Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyanın xarici siyasətinin paradoksları: Berlin “bumeranq” effekti ilə qarşı-qarşıya

Almaniyanın xarici siyasətinin paradoksları: Berlin “bumeranq” effekti ilə qarşı-qarşıya

25.06.2015 [09:44]

Müasir dövrdə - qloballaşma şəraitində əhəmiyyətli siyasi və iqtisadi resurslara malik olan milli dövlətlərin xarici siyasətində geopolitik rəqabət və mübarizə tendensiyaları daha çox özünü göstərir. Xüsusilə də, hegemonluq fəlsəfəsinə malik olan milli aktorlar regional və qlobal miqyasda mühüm təsir mexanizmləri əldə etmək üçün müxtəlif vasitələrə istinad edirlər. Bu kontekstdə Almaniyanın xarici siyasət strategiyası xüsusilə fərqlənir. Belə ki, bu ölkə Avropada vahid hegemon güc kimi formalaşmağa çalışır.
Almaniyanın “geosiyasi demokratiya” ssenarisi, yaxud “demokratiya” silahı geosiyasi oyunlar vasitəsi kimi...
Əsas etibarilə, Almaniya Avropanın bir sıra dövlətlərinə və ayrı-ayrı regionlarda güc mərkəzi kimi çıxış edən ölkələrə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışmaqla bir sıra geopolitik maraqlarını reallaşdırmağa cəhd göstərir. Bu kontekstdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycana münasibət də ayrıca vurğulanmalıdır.
Doğrudur, Almaniyanın Azərbaycana geosiyasi baxışı daha çox əməkdaşlıq formatı üzərində təşəkkül tapıb. Çünki regional güc mərkəzi olan Azərbaycanla çoxşaxəli strateji münasibətlər yaxşı perspektiv vəd edir. Amma Berlin məhdud və destruktiv xarakterli geosiyasi maraqlarını təmin etmək üçün müstəqil siyasət həyata keçirən Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışır, ölkəmizə qarşı “qara piar” kampaniyasında aktiv iştirak edir.
Bu məqamda vurğulamaq gərəkdir ki, bu tendensiya Almaniyanın xarici siyasətində yeni deyil və ənənəvi xarakter daşıyır. Belə ki, suveren daxili və xarici siyasət həyata keçirən, Berlinin irticaçı geostrateji tələblərinə məhəl qoymayan, öz milli maraqları əsasında hərəkət edən dövlətlərin bu ölkə tərəfindən təzyiqə məruz qalması gözləniləndir, çünki qeyd etdiyimiz kimi, Almaniyanın xarici siyasəti Avropada hegemonluq fəlsəfəsinə söykənir.
Ümumiyyətlə, müxtəlif geosiyasi maraqlar naminə müstəqil dövlətlərə qarşı təzyiq kampaniyası formalaşdırılarkən standart ssenarilərdən (“demokratiya”, “insan hüquqları” və s. məfhumlardan - N.Q.) istifadə edilir. Məsələn, Almaniyanın ekspansionalist siyasətində təzyiq kampaniyası daha çox müxtəlif təşkilatlar, “beşinci kolon” nümayəndələri vasitəsilə aparılır. Bu cür proseslər kontekstində daha çox mötəbər tədbirlər, hadisələr hədəf götürülür, bunlar üzərindən “qara piar” kampaniyasına start verilir.
Bu kontekstdə qeyd edək ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edildikdən sonra Vaşinqtondan idarə edilən subyektlər aktivləşməyə başladılar və ölkəmizlə bağlı ssenarilərin reallaşdırılmasına start verildi. Bu prosesdə üzdə olan qüvvələrin Avropadakı müəyyən dairələr olduğu nəzərə çarpırdı, amma reallıq ondan ibarətdir ki, ssenari müəllifi və pərdə arxasındakı güclər fərqli idi. Avropadan idarə edilən anti-Azərbaycan kampaniyasında, əsas etibarilə, Almaniya xüsusi fəallıq nümayiş etdirdi. Təkcə iyunun 1-dən 15-dək bu ölkənin mediası Azərbaycanla bağlı 30-a yaxın tənqidi material yayımladı. Bunlarla yanaşı, Avropa Parlamentində təşkil edilən müzakirələrin də arxasında məhz Almaniyanın durduğu sirr deyil...
