Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / İnformasiya müharibəsi, kiberordu və qələmi silaha çevirən muzdlular

İnformasiya müharibəsi, kiberordu və qələmi silaha çevirən muzdlular

18.02.2022 [10:25]

“Qlobal araşdırmaçı jurnalist”lər kimə və nəyə xidmət edirlər?

Nurlan QƏLƏNDƏRLİ

SSRİ-nin süqutundan, təkqütblü sistemin yaranmasından sonra yeni strategiya ilə çıxış edən Qərb dünyası müstəqil dövlətləri təsir altına almaq - liderləri, siyasətçiləri təzyiq altında saxlamaq üçün müxtəlif vasitələrdən istifadə etməyə başladı. Bunlardan biri yeni informasiya ordusunun və yaxud kiberşəbəkənin formalaşdırılması idi. Ənənəvi “parçala, hökmranlıq et” taktikası ərazi işğal etmədən - torpaq ələ keçirmədən, sadəcə olaraq informasiya resursları və yeni texnologiyalar vasitəsilə reallaşdırılmağa başlandı. Bu sırada “qlobal araşdırma jurnalistikası” adlı mütəşəkkil qrupun xidmətlərindən istifadə olunması xüsusi yer tutur.

Araşdırmaçı-jurnalist kimdir?

“Araşdırmaçı-jurnalist” ifadəsi ilə yaxından tanışıq. Bu və ya digər ölkələrdə müxtəlif məsələlərlə əlaqədar araşdırmalar apararaq material (yazılı, audio və video) hazırlayan jurnalisti ifadə etmək üçün istifadə olunur. Tarixi nə köhnə, nə də yenidir - XX əsrin əvvəlində ABŞ-da populyarlıq qazanıb. Daha çox jurnalistin cəmiyyətdaxili problemlərlə əlaqədar araşdırma apararaq dövlət siyasətini tənqid etməsi prinsipi üzərində qurulub. Hətta bu sahənin nümayəndələri həmin vaxt Birləşmiş Ştatlarda ayrı-ayrı dövlət adamları tərəfindən “palçıq içində nə isə axtaranlar”, “səlibçi jurnalistlər”, “köstəbəklər” kimi səciyyələndiriliblər. Amma...

... Zaman keçdikcə ABŞ başda olmaqla Qərb dünyası bu sahədə təşkilatlanma apararaq, bu vasitəni “silah”a çevirərək müxtəlif ölkələrə qarşı tuşlayıblar. Əlində qələm-silah tutmuş “araşdırmaçı jurnalist”lər vasitəsilə siyasətçilərə, cəmiyyətlərə, xalqlara informasiya atəşi açmağa başlayıblar. Beləliklə, yeni “silahlı qüvvə”lər əsasında kiberordu formalaşdırılıb, informasiya müharibəsinə start verilib və qələmi silaha çevirən muzdluların xidmətlərindən istifadə edilməkdədir.

Adları, ünvanları fərqli olsa da, sponsorları, maliyyə mənbələri eynidir

Mexanizm sadə və aydındır. Belə ki, bu gün Qərbin hədəfində olan, demək olar ki, bütün regionlarda “qlobal araşdırmaçı jurnalist” adlı media nümayəndələri fəaliyyət göstərirlər. Onlar özlərini “müstəqil tədqiqatçı”, “tərəfsiz jurnalist” kimi təqdim etsələr də, konkret şəbəkənin və bu şəbəkəyə aid olan müxtəlif təşkilatların nümayəndələridir. Bir növ, kəşfiyyat orqanlarının həm informatorları, həm də təbliğat alətləridir. Bir şəbəkə daxilində bir neçə təşkilat formalaşdırılıb: “Qlobal Araşdırmaçı Jurnalistlər Şəbəkəsi”, ‘’Jurnalistikanın İnkişafı Şəbəkəsi’’, “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi”, “Beynəlxalq Mediaya Yardım Mərkəzi” və s. Bu qruplar 80-dən çox ölkədən müxtəlif jurnalistləri öz sıralarında birləşdirir və hibrid müharibənin informasiya cəbhəsini təşkil edirlər. Şəbəkənin ərəb ölkələri, Latın Amerikası, Asiya ölkələri, Mərkəzi və Şərqi Avropa, MDB məkanında filialları - dayaq nöqtələri fəaliyyət göstərir. Özlərini “araşdırmaçı” kimi təqdim edən həmin jurnalistlər isə, əslində, bəhs olunan şəbəkənin xüsusi ideoloji təyinatlıları və informasiya süvariləri kimi çıxış edirlər. Diqqət çəkən məqamlardan biri odur ki, adları, ünvanları fərqli olsa da, təşkilatların və “araşdırmaçı-jurnalist”lərin sponsorları, maliyyə mənbələri eynidir. Əsasən USAİD (ABŞ Beynəlxalq Əməkdaşlıq Agentliyi), NDİ (Milli Demokratiya İnstitutu), NED (Demokratiya Fondu), Soros fondu kimi qaynaqlardan maliyyələşirlər. Eyni “araşdırmaçı”lar bütün təşkilatların idarə heyətində və üzvlüyündə təmsil olunurlar.

Araşdırma materialları necə hazırlanır?

