Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 38 il əvvəlin bu günü...

38 il əvvəlin bu günü...

20.02.2026 [10:56]

Bir saxta qərarın tarixi və fəsadları

Son 30-40 ildə artıq  keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaşananlar bir daha təsdiqlədi ki, tariximizin işıqlı səhifələrini hər zamam qürur hissi ilə qeyd etdiyimiz kimi, qaranlıq məqamları, faciələrimizi də heç vaxt yaddan çıxartmamalı, əksinə onların bir də təkrarlanmaması üçün ibrət götürməliyik. 38 il bundan əvvəl  -  1988-ci il fevralın 20-də tariximizdə daha bir qaranlıq səhifə açılıb. Belə ki, həmin gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs veriblər (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyiblər).

Sonradan Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsi” haqqında qərar qəbul edib. Bununla da Azərbaycanla Ermənistan arasında təxminən üç onillik ərzində davam edən və on minlərlə insanın həyatına son qoyan qanlı münaqişənin əsası qoyulub.

Azərbaycanın içinə qoyulan bomba

Əvvəlcə keçmiş DQMV-nin yaranması tarixinə qısa nəzər salaq. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılıb. DQMV-nə  Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxil edilmişdi. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.

Bu qısa xronikada keçmiş DQMV-nin tarixinin yalnız görünən məqamları öz əksini tapır. Bunun alt qatında isə daşnakların və imperialist güclərin məkrli məqsədləri dayanırdı. Zamanında Azərbaycan ərazisində keçmiş DQMV-nin yaradılmasına hansısa bir zərurət yox idi. Tarixi ədalət də bunu inkar edirdi. Keçmiş DQMV-nin inzibati ərazisi tarixən azərbaycanlıların yaşadıqları şəhər və kəndlərdən təşkil olunmuşdu. Zamanında İranla Rusiya arasında imzalanan Türkmənçay və Gülüstan müqavilələrindən sonra isə bu ərazilərə məqsədli şəkildə erməni əhali köçürülüb. O cümlədən separatçıların qondarma qurumun baş şəhəri elan etdikləri Xankəndiyə münasibətdə də erməni məkrinə yol verilib. Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi.  Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə hədiyyə olunub. “Xankəndi” toponimi 1923-cü ildə keçmiş ittifaqın mərkəzi hakimiyyətinin di?təsi ilə dəyişdirilib və şəhərə saxta “Stepanakert” adı verilib. Separatçılar da məhz bu toponimdən istifadə ediblər.

Beləliklə, Azərbaycan ərazisində keçmiş DQMV-nin yaradılması imperialist güc mərkəzlərinin uzaq məqsədlərinə xidmət edirdi. Bununla onlar özləri üçün dayaq məntəqəsi qururdular. Böyük siyasətçi Heydər Əliyev 10 noyabr 1999-cu il tarixində bir qrup Azərbaycan ziyalısı ilə keçirdiyi görüşdə keçmiş DQMV-nin yaradılmasının kerçək məqsədlərinə diqqət çəkərək vurğulayıb: “Sovetlər dövründə mən Azərbaycana 14 il rəhbərlik etmişəm. 1923-cü ildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixini çox yaxşı bilirəm. Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub. Dağlıq Qarabağa verilən muxtariyyət Azərbaycanın içinə qoyulmuş bomba idi. Nə zamansa bu bomba partlamalı idi”.

“Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə salmaqla güdülən məqsəd də aydın idi ki, yavaş-yavaş, tədricən burada Azərbaycan izi silinsin, bu ərazi erməniləşdirilsin və azərbaycanlılar öz respublikasının bu ərazisində azlıq təşkil etsinlər. Məqsəd bu idi”. Bu fikirləri isə Prezident İlham Əliyev azad Şuşada  Molla Pənah Vaqifin büstünün və məqbərəsinin qarşısında çıxış edərkən deyib. Dövlət başçısı bildirib ki, Ulu öndər Heydər Əliyevin dövründə - 1969-1982-ci illərdə Onun səyləri nəticəsində, siyasəti nəticəsində, o cümlədən Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolunun çəkilişi, Dağlıq Qarabağda müəssisələrin yaradılması və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislərin gəlməsi burada milli tərkibin Azərbaycan xalqının xeyrinə xeyli dəyişmişdi və 1982-ci ildə azərbaycanlılar Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin 25 faizini təşkil edirdi: “Əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər və beləliklə, heç vaxt burada hər hansı bir münaqişə, yaxud da ki, separatizm meydana çıxa bilməzdi, separatizm baş qaldıra bilməzdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Muxtariyyət ləğv edilsə də...

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin qanuna əsasən “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılıb, Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri - Xankəndi şəhəri, Mardakert şəhəri - Ağdərə şəhəri, Martuni şəhəri - Xocavənd şəhəri, Mardakert rayonu - Ağdərə rayonu, Martuni rayonu - Xocavənd rayonu adlandırılıb, Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilib.

Lakin DQMV ləğv edilsə də, əsası qoyulan və separatizmə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdid yaradan münaqişə səngimədi. Söhbət, əslində, Ermənistan tərəfindən Azərbaycana qarşı elan olunmamış mmüharibədən gedirdi. Hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar etnik təmizləməyə və soyqırımına məruz qalıblar. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə kütləvi qırğınını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü. 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın müasir tarixində ən faciəli hadisə baş verdi. Erməni hərbi birləşmələri Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər. Nəticədə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər dinc sakin qətlə yetirilib. 1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı ələ keçiriblər. Bununla da ermənilər Dağlıq Qarabağın, demək olar, bütün ərazisini işğal ediblər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Daha sonra, 1993-cü ilin aprelində Kəlbəcər, elə həmin ilin iyul-oktyabr aylarında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu.

Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub. I Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 872 nəfərin (2020-ci il dekabrın 1-nə olan məlumata əsasən) sonrakı taleyi məlum deyil. 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Ərazi bütövlüyümüz və suverenliyimiz hərbi-siyasi yolla təmin edilib

Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

Vətən müharibəsində əldə olunan Qələbənin miqyası çox böyükdür.  Ordumuz cəmi 44 gün ərzində düşməni kapitulyasiyaya məruz qoydu. Xatırladaq ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Bunun ardınca üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq noyabrın 10-dan sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə də atılmadan Azərbaycana təhvil verilib. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Bununla da ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla təmin edilib.

44 günlük müharibədən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifə Qarabağda separatizm yuvasını dağıtmaq və ölkənin bütün ərazisində suverenliyimizin tam təmin edilməsinə nail olmaq idi. Bu ümummilli ideyanı isə Müzəffər Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində reallaşdırmağa nail oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində və Ağdərə şəhərində Azərbaycan Bayrağının ucaltması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər növbəti parlaq Qələbə idi. Qarabağda suverenliyi bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu. Artıq ərzilərimizdə nə qondarma DQMV var, nə də separatizm yuvası!

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28