Belə bir Liderə necə dönük çıxmaq olar?!
01.12.2025 [19:03]
Onda hələ Qarabağ işğalda idi. Bu, o zamanlar idi ki, hansı ölkəyə səfər edirdiksə - bu səfərlər də əsasən Qarabağa ədalət, Azərbaycan həqiqətlərinin yayılmasına həsr olunmuş tədbirlərlə əlaqədar olurdu – Azərbaycandan olduğumuzu bilənlərin tənəli, ironik baxışlarından yayına bilmirdik. Düzdür, etika naminə, qonaq olduğumuz üçün nisbətən ehtiyatlı davranırdılar, amma elə baxışları ilə də “bir ovuc erməninin” (onların düşüncəsinə görə) əlindən torpaqlarını ala bilməyən ölkənin vətəndaşı olaraq yanaşırdılar bizə. Ən təsirlisi bilirsiniz nə olmuşdu? Şeyx Səfi məqbərəsini ziyarət edib geri qayıdarkən Ərdəbildən olan ağsaqqalardan birinin “niyə gedib torpağınızı azad etmirsiniz”, deyərək tənəli baxışlarına tuş gəlmişdik səfər yoldaşlarımızla. Olduğumuz ünvanlarda reallığı deyirdik, əslində torpaqlarımızı “bir ovuc erməninin” yox, onların havadarlarının işğal etdiklərini söyləyirdik və sonda qalib gələcəyimizi əminliklə bildirirdik. Eləcə də digər tədbirlərin birində mühacir soydaşlarımızın ittihamlarına cavab olaraq demişdik ki, “əmin olun, Qarabağı ən çox azad etmək istəyən Azərbaycan Prezidentidir, buna qəti şübhəniz olmasın, kim adını əbədi tarixə həkk eləmək istəməz?!”

Bu gün o günləri xatırlamaq çox ağır olsa da, haqlı olduğumuz üçün o qədər xoş hisslər keçiririk ki...Bir Azərbaycan vətəndaşı olaraq, özü də QALİB ÖLKƏNİN VƏTƏNDAŞI! Bu günləri bizə bəxş edən Müzəffər Ali Baş Komandanımıza, qəhrəman ordumuza nə qədər təşəkkür etsək, yenə də azdır! Torpaqlarımızın azadlığı bizim başımızı dikəltdi, bütün dünyada üzüağ yaşamaq şansı qazandıq, bir çoxları bizə həsəd aparır, bunu dilə gətirən liderlər də az deyil. Bu reallığı yaradan Liderə və onun qüdrətli ordusuna, dövlətinə, xalqına necə qəsd haqqında düşünmək olar(dı)?! Təəssüf ki, demə, biriləri iş başında imişlər. Dövlətimizin köklərini qazırmışlar. Ramiz Mehdiyev və ətrafı, “komandası” ətrafında aparılan araşdırmalar çox şeyləri üzə çıxaracaq. Amma indiyə qədər yayılan məlumatların özü belə qorxuncdur. Bir anlıq digər məsələləri düşünəndə adamı vahimə basır. Təsəvvür edin, əgər hazırlanan planlar həyata keçsəydi, hakimiyyətin ələ keçirilməsinə nail olsaydılar...Onda nə Böyük Zəfərimizin ilkin mərhələsi olan Aprel döyüşlərindəki qələbə müjdəmiz olacaqdı, nə Tovuz döyüşlərində düşmənin burnu ovulacaqdı, nə 44 günlük Vətən müharibəsində iki əsrə bərabər qələbəmiz olacaqdı, nə də...Çox şeylərdən məhrum olacaqdıq. O halda Qarabağda separatizmin kökü kəsilməyəcəkdi, Bakıda Ədalət Məhkəməsi qurulmayacaqdı, əksinə, indi yenə də canilər Xankəndidən, Xocalıdan üstümüzə hürüşəcəkdilər. Rusiyadakı çevrələrin təlimatı ilə hakimiyyət başına gələn qüvvələr Qarabağda “Rusiya evi” yaradılması ilə paralel həyata keçirilən proseslərə müqavimətmi göstərəsiydilər?

