Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Həyatı özünə işlədən adam

Həyatı özünə işlədən adam

04.03.2026 [09:32]

Çarlz Dikkensin “Devid Kopperfild” romanı haqqında

Əvvəli ötən sayımızda

Sonrakı dövrlərə bir ötəri nəzər salsaq, bu stilin Avropa, bütövlükdə Qərb, ardınca da bütün dünya nəsrinə necə böyük təsir göstərdiyini rahatca görə bilərik. Bizim ədəbiyyatımızda da bənzər layihə əsasında qurulmuş bədii mətnlər az deyil. Çox zaman biz daddığımız təamın, yazdığımız üslubun haradan gəldiyini, nə vaxt, kimin mətbəxində hazırlandığını, hansı ixtiraçının laboratoriyasında kəşf olunduğunu düşünmürük. Hətta bəzən yüz illər boyu kisəsindən yediyimiz azmanları bəyənmirik. Yazırıq, ancaq yazdığımız tərzin kimdən miras qaldığını bilmirik. Ya bilmirik, ya da bilmək istəmirik. Halbuki Çarlz Dikkensin ələlxüsus bu romanda ən yüksək səviyyədə ifadəsini tapmış ruhu, sənətkarlığı zamanında Qonçarov, Turgenev, Dostoyevski, Tolstoy, Tomas Mann, Sveyq, Coys, Kafka, Pasternak, Nabokov... kimi böyük söz ustalarını heyran qoymuşdu.

***

Devid dünyaya gələndə eynən İsa Məsih kimi onun da atası göylərdə olur - oğlan atasının ölümündən altı ay sonra doğulur. Mərhum atanın xalası miss Betsi Trotvud Devidin anası dar köynəkdən çıxmaqda olduğu vaxt həyəcandan özünə yer tapmayan ağırayaq dul gəlinin qapısını döyür.

Uğursuz nikahı miss Betsidə kişilərə dərin nifrət körüklədiyindən zavallı qadın illər öncə qızlıq soyadını özünə qaytarıb cəmiyyətdən uzaqda inzivaya çəkilib. Çox sevdiyi bacısı oğlu evlənmək qərarı verəndə miss Trotvud çar-naçar onu yad qızına güzəştə getməyə məcbur qalsa da, gəlinin görümünə yalnız bacoğlunun ölümündən yarım il sonra gəlir. Xanım Betsidə belə bir qənaət yaranır ki, gəlin mütləq qız doğacaq, o da körpənin xaç anası olacaq; sonra da qızcığazı Betsi Trotvud Kopperfild adlandırıb uşağın tərbiyəsini öz boynuna götürəcək. Fəqət zənnində yanıldığını, gəlinin oğlan doğduğunu biləndə miss Betsi məyus olub mərhum bacısı oğlunun evindən sağollaşıb-eləmədən biryolluq çıxıb gedir.

Devidin körpəliyi, uşaqlığının erkən çağı anasının, qulluqçu Peqqotinin sevgi, mərhəmət yağdırdığı nur dəryasında keçir. Anası yenidən ər sevdasına düşəndə vəziyyət dəyişir, sevgi mühitinə qorxu havası, zülm atmosferi calanır. Bal ayında ər-arvad Devidi dayəsiylə birgə Yarmuta, Peqqotinin qardaşıgilə göndərir. Orada Devid müdrik, təmkinli mister Peqqoti, onun saf, sadədil qardaşı oğlu Hem, qohumunun yetim qızı Emli ilə tanış olur, saf uşaq məhəbbətiylə Emliyə vurulur.

Yarmutdakı sevgi, səmimiyyət mühitindən ayrılıb evə qayıdanda Devid tamam yeni bir həyatın içinə düşür. Üzündən zəhrimar yağan atalığı mister Mardston evdə necə quru, qəddar atmosfer yaradıbsa, anası nəinki ərinin sözündən çıxmağa, balasını əzizləməyə belə qorxur. Az keçmiş atalığın özündən betər bacısı da onların ömrünə təpilir, evin daimi sakinlərindən birinə çevrilir, ailənin məişətinə, təlim-tərbiyəsinə nəzarəti öz üstünə götürür. Bundan sonra ana-balanın həyatı xalis cəhənnəmə dönür. Despotik davranışı, quru, yapışmaz xarakteri, qaranlıq təbiəti, riyakar xislətiylə bir-birindən seçilməyən bacı-qardaş Mardstonlar beyinlərini qapsamış şeytani vəsvəsələri ilahi məziyyət kimi, təkəbbürü, zalımlığı əxlaqi dəyər kimi qələmə verməyə çalışırlar.

