Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Trampa qarşı növbəti sui-qəsd cəhdi...

Trampa qarşı növbəti sui-qəsd cəhdi...

17.09.2024 [08:23]

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar siyasi mübarizə daha da güclənməkdədir. Mübarizə keçmiş prezident, respublikaçıların namizədi olan Donald Tramp və indiki vitse-prezident, demokratların namizədi Kamala Harris arasında gedir.

ABŞ-da seçki kampaniyasının mühüm bir mərhələsində Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Belə ki, sentyabrın 15-də ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Floridada yerləşən qolf klubunun yaxınlığında atışma olub. Hadisə zamanı Donald Tramp klubda olub. İlkin məlumatda bildirilirdi ki, hadisə iki nəfərin bir-birinə atəş açması nəticəsində baş verib. Donald Trampın kampaniyası atışmadan dərhal sonra məlumat yayaraq, ona qarşı heç bir təhlükənin olmadığını bəyan edib. Ağ evdən isə bildirilib ki, Prezident Co Bayden və Demokratlar Partiyasından prezidentliyə namizəd, vitse-prezident Kamala Harris insidentlə bağlı məlumatlandırılıb və onlara davamlı olaraq son detallar barədə məlumat veriləcək. Ağ ev əlavə edib ki, onlar Trampla bağlı hər şeyin qaydasında olmasından məmnundurlar.

Sui-qəsdçi Ukraynaya yardımın tərəfdarıdır?

Daha sonra ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) yaydığı məlumata görə, prezidentliyə namizəd Donald Tramp Floridada qolf klubu yaxınlığında sui-qəsdə cəhdin hədəfi olub. Qolf klubuna doğru atəş açan Rayan Uesli Rut saxlanılıb. FTB hadisənin motivinin aşkar edilməsi istiqamətində araşdırma aparır. “Fox News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Rut avtomatının lüləsini Palm-Biçdə (Florida ştatı-red) “Trump International Golf Club”un hasarından keçirib. Şübhəli şəxs Trampdan  270-450 metr aralıda olub. “The New York Post” isə Rayan Uesli Rutun əvvəllər Ukraynaya səfər edərək Kiyev hakimiyyətinə dəstək verdiyini yazıb. Nəşr qeyd edir ki, Rut Əfqanıstandakı münaqişənin amerikalı veteranlarının Ukraynaya göndərilməsi ideyasını irəli sürməyə çalışıb, həm də şəxsən Kiyevin tərəfində döyüşmək arzusunu ifadə edib. MSN News xəbər portalı isə yazıb ki, təsdiqlənməmiş məlumatlara görə, Rut Ukrayna üçün vəsaitin toplanmasında da iştirak edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, xüsusi xidmət orqanlarının əməkdaşları kolların arasında gizlənərək içəri daxil olmağa çalışan şəxsi saxlayarkən odlu silahdan istifadə edib. Onun gizləndiyi yerdə optik nişangahlı AK-47 avtomatı, iki çanta və “GoPro” kamerası aşkarlanıb.

Son iki ayda ikinci sui-qəsd...

Xatırladaq ki, bu, təxminən son iki ayda Trampa qarşı ikinci sui-qəsd cəhdidir. Belə ki, ilk sui-qəsd iyulun 14-də Pensilvaniya ştatının Batler şəhərində Trampın seçicilərlə görüşü zamanı baş vermişdi. Çıxışa başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb və o, qulağını tutaraq səhnədə aşağı çöküb. Daha sonra cangüdənlərin müşayiətilə səhnəni tərk edib. Tribunadan düşərkən onun qulağında qan olduğu aydın görünüb. Hadisə yerli kanallar vasitəsilə canlı yayımlanıb. Sui-qəsd zamanı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Sui-qəsdi təşkil edən şəxs də hadisə zamanı zərərsizləşdirilib.

İlk sui-qəsd cəhdindən sonra ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl Donald Trampa qarşı sui-qəsdlə bağlı Konqresdə ifadə verərək bildirib ki, bu sui-qəsd Məxfi Xidmətin son onilliklər ərzində ən böyük uğursuz fəaliyyəti idi və o, həmin gün təhlükəsizliklə bağlı yaranmış vəziyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb. Amma Donald Trampa qarşı sui-qəsddən sonra Demokratlar Partiyasının çoxsaylı üzvü Məxfi Xidmətin direktorunu istefa verməyə çağırıb. Kim Çitl isə Donald Trampa qarşı sui-qəsd hadisəsində xidmətin uğursuz fəaliyyətinə görə artan təzyiqlər fonunda iyulun 23-də vəzifəsindən istefa verib.

