Azərbaycanın “qırmızı xətti”
08.09.2023 [10:50]
Ceyhun Bayramovdan Ermənistana və Qarabağ ermənilərinə növbəti mesaj
Nardar BAYRAMLI
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və “Magyar Demokrata” macar nəşrinə müsahibə verib.
Macarıstanın Avropa İttifaqı ölkələri arasında iki ölkənin hökumət rəhbərləri və üzvlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərin sayına görə birinciliyin səbəblərini izah edən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri deyib ki, Azərbaycan dünyanın bir çox ölkələri ilə dostluq münasibətlərini inkişaf etdirir. Azərbaycanın xarici siyasətinin prioriteti bütün cəbhələrdə diplomatiyanın fəal rolunu təmin etməkdir. Həqiqətən, Macarıstan bizim əməkdaşlığımızın yüksək səviyyəyə çatdığı ölkələr arasındadır və bu əlaqələr genişlənməkdə davam edir. Əməkdaşlığımızın təməlləri hələ çoxdan qoyulub.
Azərbaycan ilə Macarıstan strateji tərəfdaş ölkələrdir
Ceyhun Bayramov qeyd edib ki, Prezident İlham Əliyev bir neçə dəfə Macarıstana səfər edib. 2014-cü ildə Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Həmin vaxtdan bizim münasibətlərimiz sıx, dostcasına, qarşılıqlı hörmət və qarşılıqlı maraqlara əsaslanan yüksək səviyyəyə qalxıb. Ona görə də heç də təəccüblü deyil ki, 2014-cü ildə imzalanmış həmin bəyannamədən 9 il sonra - artıq bu il, 2023-cü ilin yanvarında Prezident İlham Əliyev və Baş nazir Viktor Orban tərəfindən yeni sənəd - Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair Bəyannamə imzalanıb. Əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində iki dövlətin qarşılıqlı iradəsi bizim münasibətlərimizi həqiqətən də fərqli edir. İki lider arasında müzakirə olunan məsələlərin hamısı sonradan özünü konkret fəaliyyətdə göstərir və həyata keçirilir. Dünən mənə macar həmkarımla əvvəllər imzalanmış bəyannamələr əsasında birinci strateji dialoqu keçirmək müyəssər oldu. Əgər bizim dialoqun yekun protokoluna nəzər salsaq, onda görərik ki, münasibətlərimiz həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli formatlarda - siyasi, iqtisadi, mədəni, o cümlədən təhsil, turizm və bir çox digər istiqamətlərdə geniş spektri əhatə edir”.
Nazir müsahibədə iki ölkə arasında energetika - həm ənənəvi karbohidrogen, həm də “yaşıl” enerji sahələrində əməkdaşlığın yeni perspektivləri haqqında, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan da danışıb.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın yeni perspektivləri haqqında suala cavab verən Ceyhun Bayramov xatırladıb ki, Macarıstan bu təşkilatda müşahidəçi qismində iştirak etdiyi 2018-ci ilin ilk günündən etibarən fəallıq nümayiş etdirir. Xalqlarımızın ortaq tarixi keçmişi, sıx mədəni kökləri var və hər iki ölkənin cəmiyyətləri gələcək yaxınlaşmaya açıq maraq göstərir. 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhəri və Macarıstanın mədəniyyət paytaxtı Vesprem şəhəri fəal əməkdaşlıq edirlər, onların arasında memorandum imzalanıb. Macarıstanın TDT-də rolu çox müsbətdir və təşkilatın bütün üzvləri bunu yüksək qiymətləndirir.
Ermənistanın hərbi qüvvələri Qarabağdan çıxarılmalıdır
Cənubi Qafqaz regionunda postmüharibə nizamlanmasının hazırkı vəziyyətindən bəhs edən Ceyhun Bayramov deyib: “Düşmənçilik səhifəsini çevirmək və sülh nizamı qurmağa başlamaq təklifi Prezident İlham Əliyevdən gəlib, həm də bu, 44 günlük müharibənin başa çatmasından iki ay sonra olub. Azərbaycanın mövqeyi düşmənçiliyi geridə buraxmaq və beynəlxalq hüquq prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə, suverenliyə və sərhədlərin toxunulmazlığına hörmət əsasında iki ölkə arasında münasibətlərdə yeni mərhələyə başlamaqdan ibarətdir. Biz nəyi görürük? Ermənistana müharibədən sonra bu ölkənin