Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ərdoğanın Ukraynaya tarixi səfəri: Türkiyə arzuolunmaz müharibənin qarşısını ala biləcəkmi?

Ərdoğanın Ukraynaya tarixi səfəri: Türkiyə arzuolunmaz müharibənin qarşısını ala biləcəkmi?

05.02.2022 [09:54]

Taleh AĞAVERDİYEV

Fevralın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edib. Ukraynanın rəhbəri Vladimir Zelenski bu səfəri tarixi adlandırıb. Və qeyd etmək lazımdır ki, bu ifadə əsassız deyil.

2006-cı ildən yaradılması ilə bağlı danışıqlar aparılan Azad Ticarət Zonası (ATZ) haqqında sazişin imzalanması bir daha səfərin əhəmiyyətini vurğuladı. Bundan əlavə, hökumətlər arasında Ukraynada Bayraktar pilotsuz uçan aparatların istehsalı zavodunun tikintisinə dair saziş imzalanıb.

ATZ razılaşması Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edir, çünki Türkiyə Çin və Polşadan sonra üçüncü ən böyük satış bazarına sahib olacaq. Nəticədə, Ukraynanın Türkiyəyə ixrac etdiyi malların təqribən 95%-i rüsumdan azad olunacaq, həm də Ukrayna emal olunmuş kənd təsərrüfatı məhsulları üçün Türkiyə bazarına çıxış üçün daha yaxşı şərait əldə edəcək. Bundan başqa, Ukraynanın Türkiyə xammalından istehsal etdiyi mallar (müqavilə aktivləşdirildikdən sonra) Ukrayna malları sayılacaq və bununla bağlı istənilən Avropa ölkəsinin bazarlarına rüsumsuz daxil ola biləcək. Ümumilikdə, Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı Ukrayna ilə Türkiyə arasında 50-yə yaxın dövlətlərarası sənəd imzalanıb.

İki ölkə prezidentlərinin Kiyev görüşünün əsas mövzularından biri təhlükəsizlik və sülh məsələləri olub. Türkiyə rezidenti özünü Ukrayna ilə Rusiya arasında qarşıdurmanın dərəcəsini azaltmaq üçün əsas vasitəçi kimi getdikcə daha da aydın görür, o, bərabər məsafəli mövqe tutduğunu və Rusiya-Ukrayna sammitini öz ərazisində keçirmək istədiyini nümayiş etdirir. Eyni zamanda, o, ölkəsinin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdə davam etdiyini də vurğulayıb. Ukrayna prezidenti Vladimir Zelenski strateji tərəfdaşın səylərini yüksək qiymətləndirərək, istənilən yerdə “müharibəyə son qoymağa” hazır olduğunu bəyan edib.

Türkiyə ilk dəfə deyil ki, vasitəçi olmağa hazır olduğunu bildirir. Özü də təkcə Rusiya ilə Ukrayna arasında deyil, həm də Rusiya ilə Qərb arasında. Bu siyasət çərçivəsində Ərdoğan Moskvadan NATO-ya qarşı “birtərəfli” tələblərdən əl çəkməsini xahiş edir və hesab edir ki, Ukraynaya müdaxilə “rasional (səmərəli) olmaz”. Eyni zamanda, o, NATO-nu “Rusiyanın narahatlıqlarını aradan qaldırmaq” üçün “Rusiyaya qulaq asmağa” çağırır və hələlik ona qarşı yeni sanksiyalar çağırışlarına qoşulmaqdan imtina edir.

Ukrayna və Rusiya arasında qarşıdurma bütün regionun, o cümlədən Türkiyənin maraqlarına cavab vermir, çünki Qara dəniz regionunda vəziyyət qeyri-sabit olacaq. Bu, həm də Türkiyənin Qara dəniz məkanı ilə bağlı baxışının üstündən xətt çəkə bilər. Onun baxışı isə ənənəvi olaraq regionun bütün dövlətlərinin əməkdaşlığını təmin etmək və beləliklə, bu regionu xarici təsirlərdən qorumaqdan ibarətdir. Və başqa bir nüans var: Türkiyə NATO-nun üzvüdür. Alyansda isə qərarlar kollektiv şəkildə qəbul edilir və həyata keçirilir. Ona görə də müharibə başlayarsa, Ankara tərəf tutmağa məcbur olacaq, bu da, aydındır ki, ilk növbədə, onun Rusiya ilə son illərdə yaxşılaşan münasibətlərinə təsir edəcək.

Ərdoğan indi həm Rusiya, həm də Ukrayna prezidenti ilə kifayət qədər etibarlı münasibət qurduğu üçün bu, dialoqun canlanması və Türkiyənin vasitəçilik missiyasının uğuru üçün müəyyən imkanlar yaradır. Bir çox Qərb ölkələrinin Rusiya ilə Türkiyə kimi konstruktiv əlaqələri yoxdur, ona görə də Ankara Ukrayna və Rusiya arasında vasitəçi roluna daha uyğun gəlir. O, həm Ukrayna ilə strateji tərəfdaşlığa, həm də Rusiya ilə kifayət qədər yüksək səviyyədə əlaqələrə malikdir, ona görə də Kiyev və Moskva arasında dialoqu təmin edə biləcək ideal vasitəçi kimi görünür. Bundan əlavə, iki böyük dövlətin maraqlarının nə qədər tez-tez kəsişdiyini nəzərə alsaq, Ankara və Moskva çoxdan eksklüziv münasibətlər qurub və bir çox mübahisəli məsələlərdə razılığa gəlməyi öyrəniblər. Rusiya və Türkiyəni böyük müştərək investisiya layihələri də birləşdirir. Ona görə də İstanbulda yeni danışıqlar platformasının yaradılması variantı çox perspektivli görünür.

Kiyev - leyhinədir. Amma Kreml bir tərəfdən özünün bunun əleyhinə olması kimi göstərsə də, Ərdoğanın təklifindən qəti şəkildə imtina etmir. Kreml bildirir ki, əgər Türkiyənin Kiyevi Minsk razılaşmalarına əməl etməyə inandırmaq üçün arqumentləri olarsa, Moskva bu səyləri dəstəkləyəcək və qiymətləndirəcək. Qeyd edək ki, Türkiyə dövlətinin başçısı Kiyevə səfər etməzdən əvvəl Rusiya prezidentini yaxın həftələrdə ölkəsinə dəvət edib və bununla bağlı razılıq da alınıb.

Bununla belə, Moskva ilə Kiyev arasında münaqişənin həlli istiqamətində Ankaranın bu təşəbbüslərinin nə dərəcədə real olacağını anlamaq hələ də kifayət qədər çətindir. Bunun üçün Zelenski ilə Putinin Ərdoğanın iştirakı ilə görüşü ən azı bir dəfə baş tutmalıdır. Son söz, təbii ki, tərəflərin özlərinə məxsusdur. Bununla belə, Türkiyə rezidenti konstruktiv addım ata bilər və Putinlə Zelenski arasında gərginliyin azaldılmasına kömək edəcək dialoq təşkil edə bilər.

Paylaş:
Baxılıb: 924 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30