Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dil siyasəti yeni mərhələdə

Dil siyasəti yeni mərhələdə

21.02.2026 [11:38]

Dilimizin saflığının qorunması ilə bağlı növbəti tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada baş tutub. “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransın əsas məqsədi mediada dil normalarına riayət olunması məsələlərini, eləcə də bu sahədə mövcud problemləri və onların aradan qaldırılması yollarını elmi müstəvidə geniş müzakirə etmək olub. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirin Prezident İlham Əliyevin Akademiyanın 80 illik yubiley yığıncağındakı çıxışında və yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dili ilə bağlı irəli sürdüyü vəzifələrin və qarşıya qoyulan tələblərin elmi müstəvidə müzakirəsinə həsr olunduğunu bildirib. Qeyd edib ki, dövlətimizin başçısının bu istiqamətdə çıxışları, səsləndirdiyi fikirlər müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə, milli-mənəvi birliyin gücləndirilməsinə və Azərbaycan dilinin qorunub zənginləşdirilməsinə yönəlib.

Dövlətin dil siyasətində ardıcıllıq

Bu gün Azərbaycan dili müstəqil respublikamızın rəsmi dövlət dili statusuna malikdir. Dilimizin bugünkü inkişaf səviyyəsinə çatmasına və yüksək status qazanmasınadək isə uzun yol keçilib, bir sıra ciddi maneələr dəf edilib. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində xalqımızın tarixin müxtəlif dönəmlərində yaşadığı taleyə diqqət çəkib. Nə demək olar, qismətimizə ağır tale düşüb. Təzada baxın ki, biz həm əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq, həm də əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq.  Xalqımız qədim zamanlarda, eləcə də Rusiya və fars imperiyaları dövrlərində çətin sınaqlarla üzləşib. Təxminən 70 il davam edən sovet rejimi də müstəmləkəçiliyin başqa bir forması idi. Bu rejimin sərt ideoloji buxovları hələ də yaddaşlardan çıxmayıb. Təbii ki, müstəmləkə quruluşları xalqımızın milli-mənəvi dəyərlər sisteminə, o cümlədən də dilimizə təsirsiz ötüşməyib. Bununla belə, biz dilimizi yaşatmağa nail olmuşuq. Müstəqillik dövründə hər sahədə uğurlar qazandığımız kimi, zamanında dilimizə olan yad təsirləri də azaldırıq.

Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Eyni zamanda, biz qürur duyuruq ki, Azərbaycan dili müstəqil respublikamızın rəsmi dövlət dili statusuna malikdir. Dilimizin belə yüksək status qazanmasınadək isə uzun yol qət edilib. Konfransda Azərbaycanda ardıcıl dil siyasətinin həyata keçirldiyinə diqqət çəkilib. Müzakirələrdə vurğu edildiyi kimi, respublikamızda dil siyasətinin əsası böyük siyasətçi, azərbaycanlı olması ilə hər zaman qürur duyan Heydər Əliyev tərəfindən qoyulub. Ötən əsrin 70-ci illərin ortalarından başlayaraq keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Buna baxmayaraq, o dövrdə respublikamıza rəhbərlik edən Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq oub. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən  Heydər Əliyev 73-cü maddənin aşağıdakı redaksiyada verilməsi təklifini irəli sürüb: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, ötən əsrin 70-ci illərində Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilib, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılıb. Ali məktəblər üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülüb.

Sonrakı mərhələdə Heydər Əliyev Azərbaycan dili uğrunda mücadiləsini 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra davam etdirib. Müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif müzakirələr aparılırdı. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb.

Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısı qloballaşma şəraitində dilimizin yad təsirlərdən qorunmasını, saflığının təmin edilməsini hədəfləyən bir sıra sənədlər imzalayıb.  Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları,  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb. Konfransda bildirilib ki, dövlətimizin başçısının AMEA-nın 80 illik yubileyindəki çıxışı, eləcə də cari ilin yanvar ayında yerli televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Dilin saflığının qorunması ən aktual məsələlərdən biri kimi

