Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / ABŞ-ın qütb marağı...

ABŞ-ın qütb marağı...

20.05.2022 [10:25]

Şimal sularında hansı bayraq dalğalanacaq?

Pərviz SADAYOĞLU

NATO özünün real seçimini etməlidir - terroru dəstəkləyənlər Türkiyənin iradlarından nəticə çıxaracaqmı?

İsveç və Finlandiyanın NATO-ya qoşulmaq istəyi beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Rəsmi Helsinki ilə Stokholmun uzun illərdən sonra neytrallıq sükutunu pozaraq şimal alyansına üzv olmaq niyyətinə düşməsi siyasi mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. Bunu, mövcud Rusiya təhlükəsi ilə əlaqələndirənlər çoxluq təşkil etsə də, ABŞ-ın dünya liderliyi uğrunda mübarizəsinin növbəti mərhələsi kimi dəyərləndirənlər də tapılır. Belə ki, Putinin KTMT-nin 30 illiyinə həsr olunmuş yubiley sammitində çıxışı zamanı hər iki Skandinaviya ölkəsi ilə normal münasibətlərinin olmasını söyləməsi Kremlin heç də “şimal müharibəsi” həvəsində və istəyində olmadığının təsdiqi idi. Moskva üzü şimala doğru demarş fikrində deyil.  Bununla belə hər iki dövlətin tələm-tələsik, hətta protokol qaydalarını aşaraq quruma üzv olunması üçün yaradılan şərait bəzi qaranlıq nüanslardan xəbər verir. Maraqlıdır ki, Türkiyənin də bu məsələdə tutduğu mövqe ABŞ-ın arzularına adekvat deyil. Rəsmi Ankaranın irəli sürdüyü arqumentlər bu ölkələrin şimal alyansına qoşulmaq üçün “yararsız” olduğunu sübut edir. ABŞ isə bu məsələdə daha israrlı görünür.

ABŞ öz hərbi maraqlarına fokuslanıb

Yeri gəlmişkən, ABŞ prezidenti Co Bayden Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı bəyanat verib və bunu qətiyyətlə dəstəklədiyini deyib. Ağ Ev rəhbərinin bəyanatında bildirilib ki, həm İsveç, həm də Finlandiya hərtərəfli və əhatəli demokratik proseslərdən sonra NATO-ya üzv olmaq üçün vacib qərar qəbul edib. Bayden vurğulayıb ki, tarixin ən böyük müdafiə alyansı olan NATO Avropada və Şimali Amerikada demokratik prinsiplər, sülh və firavanlığa ortaq baxış ətrafında birləşmiş bir milyard insanın təhlükəsizliyinə zəmanət verir. Bayden NATO-nun Nizamnaməsinin 5-ci maddəsinə sadiqliyinin dönməz olduğunu vurğulayıb. Haşiyəyə çıxaraq vurğulayaq ki, sözügedən 5-ci maddə NATO üzvü ölkələrinə qarşı yaranan hər hansı təhdidin qarşısının alınmasında birgə iştirakı ehtiva edir. Amma rəsmi Moskva dəfələrlə Finlandiya və ya İsveçə qarşı hər hansı bir hərbi müdaxilə və ya hücum fikrində olmadığını diqqətə çatdırmışdı.

ABŞ Prezidenti əlavə edib ki, Finlandiya və İsveç ABŞ-ın çoxdankı, möhkəm tərəfdaşlarıdır və bu ölkələrin NATO-ya qoşulması ilə müdafiə sahəsində əməkdaşlıq daha da güclənəcək. “ABŞ NATO müttəfiqləri ilə birlikdə Baltik dənizi regionunda çevik təlim fəaliyyətini və mövcudluğunu davam etdirəcək. Onların NATO-ya üzvlük müraciətlərinə baxılarkən, ABŞ ortaq təhlükəsizliyimizə qarşı hər hansı təhdidə qarşı ayıq-sayıq qalmaq, təcavüz təhlükəsinin qarşısını almaq üçün Finlandiya və İsveçlə işləyəcək”, - deyə Bayden vurğulayıb.

Göründüyü kimi, iki dövlətin şimal alyansına qoşulması ilə bağlı Ağ Ev sahibinin irəli sürdüyü arqumentlər sırf ABŞ-ın hərbi maraqlarına fokuslanıb. Rəsmi Vaşinqton şimal sularında Rusiyanın nüfuzunu sıfıra endirmək, həmin regionda patornajlığı tam şəkildə ələ almaq üçün bu ölkələri hərbi ittifaqa üzv etmək istəyir.

Ağ Ev terroru dəstəkləyən ölkələrlə hərbi müttəfiq olmaqda maraqlıdır?

Lakin İsveçin və Finlandiyanın “NATO yolu”nun heç də hamar olmayacağı indidən bəllidir. Şimal alyansının ən böyük ordusuna sahib olan Türkiyə Skandinaviya ölkələri ilə hərbi ittifaqa girməyə tələsmir. Bunun üçün rəsmi Ankaranın əlində kifayət qədər ciddi səbəbləri var. Belə ki, Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı Qərb qarşısında şərtlərini açıqlayıb. “Bloomberg” agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki qaynaqlarına istinadən həmin şərtlərin nədən ibarət olduğunu bildirib:

- İsveç və Finlandiya NATO-ya qəbul olunmazdan əvvəl PKK və buna bənzər təşkilatları terror təşkilatı elan edəcək və onlara rəğbət bəsləyənlərə qarşı aktiv mübarizə aparacaqlar.

- Türkiyəyə qarşı fasilələrlə tətbiq edilən müdafiə sənayesi sanksiyaları və silah embarqoları qaldırılacaq.

