Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 4 Oktyabr – Cəbrayıl şəhəri günü:Zəfərdən quruculuğa uzanan yol

4 Oktyabr – Cəbrayıl şəhəri günü:Zəfərdən quruculuğa uzanan yol

02.10.2026 [10:53]

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın çoxəsrlik
dövlətçilik tarixinin ən parlaq səhifələrindən biridir. 2020-ci il sentyabrın 27-də başlayan
əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu uzun illər işğal altında qalan
torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıq göstərərək ərazi bütövlüyümüzün
bərpasını təmin etdi. Bu şanlı yolun mühüm mərhələlərindən biri də Cəbrayıl rayonunun
işğaldan azad olunması oldu.
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatların ilk günlərindən Cəbrayıl
istiqamətində də uğurlu döyüşlər aparıldı. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar
kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri
düşməndən azad edildi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun Karxulu,
Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və
Decal kəndləri azadlığa qovuşdu. Ümumilikdə, Cəbrayıl rayonunun ərazisində aparılan
hərbi əməliyyatlar nəticəsində bir şəhər və 90 kənd işğaldan azad edildi.
Cəbrayıl uğrunda döyüşlər Azərbaycan Ordusunun yüksək peşəkarlığını, şəxsi heyətin
misilsiz şücaətini və Vətən sevgisini nümayiş etdirdi. Düşmənin rayon ərazisində bir
neçə müdafiə xəttindən ibarət möhkəm istehkamlar qurmasına baxmayaraq,
Azərbaycan əsgəri bu sədləri yararaq qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə
yetirdi. Cəbrayılın azad edilməsi yalnız rayonun ərazi bütövlüyünün bərpası baxımından
deyil, sonrakı hərbi əməliyyatların uğurlu inkişafı üçün də mühüm strateji əhəmiyyət
daşıdı. Cəbrayılın ardınca Xocavənd rayonunun cənub kəndlərinin və strateji
əhəmiyyətli Hadrut qəsəbəsinin azad edilməsi, daha sonra Zəngilan, Qubadlı və Laçın
rayonlarında əldə olunan uğurlar Azərbaycanın Zəfər yolunu daha da genişləndirdi.
Cəbrayıl torpağında qazanılan qələbənin tarixi əhəmiyyətini artıran mühüm
hadisələrdən biri də qədim Xudafərin körpüsünün azad edilməsi və burada Azərbaycan
bayrağının dalğalandırılması oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaldaraq tarixi torpaqlarımızda
dövlət rəmzimizi nümayiş etdirməsi xalqımız üçün böyük qürur və mənəvi yüksəliş
mənbəyinə çevrildi.
Cəbrayılın azad olunması uğrunda döyüşlərdə göstərilən igidlik dövlət tərəfindən yüksək
qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı
təsis edildi. Döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 22 797 hərbi qulluqçusu bu medalla təltif edildi. Bu
təltiflər Cəbrayılın azadlığı uğrunda canından keçən, sağlamlığını itirən və böyük
qəhrəmanlıq göstərən hərbçilərimizin xidmətlərinə verilən dövlət qiymətinin ifadəsidir.
Qazanılan tarixi qələbələrin gələcək nəsillərə çatdırılması və Zəfər salnaməsinin
əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı
ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama
əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl şəhəri Günü kimi qeyd olunur. Bu tarix Cəbrayılın
27 illik işğaldan sonra azadlığa qovuşduğu gün olmaqla yanaşı, Azərbaycan xalqının
birlik, iradə və qəhrəmanlığının rəmzlərindən biridir.

Bu gün Cəbrayıl rayonu işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı
bərpa və quruculuq prosesinin mühüm ünvanlarından biridir. Dövlətimizin başçısının
rəhbərliyi ilə burada şəhərsalma, infrastrukturun yenilənməsi, sosial obyektlərin
yaradılması və iqtisadi inkişaf istiqamətində mühüm layihələr həyata keçirilir. Məqsəd
Cəbrayılı müasir, dayanıqlı və yüksək həyat standartlarına malik yaşayış məkanına
çevirmək, doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıdışını
təmin etməkdir.
Bu baxımdan Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının
yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli
Fərmanına əsasən yaradılan sənaye parkı Cəbrayılın, eləcə də bütövlükdə regionun
iqtisadi potensialının reallaşdırılması baxımından mühüm layihədir. 200 hektar ərazini
əhatə edən parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, satış obyektləri, TIR
parkı, gömrük və digər xidmət sahələrinin yaradılması nəzərdə tutulur. Hazırda sənaye
parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi
qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb.
Cəbrayılın tarixində yeni mərhələ başlayıb. Dünən qəhrəmanlıq və Zəfər salnaməsi ilə
tarix yazan Cəbrayıl bu gün bərpa, quruculuq və inkişaf yolu ilə gələcəyə doğru inamla
addımlayır. Cəbrayıl şəhəri Günü xalqımızın yaddaşında yalnız bir tarixi hadisənin
ildönümü kimi deyil, milli iradənin, dövlət qüdrətinin və Böyük Qayıdışın təntənəsi kimi
yaşayacaq.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31