Rəsmi Berlin Azərbaycana münasibətdə doğru strateji və taktiki seçimlər etmir
Əlbəttə, Berlinin bu cür fəallığı, bu ölkənin xarici siyasətində də öz əksini tapdı. Dolayısıyla, Almaniya əvvəlki dönəmdə olduğu kimi, yenə də təzyiq kampaniyasında müxtəlif vasitələrə istinad etməyə başladı. Paradoksal məqam isə budur ki, son hadisələr Azərbaycanla əməkdaşlığın əhəmiyyətini və geosiyasi perspektivlərini yaxşı anlayan, bunu beynəlxalq tribunada daim bəyan edən, ölkəmizlə qarşılıqlı-faydalı tərəfdaşlıq əlaqələrinə malik olan Almaniyanın bir çox hallarda Azərbaycana münasibətdə doğru strateji və taktiki seçimlər etmədiyini göstərdi.
Əsas məqam budur ki, rəsmi Berlinin regional münasibətlər sistemi çərçivəsində Azərbaycanla yeni keyfiyyətdə əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırmaq və uzunmüddətli qaydada davam etdirmək əvəzinə, müəyyən təsir elementlərindən istifadə etməsi anlaşılan və rasional seçim deyil. Çünki Azərbaycan bu ölkəyə münasibətdə olduqca rasional mövqe sərgiləyir və qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf edərək yeni keyfiyyət çalarları əldə etməsi üçün öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Amma Almaniya hələ ki, “demokratiya”, “insan hüquqları” kimi məfhumlardan siyasi manipulyasiya vasitəsi qismində istifadə edərək Azərbaycan əleyhinə neqativ rəy formalaşdırmaq və müəyyən maraqları təmin etmək istəyir...
Berlinin idarəçilik böhranı, yaxud Almaniyanın özü nə qədər demokratikdir?
Bəs, Azərbaycan kimi müstəqil dövlətlərə qarşı “demokratiya” amilindən istifadə edən, bu kontekstdə qərəzli çağırışlar səsləndirən Almaniyanın özü nə qədər demokratikdir?
Əslində, 2013-cü ilin 22 aprel-3 may aralığında Cenevrədə BMT-nin Baş Assambleyasının İnsan Hüquqları üzrə universal Dövri İcmal Qrupunun işçi iclasında bu ölkə ilə bağlı reallıqlar aşkar şəkildə əks olundu. Almaniyada insan haqlarının pozulması ilə bağlı xeyli məlumatlar dünya ictimaiyyətinə çatdırıldı və hesabat BMT-nin saytında yerləşdirildi.
Yeri gəlmişkən, uzun müddətdir ki, dünya mediasında özünü “demokratiya”nın beşiyi hesab edən və müxtəlif dövlətlərə qarşı “demokratik” çağırışlar səsləndirən Almaniyanın məhkəmə sisteminin, icraedici və qanunverici orqanlarının nümayəndələrinin illeqal hallara yol verməsinə, sırf irqi və milli kontekstdə ayrı-seçkilik sərgiləməsinə, həmçinin, bu ölkədə insan hüquqlarının kobud surətdə pozulmasına dair çoxsaylı materiallar dərc olunmaqdadır.
