü kəpənəyə mən,

Bu qızı çiçəyə, gülə döndərim.

Səndən çiçək olmaz, səndən gül olmaz,

Məndən də kəpənək, sərçə balası.

Durduğumuz yerdə biz niyə duraq,

Biz niyə tərpənək, sərçə balası?

Lap belə tərpəndik, lap belə getdik,

Sən deyən, mən deyən olası deyil.

Sərçə balasısan sən bu dünyada,

Şair ki, kəpənək balası deyil.

Kəpənək olmuşam dünyada bir vaxt,

Qanadım da olub bilmək istəsən.

İstəyim də olub özümə görə,

İnadım da olub, bilmək istəsən.

O qanad,

o inad,

o istək hanı,-

O qanad,

o inad,

o istək öldü.

Bircə gün çəkmədi gəlib-getməyi,

Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,

ağca yun kimi,

Diddilər, diddilər o kəpənəyi.

Daraşıb qanadlı, əlli-ayaqlı,

Yedilər, yedilər o kəpənəyi.

Hanı o kəpənək, hanı o sevgi?-

Yaşamır, yaşamır, sərçə balası.

Bu ağ kəpənəklər o kəpənəyə,

Oxşamır, oxşamır, sərçə balası.

...Sən ey yeri, göyü yaradan kişi,

Uzaq görünürmü ordan yer sənə?!

Bu qıza bu boyda sevgi vermisən,

Mənə də bir azca sevgi versənə.

Səni də düşəsən mənim günümə,

Sənin göyün olsun,

quşun olmasın.

İlahi, neyləsən, sən mənə eylə,

İlahi, bu qızla işin olmasın...

GECƏNİN BİR ALƏMİ

Sonra nə oldusa, yadıma gəlmir,

Onu bilirəm ki, qanım qaynadı.

Onu bilirəm ki, ruhum oynadı,

Sonra nə oldusa, yadıma gəlmir.

Tez durub geyindim, çıxdım küçəyə,

Küçə sizə sarı çəkirdi məni.

Ulduz sizə sarı, ay sizə sarı,

Gecə sizə sarı çəkirdi məni.

Gecədən, ulduzdan, aydan da betər,

Ürək sizə sarı çəkirdi məni.

Fələyə nə deyim, tutub qolumdan,

Fələk sizə sarı çəkirdi məni.

Küçənin, gecənin, ulduzun, ayın,

Ürəyin sözündən çıxa bilmədim.

Tanrının sözündən çıxa bilmədim,

Fələyin sözündən çıxa bilmədim.

Alnıma toxundum, gördüm tərləyib;

Dodağıma baxdım, uçuqdu gördüm.

Bütün darvazalar gördüm bağlıdı,

Sizin darvazanız açıqdı gördüm.

Keçdim darvazadan, çıxdım həyətə,

Arzu, istək məni yaxalamışdı.

Ulduz oyaq idi, ay oyaq idi,

Tanrı oyaq idi göyün üzündə...

Qapınızın zəngi yuxulamışdı.

Qapını oyatdım, zəngi oyatdım,

Oyatdım yuxudan zəngin səsini.

Daha düşünmədim, fikirləşmədim

İşin avandını, işin tərsini.

İş belə oldu ki, zəngin harayı,

Yuxudan yarımçıq qaldırdı səni.

Durna qatarında uçub gedirdin,

Durna qatarından saldırdı səni.

Sən oyanan kimi, sən duran kimi,

Əllərin oyanıb qalxdı yuxudan.

Yastığın üstünə sərilib qalan,

Tellərin oyanıb qalxdı yuxudan.

Çiyinlər oyandı -pambıq çiyinlər;

Addımlar oyandı- kövrək addımlar.

Nə gözəl olurmuş, Allah, yuxudan

Yarımçıq duranda gözəl qadınlar.

Həmişəki kimi “eşş” eləmədin,

Bir sözü çevirib beş eləmədin,

Sağını-solunu eşələmədin,

Yüyürdün qapıya, çatdın qapıya.

Uzandı işığa süd barmaqların,

Evin süd işığı alışdı, yandı.

Sonra nə oldusa, yadıma gəlmir,

Sonra vaxt dayandı, zaman dayandı.

Sonra söndü evin süd işıqları,

Elə bil əridi, çürüdü, getdi.

Ulduzun yanına, ayın yanına,

Tanrının yanına yeridi getdi.

O süd işığından nə qaldı bizə?

Ağ yastıq, ağ döşək, ağ yorğanüzü.

Sənin baxışının odu, alovu,

Mənim baxışımın çınqısı, közü.

