Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şəhid övladlarının qatıldığı “Zəfər” düşərgəsinə yekun vurulub

Şəhid övladlarının qatıldığı “Zəfər” düşərgəsinə yekun vurulub

03.08.2021 [08:52]

Qubada Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təşkil olunan “Zəfər” düşərgəsinə iyulun 30-da yekun vurulub. Quba STEAM Mərkəzində bir həftə davam edən düşərgədə 74 şəhid övladı iştirak edib. Düşərgə iştirakçıları bu müddət ərzində birgə öyrənib paylaşaraq maraqlı, intellektual və əyləncə dolu zaman keçirib, Qubanın görməli və tarixi yerlərinə səfər ediblər.
Düşərgənin bağlanış mərasiminə “Yeni Azərbaycan” qəzeti də daxil olmaqla 20-dən artıq media qurumunun nümayəndəsi qatılıb. Mərasim çərçivəsində Quba STEAM Mərkəzinə baxış keçirilib.
Azərbaycan Gənc Müəllimləri Assosasiyasının sədri Rüfət Əsədzadə və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova jurnalistlərə açıqlamasında bildiriblər ki, düşərgə proqramı hazırlanarkən uşaqların 4 əsas istiqamət üzrə - psixoloji, fizioloji, intellektual və sosial inkişafı nəzərə alınıb. Qeyd olunub ki, uşaqların bilik və bacarıqlarının genişləndirilməsi ilə yanaşı, onların əyləncəsinə də xüsusi diqqət yetilib.
Vurğulamaq yerinə düşər ki, proqramın əsas hissəsi STEAM təlimləri üzərində qurulub ki, burada uşaqlar 3D dizayn tərtib etməklə layihələr hazırlamağı öyrəniblər. Təlimlərdə uşaqlar xüsusilə robotexnika və dron mühəndisliyinə böyük maraq göstəriblər.
Düşərgəyə baxış zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən uşaqlara keçirilən təlimləri yaxından izləmək imkanı əldə etdik. Belə ki, qurum əməkdaşları tərəfindən uşaqlara iplərin növləri, hündürlükdən xilasetmə nümunəsini ayırd edən məşqlər göstərilib. Bildirilib ki, bu fəaliyyət zamanı uşaqlarda hündürlükdən endiklərinə görə risk və qorxularına qalibgəlmə bacarığı inkişaf edir.
Həmçinin uşaqlar düşərgənin sonuncu günündə sərbəst şəkildə çadır qurublar. Burada onlara çöl şəraitində çadırqurma qaydaları, təhlükəsizliyin təmin olunması, tonqal qalamaq üsulu ilə bağlı məşqlər keçirilib.
Heç şübhəsiz, uşaqların ən sevdiyi məqam isə kinoloqların keçdiyi təlim olub. Belə ki, təlimdə kinoloqlar uşaqlara xilasetmə tədbirləri zamanı edilməli olan vacib məqamları izah ediblər. Onlar partlayıcı maddələrin axtarılmasında və insanların xilas edilməsində iştirak edən təlim itləri ilə yaxından tanış olublar. Uşaqlar birbaşa praktik məşqlərə qoşulublar.
Sonda düşərgənin bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailə üzvləri, qazilərimiz daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Şəhid övladları üçün təşkil olunan “Zəfər” düşərgəsi də bu qayğının bir nümunəsidir.
Çıxışlardan sonra düşərgənin iştirakçılarına sertifikatlar təqdim olunub. Düşərgənin bağlanış mərasimində sirk sənətinin janrlarına aid olan bir-birindən maraqlı nömrələr və musiqi proqramı təqdim olunub.
M.BAYRAMLI
Bakı-Quba-Bakı

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Xarici siyasət

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31