Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə-Rusiya münasibətlərinin dünəni, bu günü və gələcəyi

Türkiyə-Rusiya münasibətlərinin dünəni, bu günü və gələcəyi

13.08.2009 [10:08]

Tarixi rəqabət və qarşıdurmadan strateji əməkdaşlığa doğru...
Slavyan və türk etnoslarının tarixi əlaqələrini özündə ehtiva edən rus-türk münasibətləri tarixin ayrı-ayrı dövrlərində müxtəlif forma və istiqamətlərdə təzahür edib. Sistematik olaraq, XV əsrdən Krım xanlarının vasitəçiliyi ilə əsası qoyulan Osmanlı-Rusiya əlaqələri həmin dövrdə daha çox ticarət sahəsində hökm sürüb. Tam 6 əsri əhatə edən zaman kəsiyində rus-türk münasibətləri savaşlar, yardımlar, əməkdaşlıq və rəqabət kimi istiqamətləri ehtiva edən sürüşkən müstəvidə mövcud olub. Tarixçilərin gəldiyi qənaətə görə,  məhz bu amillərin fonunda Rusiya-Türkiyə münasibətlərinin tarixi və onun inkişaf meyilləri zəngin və bir o qədər də mürəkkəb proses, mərhələləri əhatə edir...
Müharibə siyasətin zorakı vasitələrlə davamıdır...
Rus-türk münasibətlərinin tarixinə nəzər saldıqda ən çox rast gəlinən halın məhz müharibə və qarşıdurmalar olduğunu görürük. Münasibətlərin tarixində ayrı-ayrı dövrlərdə qarşılıqlı maraqlara söykənən “permanent əməkdaşlıq” elementləri sezilsə də, əsas hissələri “maraqların toqquşması”ndan doğan müharibə halları təşkil edir. İlk mərhələlərdə müharibə və qarşıdurmaların əsas səbəblərini isə məhz bu cür qruplaşdıra bilərik:
1. Tərəflərin Xəzər hövzəsi, Qafqaz bölgəsi və Balkanlarda üstünlüyü ələ almaqla strateji əhəmiyyətli mövqelər əldə etmək istəyi;
2. Orta Asiya ilə Krım və Anadolu arasındakı Xəzər dənizinin şimalından keçən ticarət yollarında nəzarəti ələ almaq cəhdləri;
3. Qara dəniz hövzəsi və boğazlar uğrunda mübarizə;
4. Tərəflərin bir-birinə qarşı siyas
i və iqtisadi baxımdan üstünlüklər gətirəcək tələblər irəli sürməsi və s.
Tərəflər arasında ilk böyük müharibə 1676-1681-ci illəri əhatə edib. Rusiyanın Qara dənizə çıxmaq və bununla da, Osmanlının mövqeyini zəiflətməklə öz təsir imkanlarını genişləndirməyə çalışması məhz bu müharibənin başlıca səbəbini təşkil edib. Müharibənin sonu Rusiya üçün bütün Ukraynanın itirilməsinə səbəb olub. Bu isə öz növbəsində Rusiya ilə Türkiyə arasında qarşıdurma və ziddiyyətlərin daha da artmasına və növbəti müharibələrə təkan verib. XVIII əsrdə Osmanlı Türkiyəsi ilə Rusiya arasında ən genişmiqyaslı və strateji əhəmiyyətli qarşıdurmalar 1768-1774 və 1787-1791-ci il müharibələri olub. Rusiyanın getdikcə öz nüfuz və təsir dairələrini artırması - Qara dəniz ətrafını ələ keçirmək cəhdi və Polşa torpaqlarının bir hissəsinin ilhaq edilməsi 1768-1774 müharibəsinin əsasını təşkil edib. Məhz həmin ərəfədə Qərb öz mövqeyini müxtəlif vasitələrlə möhkəmləndirmək üçün Osmanlı Türkiyəsini Rusiya ilə müharibə aparmağa təhrik edib. Sonda imzalanan “Kiçik Qaynarca” müqaviləsi Osmanlı Türkiyəsinin strateji baxımdan sonunun başlanğıcı olub. Bu azmış kimi, yenə də imperialist Avropa dövlətlərinin təhriki ilə Rusiyaya müharibə elan edən Osmanlı Türkiyəsi 1787-1791 qarşılaşmasında strateji mənada tam olaraq fiaskoya uğrayıb. Hər iki müharibənin nəticəsində Dnestrin mənsəbindən Krımadək bütün Qara dəniz sahilləri Rusiyaya verilib, Osmanlı Krımın Rusiyaya məxsus olduğunu təsdiq edib və Cənubi Qafqaz  tam olaraq Rusiyanın təsiri altına düşüb. Yəni, Qərbin təhriki sayəsində Osmanlı üçün gələcəkdə davam edəcək təlatümlərin əsası qoyulub.