Qloballaşma şəraitdə hər bir dövlət, hər bir xalq öz dilini qorumaq qayğısına qalmalıdır. Dilə dəyişməz bir varlıq kimi yanaşmaq doğru olmazdı. Nəzərə almalıyıq ki, dil canlı orqanizmmdir və müəyyən təsirlərə məruz qala bilər. Hər dövr xüsusilə də milli dillər üçün yeni çağırışlar yaradır. Məlumdur ki, hazırda internetin inkişafı və digər amillərlə əlaqədar dünyada sürətli qloballaşma prosesi gedir. Bunun yaxşı tərəfləri ilə yanaşı, pis cəhətləri də var. Qloballaşmanın meydana çıxartdığı çağrışlardan biri də milli dillərin qorunması ilə bağlıdır. Reallıq həqiqətən çox kədərlidir. Verilən məlumatlara görə, ötən hər gün ölü dillərin siyahısı genişlənir və milli dillər üçün təhdidlər daha da artır. Etiraf edək ki, təhdidlər Azərbaycan dili üçün də yox deyil və bu, bir sıra amillərdən qaynaqlanır. Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında dilimizin saflığının qorunması ilə bağlı növbəti dəfə narahatlığını bildirib və elm adamlarına, geniş ictimaiyyətə mühüm çağırışlar edib. “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Söhbət ondan gedir ki, bir tərəfdən qloballaşmanın təsiri nəticəsində dilimizə təhdidlər yaranır, digər tərəfdən isə müxtəlif çevrələrdə ünsiyyət zamanı dilimizə yad kəlmələrdən, ümumişlək olmayann sözlərdən istifadə olunur, nitq prosesində qramatik qaydalar məhəl qoyulmur. Təəssüf doğuran haldır ki, bu kimi hallara hətta mətbuat səhifələrində, reklam lövhələrində və digər yazışmalarda da rast gəlinir. Yeri gəlmişkən, bir qədər bundan əvvəl bəhs olunan mövzuda Yeni Azərbaycan TV-nin efirində də geniş müzakirələr aparılıb. Həmin müzakirələrdə studiya qonaqları dilin norma və qaydalarının pozulmasının yolverilməz olduğu barədə öz dəyərləndirmələrini ortaya qoyublar. Belə müzakirələr genişləndirilməlidir. Ümumiyyətlə, dilin  saflığının qorunmasında akademik dairələrin və geniş ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür. Dilin daşıyıcısı xalqdır. Buna görə də cəmiyyət bu məsələyə həssas yanaşma ortaya qoymasa, dilimizin qorunması ilə bağlı arzulanan nəticələrin əldə edilməsi mümkün deyil. İlk növbədə ana dilini mükəmməl bilməsi, övladlarına bu dildə yaxşı təhsil verməsi hər bir azərbaycanlılnın mənəvi məsuliyyətidir. Gənclərin xarici dil biliklərinə yiyələnmələri nə qədər yaxşıdırsa, bu, heç bir  halda ana dilinin arxa plana keçirilməsi hesabına edilməməlidir. Ictimai yerlərdə, dövlət müəssisələrində dövlət dilinin lazımı səviyyədə işlənilməsi təmin olunmalıdır.

Orfoqrafiya ilə orfoepiyanı necə ayırmalı?

Konfransda diqqət çəkilən daha bir vacib məsələ zərurət olmadığı halda dilə əcnəbi sözlərin daxil edilməsi ilə bağlıdır. Azərbaycan dilinin lüğət tərkibi kifayət qədər zəngindir və istənilən fikri bu dildə sərbət şəkildə ifadə etmək mümkündür. Təəssüf ki, bəzi şəxslər zərurət olmadığı halda hansısa bir anlayışı əcnəbi sözlərlə ifadə etməyi üstünlük kimi dəyərləndirirlər. Belələrinin nəyə dəyər vermələri onların öz işidir. Ancaq söhbət dildən gedirsə, bu artıq şəxsi məsələ sayıla bilməz.

“Azərbaycanda dillə bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə orfoepiyanı ayıra bilməməkdir”. Bu fikri konfransda Bakı Dövlət Universitetinin (BDU) Televiziya və radio jurnalistikası kafedrasının professoru, Mətbuat Şurası Dil Komissiyasının üzvü, professor Qulu Məhərrəmli ifadə edib. Onun sözlərinə görə, insanlar yazdıqları kimi danışmağa, yaxud da danışdıqları kimi yazmağa vərdiş ediblər. “Azərbaycan dilini korlayan faktlardan biri də televiziya, ya da radioda futbol şərhçilərinin səsləndirdiyi səhv ifadələrdir. Şərhçilər söz sırasını pozaraq dilə xələl gətirirlər. Buna misal olaraq “4:2 hesabı ilə uduzub” cümləsini göstərmək olar. Cümlələrin çox hissəsində mübtəda və xəbərin uzlaşması da pozulur. Bundan əlavə, mediada ən çox yol verilən səhvlərdən biri də “hava şəraiti” ifadəsinin işlədilməsidir. Bu nümunələrin əksər hissəsi məna səhvləridir”, - deyə professsor vurğulayıb.

