Səfirlərin kritik seçimi
13.12.2025 [09:52]
Avropadakı 210 milyard avro həcmində Rusiya aktivlərinin taleyi necə olacaq?
Gözlənilən qərar verildi. Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Avropa Komissiyasının (AK) təqdim edilmiş hüquqi mexanizmə uyğun olaraq Avropada saxlanılan təxminən 210 milyard avro həcmində Rusiya dövlət aktivlərinin qeyri-müəyyən müddətə dondurulması təklifini təsdiqləyiblər.
Danimarkanın Aİ-dəki sədrliyinə istinadən yayılan məlumata görə, cümə axşamı Avropa Komissiyasına Ukraynaya müharibədən sonrakı reparasiyalar ödənilənədək aktivlərin bloklanmasına imkan yaradacaq fövqəladə səlahiyyətlər verilib. Bəyanatda qeyd olunub ki, səfirlər 122-ci maddə ilə bağlı təklifin yenidən baxılmış versiyasını səs çoxluğu ilə razılaşdırıb və rəsmi qərarın qəbul edilməsi üçün yazılı prosedurun başlanmasına icazə veriblər.
Xatırladaq ki, daha əvvəl Rusiya aktivlərinin dondurulması qərarı hər altı aydan bir yekdilliklə yenilənirdi və bu zaman Macarıstanın veto qoymaq imkanı var idi.
Asan olmayan razılaşma
Avropa İttifaqı ölkələrinin səfirlərinin Rusiya dövlət aktivlərinin qeyri-müəyyən müddətə dondurulması təklifini təsdiqləmələri uzun müzakirələrin sonunda verilən və heç də asan olmayan bir qərardır. Məsələ burasındadır ki, hansısa bir dövlətin nüfuzlu maliyyə qurumlarında saxlanılan aktivlərinin dondurulması beynəlxalq hüquqla bir araya sığmır. Bu kimi qərarlar təhlükəli presedentlər yarada və vəsaitlərin saxlanıldığı beynəlxalq maliyyə qurumlarına və ölkələrə inamı sarsıda bilər. Məhz buna görə də müvafiq razılaşmanın əldə olunması ətrafında müzakirələr uzun çəkdi. İndinin özündə də bəhs olunan razılaşma bütün ölkələrin və beynəlxalq maliyyə qurumlarının mövqeyini əks etdirmir. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollar məbləğində aktivlərini dondurub. Bunların təxminən 5-6 milyard dollarlıq hissəsi ABŞ-ın payına düşür. Aktivlərin böyük hissəsi isə Avropada, o cümlədən 210 milyard dollar vəsait Belçikadakı “Euroclear” beynəlxalq platformasında saxlanılır.
Mənbələrin məlumatına görə, Rusiya aktivlərinin 210 milyard avroluq hissəsinin qeyri-müəyyən müddətdə dondurulması ilə bağlı son müzakirələr dekabrın 8-də Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin görüşündə müzakirə edilib. Həmin görüşdə liderlər ortaq mövqeyə yaxınlaşıblar. Bütövlükdə, ayrı-ayrı ölkələr və liderlər aktivlərin uzun müddətdə dondurulmasının tərəfdarıdırlar. Almaniya kansleri Fridrix Mertz birmənalı olaraq o mövqedən çıxış edir ki, Avropadakı dondurulmuş Rusiya aktivləri Ukraynaya yardım üçün istifadə olunmalıdır. “Biz bu aktivlərin Ukraynanı daha çox dəstəkləmək üçün də istifadə edilməli olduğuna dair qiymətləndirməni bölüşürük. Brüsseldə Avropa Şurasında müvafiq zəmanətləri verməyə hazır olduğumuzu bildirmişdim”, - deyə kansler vurğulayıb.
Fransa Prezidenti E.Makron da Rusiya aktivləri üzərində uzunmüddətli nəzarətin saxlanılmasının tərəfdarıdır. Fransa prezidentinin sözlərinə görə, Aİ Ukraynanın hərbi səylərinin uzunmüddətli maliyyələşdirməsini təmin etmək üçün müvafiq həll yolları tapmalı, həmçinin beynəlxalq hüquq normalarına uyğun olaraq bu gələcək maliyyələşdirmənin formatını və bu prosesdə Rusiya aktivlərinin rolunu müəyyən etməlidir.