Tərəflər arasında ən böyük və son müharibə isə 1853-1856-cı illərə təsadüf edir. İngiltərə və Fransa özlərinin dənizaşırı planlarını gerçəkləşdirmək, bunun nəticəsində də Rusiyanı Avropa və Aralıq dənizindən tam olaraq sıxışdırıb çıxarmaq məqsədilə Osmanlının müharibəyə başlaması üçün yüksək fəallıq nümayiş etdiriblər. Əslində, bu müharibə bir növ Qərb-Rusiya savaşı səciyyəsi daşıyıb. Savaşın sonunda Qərbin dəstəyi ilə Rusiya məğlubiyyətə uğrasa da, bu qələbə Osmanlı üçün yalnız kağız üzərində olub. çünki savaş ərəfəsində Qərbdən külli miqdarda borc alan Osmanlı Qərbin “Troya atı” qarşısında “mat” vəziyyətinə düşüb. Bununla da, Osmanlının iqtisadiyyatı və onun “axilles dabanı” olan sənayeləşmə sahəsi tamam iflic olub.
XX əsr SSRİ-Türkiyə münasibətlərinə bir baxış
Birinci Dünya Müharibəsində Qafqaz cəbhəsində Osmanlı-Rusiya savaşı getsə də, SSRİ-nin formalaşdırılması və Türkiyə Cümhuriyyətinin əsasının qoyulmasından sonra münasibətlər yeni əməkdaşlıq və tərəfdaşlıq mərhələsinə qədəm qoyub. 1921-ci ildə tərəflər arasında “Dostluq və bitərəflik müqaviləsi” imzalanıb və İkinci Dünya Mübaribəsinədək münasibətlər bu müqavilə əsasında tənzimlənib. Lakin İkinci Dünya Müharibəsi ərəfəsində SSRİ-nin bir sıra tələblər - boğazlarda baza yaratmaq və Şərqi Avropada torpaq istəkləri irəli sürməsi ilə isti münasibətlərin üzərinə “sərin su səpilib”.
Müharibədən sonra - “soyuq müharibə” dövründə isə Türkiyənin Qərbin yanında yer alması - “Marşall planı”, “Trumen doktrinası” çərçivəsində yardımlar alması və NATO-ya üzv qəbul edilməsi bu ölkə ilə SSRİ-nin fərqli qütblərdə yer almasına səbəb olub. Onu da qeyd etmək yerinə düşər ki, məhz həmin ərəfədə SSRİ-nin hansısa çevriliş, yaxud da inqilab yolu ilə Türkiyəni ələ keçirmək niyyətində olmasına dair məlumatlar yayılıb. Həmin məlumatlar isə Qərbi, xüsusilə də NATO-nu Türkiyəni qorumaq üçün müəyyən addımlar atmağa sövq edib. Əslində, Türkiyədəki sovetlər xofu bir tərəfdən NATO-nun işinə yarayıb.
SSRİ-nin iflasından sonra isə Türkiyə ilə Rusiya arasında münasibətlər daha çox strateji rəqabət istiqamətində hökm sürür. Hər iki dövlət geostrateji baxımdan üstünlüklər gətirəcək bölgələrdə strateji balans və təhlükəsizlik sistemi yaratmaq, bununla da öz mövqelərini möhkəmləndirmək istiqamətində “fəaliyyət yarışı” aparırlar. Münasibətlərdə qarşılıqlı-faydalı əməkdaşlıq ştrixlərinə də rast gəlinir. Türkiyə Rusiya üçün Yaxın Şərq və “isti dənizlər”ə açılmaq və siyasi-iqtisadi baxımdan tranzit üstünlüklər qazanmaq baxımından mühüm önəm kəsb edirsə, Kreml də Ankara üçün enerji təhlükəsizliyinin təmin edilməsi, Qafqaz bölgəsi və Xəzər hövzəsində strateji baxımdan əhəmiyyətli əməkdaşlıqlar perspektivi vəd edirdi. Elə Rusiyanın Baş naziri Putinin Ankaraya son səfərində tərəflər arasında önəmli 20 sənədin imzalanması bunu bir daha təsdiq edir.