Q.Məhərrəmli efirlərdə yayımlanan reklamlardakı nöqsanlara da toxunub Bununla bağlı ffikirlərini ifadə edən professor deyib:  “Reklamlarda Azərbaycan dilinin qayda və normalarına uyğun olmayan saysız nümunələr gətirmək olar. Anlaşılandır ki, reklamların mətnləri öncədən göndərilir və redaktə etmək çətindir. Amma bəzi reklamlardakı fikirlər çox absurd səslənir. Bunlardan biri də şadlıq saraylarının reklamlarıdır”.

Yeri gəlmişkən, konfransda Azərbaycan dilinin orfoepiya lüğətinin 2026-cı ilin sonunadək hazırlanmasının planlaşdırıldığı barədə məlumat verilib. Həmçinin, ölkədə şəxs adları ilə bağlı məsələlərə yenidən baxılması da gündəmdədir. Hazırda Nəsimi adına Dilçilik İnstitutunda bu proseslə bağlı üç yeni şöbə yaradılıb.

Dil, ilk növbədə, daxili imkanlar hesabına zənginləşməlidir

Konfransda dilimizin saflığının qorunması ilə bağlı diqqət çəkilən mühüm məsələlərdən biri də dilin məhz daxili imkanlar hesabına zənginləşdirilməsidir. Mütəxəssislər də bu qənaəti bölüşürlər. Bəhs olunan mövzuda “Yeni Azərbaycan”a danışan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Səyalı Sadıqova vurğulayıb: “Azərbaycan dilində terminologiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol dilin daxili imkanları əsasında terminlərin, termin-söz birləşmələrinin yaradılmasıdır. Ona görə də  elm və texnikanın müxtəlif sahələrində meydana gələn yeni anlayışların ifadəsi üçün terminlər yaradılarkən ən əvvəl ana dilinin lüğət tərkibinə nəzər salmaq, onun daxili imkanlarından səmərəli istifadə etmək lazımdır. Elm və texnikanın müxtəlif sahələrində terminlərin mühüm bir hissəsi ümumişlək sözlər əsasında yaranır.  Bu zaman ümumişlək sözlər terminoloji funksiya daşıyaraq bütün elm sahələrində elmi anlayışı daha konkret ifadə etməyə xidmət edir. Elmi fikrin ifadəsi dəqiqlik və konkretlik tələb etdiyindən termin də  konkret olmalıdır və elmi biliklərin inkişafı, informasiyaların asan yayılması üçün anlayışı dəqiq ifadə edən terminlərə üstünlük verilməlidir. Dilin daxilində işlənərək hər hansı bir ümumişlək anlayışı bildirən leksemin termin səciyyəsi qazanması üçün ümumişləklik çərçivəsindən çıxmalı, müəyyən elmi anlayışı dəqiq, konkret və birmənalı ifadə etməlidir. Xüsusilə, son dövrlərdə bazar iqtisadiyyatına keçidlə bağlı iqtisadi-siyasi terminologiyada yeni olan anlayışların terminlə ifadəsi daha çox ümumişlək dil vahidləri hesabına baş vermişdir. Məsələn, iqtisadiyyatla bağlı “bazar”, “özəl”, “özəlləşdirmə” leksik vahidləri  məna genişlənməsi nəticəsində məhsuldar işlənən iqtisadi  terminlərə çevrilmişdir. Tarixən bazar sözü alış-veriş üçün müəyyən edilmiş yer mənasını bildirirdisə, son dövrlərdə  “iqtisadi bazar”, “bazar münasibətləri”, “bazar qiyməti” kimi  anlayışları yeni məna kəsb edir.

Azərbaycan dilinin inkişafında dilin daxili imkanları əsas mənbə hesab edilərək ən mürəkkəb fikirlər ifadə olunur. Qarşılıqlı inkişaf əsasında müxtəlif sahələrdə yeni anlayışların adlandırılmasında

ümumişlək sözlər hesabına yaranan terminlər üstünlük təşkil edir. Məsələn, “ağıllı” ümumişlək sözdür, lakin son dövrlərdə bu söz terminləşərək - informatikada proqramlara, yaxud aparat vasitələrinə aid islədildikdə verilən anda gözlənilməyən informasiyanı emal edə bilmək bacarığı mənasında i.lənir. Eləcə də bu sözlə bağlı ağıllı bağlanma, ağıllı kart, ağıllı kənd, ağıllı telefon sözləri yaranmışdır”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28