Hindistan dərvişi
12.10.2024 [08:16]
Rabindranat Taqorun “Gitancali” mistik toplusu haqqında
Taqorun lirik qəhrəmanı bütün idealist filosofların, şairlərin, yazıçıların “ləhcəsində” danışır, müəllifini onlarla bir mərtəbəyə, bir dərgaha qaldırır. Bu ilahinamələrdə Platondan tutmuş Nizamiyə, Plotindən Avqustinə, Əttardan Mövlanaya, Nəsimidən Spinozaya, Hüqodan Tolstoya qədər hər kəsin barmaq izini, Rilkedən Ramiz Rövşənəcən neçə-neçə şairin ruh yaddaşını, genlərini tapmaq olar. Taqor öz sevdiyinə ikinci şəxs qismində yanaşsa da, onu öz canından ayrı tutmur, ona haqqın, gözəlliyin mənbəyi, özünə isə onun təcəllası kimi baxır.
Can necə tərk eyləsin,
ey can, səni,
Çünki canın canısan,
ey canımız! -
deyən Nəsimi aşağıdakı parçada elə bil yenidən söz meydanına at sürüb:
“Ey canımın canı! Mən vücudumu həmişə təmiz saxlamağa çalışacağam - bilirəm ki, bütün əzalarımda sənin həyatverici təmasının izi var.
Mən xəyallarımı, fikirlərimi həmişə yalandan, riyadan qorumağa çalışacağam - bilirəm ki, sən işığı mənliyimdə yanmış olan həmin həqiqətsən.
Mən qəlbimdən həmişə şəri qovmağa, orada sevgi bəsləməyə çalışacağam - bilirəm ki, sən qəlbimin ən gizli guşələrindəsən.
Mənim məqsədim hər əməlimdə səni zühura gətirməkdən ibarət olacaq - bilirəm ki, sən məni pənahında saxlayacaqsan”.
Yaxud Ramiz Rövşənin Allaha ünvanladığı,
Kim bilir necəsən, necə?
Kim bilir, bəlkə bu gecə
Sən idin qapımdan keçən,
Tanımadı qapım səni...
- bəndiylə bitən məşhur ilahinaməsinin aşağıdakı parçaya ruh qohumluğunu görmək üçün dərin fəhm, iti sezgi yiyəsi olmağa hacət yoxdur:
“Sənin hüzuruna gətirdiyim nəğməm bu günə qədər oxunmamış qalıb. Mən günlərimi rübabımı sazlamaqla, kökləməklə keçirmişəm.
Ahənglər əlimdən qaçır, sözlər lazım olduğu kimi düzülmürdü; yalnız sudan doymayan atəşdən qəlbim parçalanırdı.
Çiçək açılmırdı; yalnız külək ah çəkə-çəkə əsirdi.
Mən onun üzünü görmədim, səsini eşitmədim; yalnız evimin qarşısındakı yolda sakit ayaq səsləri duydum.
Uzun bir gün ona yer hazırlamaqla gəlib keçdi; amma çırağım yanmadı, mən onu öz evimdə qəbul eləyə bilmədim.
Mən onunla görüşmək ümidiylə yaşayıram; amma bu görüş müyəssər olmur ki, olmur”.
Aşağıdakı pritçada isə elə bil Platonun mağarasında zəncirə vurulmuş qafillərdən biri danışır:
“- Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurub?
Dustaq dedi:
- Mənim hökmdarım. Mən sərvətdə, qüdrətdə hamıdan üstün olacağımı düşünüb hökmdarımın bütün var-yatırını öz xəzinəmə daşıdım. Məni yuxu basanda ağam üçün döşənmiş yatağa girib uzandım, ayılanda gördüm ki, öz xəzinəmin dustağıyam.
- Ey dustaq, söylə görüm bu qırılmaz zəncirə səni kim bənd eləyib?
Dustaq cavab verdi:
- Mən özüm. Bunları mən özüm belə ustalıqla döyüb bərkitmişəm. Düşünürdüm ki, yenilməz qüdrətimlə bütün dünyanı əsir alıb tək özüm azad qalacağam. Gecə-gündüz bu zəncirin üstündə işlədim, onu odda-alovda közərdib ağır çəkiclə döydüm. İş başa çatıb zəncirin halqaları qırılmaz surətdə bir-birinə bənd olanda gördüm ki, mən heç kimi yox, özümü zəncirləmişəm”.