Bəs “araşdırma” adlandırdıqları materiallar necə hazırlanır və hansı formada yayılır? Aydın məsələdir ki, müxtəlif ölkələrin, şəxslərin imicini hədəf alan materiallar konkret kəşfiyyat orqanları tərəfindən “ərsəyə gətirilir”. Bu materiallarda məlumatlar əsasən üç hissədən ibarət olur: sızdırılmış və ya əldə edilmiş faktlar; uydurulmuş, yaxud xüsusi metod və texnologiya ilə hazırlanmış yalan “informasiya”lar; hansısa mənbəyə (hökumətdə təmsil olunanlar, diplomatik korpus nümayəndələri, müxaliflər, vətəndaş cəmiyyəti təmsilçiləri və s.) istinadla verilmiş məlumatlar.

 “Araşdırmaçı-jurnalist” qrupu adı altında işləyənlər, əslində, peşəkar kəşfiyyatçılardır. Kəşfiyyat orqanlarının əməkdaşlarından, informasiya texnologiyaları mütəxəssislərindən ibarət kiberordu işini görür - bəhs olunan materialları hazırlayır. Bu materialların guya hansısa “araşdırmaçı-jurnalist” tərəfindən hazırlandığı qeyd edilir. Növbəti mərhələdə feyk-nyus yaymaqla məşhur və məşğul olan nüfuzlu nəşrlərdə jurnalistin imzası ilə dərc olunur. Daha sonra “Freedom House”, “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatlar guya monitorinq apararaq hazırladıqları hesabatlara bu “fakt”ları daxil edirlər. Yeri gəlmişkən, bəhs olunan “araşdırma”lar daha çox “insan hüquqları”, “korrupsiya”, “demokratiya”, “söz azadlığı” kimi məsələləri ehtiva edir və dövlətin, hakimiyyətin, liderin və siyasətçilərin hədəfə alınması ilə xarakterikdir.

“Araşdırmaçı-jurnalist”lər hansı prinsiplər əsasında seçilir?

Bəhs olunan şəbəkədə fəaliyyət göstərən “araşdırmaçı-jurnalist”lərin seçilməsi prinsiplərinə gəldikdə isə, burada iki məqam xüsusilə diqqəti cəlb edir. Birincisi, onlar məhz və yalnız “öz dövlətləri əleyhinə çıxanlar” prinsipi əsasında əməkdaşlığa cəlb edilirlər. Yəni bu şəxslər öz dövlətlərinin maraqlarını, mənafeyini və mövqeyini müdafiə edə bilməzlər, hətta “araşdırma materialları”ndan başqa sırf qara tonda və fonda məlumat yaymalıdırlar. İkincisi, Qərbi, xüsusilə də Amerika Birləşmiş Ştatlarını tənqid obyektinə çevirə bilməzlər. Onlar şəxsi söhbətlər zamanı, sosial şəbəkələrdə paylaşımlar çərçivəsində, eləcə də məqalə, reportaj və süjetlərində söz azadlığı, insan hüquqları, demokratiya mövzuları ilə əlaqədar Qərb siyasi həyat tərzindən nümunə gətirməli, mətnaltı olsa da, müsbət - təbliğ, təşviq xarakterli fikir bildirməlidirlər. Məsələn, “Müasir dövrdə inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa dövlətlərində, ABŞ-da da neqativ hallara rast gəlinir” demək kifayətdir. Yaxud “ABŞ kimi söz azadlığının ən yüksək səviyyədə qorunduğu bir ölkədə dövlət başçısının jurnalistə qarşı təhqirə yol verməsi qəbuledilməzdir”,-deyə fikir ifadə olunması yetərlidir. Burada subliminal və əsas mesaj “ABŞ kimi söz azadlığının ən yüksək səviyyədə qorunduğu bir ölkə” ifadəsində gizlənib. Həmin “araşdırmaçı-jurnalistlər”in öz ölkələrindən başqasına, xüsusilə də Qərb ölkələrinə qarşı tənqidi xarakterli araşdırmalar aparmamaları da diqqəti çəkən məqamlardan biridir.

İnformasiya hücumları xaos ssenarisinin tərkib hissəsi kimi

Nəticələr isə ortadadır. Kiberordunun “qlobal araşdırma jurnalistləri” adlanan muzdluları vasitəsilə aparılan informasiya savaş və hibrid əməliyyatlar xaos ssenarisinin, dövlətsizləşdirmə, lidersizləşdirmə və mənəviyyatsızlaşdırma siyasətinin tərkib hissəsidir. Bu gün Yaxın Şərqdə, postsovet məkanında, Asiyanın bəzi qaynar nöqtələrində baş verənlər bu reallığın ifadəsidir. Güc mərkəzləri həmin regionlarda “rəngli”, “çiçəkli” inqilablar və iğtişaşlar, “bahar”lar təşkil etməklə, “rejim dəyişikliyi” planı icra etməklə bir çox ölkəni faktiki xaos meydanına çeviriblər.

Müstəqil siyasət həyata keçirən, Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan da zaman-zaman belə hibrid təhdidlərlə qarşı-qarşıya, şəbəkə hücumlarına məruz qalır. Amma həmin dairələr və onların xidmətçiləri fiaskoya uğrayırlar və iflasa məhkumdurlar. Xaossevərlər İlham Əliyevin milli birlik siyasətinə, Onun Liderlik fenomeninə, Azərbaycan xalqının qətiyyətinə - iradəsinə məğlub olurlar. Bu gün siyasi-ideoloji kursun milli maraqlar əsas götürülməklə və müasir çağırışlar nəzərə alınmaqla həyata keçirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması Azərbaycanı hibrid hücumlar və təhdidlərdən qorumağa imkan verir!

Paylaş:
Baxılıb: 1161 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30