Lakin Avropa İttifaqının ayrı-ayrı dövlətləri və aktivlərin saxlanıldığı digər ölkələrin heç də hamısı Fransa və Almaniyanın sərt mövqeyini bölüşmürlər. Yuxarıda qeyd etdiyimiz kimi. Macarıstan lap əvvəldən aktivlərin dondurulmasına qarşı çıxıb. Həmçinin Belçikanın ehtiyatlı davranışları da diqqət çəkir. Rusiya aktivlərinin müsadirəsi məsələsi Aİ ilə Belçika hökuməti arasında ciddi fikir ayrılığı yaradıb. Belə ki, Belçikanın Baş naziri Bart de Vever Aİ-nin Ukraynaya dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərini müsadirə etmək cəhdlərinə veto qoyub. Bununla belə, Avropa Komissiyasında əldə olunan razılaşma onu deməyə əsas verir ki, Aİ-nin Belçikaya yönəlik siyasi təzyiqləri mövqelərin uzlaşmasına öz təsirini göstərib.
Rusiya aktivlərinin saxlanıldığı Aİ-dən kənar dövlətlərin yanaşmaları də Avropa Komissiyasının mövqeyindən kəskin şəkildə fərqlənir.
ABŞ-in təqdim etdiyi 28 bəndlik sülh planında Rusiyanın dondurulmuş aktivlərinin müəyyən hissəsinin bu ölkəyə qaytarılması mexanizmini əks etdirən müddəa yer alır. Bəhs olunan müddəa sərt sanksiyalarla üzləşən Rusiya üçün bir nəfəslik kimi dəyərləndirilir.
Həmçinin Yaponiya da Avropanın Rusiya aktivlərinin qeyri-müəyyən müddətdə dondurulması ilə bağlı planını bölüşmür. Rəsmi Tokio Avropa İttifaqı ölkələrinin təxminən 30 milyard dollar məbləğində dondurulmuş Rusiya aktivlərinin müsadirə olunması təklifindən imtina edib. Bu ölkənin maliyyə naziri Satsuki Katayama Yaponiya tərəfinin hüquqi səbəblərdən Rusiya aktivləri üzərində sərəncam vermək səlahiyyətində olmadığını bildirib.
Avropanın əsas izahı - müharibə “qoca qitə” üçün sürpriz çətinliklər yaradıb
Avropa İttifaqı ölkələrinin səfirlərinin müvafiq razılaşmasının əsas izahı kimi müharibənin “qoca qitə” üçün sürpriz çətinliklər yaratdığı göstərilir. Təsirlərin miqyası həqiqətən böyükdür. Əksər Avropa ölkələri ölçüyəgəlməz itkilərə məruz qalırlar. Bu çətinliklər enerji təhlükəsizliyinə yaranan təhdidlərdən tutmuş inflyasiyanın artmasına, ümumi daxili məhsulun artım dinamikasının əhəmiyyətli dərəcədə aşağı düşməsinə, miqrantların yerləşdirilməsinə, Vaşinqtonun yeni şərtləri daxilində Ukraynanın silah təchizatı ilə bağlı əlavə xərc öhdəliklərinin yaranmasınadək ən müxtəlif istiqamətləri əhatə edir.
Avropa İttifaqının rəsmiləri çətinliklərə istinad etməklə bildirirlər ki, Aİ-nin Fəaliyyəti haqqında Müqavilənin (TFEU) 122-ci maddəsi Rusiya aktivlərinin qeyri-müəyyən müddətdə dondurulmasının hüquqi əsasını təşkil edir. Sözügedən müqaviləyə əsasən, Aİ əhalisinin 65 faizini təmsil edən 15 ölkə Rusiyanın aktivlərini qeyri-müəyyən müddətə dondura bilər. Aİ-nin nümayəndəsi Balaş Uyvari məsələ ilə bağlı vəziyyəti şərh edərkən bildirib ki, son 5 ildə Aİ tez-tez gözlənilməz böhranlarla üzləşib və bunun iqtisadi təsiri qaçılmaz olub. O, belə vəziyyətdə 122-ci maddənin tətbiqinin məqsədəuyğun olduğunu billdirib və vurğulayıb ki, bu, Avropa İttifaqının çətin iqtisadi vəziyyətdən çıxmasına kömək edə biləcək resursların cəlb olunmasına imkan verir. Qurum rəsmisi əlavə edib ki, əgər Rusiya-Ukrayna müharibəsi, Ukraynaya yardımlar və müdafiə xərcləri olmasaydı, Avropada iqtisadi vəziyyət xeyli yaxşı olardı.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