Görün Prezident İlham Əliyev bu xalqı və dövləti hansı bəlalardan xilas edib...Bəziləri sadəlövhcəsinə sual edir ki, niyə Ramiz Mehdiyev və ətrafı ilə bağlı məsələlər indi gündəmə gətirilib, hüquqi addımlar atılır? Dünyanın ən nəhəg dövlətləri belə eyni zamanda bütün yükləri öz üzərinə götürməyə çətinlik çəkir, mərhələli qaydada addımlar atır. Son illərə diqqət edək: Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi, 2021-ci ilin sentyabr döyüşləri, Fərrux yüksəkliyi uğrunda əməliyyat, 2023-cü ilin antiterror əməliyyatı...Bu əməliyyatları keçirmək, torpaqların azadlığına nail olmaq üçün dövlətimiz yalnız ermənilərləmi döyüşürdü? Xeyr! Laçının giriş-çıxış qapısı bağlandıqdan sonra Fransa və digər dövlətlərin nə qədər təzyiqləri ilə üz-üzə qaldıq, TIR-larını gətirib qapımıza yığmışdılar ki, Xankəndiyə gedirik! İlham Əliyevin qətiyyəti sayəsində kor-peşman geri döndülər. İran TIR-ları Ermənistan nömrələri ilə separatçılara yanacaq daşıyırdılar, Prezident Əliyev onları gəldiklərinə peşman elədi, Dövlət Təhlükəsizliyi Xidməti iranlı emissarların pasportlarına qədər ifşasına nail oldu.
Rusiya sülhməramlılarının müşayiəti ilə (?!) Qarabağ separatçılarının Xankəndi və digər ərazilərimizə silah-sursat daşıdıqlarını da unutmamışıq. Rusiyalı hərbçilərin nəzarəti altında separatçıların “təmas xətti”ndə minalar basdırmalarını da. Həmin minalar bu gün də təhlükə saçmaqda, canlar almaqdadır...AŞPA, Avropa İttifaqı, bu gün tabutuna mismarlar vurulan Minsk Qrupu...daha kimlər üstümüzə gəlirdilər. Hamısının cavabını dövlətimizin başçısı verirdi, nöqtəli zərbələrlə susdururdu. Hələ sadalamadığımız o qədər hadisələr var ki...Bütün bu hadisələrin, görülən işlərin fonunda “beşinci kolon”un təməlinin qazılmasının da həyata keçirilməsi sizcə, asan məsələ idimi? Düzdür, bir sıra hallarda SOROS tör-töküntülərinə qarşı gərəkən addımlar atıldı, “ərəb baharı”ndan, “məxməri inqilablar”dan həvəslənib, Azərbaycanı da Suriyaya, Livana, Yəmənə, Misirə döndərmək istəyənlərin, qanı su yerinə axıtmağa çalışanların arzuları gözlərində qoyuldu. Amma bununla işlər bitmədi. Dövlət sadəcə vaxtını gözləyirdi. Həm də nəyi, nə zaman etmək lazımdır, hamıdan yaxşı bilən Lider var!
Ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub, indi artıq dövlətimizin təməlinə zaman-zaman lağım atmağa cəhd edənlərlə bağlı tədbirlər görülməliydi və görülür də. Çox təəssüf ki, bir əsr sonra yenidən Əliheydər Qarayevlər hərəkətə keçibmişlər, özlərini mələk donunda göstərib, əslində şimaldan günəşin doğacağı barədə xəyallar qurubmuşlar.
Hələlik istintaq gedir və son sözü dövlət qurumları, ədalət məhkəməsi deyəcək. Amma uğrunda şəhidlər vermiş vətəndaşın heç şübhəsiz ki, mövqeyi budur: dövlətimizə qəsd niyyətində olan heç kəsə bəraət olmamalıdır, kimliyinə fərq qoyulmadan!
Yazının sonluğunda bir xatırlatmanı da edək. İşğal illərində bəlkə də sadəlövhlüklə yazmışdım ki, arzum budur Rusiyadakı milyarder soydaşlarımız Qarabağın işğaldan azad edilməsi uğrunda töhfələrini Azərbaycan dövlətinə təklif etsinlər. Torpaqlar düşməndən təmizləndikdən sonra isə onları Qarabağın yenidən tikilməsi, şəhərlərin salınmasında iştirakçı görmək istəyirdim, sadə bir vətəndaş olaraq. Amma nələrə şahid olduq: “Milyarderlər İttifaqı” yaradıldı, amma Qarabağın azad olunması üçün yox, hakimiyyətə gəlməkdən ötrü.
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu müqəddəs gündə yaradılan Milli Şuranın məram-məqsədi də ortada. Əgər hazırlanan plan reallaşsaydı, bu gün, 1 dekabrda Laçının azadlığı gününü də qeyd edə bilməyəcəkdik.

Kim bilir, bəlkə o halda Azərbaycan KTMT-yə çoxdan üzv qəbul olunmuşdu. Əli Kərimli və AXCP-nin digər şəxsləri məgər Rusiyanı heçmi tanımırdılar, 2 əsrdə başımıza gətirdiklərindən bixəbər idilər, yoxsa 90-cı illərdə Azərbaycanda nə oyunlardan çıxdığını bilmirdilər?! Bu ölkəyə bağlı olduğu şübhə doğurmayan qüvvələrlə necə işbirliyinə getmək olardı? Bu gün hakimiyyətin addımlarını təftiş edənlər məgər heç düşünmürlər ki, Rusiya Ukraynada müharibəni bitirdikdən sonra Qafqaz üzərinə yenidən şığımaq üçün fürsətlər axtaracaq? Bir neçə ay öncə Qafqaz dağlarını aşıb, Azərbaycana hücuma keçmək istəyənlərin çağırışlarını nə tez unutdunuz?! İlham Əliyev Rusiyanın Qəbələ RLS-dəki hərbçilərini, Qarabağdakı sülhməramlılarını vaxtından əvvəl Azərbaycandan çıxaran Prezidentdir!!! Siz ona qarşı Rusiyadakı şəbəkələrin hazırladığı planlamı gəlmək istəyirdiniz?!

Vaxtilə hakimiyyətə gəlməkdən ötrü beynəlxalq təşkilatlar qarşısında müharibə etməmək öhdəliyi götürənlər torpaqmı azad edəcəkdilər?! Bu gün dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, dövlətin xilası və təhlükəsizliyi naminə atılan addımlar kimi yanaşılmalıdır. İstintaqa cəlb olunanlar belə dövlətə minnətdar olmalıdırlar ki, görülən işlər Qalib Azərbaycanın daim var olması, ayaqda qalması, güclənməsi naminə aparılır.
Dövlətimizə güvənək, Qalib Liderimizi qoruyaq! O, hər bir azərbaycanlının Prezidenti olacağı barədə içdiyi anda sadiqliyini dəfələrlə sübuta yetirib, belə bir Liderə necə dönük çıxmaq olar?!
Dövlət və millət olaraq üzümüzü ağ edən Liderin üzünə necə “ağ” olmaq olar(dı)?!
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

