Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cəbrayılın azadlıq salnaməsi: Zəfərdən quruculuğa gedən yol

Cəbrayılın azadlıq salnaməsi: Zəfərdən quruculuğa gedən yol

02.10.2026 [14:13]

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri olan 44 günlük Vətən
müharibəsi xalqımızın milli iradəsinin, ordumuzun gücünün və dövlətimizin
qətiyyətinin parlaq təcəssümü kimi tarixə düşdü. Bu Zəfər yolunda azad edilən ilk
rayon mərkəzlərindən biri Cəbrayıl oldu. 4 oktyabr 2020-ci il Azərbaycan xalqının
yaddaşına Cəbrayıl şəhərinin işğaldan azad edildiyi şanlı gün kimi həkk olundu.
Cəbrayılın azadlığı hərbi baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı,
mənəvi və siyasi baxımdan da xüsusi məna kəsb edirdi. Çünki uzun illər doğma
torpaqlarından didərgin salınmış cəbrayıllılar üçün bu tarix illərlə gözlənilən qayıdışın
başlanğıcı idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhərinin
azad olunması Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən birinə
çevrildi.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmişdi. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi-
mədəni irsə ciddi ziyan vurulmuş, əhali doğma yurd-yuvasından məcburi köçkün
vəziyyətinə düşmüşdü. Otuz ilə yaxın müddətdə cəbrayıllılar öz doğma şəhərlərinə və
kəndlərinə qayıtmaq arzusu ilə yaşadılar.
2020-ci ilin payızında isə tarix dəyişdi. Azərbaycan Ordusunun əks-hücum
əməliyyatının ilk günlərindən etibarən Cəbrayıl istiqamətində mühüm uğurlar əldə
edildi. Oktyabrın 4-də Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin
və rayonun bir sıra kəndlərinin azad edildiyini elan etdi. Bununla Azərbaycan bayrağı
uzun illərdən sonra Cəbrayıl torpağında yenidən ucaldıldı.
Cəbrayılın azad olunması təkcə bir şəhərin düşmən işğalından qurtuluşu
deyildi. Bu hadisə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində
atdığı mühüm və ardıcıl addımlardan biri idi. Sonrakı günlərdə və həftələrdə əldə
olunan hərbi qələbələr Azərbaycanın Qarabağ münaqişəsinin hərbi-siyasi tarixində
yeni reallıq yaratdı.
Bu gün Cəbrayılın adı yalnız Zəfər tarixi ilə deyil, həm də böyük quruculuq
prosesləri ilə yanaşı çəkilir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin mühüm ünvanlarından biri də
Cəbrayıldır. Burada yollar, enerji və kommunal infrastrukturu yaradılır, yaşayış
məhəllələri salınır, sosial obyektlər inşa edilir.
Cəbrayılın gələcəyinin planlaşdırılmasında müasir şəhərsalma prinsipləri əsas
götürülür. Məqsəd yalnız dağıdılmış tikililəri bərpa etmək deyil, insanların rahat və
təhlükəsiz yaşayacağı, iqtisadi fəallığın və sosial həyatın inkişaf edəcəyi müasir şəhər

mühiti yaratmaqdır. Rayonun coğrafi mövqeyi də onun gələcək inkişafında mühüm
amil kimi çıxış edir. Cəbrayılın yerləşdiyi ərazi Azərbaycanın əsas bölgələrini
Qarabağ və Şərqi Zəngəzurla, eləcə də regiondakı nəqliyyat-kommunikasiya xətləri
ilə əlaqələndirən mühüm məkanlardan biridir. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd
istiqamətində aparılan infrastruktur layihələri bölgənin iqtisadi potensialının
artırılmasına xidmət edir.
Cəbrayıl həm də Azərbaycanın enerji siyasətinin yeni mərhələsinin mühüm
ünvanlarından birinə çevrilir. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji”
potensialından istifadə imkanlarının genişləndirilməsi, günəş və digər bərpaolunan
enerji layihələrinin həyata keçirilməsi regionun gələcək iqtisadi simasının
formalaşmasına təsir göstərir. Lakin Cəbrayılın dirçəlişinin ən mühüm tərəfi, heç
şübhəsiz, insan amilidir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz
evlərinə qayıtması Zəfərin ən böyük mənəvi nəticələrindəndir. Böyük Qayıdış
proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma
yurdlarına yerləşdirilməsi bu torpaqlarda həyatın yenidən canlanmasını təmin edir.
Bu qayıdış həm də tarixi yaddaşın bərpasıdır. Çünki şəhərləri və kəndləri
yenidən qurmaq mümkündür, lakin torpağın yaddaşını yalnız onun əsl sakinlərinin
qayıdışı ilə tam şəkildə dirçəltmək olar. Cəbrayılda bu proses artıq real mənzərəyə
çevrilir.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü də məhz bu baxımdan xüsusi əhəmiyyət
daşıyır. Bu tarix həm keçmişin ağrılı səhifələrini, həm qəhrəmanlıq salnaməsini, həm
də gələcəyə inamı özündə birləşdirir. Cəbrayılın azadlığı Azərbaycan əsgərinin
fədakarlığının, dövlətimizin siyasi iradəsinin və xalqımızın sarsılmaz birliyinin
nəticəsidir.
Bu gün Cəbrayıla nəzər salarkən dağıntıların deyil, quruculuğun mənzərəsi
görünür. Bir zamanlar işğal altında qalan şəhərin yerində yeni yollar, müasir yaşayış
məkanları, sosial obyektlər və iqtisadi layihələr ucalır. Bu mənzərə Azərbaycanın
Zəfərdən sonra qarşıya qoyduğu əsas məqsədi – azad edilmiş əraziləri bərpa etmək və
insanların doğma yurdlarında layiqli həyat şəraitini təmin etmək – aydın şəkildə
nümayiş etdirir.
Cəbrayılın taleyi Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb və şərəfli
yolun mühüm bir parçasıdır. Bu şəhərin azadlığı bir daha göstərdi ki, tarixə sahib
çıxmaq, milli yaddaşı qorumaq və ərazi bütövlüyünü təmin etmək dövlətçilik üçün
fundamental dəyərlərdir.
4 oktyabr bundan sonra da Cəbrayılın qəhrəmanlıq, qayıdış və dirçəliş günü
kimi qeyd olunacaq. Bu tarix şəhidlərin müqəddəs xatirəsinə ehtiramın, qazilərin
qəhrəmanlığına minnətdarlığın, Azərbaycan Ordusunun şücaətinə ehtiramın
ifadəsidir.
Cəbrayıl artıq yalnız keçmişin xatirəsi deyil. O, Azərbaycanın Zəfərdən sonrakı
inkişafının, Böyük Qayıdışın və quruculuq əzminin simvollarından biridir. Bu şəhərin
yenidən canlanması göstərir ki, Azərbaycan üçün Zəfər yalnız müharibənin başa
çatması deyil, həm də yeni həyatın başlanğıcıdır.

Cəbrayıl azaddır, dirçəlir və yenidən öz sakinlərinin doğma ünvanına çevrilir. 4
Oktyabr – Cəbrayıl Şəhəri Günü isə bu böyük yolun başlanğıcını xatırladan,
Zəfərimizi və milli birliyimizi yaşadan əlamətdar tarix kimi xalqımızın yaddaşında
əbədi yaşayacaq.

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31