Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə...

Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə...

18.11.2025 [10:41]

Azərbaycan Ümumdünya Telekommunikasiya İnkişafı Konfransına ev sahibliyi edir

Noyabrın 17-də Bakı Konqres Mərkəzində Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (“WTDC-25”) işinə başlayıb. Beynəlxalq Telekommunikasiya İttifaqı və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilən konfrans “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusuna həsr olunub. 150 ölkədən 2000-dən çox nümayəndənin iştirak etdiyi “WTDC-25” konfransı kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, informasiya və kommunikasiya texnologiyaları tətbiqləri, innovasiya, İKT üzrə statistika və indikatorlar, İKT-nin tənzimlənməsi və digər bu kimi sahələr üzrə inkişafa dair mövzuları, layihələri və proqramları nəzərdən keçirmək üçün əlverişli imkan yaradır. Həmçinin bu tədbir dünya ölkələrinin İT sektorları arasında strategiya və tənzimləmə mexanizmlərini təkmilləşdirmək, inklüziv və dayanıqlı rəqəmsal transformasiyanı təşviq etmək və rəqəmsal əlçatanlığı artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev tərəfindən tədbir iştirakçılarına ünvanlanan müraciətdə də vurğulandığı kimi bu mötəbər beynəlxalq tədbirin Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilməsi mühüm və əlamətdar hadisədir. Eyni zamanda, Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq ənənələrinin təzahürü, eyni zamanda, ölkəmizin rəqəmsal inkişaf sahəsində qlobal müstəvidə aparıcı mövqeyə malik olmasının bariz göstəricisi hesab edilə bilər.

“Elektron Hökumətin İnkişafı İndeksi”ndə yüksək nəticə

Dövlət başçısı ölkəmizdə telekommunikasiya və informasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərə diqqət çəkərək informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil etdiyini bildirib. Kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib, son dörd ildə sabit artım ritmi qazanılıb. Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur. Rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır. “SİMA” adlı biometrik rəqəmsal imza sistemi artıq 3,6 milyon istifadəçi tərəfindən qəbul edilib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi”nin ən yüksək kateqoriyası qrupuna daxil olub.

Hazırda dünyanın yeni bir rəqəmsal dövrə qədəm qoyduğunu, muşdur. Hazırda texnoloji inkişaf və rəqəmsallaşma ölkənin inkişaf səviyyəsini şərtləndirən, bəşəriyyətin gələcəyini müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. Təəssüf ki, rəqəmsal dünyanın bu qədər inkişaf etdiyi bir dövrdə iki milyarddan çox insan hələ də internetə çıxış imkanından məhrumdur. Müasir dövrdə heç bir ölkə və heç bir insan rəqəmsal gələcəkdən kənarda qalmamalıdır. Bu çağırışları nəzərə alan Azərbaycan rəqəmsal inkişafı əsas hədəflərdindən biri hesab edir. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu çərçivəyə uyğun olaraq rəqəmsal texnologiyaların, süni intellektin inkişaf etdirilməsi, kiberhücumların qarşısının alınması və infrastrukturun genişləndirilməsi sahəsində görülən ardıcıl tədbirlərlə müşayiət olunur. Məqsəd növbəti beş il ərzində “Elektron Hökumətin İnkişafı İndeksi”nin ilk 40 ölkə sırasında yer almaqdır.

Kibertəhlükəsizlik indeksində layiqli reytinq

Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) ötən ilin sonlarında dərc etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index. 2024) hesabatında da Azərbaycan 93.76  xal toplamaqla öz mövqeyini yüksəldib.

194 ölkənin 20 indikator üzrə qiymətləndirilməsinin aparıldığı hesabata əsasən, son 4 ildə kibertəhlükəsizlik sahəsində dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib və qlobal orta göstərici 65,7 xala çatıb. Dünya üzrə ən maksimum nəticəni, yəni mümkün maksimum 100 xaldan 99-100 balı toplayan ölkələr Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Finlandiya, İndoneziya, İtaliya, Misir, Mavritaniya, Qatar və Səudiyyə Ərəbistanı olub. 90-95 xal arası nəticə göstərən ölkələr arasında digər inkişaf etmiş dövlətlər, o cümlədən Azərbaycan yer alıb.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Dorin Boqdan-Martin də ölkəmizin rəqəmsal inkişaf sahəsində əldə etdiyi uğurları yüksək dəyərləndirərək bildirib ki, rəqəmsal dövlət qurucluğu sahədsində aparılan islahatlar Azərbaycanın son illərdə İT və innovasiyalar üzrə hesabatlarda mövqeyinin yüksəlməsinə səbəb olub. Ölkəmiz innovasiya fəaliyyətinin səmərəliliyinə görə, xeyli irəliləyişlər əldə edib, innovasiya resurslarında əlverişli mühit formalaşdırıb.

D. Martin qeyd edib ki, Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının Azərbaycanda keçirilməsi qlobal rəqəmsal icma üçün mühüm hadisədir. Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır. Konfrans çərçivəsində eyni zamanda Bakı şəhərində BTİ-nin Regional Akselerasiya Mərkəzinin açılması planlaşdırılır. BTİ-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq bu Mərkəz region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcək.

Bakı Bəyannaməsi strateji yol xəritəsi olacaq

Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava isə bildirib ki, Azərbaycanda təmin edilən rəqəmsal ekosistem dövlətin rəqəmsal transformasiyaya keçidi, süni texnologiyalar və insan kapitalının inkişaf etdirilməsi təşəbbüslərini tam dəstəkləyir. Bəzi ölkələr süni intellekt və 6G texnologiyalarına doğru irəliləyərkən, digərləri hələ də ən sadə internet bağlantısı üçün mübarizə aparır. Azərbaycanın İKT sahəsinə xüsusi önəm verməsi isə rəqəmsal inkişaf hədəflərinə çatmağa imkan verəcək. Zavazava vurğulayıb ki, konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaq ki, bu sənəd  qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi kimi nəzərdə tutulur.

Noyabrın 28-nə qədər davam edəcək “WTDC-25” konfransı çərçivəsində aparılacaq müzakirələr, qəbul olunacaq qərarlar, yaradılacaq tərəfdaşlıqlar inklüziv, təhlükəsiz və dayanıqlı rəqəmsal gələcəyin qurulmasına xidmət edəcək, milyardlarla insanın həyatına öz təsirini göstərəcək.

Beləliklə, konfrans dünya ölkələri arasında rəqəmsal fərqliliyi aradan qaldırmaq və rəqəmsal transformasiyanı təşviq etmək məqsədilə yeni strateji hədəfləri müəyyən edəcək. MDB regionunda ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir regionda texnoloji və elmi sahələrdə, habelə rəqəmsallaşmada ölkəmizin rolunu daha da möhkəmləndirəcək və respublikamızın beynəlxalq miqyasda nüfuzunu gücləndirəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Səssiz qatil...

19 Noyabr 08:30

Sosial

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30