Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Atəşkəs razılaşdırıldı...

Atəşkəs razılaşdırıldı...

28.11.2024 [09:15]

Uzun müddət davam edən hərbi toqquşmalardan sonra ötən gün İsrail ABŞ-ın Livanda hərbi əməliyyatlara son qoymaq üçün təklif etdiyi planı rəsmən təsdiqləyib. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. “Hərbi-siyasi kabinet ABŞ-ın Livanda atəşkəslə bağlı təklifini təsdiqləyib. Qərarı 10 nazir dəstəkləyib, biri əleyhinə çıxıb. İsrail bu prosesə verdiyi töhfəyə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirir və hər hansı təhlükəyə qarşı tədbir görmək hüququnu özündə saxlayır”,-deyə ofisin açıqlamasında bildirilib.

Razılaşmada nələr var?

“Hizbullah” və İsrail arasında əldə edilən razılaşmaya əsasən, hərəkatın silahlı dəstələri Litani çayının şimalına çəkilməli, Livan Silahlı Qüvvələri 60 gün ərzində həmin mövqelərə yerləşməli və İsrail ordusu tədricən Livan ərazisindən çıxmalıdır. Livanın Baş naziri Nəcib Mikati də  Livan-İsrail sərhədində sabitliyi qaytaracaq əldə olunmuş razılaşmadan məmnunluğunu ifadə edib. O, bu barədə ABŞ prezidenti Cozef Baydenlə telefon danışığında bildirib: “Mən bu sənədi atəşkəs üçün yol xəritəsi kimi qiymətləndirirəm. Livanda sülh və sabitliyin yayılması istiqamətində atılan bu mühüm addımı bəyənirəm. Bu, köçkünlərin öz şəhərlərinə və evlərinə qayıtmasını asanlaşdıracaq”. Baş nazirin sözlərinə görə, müqavilənin həyata keçirilməsi regional sabitliyin yaradılmasına kömək edəcək.

ABŞ Prezidenti Cozef Bayden də tərəflər arasında əldə olunan razılaşma ilə bağlı “X” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Yaxın Şərqdən yaxşı xəbərlərim var. Mən Livanın və İsrailin Baş nazirləri ilə danışdım. Mən məmnuniyyətlə elan edirəm ki, onlar ABŞ-ın İsrail və “Hizbullah” arasında dağıdıcı münaqişəyə son qoymaq təklifini qəbul ediblər”.

BMT, Türkiyə və İran razılaşmanı alqışlayıb

BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plasshart da  İsrail hökumətinin Livanda hərbi əməliyyatları dayandırmaq qərarını alqışlayıb. Onun sözlərinə görə, tərəflər arasında əldə edilən razılaşma BMT-nin 1701 saylı qətnaməsinin tam icrasına əsaslanan mühüm prosesin başlanğıc nöqtəsidir: “Məqsəd Livan və İsrail arasındakı sərhədin hər iki tərəfində mülki əhalinin təhlükəsizliyini və müdafiəsini bərpa etməkdir. Razılaşmanın davamlı olması üçün hər iki tərəfin tam və sarsılmaz öhdəlikləri olmalıdır. İndi bugünkü nailiyyətləri möhkəmləndirmək üçün konkret tədbirlərlə əldə olunanları təsdiq etməyin vaxtıdır”.

BMT-nin Baş katibi Antonio Quterreş isə razılaşmanın hər iki ölkənin xalqının zorakılığına, dağıntılarına və iztirablarına son qoyacağına ümid edib. Baş katib tərəfləri sazişdə nəzərdə tutulmuş bütün öhdəliklərə tam əməl etməyə və operativ şəkildə yerinə yetirməyə, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrası istiqamətində addımların atılmasına çağırıb.

Türkiyə isə Livanda daxili sabitliyin təmin edilməsi üçün lazımi dəstəyi verməyə hazır olduğunu bəyan edib. “İsrail və Livan arasında əldə edilən atəşkəs razılaşmasını alqışlayırıq və atəşkəsin daimi olacağına ümid edirik. Beynəlxalq ictimaiyyət atəşkəs rejiminə ciddi əməl etməsi və Livana dəymiş ziyanı ödəməsi üçün İsrailə təzyiq göstərməlidir”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub. Türkiyə XİN Qəzzada da atəşkəsin əldə olunmasına çağırış edib.

İran Xarici İşlər Nazirliyi də atəşkəs razılaşmasını alqışlayıb, lakin İranın Livan xalqına və ölkədəki müqavimət qüvvələrinə hər cür dəstəyi verməyə davam edəcəyini bəyan edib.

Netanyahu xəbərdarlıq edib...

İsrail Baş naziri Netanyahu “Hizbullah”ın razılaşmanı pozduğu halda, eləcə də sərhədə yaxın ərazidə terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd edərsə, hərbi əməliyyatların bərpa olunacağı xəbərdarlığını edib. Onun sözlərinə görə, İsrail müqaviləyə ciddi şəkildə əməl edəcək və istənilən pozuntuya sərt reaksiya verəcək. Hökumət başçısı atəşkəs rejiminə razılıq vermək qərarını üç əsas mülahizə əsasında izah edib. Bunlar  İran təhdidinə diqqət yetirmək, silahların tədarükü və qüvvələrin yenidən qurulması və Qəzza zolağında Fələstinin radikal HƏMAS qüvvələrinin təcrid edilməsidir. O, əhaliyə müraciət edərək söz verib ki, hakimiyyət HƏMAS-ın məhvini başa çatdıracaq.

İsrail Prezidenti İsaak Hersoq da özünün “X” sosial media hesabında yazıb ki, Livandakı əməliyyatların dayandırılmasından sonra İsrail Qəzza zolağında saxlanılan bütün girovları azad etmək üçün fəaliyyətə diqqət yetirməlidir: “İndi biz fürsətdən istifadə edib Qəzzada oğurlanmış qardaş və bacılarımızı geri qaytarmaq üçün daha möhkəm və bütün gücümüzlə hərəkət etməliyik. Biz bunu təcili həll etməliyik”.

HƏMAS hərəkatı da atəşkəs istəyir

Belə bir şəraitdə Fələstinin HƏMAS hərəkatının Livan və İsrail arasında atəşkəs elan edildikdən sonra Qəzza sektorunda analoji saziş bağlamağa hazır olduğu bildirilir. “France-Presse” agentliyi bu barədə hərəkatın adını açıqlamayan nümayəndəsinə istinadla məlumat yayıb: “HƏMAS atəşkəs razılaşmasına və əsir mübadiləsinə hazırdır. Livanda atəşkəsin elan edilməsi müqavimət qüvvələri üçün qələbə və böyük uğurdur”. Lakin İsrail rəhbərliyinin mesajları HƏMAS-la anoloji razılaşmanın imzalanacağını istisna edir. Əksinə, görünür ki, İsrail bundan sonra HƏMAS tərəfindən girov götürülmüş vətəndaşlarının azad olunması üçün tədbirlərini gücləndirəcək.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Analitik

Qərb mövqeyini dəyişir

06 Dekabr 09:56  

Siyasət

Analitik

Maraqlı

Yeni texnologiyalar

Rəqəmsal siyasət...

06 Dekabr 08:12

Siyasət

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31