Od-oda qarışdı, alov-alova,

Köz-közə qarışdı, çınqı-çınqıya.

Əl ələ qarışdı, barmaq barmağa,

Dil dilə qarışdı, yanğı yanğıya.

Sən mənə dedin ki, lap elə belə?

Mən sənə dedim ki, lap elə belə.

Bu mənim telimdi, bu sənin telin.

Axtara bilirsən, tapa bilirsən,

Axtar elə-belə, tap elə-belə.

Gecə çırpınırdı, gecə əsirdi,

Gecə titrəyirdi, nə titrəyirdi,

Sinəmiz gecəni: -bu xoş keçəni

Bir daş ütü kimi ütüləyirdi.

Gecənin sümüyü sürmə olmuşdu,

Dişinə dəyirdi dişi gecənin.

Bütün qitələri bölüşdürmüşdük,

Biri bizim idi, beşi gecənin.

Sonra nə oldusa, yadıma gəlmir,

Onu bilirəm ki, səhər açıldı.

Onu bilirəm ki, əlim səyridi,

Açıq pəncərədə baxdım səmaya

Tanrı bizə baxıb gülümsəyirdi...

“Pullu adam”

Sənin pulun var.

mənim tanrım.

Sənin evin var,

mənim ilhamım.

Sənin maşının var,

mənim qələmim.

Sənin telefonun var,

mənim azadlığım.

Sən görən işi mən görə bilmərəm,

mən görən işi sən.

Sən sevinc içində üzürsən,

mən dərd içində.

Günlərin bir günü ölüb gedəcəyik,

sənin pulun, evin, bağın,

maşının, telefonun,

sevincin qalacaq bu dünyada,

mənim tanrım, ilhamım,

şeirim, qələmim,

azadlığım, dərdim.

***

Bir də baxırsan ki, göyün üzündə

ayın yarısı var, yarısı yoxdu

Kəndimizə getdim, qocalar gördüm,

kişisi yaşayır, qarısı yoxdu, -

bu vaxtdan nə desən gözləmək olar.

Uşaqlar gördüm ki, indi hamısı

olub ev yiyəsi, eşik yiyəsi.

İkəmmi,

üçəmmi, deyə bilmərəm,

doğub Həsigilin qaşqa düyəsi, -

bu vaxtdan nə desən gözləmək olar.

Həsinin özü də gördüm ki, elə

Gəlib üç-dörd uşaq atası olub.

Ətə-qana dolub bizim Süleyman,

ortası bir palıd ortası olub, -

bu vaxtdan nə desən gözləmək olar.

Bu vaxtdan nə desən gözləmək olar,

dünyanın çarxını döndərə bilər,

İstəsə cənnətin mələklərini

yığıb cəhənnəmə göndərə bilər.

***

Qərib nar əkər, nar əkər,

Narı nar olmaz, nar olmaz.

Qərib deyər: qərib qızdan

Mənə yar olmaz-yar olmaz.

Sünbülü qıçada qalar,

Buğdası puçada qalar,

Alması taxçada qalar,

qalar, saralmaz-saralmaz.

Kim qəribə arxa çıxar,

Qərib birdən yoxa çıxar,

Dərd əlindən dağa çıxar,

Dağda qar olmaz-qar olmaz.

Tək dedilər - təklədilər,

qanına yeriklədilər.

sonra da dərdini alıb

dağa-daşa yüklədilər,

çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,

öldürməyə tələsdilər,

günün günorta çağında

ağacı elə kəsdilər, -

kölgə bilmədi-bilmədi.

Xallandı gül - butasında.

nər qarnında - qartasında.

Bir şairi öldürdülər

bir ölkənin ortasında, -

ölkə bilmədi-bilmədi.

***

Sevgi bitmir, istək bitmir,

Neynirəm bu şoran yeri.

Mənim könlüm dağ yeridi,

Sənin könlün aran yeri.

Toxum ver əkə bilirəm,

Ağrı ver çəkə bilirəm,

Özümə qiblə bilirəm,

Sən o yatıb-duran yeri.

Sənin o evin-eşiyin,

Sənin o itin, pişiyin,

Sənin o yorğan-döşəyin,

Dünyanın qurtaran yeri.

Eldar Baxış

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Zəfərimizin 5-ci ili

20 Mart 13:33  

Analitik

Şər üçbucağı...

20 Mart 13:12  

Analitik

ABŞ geri çəkilir

20 Mart 12:33  

Analitik

Analitik

Analitik

Asiya

İkinci raund...

20 Mart 09:16

Dünya

Bizim planet!

20 Mart 08:56

Dünya

Xoşbəxt olun!

20 Mart 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31