Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ölkəmiz beynəlxalq nəqliyyat qovşağına çevrilir...

Ölkəmiz beynəlxalq nəqliyyat qovşağına çevrilir...

14.11.2025 [10:33]

Asiyadan Avropaya qədər uzanan böyük coğrafiyada dayanıqlı rifah təmin olunacaq

Azərbaycanın öz ərazisindəki nəql tranzitləri vasitəsilə yüklərin Ermənistana çatdırılmasına icazə verməsi rəsmi Bakının sülhpərvərliyinin və humanizminin mühüm göstəricisi olmaqla yanaşı, regionda yeni əməkdaşlıq formatı yaratmaq səylərinin tərkib hissəsidir. Baş verən proseslər ona dəlalət edir ki, Azərbaycanın sülhyaratma niyyəti region üçün öz bəhrələrini verməkdədir. Bölgədə dəyişən geoiqtisadi mənzərəni dəyərləndirən nüfuzlu ekspertlər də hesab edirlər ki, Azərbaycanın açdığı yaşıl işıq Ermənistanı qlobal inteqrasiya zəncirinə qoşmaq üçün əsil fürsətlər yaradır. 

Bakı İrəvana nəqliyyat qapısı açır 

Dünya iqtisadiyyatı və siyasəti institutunun eksperti, qazaxıstanlı politoloq Yersultan Yenseytovun sözlərinə görə, yeni çağırışlar fonunda dövlətlər gələcəyin inkişaf vəhdətini qurmaq üçün indi daha çox təşəbbüskarlılq edir. Məsələn, Qazaxıstan öz iqtisadiyyatında böyük islahatlar həyata keçirərək qeyri-neft sektorunu inkişaf etdirmək və dünya iqtisadiyyatına inteqrasiya olunmaq istiqamətində işlər aparır, tranzit layihələrinə xüsusi önəm verir. Qazaxıstan Şərqlə Qərbi birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) və onun aparıcı seqmenti olan Zəngəzur dəhlizinin inkişafı bu baxımdan daha strtaeji maraq kəsb edir. Orta Dəhlizdən istifadə edən Qazax hökuməti 2024-cü ildə dəhliz vasitəsilə Avropaya 2 milyon ton mal ixrac edib. Hazırda bu dəhlzinin Zəngəzurə inteqrasiyasında fəal mövqe tutan rəsmi Astana Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrinin tamamlanmasını gözləyir. İşlər yekunlaşdıqdan sonra Qazaxıstan bilavasitə öz nəqliyyat sistemlərini Zəngəzura inteqrasiya edəcək və öz yüklərini Ermənistana da bu xətt üzrə çatdıra biləcək. Azərbaycan Qazaxıstan mallarının Ermənistana və Gürcüstana nəqlində yeni tranzit körpüsü olacaq.

Y. Yenseytovun qənaətinə görə, Azərbaycanın dünyada ən sabit ölkələrdən biri olması yüklərin böyük bir coğrafiyada rahat və təhlükəsiz daşınması üşün böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş zamanı ölkəsinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) adlanan Zəngəzurla daşınmasında maraqlı olduğunu bildirib. K.J .Tokayev qeyd edib ki, Azərbaycan enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, regional nəqliyyat, logistika və enerji gücünə çevrilib, Cənubi Qafqazda və kənarda mühüm körpü rolunu oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsidir. Bu baxımdan TRIPP Orta Dəhlizin gələcək inkişafını sürətləndirə və regional nəqliyyat əlaqələrini gücləndirə bilər.

Cənubi Qafqazda yeni əməkdaşlıq formalaşır

Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn enerji, nəqliyyat, logistika layihələri qlobal miqyasda nümunəvi əməkdaşlıq modelinə çevrilməklə Asiyadan Avropaya qədər uzanan böyük coğrafiyada dayanıqlı rifahı təmin etməkdədir.

BTC, BTQ, TANAP, TAP, Şimal-Cənub, Şərq-Qərb, Orta Dəhliz kimi nəhəng enerji və nəqliyyat arteriyalarında lider dövlət kimi yer alan respublikamızın yaratdığı müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və yenilənən kommuniksiya qovşaqları bütün tərəfdaş ölkələr üçün yüksək tranzit səmərəliliyini artırır. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır.