***

Uşağa evdə dərs keçilir, di gəl, Mardstonların zəhmli, qəddar baxışları altında Devid suallara doğru-düzgün cavab verə bilmir, tez-tez dolaşır. Oğlanın yeganə təskinliyi atasından qalma kitablardır, bəxtindən həmin kitablar onun otağındadır. Dərsini pis oxuduğuna görə Devidi nahardan məhrum eləyirlər, müdam yetimin üzünü danlayırlar. İş o yerə çatır ki, atalığı onu qayışla döyür, bu vaxt özünü qorumağa çalışan Devid mister Mardstonun əlini möhkəm gəmirir. Buna görə onu cəzalandırıb yatılı məktəbə göndərirlər. Anası qorxusundan oğluyla soyuq vidalaşır, Peqqoti isə evdən bir az aralıda arabanı haqlayıb əziz Devisini bağrına basır, ona tutduğu payı ünvanına yetirir.

Məktəbdə zalım müdirin göstərişiylə Devidin kürəyindən üstünə bu sözlər yazılmış lövhə asılır: “Özünüzü gözləyin! İt kimi tutağandır!” Burada Devid özündən altı yaş böyük Ceyms Stirfordla, bir də Tommi Tredls adlı “çox şən, çox da talesiz” bir oğlanla dostlaşır. Stirford Devidi himayəsinə götürür - nəinki şagirdlərin, hətta onların valideynlərinin belə tük saldığı zəhmli müdirin Ceymsə dişi batmır. Devid axşamlar himayədarına oxuduğu kitabların məzmununu danışır.

Milad tətilində uşaqları evə buraxırlar. Artıq Devidin anası dünyaya bir oğlan da gətirib, ancaq qadın ölüm yatağındadır. Devidin ağlına gəlmir ki, bu, anasıyla sonuncu görüşüdür. Tezliklə qara xəbər məktəbdə ona özünü yetirir - anası körpəsini də əcəlinə büküb aparıb. Anasından sonra Devidi məktəbə buraxmırlar, atalığı onu başa salır ki, təhsil pul tələb eləyir, Devid kimisinin oxumağına maya qoymaqsa pulu havaya sovurmaqdır, indən belə oğlan başını özü girləməlidir. Uşaq taleyin ümidinə atıldığını bütün varlığıyla hiss eləyir. Artıq dayəsindən başqa Devidə canı yanan, onu ürəkdən sevən bir nəfər qalmayıb dünyada.

Mardstonlar vəfalı Peqqotinin də hesabını çəkib qadını küçəyə atırlar. Peqqoti Yarmuta, qardaşının yanına qayıdır, az keçmiş Devidi məktəbə aparıb-gətirən arabaçı Barkisə ərə gedir. Çətin sınaqlar qarşısında qalmış sevimli Devisini uzun ayrılıqdan qabaq Yarmuta qonaq çağıran Peqqoti qucağında bəsləyib böyütdüyü, ana kimi istədiyi yetirməsini ağır səfər üstündə bol sevgiylə, tükənməz şəfqətlə, ilahi məhəbbətlə yükləyir, həm də təkcə öz sevgisi, şəfqətiylə yox, Devidin ətrafında halay qurmuş bütün doğmalarının məhəbbətiylə. Bu, elə bir enerjidir ki, nəinki azalmır, tükənmir, tərsinə, işləndikcə, paylandıqca, dövriyyədə olduqca daha da artır, çoxalır. Nahaq yerə deməyiblər ki, dərdi bölərsən - azalar, sevinci (yəni əslində, sevgini) bölərsən - artar.

***

Beləliklə, atalığının təyinatı üzrə fabrikdə kölə əməyinə məhkum olunan Devid on yaşından sərbəst həyata qədəm qoyur. Tay-tuşları kimi bir qarnı ac, bir qarnı tox keçinsə də, ağır sarsıntılardan, dərin əzablardan keçsə də, oğlan ağlayıb-sıtqamır, taleyindən gileylənmir. Devidi qorxudan tək budur: tanıdığı kimsəyə rast gəlməsin, onu indiki halında görməsinlər, vəssalam. Onun haqdan mayalanmış mömin qəlbində həyata, insanlara kin, nifrət baş qaldırmır.

Devid mister Mikober adlı qəribə adamın mənzilində kirayədə qalır. Mikober başı daşdan-daşa dəyən uğursuz xəyalpərəstdir, daim borc içində üzür, kreditorların mühasirəyə aldığı evinə arxa qapıdan girir, bununla belə nikbinliyi, həyata sevgisi azalmır, borc hesabına da olsa iştahla yeyib-içməyindən qalmır, həmişə də inanır ki, haçansa möcüzə baş verəcək, er-gec bəxt üzünə güləcək. Ev yiyəsinin bu xasiyyətinə görə Devid onun ailəsinə asan qaynayıb-qarışır. Tez coşub tez soyuyan Mikober pulu qurtaranda belə ailəsinin boğazından kəsmir, evindəki əşyaları dəyər-dəyməzinə satıb süfrə açır, belə hedonistik əməliyyatların icrasında Devidin köməyindən də fəal şəkildə yararlanır. Ancaq bu nisyə rifah da uzun sürmür, günün birində Mikoberləri ailəlikcə borclular türməsinə basırlar.

davamı növbəti sayımızda

F.Uğurlu

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31