baş nazirinin nəhayət ki, şifahi də olsa, tərkibində Qarabağ da olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün iki il yarım vaxt lazım oldu. İndi şifahi söylənmiş bəyanatın rəsmi imza ilə təsbit edilməsinin vaxtı gəlib çatıb, bunun üçün isə sülh sazişi layihəsi üzərində işlər başa çatmalıdır. Təəssüf ki, biz Ermənistan rəhbərliyinin əvvəllər etdiyi şifahi bəyanatların onun əməllərinə uyğun gəlmədiyini müşahidə edirik. Bəzən əvvəllər söylənən fikirləri təkzib edən bəyanatlar eşidirik. Ən pis olanı odur ki, biz vaxtaşırı olaraq hərbi təxribatları da görürük. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın dördüncü maddəsinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşməsinə paralel olaraq, bütün erməni silahlı birləşmələri çıxarılmalı idi. Təəssüf ki, üçtərəfli Bəyanatın imzalanmasından təxminən üç il keçsə də, qanunsuz hərbi birləşmələr hələ də çıxarılmayıb. Onlar Ermənistan tərəfinin himayəsindədir və onun dövlət büdcəsindən maliyyələşdirilir. Bu bölmələrin şəxsi heyətinin bir hissəsi Ermənistan silahlı qüvvələrinin hərbi personalından ibarətdir. Bunu təsdiq edən çoxlu sayda sübutlar və faktlar var”.
Ağdam-Xankəndi yolu ən optimal yoldur
Bu günlərdə bir sıra xarici KİV-lərdə şişirdilən Laçın yolu mövzusuna toxunan nazir bildirib ki, bütün bu səs-küyün mənbəyi Ermənistan və onu himayədarlarıdır. “Bütün bu təbliğatın heç bir əsası yoxdur. Bu, humanitar məsələ deyil, sırf siyasi manipulyasiyadır. Hazırda Laçın yolu Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən istifadə olunur. Hər gün onlarla erməni sakinlər hər iki istiqamətdə keçid buraxılış məntəqəsindən sakit şəkildə keçir. Onlar xəstələrini daşıyır, bununla yanaşı, BQXK regiona dərman preparatları və digər zəruri məhsullar gətirir. Bakının mövqeyi ondan ibarətdir ki, bütün alternativ marşrutlardan istifadə olunsun. Əgər məsələ həqiqətən humanitar sahəyə aid olsaydı, onda çox tez bir müddətdə bir neçə yolun paralel olaraq açılması ilə həll oluna bilərdi. Lakin artıq üç ildir ki, regionda yerli ermənilərin bəzi nümayəndələri əllərindən gələni edirlər ki, bütün bu imkanların qarşısını alsınlar, erməni əhalinin Azərbaycan dövlətinin siyasi, iqtisadi, sosial arxitekturasına reinteqrasiyası prosesinin birbaşa və bilavasitə ilk addımları kimi qiymətləndiriləcək hər hansı ipi kəssinlər. Bu isə seqreqasiyanın, separatçılığın dəstəklənməsindən başqa bir şey deyil. Təəssüf ki, Ermənistanın mövqeyi də bu xəttin dəstəklənməsindən ibarətdir ki, bu da İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında şifahi bəyanatına ziddir. Bir marşrut yerinə dərhal bir neçəsini təklif edən ölkəni “humanitar böhranda” ittiham etmək ağlasığmazdır. Biz Ağdam-Xankəndi yolunu bu marşrutun optimal olduğuna görə təklif edirik, həqiqətdə isə bir çox başqa yollar, o cümlədən Füzuli və Şuşa şəhərindən də marşrutlar var. Tərəfdaşlarımız, həmçinin BQXK-nin əməkdaşları bütün bunlardan xəbərdardır. Ağdamdan yüklərin çatdırılması məqsədilə konvoy təşkil etmək onlar üçün bir neçə saatın işidir. Onların bütün imkanları - zəruri infrastruktur, logistika, nəqliyyat vasitələri, Bərdədə anbarlar - bir sözlə, lazım olan hər cür şəraitləri mövcuddur. Ağdamdan yol ən qısadır. Lakin erməni əhalisinin etdiklərinə baxın! Onlar beton bloklar qoyublar və bu da ərzağın çatdırılmasını qeyri-mümkün edir. Bütün məsələ bundan ibarətdir. Onları separatçılıq maraqlandırır. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu mövzu siyasiləşdirilməməlidir. Biz Qarabağın erməni əhalisinə öz vətəndaşlarımız kimi baxmaqda davam edirik”.
Başqa yol yoxdur!
Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağın erməni əhalisi arasında dialoqa toxunan Azərbaycanın XİN rəhbəri qeyd edib ki, artıq birinci görüş keçirilib. “Prezidentin təyin etdiyi xüsusi nümayəndə ilin əvvəlində Qarabağda ilk görüşünü keçirib, bundan sonra rotasiya qaydasında Azərbaycanın şəhərlərindən birində ikinci görüşün keçirilməsi üzrə dəvət göndərilib. Həmçinin erməni əhalisinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, mərkəzi hökumətin təmsilçisi bu rotasiya formatında gələcək görüşlərin keçirilməsini davam etdirməyə hazırdır; üçüncü görüş yenə Qarabağda, dördüncüsü Azərbaycanın şəhərlərinin birində, beşincisi yenə Qarabağda və sairə. Bizim üçün vacib olan prosesin davam etməsidir. Bu mənada, Bakı dialoq üçün xoş iradə və açıq mövqe nümayiş etdirir. Bu, irəliyə doğru yeganə yoldur. Dialoqdan imtina edənlər, onlara mesaj göndərə biləcək və hər hansı bir vədlər verəcək üçüncü tərəflərin əllərində girov olmaqdan qurtulmalıdır. Onlar keçmişə nəzər salmalı və nə əldə etdiklərini düşünməlidir. Məgər onlar xoşbəxt oldular, daha yaxşı yaşamağa başladılar? Əlbəttə, yox. Yeganə yol dialoq və Azərbaycanın tərkibində öz gələcəyini müzakirə etməkdir. Başqa yol yoxdur, çünki qalan bütün variantlar qeyri-legitimdir. Bu, bizim qırmızı xəttimizdir. Bundan sonra Azərbaycanın ərazisində heç bir boz zona olmayacaq”.
Zəngəzur dəhlizi bütün region üçün önəmlidir
Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanla danışıqların hazırkı vəziyyətindən danışan Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz yolun açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bir hissəsidir. “Kommunikasiyaların açılması çox vacibdir, çünki nəqliyyat əlaqələri, ticarət və sairə təkcə tərəflərə fayda və gəlir gətirmir, eyni zamanda, regionda sülh prosesini dönməz edir. Belə ki, ölkələr bir-birinə sıx bağlı olur. Eyni zamanda, təkcə bizim regionda deyil, həm də Ukraynadakı müharibə də diqqətə alınmaqla onun hüdudlarından kənarda baş verən geosiyasi proseslər bizə Şərq və Qərbi birləşdirən yeni nəqliyyat marşrutlarının açılmasını diktə edir. Marşrutlara həm Avropa İttifaqı, həm də Mərkəzi Asiya dövlətləri və daha sonra Şərq tərəfindən güclü tələbat var. Bu mənada, Azərbaycan ərazisindən keçən Orta Dəhlizin əhəmiyyəti böyükdür. Təkcə ötən il bizim ölkəmizdən yük axını 70 faiz artıb. Tələbat çoxdur. Zəngəzur dəhlizi Şərq-Qərb yolunda elementlərdən biridir. Ekspertlər müəyyən ediblər ki, Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizə əlavə 5-8 milyon ton karqo göndərilə bilər. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də digər ölkələr üçün çox faydalıdır. Hansısa məqamda belə bir təəssürat yaranır ki, biz işləri yekunlaşdırmağa yaxınıq, lakin birdən - son dəqiqədə Ermənistan gözlənilmədən yeni bir iddia irəli sürür, bu da prosesi dalana sürükləyir. Bu, qeyri-konstruktivdir, həm də üçtərəfli Bəyanatın müvafiq maddəsinin pozulmasıdır. Həmin maddəyə görə, Ermənistan öz üzərinə yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə qarantiya vermək öhdəliyini götürüb. Bu, Ermənistan tərəfindən qeyri-konstruktiv olmaqla yanaşı, həm də ona zərər verir. Bu ölkə özünü gəlirlərdən məhrum edir, hərçənd bütün ölkələr arasında məhz onun öz iqtisadi vəziyyətini düzəltməyə və izolyasiyadan çıxmağa ehtiyacı var”.
Azərbaycan XİN-in başçısı müsahibənin sonunda bildirib ki, bu cür yanaşma İrəvanı öz iqtisadiyyatını qaydaya salmaq üzrə daha bir imkandan məhrum edəcək. Çünki yol, sadəcə olaraq, Ermənistandan yan keçə bilər. Azərbaycan isə “B” planına malik olan ölkə kimi, bu istiqamətdə işi davam etdirəcək. Onun üçün layihə Ermənistanın iştirakı olmadan da həyata keçirilə bilər, amma belə olan təqdirdə İrəvan bundan zərər çəkəcək.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
03 Oktyabr 17:25

