Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kəlbəcər - “yaşıl investisiyalar” üçün cəlbedici zona

Kəlbəcər - “yaşıl investisiyalar” üçün cəlbedici zona

30.04.2024 [11:08]

Kəlbəcər Ermənistanın işğalından azad edildikdən sonra böyük quruculuq meydanına çevrilmiş rayonlarımızdan biridir. Bu bölgədə nəhəng infrastruktur layihələrinin icrası sürətlə davam etdirilir. Ötən 3 il ərzində Kəlbəcərdə tunel-körpü və magistral yolların inşası sürətlə aparılıb, bir çox obyektlərin istifadəyə verilməsi mümkün olub. Rayonda 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), eləcə də 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işləri yekunlaşıb və kəndlərin tikintisinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası təmin olunmaqdadır. Bu, Kəlbəcərin Böyük Qayıdış Proqramı çərçivəsində yaxın vaxtlarda öz sakinlərinə qovuşacağından xəbər verir. Ümumilikdə, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcəkdir.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda bərpa olunan enerji mənbələrinin istifadəsinə xüsusi diqqət yetirilir və indiyə qədər “AzərEnerji” 6 yerdə kiçik su elektrik stansiyası (SES) yenidən quraraq istismara verib. Belə ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” istismara verilib ki, Lev çayı üzərində inşa olunan bu stansiya “Yaşıl enerji” zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edir və Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Bundan başqa, 2023-cü ildə istifadəyə verilmiş 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik SES-ləri də tam rəqəmsallaşmış enerji gücləridir. Bu isə istehsal olunan elektrik enerjisinin maya dəyərinin aşağı düşməsinə və iqtisadi sərfəlilik baxımından ən əhəmiyyətli enerji infrastrukturları deməkdir. Eləcə də “Soyuqbulaq” və digər SES-lər Avropa istehsalı olan yaşıl sertifikatlı ekoturbin, generatorlar, idarəetmə və avtomat panellər quraşdırılmaqla ən müasir enerji gücləri kimi diqqəti cəlb edir.

Həmçinin, rayon işğaldan azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksək gərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündürlüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.

Hazırda Kəlbəcər rayonunda 4 yerdə kiçik SES-lərin tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq stansiyaların 2024-cü ildə istismara verilməsi planlaşdırılıb. Nəticədə bu enerji güclərinin istismarı sayəsində   2024-cü ildə Kəlbəcər rayonunda 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat/saat olan 10 kiçik su elektrik stansiyasının tam işlək vəziyyətə gətiriləcəyini şərtləndirir.

Kəlbəcər rayonu termal sularla da kifayət qədər zəngindir. Bölgədə hidroenerji, termal suların,  çay sularının  mənbələrinə görə, ölkə üzrə resursların ən azı 30 faizinə malikdir. Eyni zamanda, Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 1000 MVt-dan çox texniki potensialının olduğu proqnozlaşdırılır. Hazırda həmin rayonların ərazisində 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsi reallaşmaqdadır, digər stansiyaların tikintisi üzrə qiymətləndirmələr davam edir. Proqnozlara görə, Kəlbəcər rayonu ümumi gücü 180 MVt olan “yaşıl enerji”yə malikdir: Bu, ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi kiçik su elektrik stansiyalarının əsas ünvanlarından biri olan Kəlbəcərin strateji əhəmiyyətinin göstəricisi olmaqla rayona “yaşılinvestisiyaların” nə qədər cəlbedici olmasını əsaslandırır.

Bütün bunlar rayonun potensial güc mənbəyi kimi “yaşıl enerji” zonasının əsas mərkəzlərindən birinə çevriləcəyini şərtləndirir.  Hazırda Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi işğaldan azad olunmuş ərazilərdə “Yaşıl iqtisadiyyat” quruculuğunda iştirak edir. İtaliya, Cənubi Koreya, Türkiyənin şirkətləri ilə də bərpa olunan enerji gücləri üzrə danışıqlar davam etdirilir. Türkiyə şirkətləri Kəlbəcər rayonunda bərpa olunan enerji layihələrinin iqtisadi əsaslandırma planını hazırlayıb və külək elektrik stansiyalarının inşası başlanacaq.

Beləliklə, azad edilmiş ərazilərin sırasında öz zəngin iqtisadi potensialı olan böyük bir coğrafi ərazi olan Kəlbəcər  yaxın illərdə “yaşıl enerji” hubu formalaşdırmaqla 2026-2027-ci illərdə bərpa olunan enerjinin və hidrogenin Avropaya nəqlində mühüm yer tutacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 274 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31