İranda nisbi sakitlik yaransa da...
23.01.2026 [10:15]
Beynəlxalq ictimaiyyət prosesləri diqqət mərkəzində saxlayır
İran valyutasının kəskin ucuzlaşması səbəbindən ötən ayın sonlarında ölkədə başlayan etiraz aksiyaları nisbətən sakitləşib. İlk olaraq paytaxt Tehranda tacirlərin etirazları ilə başlayan aksiyalar az sonra ölkənin əksər böyük şəhərlərinə yayılmışdı.
Rəsmi məlumata əsasən, 3117 nəfər öldürülüb
Hadisələr zamanı müxtəlif mənbələr İranda 10 mindən çox insanın öldüyünü bildirsələr də, xəbər rəsmi səviyyədə təkzib olunub. İranın Məhkəmə Tibbi Ekspertizasının məlumatına görə, son iğtişaşlar nəticəsində ölənlərin sayı 3117 nəfərə çatıb. Onların arasında mülki şəxslər üstünlük təşkil edir. Bu, 2025-ci ilin dekabr ayının sonlarında etirazlar başlayandan bəri İran hakimiyyəti tərəfindən açıqlanan ilk rəsmi məlumatdır.
İnsan haqları üzrə “Human Rights Activists News Agency” təşkilatı isə ölənlərin sayının 4560 nəfər olduğunu yazıb. Həmçinin etirazlar zamanı 460-dan çox dövlət binasının və 480-dən çox məscidin zərər gördüyü və ya yandırıldığı, 700-dən çox banka hücum edildiyi bildirilib.
Lakin ölkədə gərginlik hələ tam səngiməyib, bir sıra ərazilərdə hərbi və fövqəladə rejim tətbiq olunub. Məsələn, Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin əsas yolu sayılan Vəli-əsr prospektində yerləşən dövlət məktəbləri bağlanıb. Şəhərdə hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə, İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) vəziyyətə nəzarət edir. Məlumatlara əsasən, Təbrizdə yaşayış və hökumət binalarının damlarına silahlı şəxslər yerləşdirilib.
“Vaşinqton İranla danışıqlar aparmır”
İrandakı hadisələrlə bağlı beynəlxalq ictimaiyyət də ciddi narahatlığını ifadə edirdi. Hətta ABŞ Prezidenti Donald Tramp İrana qarşı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyini açıqlamışdı. Lakin o zaman tərəflər arasında diplomatik təmaslar oldu, Tramp edamların dayandırılmasının qarşılığında İrana hərbi müdaxilə qərarı vermədi. Bununla belə, İrandakı vəziyyət fonunda yanvarın 20-də “USS Abraham Lincoln” atom aviadaşıyıcısının başçılıq etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) zərbə qrupu Yaxın Şərqə doğru hərəkət edərək Hind okeanına daxil olub. Bu barədə “İnterfaks” agentliyi “Marine Traffic” resursuna istinadən məlumat yayıb. “Tomahawk” qanadlı raketləri ilə təchiz edilmiş “USS Spruance”, “USS Michael Murphy” və “USS Frank Petersen” esmineslərinin müşayiət etdiyi aviadaşıyıcı Cənubi Çin dənizindən Hind okeanına keçərək Malakka boğazından çıxışı tamamlayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmi qruplaşması qərb istiqamətində hərəkət edib. “USS Abraham Lincoln” aviadaşıyıcısında üç eskadrilya “F/A-18” döyüş qırıcısı və bir eskadrilya beşinci nəsil “F-35C” qırıcıları yerləşdirilib. Gəminin Yaxın Şərqə göndərilməsi barədə əvvəllər “Al-Jazeera” telekanalı məlumat vermişdi. Qeyd edilmişdi ki, bu, Pentaqonun regionda mövcudluğunu gücləndirməyə və İrana qarşı potensial əməliyyatlar üçün zəruri olan dəniz balansını bərpa etməyə hazır olduğunu nümayiş etdirir.