Xəbər lenti
03 Oktyabr 16:18

Xəbər lenti
03 Oktyabr 16:17

İqtisadiyyat
03 Oktyabr 15:33

Xəbər lenti
03 Oktyabr 15:32

Asiya
03 Oktyabr 15:21

Xəbər lenti
03 Oktyabr 15:10

Xəbər lenti
03 Oktyabr 14:53

Xəbər lenti
03 Oktyabr 14:39

Xəbər lenti
03 Oktyabr 14:13

Xəbər lenti
03 Oktyabr 14:12

Xəbər lenti
03 Oktyabr 14:04

Dünya
03 Oktyabr 13:31

Xəbər lenti
03 Oktyabr 13:22

Xəbər lenti
03 Oktyabr 13:14

Maraqlı
03 Oktyabr 13:12

Xəbər lenti
03 Oktyabr 12:45

Mədəniyyət
03 Oktyabr 12:39

Maraqlı
03 Oktyabr 12:36

Xəbər lenti
03 Oktyabr 12:11

Siyasət
03 Oktyabr 11:55

Xarici siyasət
03 Oktyabr 11:53

MEDİA
03 Oktyabr 11:49

Siyasət
03 Oktyabr 11:41

Siyasət
03 Oktyabr 11:36

Xəbər lenti
03 Oktyabr 11:34

Siyasət
03 Oktyabr 11:23

Xəbər lenti
03 Oktyabr 11:18

Siyasət
03 Oktyabr 11:15

Xəbər lenti
03 Oktyabr 11:11

Xəbər lenti
03 Oktyabr 11:10

Xəbər lenti
03 Oktyabr 11:08

Xəbər lenti
03 Oktyabr 11:08

Siyasət
03 Oktyabr 11:07

Xəbər lenti
03 Oktyabr 11:06

Xəbər lenti
03 Oktyabr 11:05

Xəbər lenti
03 Oktyabr 11:04

Xəbər lenti
03 Oktyabr 10:55

Xəbər lenti
03 Oktyabr 10:53

Siyasət
03 Oktyabr 10:45

Siyasət
03 Oktyabr 10:30

Gündəm
03 Oktyabr 10:20

Analitik
03 Oktyabr 10:10

Gündəm
03 Oktyabr 10:00

Xəbər lenti
03 Oktyabr 09:35

Gündəm
02 Oktyabr 20:40

Xəbər lenti
02 Oktyabr 20:37

Xəbər lenti
02 Oktyabr 20:35

Xəbər lenti
02 Oktyabr 19:41

Xəbər lenti
02 Oktyabr 18:24

Xəbər lenti
02 Oktyabr 18:11

Xəbər lenti
02 Oktyabr 17:46

Xəbər lenti
02 Oktyabr 16:50

Xəbər lenti
02 Oktyabr 16:35

Xəbər lenti
02 Oktyabr 16:28

Siyasət
02 Oktyabr 16:26

Siyasət
02 Oktyabr 16:20

Xəbər lenti
02 Oktyabr 16:11

Xəbər lenti
02 Oktyabr 16:00

Xəbər lenti
02 Oktyabr 15:46

Xəbər lenti
02 Oktyabr 15:33

Xəbər lenti
02 Oktyabr 15:07

Xəbər lenti
02 Oktyabr 15:05

Xəbər lenti
02 Oktyabr 14:42

Xəbər lenti
02 Oktyabr 14:09

Xəbər lenti
02 Oktyabr 13:48

Xəbər lenti
02 Oktyabr 13:46

Siyasət
02 Oktyabr 13:42

Xəbər lenti
02 Oktyabr 13:39

Xəbər lenti
02 Oktyabr 13:13
