Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cəbrayılın azadlığı: Zəfər tariximizin şanlı səhifəsi

Cəbrayılın azadlığı: Zəfər tariximizin şanlı səhifəsi

02.10.2026 [10:53]

4 Oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycanın ərazi bütövlüyünün bərpasını,
xalqımızın tarixi torpaqlarına qayıdışını və Zəfər salnaməmizin parlaq səhifələrindən
birini təcəssüm etdirən əlamətdar tarixdir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi
təsis edilməsi bu tarixi hadisənin milli yaddaşımızda əbədiləşdirilməsinə xidmət edir.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal
edilmiş, rayonun yerli əhalisi doğma yurdlarından didərgin salınmış, yaşayış
məntəqələri, tarixi-mədəni irs nümunələri və sosial infrastruktur dağıdılmışdır. İşğal
zamanı rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 1050 kvadratkilometr ərazini
əhatə edən və 52 min nəfər əhalinin yaşadığı Cəbrayıl ağır humanitar və maddi itkilərlə
üzləşmişdir. İşğal nəticəsində 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə,
150 mədəniyyət ocağı və çoxsaylı yaşayış məntəqələri dağıdılmış, rayon iqtisadiyyatına
milyardlarla dollar həcmində ziyan vurulmuşdur.
Cəbrayılın işğalı həm də insan talelərində silinməz izlər buraxmışdır. Birinci Qarabağ
müharibəsində rayonun yüzlərlə sakini şəhid olmuş, yüzlərlə insan yaralanaraq əlilliklə
üzləşmiş, altı cəbrayıllı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Lakin
bütün bu ağrılı illər ərzində cəbrayıllıların doğma torpağa qayıtmaq əzmi və Azərbaycan
dövlətinin ərazi bütövlüyünün bərpası istiqamətindəki iradəsi heç vaxt sarsılmamışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın haqq və ədalətin
bərpası uğrunda mübarizəsinin həlledici mərhələsinə çevrildi. Cəbrayıl rayonunun
Böyük Mərcanlı və Nüzgar kəndləri sentyabrın 27-də, Mehdili, Çaxırlı, Aşağı Maralyan,
Şəybəy və Quycaq kəndləri isə oktyabrın 3-də azad edildi. Oktyabrın 4-də isə Cəbrayıl
şəhəri ilə yanaşı, rayonun doqquz kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən,
Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl işğaldan azad olundu.
Cəbrayıl şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində xüsusi strateji və
mənəvi əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Cəbrayıl
müharibə zamanı azad edilən ilk şəhər oldu və bu Qələbə Azərbaycan Ordusunun
sonrakı uğurlu əməliyyatları üçün mühüm imkanlar yaratdı. Cəbrayıl istiqamətində əldə
olunan uğurlar Xocavənd, Hadrut, Zəngilan, Qubadlı və digər istiqamətlərdə hərbi
əməliyyatların davam etdirilməsi üçün əlverişli şərait formalaşdırdı.
Cəbrayıl əməliyyatı düşmənin qurduğu çoxsaylı istehkamların yarılması, mürəkkəb
relyef və şiddətli döyüşlərlə müşayiət olunmuşdur. Azərbaycan əsgər və zabitlərinin
göstərdiyi qəhrəmanlıq və peşəkarlıq nəticəsində 27 illik işğala son qoyulmuş, şəhər və
rayonun böyük hissəsi azad edilmişdir. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin azad
edilməsi isə xalqımızın Zəfər yolunda mühüm dönüş nöqtələrindən biri kimi tarixə
düşmüşdür.
Cəbrayılın azadlığından sonra Azərbaycan dövlətinin qarşısında yeni vəzifə –
dağıdılmış şəhərin yenidən qurulması, əhalinin doğma yurduna qayıdışının təmin
edilməsi və bölgənin dayanıqlı inkişafının formalaşdırılması dayanırdı. Bu istiqamətdə
görülən işlər qısa müddətdə öz miqyasını və nəticələrini göstərməyə başladı.

Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri də bu prosesin ardıcıl və
məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. 16 noyabr 2020-ci ildə dövlət
başçısı Xudafərin körpüsündə Azərbaycan Dövlət Bayrağını ucaltdı, Cəbrayıl şəhərinə
səfər edərək burada Ermənistanın polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış şəhər
mərkəzinə baxdı. 2021-ci il fevralın 14-də Cəbrayıl rayonunda görülən kənd təsərrüfatı
işləri ilə tanışlıq, aprelin 26-da isə rayonun girişində “Cəbrayıla xoş gəlmişsiniz!”
lövhəsinin bərpası, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı və hərbi
qulluqçularla görüş həyata keçirildi.
2021-ci ilin oktyabrında Cəbrayılın gələcək inkişafının təməli daha geniş miqyaslı
layihələrlə qoyuldu. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “Cəbrayıl”
yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin, Rayon Mərkəzi
Xəstəxanasının, məktəbin və ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu,
Cəbrayıl şəhərinin bərpası və Memorial Kompleksin yaradılması ilə bağlı mühüm
addımlar atıldı.
Beləliklə, Cəbrayılın tarixində yeni mərhələ – Zəfərdən quruculuğa, dağıntılardan
dirçəlişə keçid mərhələsi başladı. Bu gün Cəbrayıl yalnız azad edilmiş şəhər kimi deyil,
Böyük Qayıdışın, müasir şəhərsalmanın və Qarabağda yeni həyatın rəmzlərindən biri
kimi formalaşır. İşğaldan sonra şəhərdə yaşayış komplekslərinin inşası və sakinlərin
mərhələli şəkildə doğma yurda qayıdışı bu prosesin mühüm nəticələrindəndir.
4 Oktyabr – Cəbrayıl şəhəri günü bu baxımdan yalnız bir tarixi hadisənin ildönümü deyil.
Bu gün 27 illik həsrətin sona çatmasını, Azərbaycan Ordusunun qəhrəmanlığını,
dövlətimizin qətiyyətini və doğma torpaqlarda həyatın yenidən bərpa olunmasını özündə
birləşdirən Zəfər rəmzidir. Cəbrayılın azadlığı ilə başlayan yeni tarix doğma yurda
qayıdan insanların sevincində, ucalan yeni binalarda, çəkilən yollar və yaradılan müasir
infrastrukturda davam edir. Bu gün Cəbrayılın simasında Azərbaycanın Zəfəri və
quruculuq iradəsi bir arada görünür.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31