Türkiyə ilə Rusiyanın yaxınlaşması region üçün yeni bir nizam vəd edir
Təsadüfi deyil ki, bu səfər mərkəzində Rusiya ilə Türkiyənin durduğu yeni güc mərkəzinin yaranacağına dair ehtimalların səsləndirilməsinə yol açıb. Bu ehtimalların reallaşıb-reallaşmayacağı barədə bir qədər sonra. Hələlik isə onu qeyd edək ki, Türkiyə ilə Rusiyanın yaxınlaşması həm regional, həm də qlobal səviyyədə böyük əhəmiyyət daşıyır. Tarixdən bəlli olduğu kimi, bu iki dövlət heç zaman münasibətlərində səmimi olmayıblar. Lakin siyasi vəziyyətdən asılı olaraq, Türkiyə və Rusiya müəyyən məsələlərdə yaxınlaşa bilirlər. Bu mənada indiki siyasi vəziyyətdə Rusiya ilə Türkiyə arasında yaranmış isti münasibətlər və imzalanmış 20-yə qədər sənədin fonunda hazırkı yaxınlaşmadan nəyisə gözləmək olar...
Rusiya Avrasiya məkanının böyük bir hissəsinə malik olan nüvə dövləti kimi dünya hegemonu olmaq, həmçinin, ətrafında bir çox güclü ölkəni birləşdirən güc mərkəzi yaratmaq istəyir. Bu işin öhdəsindən Asiya qitəsində qismən gələn Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı ətrafında çin, Hindistan, İran, Pakistan, Qazaxıstan kimi dövlətləri toplaya bilib. Amma nəticə hələ də əldə olunmayıb. çünki, fərqli geostrateji xəttə malik bu ölkələr Rusiyanın ya səmimiyyətinə inanmır, ya da hegemon dövlət olaraq onu qəbul etmirlər. Amma hər bir halda Rusiyanın Asiya qitəsində apardığı siyasət müəyyən mənada öz bəhrələrini verir...
Türkiyə Qafqaza, Yaxın və Orta Şərqə, eyni zamanda şimala açılan dəhlizdir. Bu dövlətin Aralıq dənizi sahilində yerləşməsi və Qara dənizin sahibi olması onun geostrateji əhəmiyyətini dəfələrlə artırır. Xüsusilə, hazırkı dönəmdə - Avropa Birliyi üçün enerji təhlükəsizliyinin həyati faktor olduğu bir vaxtda Türkiyə açar dövlət kimi vacibliyini ortaya qoyur. Digər tərəfdən, Türkiyə bir NATO ölkəsi olaraq, dünya miqyasında çox güclü orduya malikdir...
...Rusiya isə Avropadan gələn NATO küləyinin qarşısını almaq üçün Avropa qitəsində hər hansı müttəfiqlik səddi yaratmağa çalışır. çünki siyasi xəritəyə nəzər saldıqda bəlli olur ki, Rusiyanın qonşuluğunda olan Baltik ölkələri artıq NATO-nun üzvüdür. Bu hərbi-siyasi təşkilat isə SSRİ dönəmində olduğu kimi bu gün də Rusiyanın ətrafında Ukraynanın, Gürcüstanın və digər dövlətlərin hesabına sanitar karton yaratmaq istəyir. Bu səbəbdən ötən il müharibə səviyyəsində gördüyümüz hadisələr məhz, buradan qaynaqlanırdı. Və bu gün də həmin həyəcan yaşanmaqdadır...
...Türkiyə Qara dəniz sahillərində yerləşməklə Avropa qitəsinin bütün istiqamətlərində gedən enerji xətlərinə nəzarət imkanına malik bir ölkədir. Balkanlardan keçərək Mərkəzi və hətta Şimali Avropayadək uzanacaq NABUCCO layihəsi, Azərbaycan qazının Pasedon layihəsi çərçivəsində Cənubi Avropa ölkələrinə ixracı, bütövlükdə Avropanın qaz təminatını həyata keçirə biləcək “Cənub axını” qaz kəməri məhz, Türkiyədən keçir. Bu səbəbdən də Rusiya bu ölkə ilə yaxınlaşır və qarşısına qoyduğu strateji məqsədlərinə çatmaq istəyir...