Öz ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyulub və yeni iqtisadi rifah arxitekturası formalaşıb. Hazırda Azərbaycanın mükəmməl iqtisadi diplomatiyası sayəsində Cənubi Qafqaz bölgəsində yeni əməkdaşlıq landşaftı formalaşır, xarici investorların azad ərazilərdə başlatdığı qeyri-neft proqramları, “yaşıl enerji” layihələri, qeyri-neft sahələrinin, turizm potensialının daha da güclənməsinə istiqamətlənmiş təşəbbüslər regionun iqtisadi rifah mənzərəsini dəyişir, böyük iqtisadi əməkdaşlıq koalisiyası qurulur, habelə Orta Dəhlizin ən mühüm xətti olan Zəngəzurun açılmasına yönəlik addımlar uzunömürlü rifaha möhkəm zəminlər yaradır. 

Zəngəzur dəhlizi regional bağlantıları möhkəmləndirəcək

Azərbaycan və Qazaxıstan uzun illərdir ki, nümunəvi enerji əməkdaşlığı platforması qurub, habelə nəqliyyat-logistika sahəsində region ölkələri üçün yeni cığırlar açır. Həmin nəhəng marşrutlardan biri kimi Orta Dəhlizin xüsusi strateji yerini qeyd etmək olar. 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafına dair Yol Xəritəsi sənədini imzalayıb ki, bu sazişə əsasən, dəhlizin növbəti dayanacağı Zəngəzur xətti hesab edilir. Bakı Beynəlxalq Dəniz Ticarət limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizinin fəaliyyəti üçün hazırda həyata keçirilən infrastruktur layihələri Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirir. Nəticədə Çindən Mərkəzi Asiya (Qazaxıstan)  ilə Azərbaycana uzanacaq nəhəng komunikasiya Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini tam təmin etməklə, birgə kommunikasiya bağlantısı Ermənistanı da bu dəhlizə qoşacaq.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hazırda TRIPP layihəsinin əsas hissəsi üzərində işlər davam etdirilir, layihənin məzmunu formalaşdırılır. Layihə üzrə bütün detallar bu ilin sonuna qədər müzakirə olunacaq və gələn ilin birinci yarısında yekun variant kağız üzərində təqdim ediləcək. Bundan sonra tikinti işlərinə başlanılacaq ki, bu da 2026-nın ikinci yarısında planlaşdırılır. Baş nazir bu layihənin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunacağını da xatırladıb.

Göründüyü kimi qlobal nəqliyyat xətti olan Orta Dəhlizin növbəti qovşağına çevrilməklə Zəngəzur dəhlizi böyük bir coğrafiyada beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarını birləşdirəcək. Azərbaycan Prezidenti də bəyan edib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Vaşinqton regional kommunikasiya quruculuğunda fəallığını artırır

Göründüyü kimi çoxvektorlu nəqliyyat siyasəti Azərbaycanın qlobal platformalarda layiqli yerini möhkəmləndirməklə, bu coğrafiyalarda yer alan ölkələrin iqtisadi klunda birləşdirməyə, əməkdaşlıq və rifahın yeni koordinatlarını müəyyən etməyə, yeni tərəfdaşları inteqrasiyaya cəlb etməyə hesablanıb. Prezidentin bəyan etdiyi kimi yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Azərbaycan Orta Dəhlizin Zəngəzur seqmentini qlobal rifah alyansı kimi görür və bu nəhəng infrastrukturdan regionun bütün dövlətləri istifadə edərək ticarət əlaqələrini genişləndirəcək.

Bu qətiyyətli siyasi kurs sözsüz ki, ABŞ tərəfindən yüksək dəyərləndirilir. Vaşinqtonda keçirilən görüşdə Zəngəzur dəhlizinin müzakirə olunması bu nəqliyyat arteriyasının qlobal xarakter daşıdığını bir daha təsdiqləyir. Bu baxımdan ABŞ-ın Zəngəzur dəhlizini dəstəkləməsi də təsadüfi deyil. ABŞ Mərkəzi Asiyada qarşılıqlı faydalı əməkdaşlıq və praqmatik siyasət ilə Avrasiya məkanında əhəmiyyətli aktor olmaq niyyətindədir. Rəsmi Vaşinqton bu niyyətini axıcı sərmayələri və təmkinli diplomatiyası ilə reallaşdırır ki, bu da regionun bütün dövlətləri tərəfindən müsbət qarşılanır.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30