Bu kontekstdə bir neçə məqamı xüsusilə vurğulamaq gərəkdir. Məsələn, Almaniya Federativ Respublikası hələ də miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan Beynəlxalq Konvensiyanı ratifikasiya etməyib. Ölkədə insan haqlarının müdafiə mexanizmlərinin effektiv işləməsi üçün hüquqi baza yaradılmır və nəzarət olunmur. Xüsusilə də, yerli qanunverici orqanlar bu sahədə heç bir iş görmürlər. Bundan başqa, Almaniyanın irqi ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur. Yerli polis öz işində etnik diskriminasiyaya yol verir, irqi zəmində törədilmiş cinayətlər lazımınca araşdırılmır. Miqrantlar işə düzəlmək istəyəndə, hətta peşəkarlıq səviyyələri yüksək olsa belə, süni yaradılmış əngəllərlə üzləşirlər. Uşaqlarının təhsil almaq hüquqları kobud şəkildə pozulur. Müsəlman və türk miqrantlar bu cür problemlərdən daha çox əziyyət çəkirlər. Miqrant qadınların vəziyyəti daha da ağırdır: onlar işə düzəlmədən tutmuş, sosial xidmətlərə qədər bütün sahələrdə ayrı-seçkiliklə qarşılaşırlar.
Yerli hüquq müdafiəsi təşkilatlarının verdiyi informasiyaya görə, polisin özünün törətdiyi cinayətlər çox vaxt cəzasız qalır. Son zamanlar polis idarələrində zorakılıqla üzləşən insanların sayı artıb, onların arasında yetkinlik yaşına çatmamış şəxslər də var. Bundan başqa, Köln, Herfor, Leypsiq həbsxanalarında məhbuslara qarşı zorakılıq, qeyri-insani davranışlar haqqında məlumatlar var.
Onu da qeyd edək ki, bu ölkədə son illərdə ekstremist, ksenefob, antisemit zəmində törədilən cinayətlərin sayı artıb. Bu cinayətlər çox vaxt mütəşəkkil halda və qruplar tərəfindən törədilir. Diskriminasiyanın daha bir istiqaməti qadınlara qarşıdır. Almaniyada kişilərlə eyni işi görən qadınlar təxminən 23 faiz az əməkhaqqı alırlar.
Digər tərəfdən, Almaniyanın əlil insanların hüquqlarının qorunması üçün gördüyü tədbirlər də kafi hesab edilmir. Bundan başqa, azadlıqdan məhrumetmə yerlərində saxlanılan insanların seçki hüquqları ciddi şəkildə pozulur. Həmçinin, sənədi olmayan insanlar tibbi yardım almaq və məhkəməyə müraciət etmək kimi hüquqlardan istifadə edə bilmirlər, onların əməyi istismar olunur, daim deportasiya qorxusu ilə yaşayırlar. İnsan alverinin qurbanları ancaq o zaman yaşayış icazəsi ala bilirlər ki, günahkarların əleyhinə ifadə vermiş olsunlar.
Bundan başqa, uşaq hüquqlarının müdafiəsi hələ də Almaniya Konstitusiyasında əksini tapmayıb. Hüquqi boşluqlar ən dəhşətli cinayətlərdən biri olan uşaq pornoqrafiyasına qarşı gərəkli tədbirlərin görülməsinə imkan yaratmır.
Bununla yanaşı, mövcud qanunlardan və qanunlardakı boşluqlardan bəlli olur ki, Almaniyada ali qanunverici orqan yalnız diskriminasiyaya xidmət edir. Belə ki, xroniki və müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqlarının qorunması üçün ölkədə heç bir qanun yoxdur. Həmçinin, ruhi xəstələrin saxlandığı yerlərdə onlara qarşı da qeyri-insani davranış hallarına aid faktlar var. Eyni zamanda, ölkədə HİV-ə yoluxmuş insanlara qarşı da diskriminasiya halları müşahidə olunur. Bu insanlar və ailələri təhqirlərə məruz qalır, çox vaxt həkimlər onların müalicəsindən imtina edirlər. Belə xəstələrin işdən qovulması halları da az deyil.
Göründüyü kimi, Almaniyanın özündə çox ciddi neqativ hallar hökm sürür və bütün bunlar həyata keçirilən dövlət siyasətinin nəticələri kimi çıxış edir. Belə olan halda, bu dövlətin bəhs olunan məsələləri siyasi manipulyasiyaya çevirməklə müstəqil ölkələrə təzyiq etməsi, irad tutması olduqca gülünc və absurddur.
Nurlan QƏLƏNDƏRLİ

 
Paylaş:
Baxılıb: 1158 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30