Bu iki ölkənin yaxınlaşması region üçün də yeni bir nizam vəd edir. Əgər bu yaxınlaşma səmimi əməkdaşlıq və hətta ittifaq səviyyəsində öz aktuallığını qoruya bilsə, o zaman:
- XIX əsrdə həm Rusiyanın Qafqazdakı maraqlarının qorunması, həm də Türkiyəni daim təhdid altında saxlamaq üçün Azərbaycanın torpaqları hesabına yaradılmış Ermənistan dövlətinin statusu artıq öz əhəmiyyətini itirmiş olacaq;
- Türkiyə ilə Rusiya yaxınlaşmasının strateji səviyyəyə qədəm qoymasından sonra artıq regionda mövcud “dondurulmuş” münaqişələrin həlli gündəmdə olacaq;
- Bununla da, Ermənistanın Azərbaycan və Türkiyə ilə olan mənfi münasibətləri aradan qaldırıla və Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər;
- Ən əsası, sözügedən yaxınlaşma Rusiya və Türkiyənin iştirakı ilə bölgənin gələcək təhlükəsizlik və əməkdaşlıq ruhunu yüksəltmək üçün yeni bir təşkilatın yaradılması ilə nəticələnə bilər (Slavyan-Türk İttifaqı, yaxud da Qərbin təsir edə bilmədiyi Yeni Avrasiya İttifaqı) və s.
Əlbəttə ki, Rusiya-Türkiyə yaxınlaşması və gələcək perspektivlər üçün nəticələrin əldə olunması üçün ilk növbədə hər iki dövlətin maraqları təmin olunmalıdır. Daha doğrusu, həm Türkiyənin, həm də Rusiyanın sözügedən yaxınlaşmada mühüm strateji hədəfləri olmasa, bu cür isti münasibətlər yaranmazdı. Beləliklə, rəsmi Moskva bu yaxınlaşma ilə aşağıdakı planları hədəfləyir:
- Rusiya Avropanın enerji təhlükəsizliyini təmin edə biləcək NABUCCO layihəsini arxa plana atmağa, hətta bu layihənin sadəcə kağız üzərində qalmasına çalışır;
- Rusiya Türkiyəyə sərfəli şərtlər təklif etməklə “Cənub axını” layihəsini reallığa çevirməyə çalışır;
- Adıçəkilən layihənin reallaşmasından sonra Avropa ölkələrinə nəql ediləcək qaz Rusiyanın Avropanın enerji bazarında daha da möhkəmlənməsinə səbəb olacaq;
- Rusiya neftinin tankerlərlə Ceyhan limanına çatdırılması və kəmərlər vasitəsilə Avropaya çıxarılması Moskvaya əlavə dividentlər gətirəcək;
- Bütün bunların fonunda Moskva Avropanı “parçalayacaq”, qitədə Rusiya tərəfdarlarından ibarət qruplaşma yaradacaq.
Rəsmi Ankaranın da yaxınlaşma ilə əlaqədar öz plan və istəkləri mövcuddur;
- Türkiyə on illiklər boyunca öz strateji maraqları naminə onu aldadan Avropa Birliyini “cəzalandırmaq” imkanı əldə edəcək. özünün həm enerji, həm təhlükəsizlik, həm də maliyyə problemlərini həll edəcək Türkiyə artıq Avropa qarşısında şərtlər irəli sürəcək:
- Moskva ilə Ankaranın yaxınlaşması Türk və İslam dünyasında Türkiyənin nüfuzunun artmasına, dayaqlarının möhkəmlənməsinə səbəb olacaq;
- Türkiyə Rusiya ilə strateji tərəfdaşlıqdan böyük dəstək və dividentlər əldə etməklə, Qafqazı, Yaxın və Orta Şərqi, Mərkəzi Asiyanı, Əfqanıstanı, Pakistanı müdafiə edəcək və həmin regionlarda yerləşən dövlətlərin siyasi dəstəyini qazanacaq (Əlbəttə ki, Rusiya istəməz ki, Türkiyə bu qədər irəli getsin. Amma Türkiyə işini elə qurmalıdır ki, bir çox təsir rıçaqları elə Ankaranın əlində qalsın).
