Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib

Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib

15.11.2018 [09:30]

Millət vəkilləri “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul ediblər
Milli Məclisin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. Müzakirələr zamanı millət vəkilləri gələn ilin dövlət büdcəsinin qanunvericiliyə uyğun tərtib olunduğunu və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində maliyyə təminatı yaratdığını deyiblər.
Çıxış edən millət vəkili Rəşad Mahmudov müstəqillik dövründə ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsaitin 1 milyard manatı keçməsini yüksək qiymətləndirib. O qeyd edib ki, səhiyyə xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisi ilk dəfə olaraq 4,2 faiz təşkil edəcək. Bundan başqa, icbari tibbi sığortanın tətbiqi üçün 224 milyon manatın ayrılması nəzərdə tutulub. 2018-ci illə müqayisədə səhiyyəyə ayrılan artım 42 faizdir. Bu da səhiyyənin inkişafına real töhfəsini verəcək. Onun sözlərinə görə qəbul olunacaq büdcə layihəsi həm də 2019-cu ildən etibarən başlayan və gələcəkdə də davam edəcək dövlətin səhiyyədə yeni maliyyə yanaşması kimi yadda qalacaq. Bu da Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqətin bariz nümunəsidir.
Millət vəkili Jalə Əliyeva güzəştli ipoteka kreditlərinin digər kateqoriyadan olan vətəndaşlara - müəllimlərə, həkimlərə, mədəniyyət, incəsənət xadimlərinə, yaradıcılıqla məşğul olan şəxslərə də verilməsini, icbari tibbi sığortanın bütün ölkədə tətbiqinin sürətləndirilməsi üçün əlavə vəsait ayrılmasını təklif edib. O həmçinin kino yaradıcılığı üçün daha sanballı vəsaitin nəzərdə tutulmasını məqsədəuyğun sayıb.
Daha sonra çıxış edən deputat Sona Əliyevanın təklifləri əsasən seçildiyi seçki dairəsini əhatə edib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə çıxışında bələdiyyələrə ayrılan subvensiyanın dotasiya hesabına artırılmasını təklif edib. Bir sıra kənd bələdiyyələrinin hesablarının sığorta borclarına görə bağlı olduğunu deyən komitə sədri həmin borcların silinməsini də məqsədəuyğun sayıb.
Millət vəkili Məlahət İbrahimqızı şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının problemlərini araşdıran komissiyanın yaradılmasını, eyni zamanda, ucqar rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlərin problemlərinə diqqətin daha da gücləndirilməsini təklif edib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev deyib ki, 2019-cu ilin dövlət büdcəsi “Büdcə sistemi haqqında” qanunun və digər aidiyyəti qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanıb. Onun fikrincə, Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə ehtiva edən növbəti ilin dövlət büdcəsi ölkənin davamlı inkişafının təmin edilməsi istiqamətlərində qarşıda duran mühüm vəzifələrin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsində həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində cari ildə ölkəmizin dayanıqlı inkişafının təmin edildiyini qeyd edən deputat bildirib ki, sosialyönümlü bazar iqtisadiyyatının qurulması istiqamətində görülmüş önəmli işlər, ilboyu infrastruktur layihələrinin uğurla icra olunması, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması iqtisadi siyasətimizin prioritet istiqamətlərini təşkil edib.
Millət vəkili qeyd edib ki, son illərdə olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlülüyü saxlanılıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra proqramların reallaşdırılmasına müvafiq məbləğlərdə maliyyə vəsaitinin yönədilməsi nəzərdə tutulub ki, bu da təqdirəlayiqdir.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda daha sonra “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verərək deyib ki, gələn ilin dövlət büdcəsi sosialyönümlü və investisiya tutumludur. Buna əyani sübutlardan biri gələn ilin büdcə xərclərinin 33,4 faizinin sırf sosial məqsədlərə yönəldilməsidir. Eyni zamanda, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının da 2019-cu il üçün büdcəsinin də əvvəlki illərdən xeyli çox, təqribən 500 milyon manat artaraq 3 milyard 928 milyon manat olması nəzərdə tutulur. Bu büdcənin 61,5 faizi bilavasitə dövlət sığorta yığımlarının toplanması hesabına nəzərdə tutulur.