Bu arada ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff “CNBC” telekanalına müsahibəsində deyib ki, Vaşinqton İranla danışıqlar aparmır, lakin zaman-zaman iki tərəf arasında təmaslar olub. Tehranla razılaşmanın əldə olunacağına inamını ifadə edən diplomat əks halda “bütün dünya üçün pis günlərin başlayacağını bildirib. “Ümid edək ki, konsensus əldə olunacaq”, - deyə Stiven Uitkoff əlavə edib.
Aİ Tehrana qarşı yeni sanksiyalar hazırlayır
Avropa İttifaqı (Aİ) isə İrandakı etirazların yatırılmasında güc tətbiqinə cavab olaraq Tehrana qarşı yeni məhdudiyyətlər hazırlayır. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Parlamentində İranla bağlı dinləmələr zamanı bəyan edib ki, Aİ artıq İrana qarşı insan hüquqlarının pozulması, nüvə fəaliyyəti və Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyi üçün geniş sanksiyalar tətbiq edib. Hazırda Aİ İranın pilotsuz uçuş aparatları (PUA) və raketlərinin istehsalında istifadə edilə bilən komponentlərə əlavə ixrac məhdudiyyətləri təklif edir, həmçinin etirazçılara qarşı təzyiqlərlə əlaqədar yeni sanksiyalar hazırlayır. “İran son illərin ən böyük nümayişlərini yaşayır. İştirakçılar azadlıq, ləyaqət və öz gələcəklərini müəyyən etmək hüququ tələb edirlər”, - deyə o bildirib və əlavə edib ki, hakimiyyət dinc etirazlara zorakılıqla cavab verir, minlərlə insan İran rəsmilərinin özlərinin etiraf etdikləri kimi, son həftələrdə öldürülüb. O, həmçinin qeyd edib ki, Aİ Tehrandan bütün ədalətsiz saxlanılan şəxslərin dərhal azad olunmasını, internetə çıxışın bərpasını və zorakılığın dayandırılmasını tələb edib. Kallasın sözlərinə görə, İran hakimiyyətinin hərəkətləri regional təhlükəsizliyə təhdid yaradır və gələcək eskalasiya riskini artırır.
Avropa Parlamentinin bəzi üzvləri Avropa ölkələrində İran səfirliklərinin fəaliyyətinin məhdudlaşdırılmasını da tələb edib. Debatlar zamanı çıxış edən parlament üzvləri Avropa Komissiyasını İrana qarşı yeni ciddi sanksiyalar tətbiq etməyə və İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıblar. Kallas isə vurğulayıb ki, SEPAH-ın terror təşkilatı kimi tanınması müzakirə mövzusu olaraq qalır, lakin Aİ-nin bütün üzv dövlətləri arasında məsələ ilə bağlı hələ konsensus əldə edilməyib. O, həmçinin söyləyib ki, İrandakı vəziyyət və etirazçılara qarşı təzyiqlər növbəti həftə Aİ Şurasının iclasında nəzərdən keçiriləcək.
İnternet bərpa olunacaq
Xatırladaq ki, etiraz aksiyaları və iğtişaşlar səbəbindən yanvarın 8-dən etibarən İranda internet kəsilmişdi. Artıq İran Prezidenti Məsud Pezeşkian 11 günlük kəsintidən sonra internetə giriş məhdudiyyətinin aradan qaldırılmasına çağırıb: “Onlayn ticarəti asanlaşdırmaq və kommunikasiya məhdudiyyətini aradan qaldırmaq üçün İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə mümkün qədər tez internetə girişi bərpa etməyi tövsiyə etdim”. İnternetin bu həftənin sonuna qədər bərpa olunacağı bildirilir.
Bundan əlavə, Pezeşkian ötən ilin sonundan ölkəni bürüyən etirazlarda saxlanılan iştirakçıların işlərinə xüsusi diqqət və ədalətlə baxılmasına çağırıb. “Son hadisələrlə bağlı saxlanılan şəxslərin işlərində maksimum dəqiqlik və ədalət üstünlük təşkil etməlidir”, - deyən İran Prezidenti əlavə edib ki, qətllərdə və zorakı əməllərdə günahkar olan başçılar və təqsirlilər ən kiçik güzəşt olmadan müvafiq məhkəmə orqanları qarşısına çıxmalıdırlar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45