Azərbaycanın maraqları mütləq nəzərə alınacaq
Türkiyə ilə Rusiyanın yaxınlaşmasında Cənubi Qafqazın söz sahibi olan, Avropanın enerji təhlükəsizliyində mühüm rola malik, Xəzərin və Mərkəzi Asiya dövlətlərinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çatdırılmasında tranzit ölkə rolunu oynayan Azərbaycanın maraqları yaddan çıxmamalıdır. Rusiya və Türkiyənin baş nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə əbəs yerə toxunmayıblar. Bununla bir daha Bakıya siqnal ötürülüb ki, bu yaxınlaşmada Azərbaycanın maraqları mütləq nəzərə alınacaq:
- Birincisi, ona görə ki, müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan Xəzərin və Mərkəzi Asiya dövlətlərinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çıxarılmasında əlahiddə rol oynayır və bu, Rusiyanın maraqlarına zidd deyil;
- İkincisi, Azərbaycanın tranzit ölkə olması, Xəzəryanı layihəsinə milyardlarla dolların xərclənməsinə ehtiyac yaratmır;
- üçüncüsü, Ermənistanın mövcud statusunun dəyişməsi (yəni, Rusiya-Türkiyə yaxınlaşması fonunda Yerevandan Ankaraya qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi öz aktuallığını itirəcək. Əlbəttə ki, Rusiya bu yaxınlaşmada səmimidirsə) Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə yol açır və s.
Rusiya “erməni kartı”ndan imtina edəcəkmi?
Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi, bu yaxınlaşmanın Azərbaycana da faydasının dəyə biləcəyi qaçılmazdır. Ən azı o baxımdan ki, Rusiya-Türkiyə yaxınlaşması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər. Lakin müəyyən şərt daxilində. Daha doğrusu, Rusiyanın erməni siyasətinin bundan sonra hansı formada davam edəcəyi, rəsmi Moskvanın “erməni kartı”ndan imtina edib-etməyəcəyi nəinki sözügedən münaqişənin həllində, ümumiyyətlə, Rusiya-Türkiyə ittifaqının baş tutub-tutmamasında da mühüm rol oynayacaq. çünki Ankara ilə Moskvanın bundan sonra müttəfiq kimi addımlamasının, həmçinin, zaman-zaman təklif olaraq səsləndirilən Slavyan-Türk Birliyinin formalaşmasının yolu Rusiyanın erməni siyasətində köklü dəyişikliklər etməsindən keçir. Axı, heç kəsə sirr deyil ki, ermənilər əvvəllər çar Rusiyası, sonra SSRİ, müasir dövrdə isə Rusiya Federasiyasının regiona, xüsusilə də Türkiyə və Azərbaycana təzyiq vasitəsi rolunu oynayıblar. Elə Azərbaycan torpaqları hesabına Ermənistan dövlətinin yaradılması, həmçinin, Dağlıq Qarabağın erməni separatçılarının bu və ya digər formada dəstəklənməsi də həmin siyasətə xidmət edib. Yəni, əslində, ermənilər və Ermənistan bu vaxta qədər Rusiyaya regionda hegemonluğunu qorumaq, həmçinin, Türkiyəyə təzyiq etmək üçün lazım olub. İndi isə vəziyyət dəyişib və Rusiya Türkiyəyə barışmaz rəqib deyil, gələcək strateji müttəfiq kimi yanaşmağa başlayıb. Hər halda Baş nazir Vladimr Putinin avqustun 6-da Ankarada keçirdiyi görüşlər və səsləndirilən fikirlər belə deməyə əsas verir. Və deməli, həmin fikirlərdə, əməkdaşlıq istəklərində səmimiyyət varsa, o zaman Rusiya öz forpostu olan Ermənistanın ipini çəkməlidir.
Əgər yaxın zaman kəsiyində rəsmi Yerevan öz işğalçılıq siyasətindən, danışıqlar prosesi zamanı sərgilədiyi qeyri-konstruktiv mövqedən imtina edərsə, həmçinin, Ermənistanın Türkiyəyə qarşı əsassız iddiaları tam aradan qalxmasa da, müəyyən qədər arxa plana keçərsə o zaman Moskvanın bu ipi çəkmək istəyində olduğu təsdiqlənəcək. Əks halda isə Rusiya-Türkiyə yaxınlaşmasının Moskvanın hansısa qısamüddətli planlarının reallaşmasına xidmət edən faktordan başqa bir şey olmadığı üzə çıxacaq.
“Yeni Azərbaycan”ın analitik qrupu
Paylaş:
Baxılıb: 1510 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30