Hadi Rəcəbli bildirib ki, gələn il üçün gözlədiyimiz ən maraqlı və fundamental inqilabi dəyişikliklərdən biri ölkədə mütərəqqi vergi islahatlarının aparılması olacaq. Nəticədə özəl bölmədə 7 il müddətinə sabikarlıq subyektlərində çalışan şəxslər 14 faiz gəlir vergisindən tamamilə, işə götürənlər və işçilər həm də sığorta ödəmələrindən qismən azad olacaqlar. Bu hesaba da bütövlükdə 26 faiz miqdarında olan sosial və işsizlikdən sığorta haqları ödənişləri azaldılaraq, yığım mexanizmləri dəyişdirilərək bir qurum - vergi orqanları tərəfindən tutulacaqdır. Beləliklə, nəzərdə tutulan qanun layihəsinə əsasən, artıq işçi bir mənbəyə, yəni vergi qurumlarına 10 faiz, işə götürən isə 16 faiz sığorta haqqı ödəyəcək.
Komitə sədri, eyni zamanda, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəyə təqdim edərək vurğulayıb ki, artıq ikinci ildir ki, parlamentdə İşsizlikdən sığorta fondunun büdcəsi müzakirə olunur: “İlk dəfə olduğu üçün ötən il sığortaolunanların siyahısına aid olmayan qruplar da salındığından 2018-ci il üçün fondun büdcəsi 89 milyon manat nəzərdə tutulmuşdu. Korrektə edildikdən sonra bu ilin yığım reallığı 83 milyon 421 min 400 manat təşkil edir. Maraqlıdır ki, bu büdcədə qeyri-büdcə sektorundan sığorta gəlirləri təxminən 69 faizə qədər müəyyənləşmişdir. Prezident İlham Əliyevin qarşıya qoyduğu ən önəmli tələblərdən biri olan passiv sosial müdafiədən aktiv sosial müdafiəyə keçid yanaşmasına uyğun olaraq bu büdcənin təxminən 44 milyon manatı özünüməşğulluğa və ödənişli ictimai işlərin təşkilinə yönəlib”.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkədə sosial sahədə görülən işlər barədə məlumat verərək bildirib ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50,2 min ailənin 200 min 200 üzvü isə sosial yardım alır: “Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir”. Onun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsi ölkədə sosial müdafiənin daha da gücləndirilməsinə imkan yaradacaq.
Müzakirələr zamanı çıxış edən millət vəkili Aydın Hüseynov təqdim olunan sənədlərin əhəmiyyətini vurğulayıb. O, həmçinin bır sıra təkliflərlə çıxış edıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu gün Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir: “Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
S.Novruzov bildirib ki, hazırda sosial sahədə aparılan islahatlar da təqdirəlayiqdir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə ciddi şəkildə işləyir. Onun sözlərinə görə, müharibə veteranları ilə bağlı özəl sektor tərəfindən də addımlar atılmalıdır: “Qarabağa gedən yol Qarabağ müharibəsi veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən veteranların sosial müdafiəsi istiqamətində kifayət qədər addımlar atılır. Özəl sektor da onlar üçün sosial tədbirlər həyata keçirməlidir”.
Millət vəkili qeyd edib ki, əlillərin işə cəlb edilməsində Qarabağ müharibəsi əlilləri əsas rol oynamalıdırlar: “Əgər Qarabağ müharibəsi əlili hansısa təşkilatda işləyirsə, orada ixtisarlar ən son onlara şamil olunmalıdır. Bura Əfqanıstan veteranlarını da şamil etmək lazımdır. Onların arasında əlillər, veteranlar, Qarabağ müharibəsində iştirak edənləri var ki, sosial müdafiəsi istiqamətində addımlar atılmalıdır. Hazırda Qarabağ müharibəsi veteranlarının, əlillərinin mənzil təminatının yaxşılaşdırılması işləri davam edir. Hesab edirəm ki, Əfqanıstan müharibəsi veteranlarına da bu mənzillərdən verilməlidir”.
Müzakirələrdə çıxış edən digər millət vəkilləri də təqdim olunmuş sənədlərlə bağlı fikir və təkliflərini bildiriblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 479 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31