Federal Təhqiqatlar Bürosu isə sui-qəsdi törədən silahlı şəxsin Metyu Kruks adlı gənc olduğunu bəyan edib. FTB müəyyən edib ki, hücumdan əvvəl Kruksun avtomobilində və evində partlayıcı qurğuların hazırlanmasında istifadə edilən kimyəvi maddələr olub, tədbirdən bir neçə saat əvvəl isə mitinq yerindən təxminən 600 fut məsafədə drondan istifadə edib. Su-qəsdçi həm də, Trampın seçicilərlə görüşündə iştirak etmək üçün qeydiyyatdan da keçibmiş. Kruks Trampın çıxış etdiyi səhnədən təxminən 100 metr aralıdakı binanın damında gizlənərək prezidentliyə namizədə atəş açmışdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə onu zərərsizləşdirmişdilər.

Baydenin tapşırığı və Moskvanın mövqeyi

Donald Tramp  ikinci sui-qəsd cəhdindən, qolf klubunun yaxınlığında atışmadan sonra təhlükəsiz şəkildə Floridadakı şəxsi iqamətgahına qayıdıb. ABŞ Prezidenti Cozef Bayden ölkənin Məxfi Xidmətinə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın təhlükəsizliyini daha da gücləndirmək üçün lazım olan hər şeyi təmin etməyi tapşırıb. Bu barədə Baydenin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir. “Ölkəmizdə hər hansı bir zorakılıq kimi siyasi motivli zorakılığa yer yoxdur. Mən köməkçilərimə gizli xidmətin bütün mənbələrə və vasitələrə sahib olmasını və keçmiş prezidentin təhlükəsizliyini təmin etmək üçün lazım olan təhlükəsizlik tədbirlərini görməsini təmin etməyi tapşırdım”, - deyə bəyanatda qeyd olunub. Bayden bildirib ki, ona Trampa qarşı “mümkün sui-qəsd cəhdi” barədə məlumat verilib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə  Donalda Trampa ikinci sui-qəsd cəhdinə münasibət bildirərkən deyib ki, “bütün hallarda odla oynamağın öz nəticəsi olur”. O, Trampa sui-qəsddə şübhəli bilinən şəxslə Ukrayna arasında əlaqələr barədə Rusiyanın deyil, ABŞ xüsusi xidmət orqanlarının düşünməli olduğunu söyləyib. “Rusiya ABŞ-da daxili siyasi proseslərə qarışmayıb və indi də qarışmır. Kreml seçki kampaniyası dövründə ABŞ-da vəziyyəti gərgin hesab edir”,- deyə Kremlin sözçüsü vurğulayıb.

Hadisə Trampın reytinqinin yüksəlməsinə səbəb olacaq

ABŞ prezidentliyinə namizəd Donald Tramp isə deyib ki, yenidən dövlət başçısı seçiləcəyi təqdirdə sui-qəsd cəhdlərini araşdırmaq üçün komissiya yaradacaq. Trampın sözlərinə görə, bu komissiya digər məsələlərlə yanaşı, keçmiş Amerika lideri Con Kennedinin qətli ilə bağlı qalan sənədləri də dərc edəcək.

Amerikalı milyarder İlon Mask da ABŞ-ın sabiq prezidenti və dövlət başçısı postuna namizəd Donald Trampın həyatına ikinci sui-qəsd cəhdini şərh edib. O, özünün sosial media platformasında belə bir ritorik sual yerləşdirib: Nə üçün yalnız Respublikaçılar partiyasının namizədinə sui-qəsd təşkil olunur? “Heç kim Prezident Cozef Baydeni, yaxud vitse-prezident Kamala Harrisi öldürməyə cəhd göstərmir”, - deyə amerikalı milyarder yazıb.

Bəs D.Trampa qarşı ikinci sui-qəsd prezident seçkiləri kampaniyasına necə təsir edəcək? Bir çox ekspertlər hesab edirlər ki, bu hadisələr Trampın reytinqinin yüksəlməsinə səbəb olacaq. Nəzərə alaq ki, birinci sui-qəsd cəhdindən sonra hazırkı prezident Co Bayden seçki yarışından geri çəkilməyə məcbur oldu. Bu baxımdan, Trampa qarşı ikinci sui-qəsd cəhdinin demokratların indiki namizədi Kamala Harrisin də reytinqinə mənfi təsir edəcəyi gözləniləndir.

N. BAYRAMLI

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Birləşmək amalı

04 Oktyabr 14:53

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Sosial

Sosial

4 il əvvəl, 4 oktyabrda...

04 Oktyabr 08:18  

Dünya

Dünya

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31