*
Dünyəvi arzulara könül verən, canını maddi aləmə buxovlayan insan daşıdığı ömür yükünü duz yükünə çevirir. Bədən ruhun iş otağı, onun dünyayla əlaqəsini tənzimləyən rabitə qurğusu, Yaradanın icad elədiyi kosmik aparatdır. Yalnız bu missiyasını yerinə yetirəndə insan cismi mötəbərlik, müqəddəslik qazanır.
Ancaq bədənin ruhun canatımlarına müxalif maraqları da var, insan bu maraqların - tamahının, ehtirasının ardınca sürünəndə qanadlarını yandırır, çiyinlərini gücə salır, canını artıq yük kimi, şələ kimi daşıyır. Bu, elə bir yükdür ki, onu yük yiyəsinin özündən başqa bir kimsə çəkə bilməz, bu işdə nə anası, nə balası onun dadına çatar. Bədən ruha işlədikcə öz yükündən xilas olur. Yalnız bu halda fani insan cismi kosmik missiyasını yerinə yetirmiş sayılır:
“Ey nadan, sən özün özünü çiynində daşımağa cəhd göstərirsən! Sən öz qapında özündən sədəqə dilənirsən!
Öz yükünü o kəsə ver ki, onu qaldırmağa gücü yetər, sənə ağır gələnlər ondan ötrü bir nemətdir.
Sənin arzun nəfəsiylə çırağın alovunu bir andaca söndürər. O arzular xəbisdir, xəbislərdən hədiyyə götürməzlər”.
*
Bu həyat özü boyda bir məclisdir, Tanrı kimi bu məclisə çağırırsa, ona həm dinləmək, həm də danışmaq imkanı verir. Bu imkandan yararlanıb böyük mətləblərə vaqif ola, böyük həqiqətlər dilə gətirib böyük işlər görə də bilərsən, o məclisdə yeyib-içib mürgüləyə, ömrü yuxuya verə də bilərsən. Yalnız birinci halda bu qaranlıq mağaranın bacası üzünə açılacaq, arzusunda olduğun dərgaha ayaq basacaqsan; qalan bütün hallarda bir siçan deşiyinə təpilib ilan-çayana yem olacaqsan:
“Mən bu dünya ziyafətinə çağırılmışdım, həyatım əziz tutulmuşdu. Gözlərim görürdü, qulaqlarım eşidirdi.
Bu ziyafətdə mənə rübab çalmaq nəsib oldu, mən də əlimdən gələni əsirgəmədim.
İndi soruşuram: nəhayət, o saat gəlib çatıbmı ki, mən içəri girib sənin çöhrəni görə bilim, sənə salamımı səssiz-səmirsiz verə bilim?..”
*
Səksən il ömür sürmüş Rabindranat Taqorun yaradıcılığı qollu-budaqlıdır - yazıçının onlarla poetik toplusu, səkkiz romanı, çoxlu pyesi, daha nələri, nələri var. Bundan başqa o, gözəl rəsmlər də çəkib, xoş musiqilər də bəstələyib.
On üçüncü əsrdə yaşamış Əmir Xosrov Dəhləvi - Nizami Gəncəvinin ilk böyük ardıcılı, fars dilində yazıb-yaratmış türk oğlu klassik hind ədəbiyyatının da, musiqisinin də banisi sayılırsa, modern çağa keçid dövründə həyata qədəm qoymuş Rabindranat Taqoru da yeni Hindistanın mənəvi atası saya bilərik. Təsadüfi deyil ki, bu ölkənin himninin sözü də, musiqisi də onun qələmindən çıxıb. Təkcə bu faktın özü eşidənlərə az şey demir.
Böyük sənətkar ta gəncliyindən ictimai işlərdən də uzaq düşməyib, Hindistanın sosial-siyasi həyatına heç vaxt biganə qalmayıb. Bu kiçik yazıda onun fəaliyyətinin bütün yönlərinə toxunmaq, xalqının maariflənməsi, ölkəsinin ingilis əsarətindən qurtulması uğrunda gördüyü işləri sadalamaq imkanımız olmadı. Yalnız bunu vurğulamaq istərdik ki, Taqorun öz vətəninin, millətinin həyatında tutduğu yer, oynadığı rol bircə böyük istedadın, bircə parlaq zəkanın bir xalqın taleyinə necə yön verdiyinə, onun ruhunu necə səfərbər elədiyinə, onu özünə necə tanıtdığına daha bir gözgörəti sübutdur.
Əvvəli ötən sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30