- Türkiyə yenidən F-35 proqramına daxil ediləcək.

- Türkiyənin 40 “F-16” Blok 70 “F-16” döyüş təyyarəsi və modernizasiya paketi tələbi qəbul ediləcək.

- Türkiyə Rusiyadan S-400 aldıqdan sonra tətbiq edilən CAATSA sanksiyaları qaldırılacaq.

Göründüyü üzrə, əslində tələblərin bir çoxu birbaşa İsveç və Finlandiyaya deyil, ABŞ-a yönəlikdir. Rəsmi Vaşinqtonun bunlara nə cavab verəcəyi indidən maraq doğurur. Bununla yanaşı, Türkiyə həm İsveçin, həm də Finlandiyanın PKK terror təşkilatının fəaliyyət yuvasına çevrildiyini və terrorçular üçün əhəmiyyətli dərəcədə maliyyə qaynaqlarının təmin olunduğu bölgələr olduğunu bildirir. Lakin həm rəsmi Stokholm, həm də Helsinki NATO üzvlüyü istəklərindən vaz keçməməklə bərabər Türkiyənin tələblərini yerinə yetirməkdən boyun qaçırır. Türkiyə mətbuatının yazdığına görə, NATO üzvü olmaq üçün ilk addımları atan İsveç və Finlandiya Türkiyənin ekstradisiyasını tələb etdiyi 33 FETÖ və PKK üzvündən heç birini təhvil vermir. Finlandiyadan 6-sı FETÖ, 6-sı PKK olmaqla 12, İsveçdən 10-u FETÖ, 11-i PKK olmaqla ümumilikdə 21 nəfərin ekstradisiya prosesi tələb olunur. Türkiyə tərəfinin məhkəmə qərarları və sübutlar əsasında ekstradisiya ilə bağlı edilən 33 müraciətin heç birinə müsbət cavab verilməyib. İsveç nümayəndə heyəti ilə görüşdə Türkiyə tərəfinin terror təşkilatı PKK/PYD-yə verilən dəstəklə bağlı sənədləri müzakirəyə çıxaracağı gözlənilir.

Bu məsələ maraqlı bir nüansı da gündəmə gətirir. Türkiyənin haqlı iddiaları qarşısında susqunluq nümayiş etdirən ABŞ terroru dəstəkləyən ölkələri NATO-ya daxil etməkdə niyə bu qədər həvəslidir? Digər tərəfdən, hazırda “Rusiya təhdidi”ni əsas gətirərək təhlükəsizliklə bağlı həy?can keçirən Avropa niyə Türkiyəyə qarşı təhdidlər yağdıran terrorçulara hələ də himayədarlıq etməkdə davam edir. Bu fakt bir daha onu sübut edir ki, hazırda Rusiyaya qarşı vahid cəbhədə birləşən ABŞ-Avropa cütlüyü öz maraqları üçün “müqəddəs” və ya “toxunulmaz” elan etdikləri qərar və tabuları belə ayaqlamağa hazırdır.

Avropa Türkiyəyə yalvarır...

İsveçə və Finlandiyaya tanınan bu “xüsusi münasibət” isə digər dövlətlərin timsalında nümayiş etdirilməyib. Vaxtilə Türkiyə Avropa Birliyinə üzvlük üçün müraciət edəndə türklərə yüzlərlə şərt irəli sürən, “Kopenhagen Kriteriyaları” adıyla prosesi ləngidən və nəhayətdə “yox deyən”, hətta əsassız iddialarla rəsmi Ankaranı quruma layiq bilməyən Avropa indi özü bənzər duruma düşüb. “Qoca qitə” Türkiyəyə yalvarır. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində Türkiyənin irəli sürdüyü şərtlər isə mükəmməl olduğu qədər də haqlıdır. Türkiyə bununla, həmçinin Rusiyanın da rəğbətini qazanır, Qərblə danışıqlarda isə öz tələblərini diktə etmək üçün istifadə edir. Avropada geosiyasi qütbləşmənin gələcək konturlarına nəzər salanda mövcud ziddiyyətlərdən həm blokdaxili parçalanmaların olacağı, hətta regional güc mərkəzləri ətrafında yeni blokların yarana biləcəyi barədə ehtimallar güclənir. Bu güc mərkəzlərindən biri də məhz Türkiyədir. Bunu dünya siyasətinə yön verdiyini düşünən ABŞ və aparıcı Qərb ölkələri də anlamaqdadır. Yeni dünya düzənində Türkiyə nəinki yalnız Cənubi Qafqazda və ya Yaxın Orta Şərqdə, bütövlükdə Şərqi Avropa və Asiya məkanında real güc mərkəzi statusunda çıxış edir. İstər türk dövlətlərinin, istərsə də Qərbin maraqlarından cana doyan Avropa ölkələrnin Ankaranın ətrafında birləşməsi də bunu deməyə əsas verir. Ən əsası isə, bu faktı BMT və bu qisimdə digər beynəlxalq təşkilatlar da etiraf edirlər. Belə olan halda, ABŞ və ya NATO özünün real seçimini etməlidir - ya terroru dəstəkləyənlər Türkiyənin iradlarından nəticə çıxararaq bu səhvlərini düzəltməli, ya da rəsmi Ankaranın iradəsi ilə qapı arxasında illərlə növbə gözləməlidir...

Paylaş:
Baxılıb: 243 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

30 İyun 10:22

İqtisadiyyat

Rusiya defolt olub?

30 İyun 10:21

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Kür daşa bilər

30 İyun 10:09

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30